PNEVMONİYA

Pnevmoniya (sətəlcəm) - ağ ciyər toxumasının iltihabıdır. Hələ ötən əsrin 30-cu, 40-cı illərində pnevmoniya ölüm səbəbləri sırasında birinci yeri tuturdu. Sulfanilamid preparatlarının, antibiotiklərin geniş tətbiqi bu xəstəliyin qarşısını aldı. Lakin son zamanlar bu təhlükəli respirator xəstəliyin yenidən artması müşahidə olunur. Buna səbəb antibiotiklərə qarşı davamlı, dayanıqlı bakteriyaların əmələ gəlməsi, ətraf mühitin, xüsusilə, atmosfer havasının çirklənməsi, orqanizmin reaktivliyinin (ətraf mühit faktorlarına qarşı müqavimət qabiliyyətinin) aşağı enməsidir.

Kəskin və xroniki pnevmoniya ayırd edilir.

Kəskin pnevmoniyanın əsas səbəbi bakterial və virus-bakterial infeksiyadır. Çox vaxt kəskin pnevmoniya bu və ya digər infeksion xəstəliyin, məsələn, göyöskürək, qızılca, su çiçəyi, tulyaremiya, brusselyoz, leptospiroz, skarlatina, salmanelyoz, sap, sibir yarası, taun və s. xəstəliklərin fonunda inkişaf edir, onların fəsadı kimi təzahür edir. Buna ikincili pnevmoniya deyilir. Birincili pnevmoniyalar zamanı isə xəstəlikdən qabaq nə tənəffüs orqanlarında, nə də digər orqan və sistemlərdə patologiya qeyd edilmir.
Kəskin pnevmoniyanın infeksiya ilə əlaqəsi olmadan inkişafı da mümkündür. Məsələn, fiziki və kimyəvi faktorların təsiri nəticəsində: ionizəedici şüalanmanın təsiri, boğucu zəhərləyici qazlarla tənəffüs, benzinlə (benzin pnevmoniyası), neftlə, ağ neftlə və s. aspirasiya (nəfəs alan zaman hava cərəyanı ilə nəfəs borusuna daxil olması). Bundan başqa allergik pnevmoniyalar da müşahidə olunur.

Ağ ciyər toxumasının zədələnmə dərəcəsinə görə krupoz (bir və ya bir neçə seqmenti və yaxud bütöv payı əhatə edən) və ocaqlı (bir və ya bir neçə müxtəlif ölçülü infiltrasiya ocağı olan) pnevmoniyalar ayırd edilir. Bunların klinik təzahürlərinin qabarıqlıq dərəcəsi müxtəlifdir və xəstəliyi törədən faktordan asılıdır.

Krupoz pnevmoniya kəskin başlanğıcı ilə, qabarıq intoksikasiya simptomları ilə (bədən hərarətinin 39o-40oC-yədək yüksəlməsi, baş ağrıları, bədəndə sızıltılar, bəzən sayıqlama və s.), öskürəklə - əvvəl quru, sonralar bəlğəmlə («paslı», irinli), döş qəfəsində ağrılarla xarakterizə olunur. Çox vaxt xəstədə ağ ciyərin zədələnmiş tərəfinə uyğun yanağın qızarması, dodaqların uçuqlaması müşahidə olunur.

Ocaqlı pnevmoniya da bəzən krupoz pnevmoniya kimi kəskin başlaya və qabarıq intoksikasiya əlamətləri ilə, qızdırma, öskürək, təngnəfəslik və döş qəfəsində ağrılarla müşayiət oluna bilər (məsələn, ağır, iri ocaqlı pnevmoniyalar zamanı). Digər hallarda intoksikasiya qabarıq şəkil almır, başlanğıcı kəskin olmur, hərarət subfebril (37o-38oC) və ya normal olur, klinik şəklində bronxit əlamətləri üstünlük təşkil edir.

Kəskin pnevmoniyanın diaqnostikasında xəstəliyin anamnezi (xəstəlik tarixi  xəstəliyin başlanğıcı, gedişi haqda məlumat), perkussiya (barmaqla döyəcləmə), auskultasiya (fonendoskopla qulaq asma) və rentgenoloji tədqiqat - həlledici rola malikdir.


Kəskin pnevmoniyanın müalicəsi, bir qayda olaraq, stasionar (xəstəxana) şəraitində aparılır. Xəstələr qızdırma və intoksikasiya əlamətləri periodunda yataq rejimini gözləməlidirlər, lakin yataqda hərəkətsiz uzanmaq lazım deyil. Vaxtaşırı vəziyyəti dəyişmək, oturmaq, aktiv şəkildə öskürərək bəlğəmi qovmaq və qapaqlı qaba yığmaq lazımdır. Xəstənin yerləşdiyi otağın havası sistematik olaraq dəyişdirilməlidir. Qida yüksək kalorili, vitaminlərlə zəngin, mexaniki və kimyəvi cəhətdən qoruyucu olmalıdır. Çoxlu isti maye - moruqla çay, mineral su, soda və bal qatılmış isti süd qəbul edilməlidir. Bağırsaqların fəaliyyətini nəzarət altında saxlamalı, meteorizmin (bağırsaqlarda qazın toplanmasının, köpün) və qəbizliyin qarşısı alınmalıdır.

