ARİTMİYA

Ürək-qan damar sistemi xəstəliklərinin, o cümlədən, aritmiyaların yaranması üçün «münbit» şəraiti, insan, çox vaxt, özü, hətta, bəzən bilərəkdən, ancaq buna lazımi əhəmiyyət vermədən, yaradır. Düzgün qidalanmamaq və qeyri-aktiv, az hərəkətli, oturaq həyat tərzi keçirməklə yanaşı, evdə, nəqliyyatda, işdə olan konfliktlər və əlbəttə ki, zərərli adətlər - siqaret çəkmək, spirtli içkilərə aludə olmaq ürək xəstəliklərinin inkişafına səbəb olur.
Ürəyin düzgün ritmi sol mədəcikdə yerləşən ürək ritminin aparıcısı olan sinus düyünündə impulsların beləcə bərabər, müntəzəm surətdə ürəyin keçirici sistemi vasitəsilə ötürülməsindən asılıdır. Bu impulsların yaranması və keçirici sistem vasitəsilə ürək əzələlərinə paylanması çox mürəkkəb fizioloji və biokimyəvi proseslərlə tənzim olunur. Bu cür səhmanlanmış mexanizmdə pozuntu ürəyin işemik xəstəliyi, ürək qişalarının infeksion, iltihabi xəstəlikləri (xüsusilə, bədən hərarətinin dəyişilməsi ilə müşayiət olunan), hipertoniya xəstəliyi zamanı baş verə bilər.
Əgər siz zəiflik, başgicəllənmə hiss edirsinizsə, tərləmə, əllərdə əsmə əmələ gəlibsə, gözlərdə qaralma varsa, nəbzinizi sayın! Ürək ritmi dəqiqədə 60-la 80 arasındadırsa, bu normal sayılır. Uzun müddət ayaq üstə durduqda və yaxud emosional həyəcan keçirdikdə, bu rəqəm dəqiqədə 100-ə qədər arta bilər. Uşaqlarda: təzə doğulmuşların nəbzi normada təqribən dəqiqədə 140-a bərabərdir, birinci ilin sonuna yaxın nəbz dəqiqədə 110-130-a qədər enir, 6 yaşda təqribən dəqiqədə 100, 16-18 yaşlarda isə böyüklərdəki rəqəmə yaxınlaşır.
Əgər ürəyin ritmi dəqiqədə 50-dən aşağıdırsa və yaxud 120-dən yuxarıdırsa, bu, təcili tədbir görmək üçün işarədir.
Davamlı olaraq aritmiya diaqnozu ilə müalicə alan xəstələr, adətən, nə etmək lazım olduğunu bilirlər və, necə deyərlər, öz qüvvələri ilə lazımi tədbirləri görürlər. Amma, belə hal birinci dəfə qeyd edilirsə, mütləq həkimə müraciət etmək lazımdır. Yalnız mütəxəssis bunun dəqiq səbəbini müəyyən edə bilər və lazımdırsa, müalicə təyin edə bilər.
Biz isə ritmin pozulmasının yalnız iki növünün üzərində dayanacağıq: paroksizmal taxikardiya - ürək ritminin tezləşməsi və bradikardiya - seyrəlməsi. Belə ki, bu dəyişiklikləri hər bir kəs nəbzini saymaqla özü müəyyən edə bilər. Ritmin digər pozğunluqlarına gəldikdə isə (səyrici aritmiya, ekstrasistoliya və s.), bunlar yalnız tibbi instrumental müayinələr - elektrokardioqrafiya, sutkalıq monitorlanma və bəzən, hətta çoxillik müayinələrin nəticələri əsasında aşkar olunur.

