ZİYİL


Ziyil - dərinin virus mənşəli xoş xassəli törəməsidir. İnkubasiya dövrü (yəni, yoluxma ilə ziyilin əmələ gəlməsi arasındakı müddət) 3 aydan 8 ayadək davam edir.
Adi ziyillər uşaqlarda və cavan adamlarda olur. Bu, bərkimiş, quru, iltihablaşmış, darı dənəsindən qarğıdalı dənəsinədək ölçüdə, praktiki olaraq ağrısız düyünlərdir. Adi ziyilin üzəri, adətən, şırımlarla, məməciklərlə örtülmüşdür və görünüşünə görə moruğu və ya rəngli kələmi xatırladır. Xırda ziyillər dərinin öz rəngində olur, irilər - çirkli-boz rəngdə, bəzən onlar birləşərək qartmaq əmələ gətirirlər. Belə ziyillər, əsasən, əlin arxasında, barmaqlarda, nadir hallarda - üzdə və ayaqlarda olur.
Adi ziyillərdən fərqli olaraq, yastı ziyillər dəridə, demək olar ki, görünmür. Bunlar bərkləşmiş düyüncüklər olaraq, dairəvi görünüşə və hamar səthə malik, darı dənəciyindən mərciməyədək ölçüdədirlər.
50-60 yaşlarından sonra bəzi adamlarda qocalıq (seboreya) ziyilləri adlanan törəmələr əmələ gəlir ki, bunlar, başlıca olaraq, gicgahda, yanaqlarda, çiyinlərdə, döşdə, kürəkdə yerləşir. Virus infeksiyası ilə bunların əlaqəsi yoxdur. Qocalıq ziyilləri yastı və ya dəri üzərindən bir qədər qabarmış ola bilərlər. Yastı ziyillər xal şəklində, ölçüləri xırda noxuddan dırnaq böyüklüyünə qədər, oval formada, kənarları kələ-kötür olur. Onların səthi piyli (yağlı) olur. Dəri səthindən qabarmış ziyillərin səthi isə məməciklərlə örtülmüş olur, tut meyvəsini xatırladır. Qocalıq ziyillərinin rəngi açıq-boz, çirkli-çopur və qara ola bilər.

Ziyillər, adətən, əziyyət vermir. Onları yalnız kosmetik məqsədlə kəsib atırlar. Təkcə ayağın altında yerləşən adi ziyil çox narahatlıq gətirə bilər. Bu, dairəvi və ya oval, bərkimiş, buynuzlaşmış, sarımtıl-qonur törəmələr dəri səthindən qabarmış vəziyyətdə olurlar və xarici görünüşünə görə qabarı (döyənəyi, mozolu) xatırladırlar. Onların sayının çox az olmasına baxmayaraq, kəskin ağrı, qanaxma verirlər. Belə ziyilləri cərrah, həkim-kosmetoloq və ya dermatoloq kəsib atır.
Əsasən ağız kənarında, cinsi orqanlarda yerləşən şişuclu kondilomaları da nəzərdən qaçırmaq olmaz. Onların səthi hamar, rəngi bəyazlaşmış-çəhrayı və yaxud al-qırmızı olur, dəriyə nazikləşmiş ayaqcıq şəklində oturacaqla bərkilir. Travma zamanı kondilomalar qanaxma verirlər. Bundan başqa, böyüyərək, onlar iri ölçülərə çata bilər və çoxdilimli şişvari törəmələrə çevrilə bilərlər. Ona görə də kondilomaları kəsib atmaq lazımdır. Ancaq heç bir vaxt özbaşına bunu etmək olmaz. Bunu yalnız həkim edə bilər.

Xalq təbibləri ziyillər zamanı bitki vasitələri də təklif edirlər:
  • gündə bir neçə dəfə yovşan dəmləməsi və ya həlimi ilə islatmaq;
  • adi quşarmudu meyvəsindən hazırlanmış kütləni sürtmək;
  • kalanxoenin əzilmiş yarpaqlarını sürtmək;
  • sarımsağın təzə hazırlanmış şirəsi ilə və ya sarımsaq və donuz piyindən (hərəsindən 50 q) hazırlanmış məlhəm sürtmək;
  • ziyilin üzərinə mavi peyğəmbərçiçəyinin üyüdülmüş toxumlarını qoymaq;
  • gündəlik gənəgərçək yağı sürtmək;
  • dəmrovotunun təzə hazırlanmış şirəsini sürtmək.
Ziyilin qopub düşməsi üçün böyük bir soğanın ortasını oyaraq oraya duz töküb saxlayır, duz əriyəndən sonra həmin mayedən götürüb, gündə bir neçə dəfə ziyilin üzərinə sürtürlər. Bundan başqa, yetişməmiş əncirdən çıxan südü onun üzərinə sürtmək, cavan qoz ağacı yarpağını bişirərək ziyilin üzərinə bağlamaq, yaxud gicitkən yarpağını bal ilə təpitmə kimi qoymaq olar.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.