Dərman müalicəsi hökmən həkimin təyinatı və ciddi nəzarəti altında aparılır və, ilk növbədə, antibakterial preparatların - antibiotiklərin, sulfanilamid preparatlarının tətbiqindən ibarətdir. Bundan başqa bronxolitiklər (bronxları genişləndirici preparatlar - eufillin, efedrin, adrenalin və s.), bəlğəm durulaşdırıcılar (asetilsistein, bromheksin), bəlğəmgətiricilər (termopsis, kalium yodid, mukaltin, gülxətmi kökü, bağayarpağı və s.), orqanizmin müqavimət qabiliyətini artıran preparatlar (pentoksil, FiBS, aloe, şüşəvari cisim, retabolil, jenşen və s.), vitaminlər (A, C, P, B-qrupu), pnevmoskleroza qarşı preparatlar (pankreatin, lidaza, ronidaza - bu preparatlar elektrofarezlə yeridilir) tətbiq edilir. Eləcə də antihistamin preparatlar (dimedrol, suprastin və s.) təyin edilir. Ağır hallarda kortikosteroid hormonlardan istifadə edilir. Göstəriş olduqda ağrıkəsicilər, ürək qlikozidləri, oksigen terapiyası, sidikqovucu vasitələr, trankvilizatorlar tətbiq edilir.
Pnevmoniyanın kompleks müalicəsində vacib rol oynayan vasitələrdən biri də müalicəvi bədən tərbiyəsidir. Müalicəvi bədən tərbiyəsi məşqlərinə bədən hərarətinin normal rəqəmlərədək endiyi və iltihabi prosesin geriyə inkişafı dövründə başlamaq olar. Əvvəlcə uzanmış vəziyyətdə ətraflar və gövdə üçün sadə gimnastika və habelə tənəffüs gimnastikası məsləhətdir. 3-4 gündən sonra həmin məşqlər artıq oturmuş vəziyyətdə, xəstənin halı yaxşılaqdıqca - ayaq üstə davam etdirilməlidir. Müalicəvi bədən tərbiyəsi ilə yanaşı piyada təmiz havada gəzintilər də faydalıdır.
Müalicəni tam sağalanadək aparmaq lazımdır. Stasionar müalicəsi bitdikdən sonra müalicəni sanatoriyada, xüsusi bərpaedici şöbələrdə, profilaktoriyalarda davam etdirmək məsləhətdir.

Xroniki pnevmoniya kəskin pnevmoniyanın tam müalicə edilmədiyi hallarda inkişaf edir. Xəstələrin şikayətləri, klinik əlamətlərin qabarıqlığı patoloji prosesin fazasından asılıdır. Kəskinləşmə fazasında xəstəliyin klinik şəkli kəskin pnevmoniyaya uyğundur. Remissiya fazasında (klinik əlamətlərin söndüyü, xəstəliyin sakitləşdiyi dövrdə) döş qəfəsinin asimmetriyası (zədələnmiş tərəfdə döş qəfəsinin içəri batması, qabırğaarası sahələrin daralması) nəzəri cəlb edir.

Xroniki pnevmoniyaların müalicəsi kəskinləşmə fazasında eyni ilə kəskin pnevmoniyanın müalicəsinə uyğun aparılır, remissiya fazasında isə kəskinləşmənin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi - fizioterapevtik müalicə, müalicəvi bədən tərbiyəsi, sanator-kurort müalicəsi və s. vacibdir.

Xalq təbabətinin pnevmoniyalar zamanı məsləhət gördüyü vasitələr bunlardır:
  • gülxətmi kökünün dəmləməsi (1 çay qaşığı 1 stəkan suda). Hər 2 saatdan bir 1 xörək qaşığı;
  • kəklikotu həlimi (1 xörək qaşığı), üçrəng bənövşənin həlimi (1 xörək qaşığı), şam tumurcuğunun həlimi (1 xörək qaşığı) və bağayarpağının həlimi (1 çay qaşığı). Gündə 1/4 stəkan 4-5 dəfə yeməkdən qabaq;
  • gülxətmi kökünün dəmləməsi (1 xörək qaşığı), dəvədabanı dəmləməsi (1 xörək qaşığı), qaraqınıqotunun dəmləməsi (1 çay qaşığı). Hər 2-3 saatdan bir öskürəyə qarşı;
  • jenşen tinkturası, 20 damcı gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq;
  • aloe ekstraktı, aptek preparatı.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.