Paroksizmal taxikardiya - ürək ritminin qəfil tezləşməsi (dəqiqədə 120-dən çox), ürəyin işi üçün qeyri-əlverişli şərait yaradır. Ürəyin oksigenə olan tələbatı artır və o çox enerji sərf edir, bu da nisbi koronar çatışmazlığın əmələ gəlməsinə gətirib çıxarır.
Belə hallarda ürək ritmini seyrəldən azan siniri   (nervus vagus) qıcıqlandırmağa çalışmaq lazımdır. Bunun üçün dərindən nəfəs almaq, nəfəsi saxlamaq və bərk gücənmək və qusma refleksini yaratmağa çalışmaq lazımdır. Bunun müsbət nəticəsi olmazsa, 50-60 damcı valokordini (korvalolu) və yaxud 15 damcı Votçalı suda həll edərək qəbul etmək və yaxud 5-7 damcı, qəndin üzərinə hopduraraq, dilin altına qoymaq və alçaq yastıqlı yataqda uzanmaq lazımdır. 10-15 dəqiqədən sonra ürək döyünmələrinin sayı azalmazsa, «təcili yardım» çağırmaq lazımdır.

Bradikardiya zamanı azan sinirin tonusu artdığına görə sinus düyününün müntəzəm işləmə qabiliyyəti azalır. Ürək ritmi kəskin seyrəlir, bəzən dəqiqədə 40-dan da aşağı enir. Ev aptekciyində həmişə Zelenin damcıları olmalıdır. Bradikardiya tutması baş verdikdə 10-12 damcı 1/3 stəkan suda həll edərək qəbul etmək və mütləq yataqda uzanmaq lazımdır. Əgər tutma zamanı bayılma (xalq arasında «ürək getmə») olarsa, «təcili yardım» həmin an çağırılmalıdır.

Belə tutmaların qarşısını tamamilə almaq həmişə mümkün olmur, ancaq onların əmələ gəlməsi tezliyini minimuma endirmək mümkündür. Bunun üçün, ən əvvəl, düzgün qidalanmaq və qida rejimini tənzimləmək lazımdır. Xolesterinlə, şəkərlə zəngin, çətin mənimsənilən ərzaq və xörəklər qida rasionundan çıxarılmalıdır. Bunlara - yağlı (piyli) ət, salo, xama, yumurta, tünd çay, kofe, istiotlu, duzlu şorbalar, ədviyyat aiddir. Bu qida məhsullarını başlıca olaraq bitki mənşəli qida ilə, yağsız ərzaqla əvəz etmək məsləhətdir. Belə ki, yağlarda (piylərdə) olan xolesterin aterosklerozun (qan damarlarının «kirəcləşməsi»; bax: ateroskleroz) inkişafına təkan verir.
Qidanı az-az qəbul etmək məsləhət görülür, belə ki, həddindən artıq dolmuş mədə azan siniri qıcıqlandırır, və bu da, öz növbəsində, ürək impulslarının törədicisi olan sinus düyününün funksiyasının pozulmasına gətirib çıxarır.

Aritmiyaların profilaktikasının vacib şərtlərindən biri də rasional fiziki aktivlikdir. Başlanğıc üçün yüngül səhər gimnastikası və axşamlar təmiz havada gəzinti kifayət edər. Bu, müntəzəm edilərsə, tezliklə heç bir təngnəfəslik və yaxud ürək nahiyəsində narahatlıq hiss etmədən, daha çətin fiziki hərəkətlərə keçmək olar. Ancaq bunu etməzdən qabaq, müalicə həkimi ilə məsləhətləşmək və səhərlər qaçış, qantel və digər fiziki məşqlərin əhəmiyyətli olub olmamasını müəyyən etmək lazımdır. Klinik təcrübə göstərir ki, müntəzəm məşqlər ürək əzələsinin daha effektli işləməsinə şərait yaradır. Belə olduqda, ani kəskin hərəkət və ya gərginlik heç bir təhlükə törədə bilməz.
Ancaq statik (dayanıqlı, durğun) gərginlikdən çəkinmək lazımdır. Ağır zəmbil, çamadan qaldırmaq, mebelin yerini dəyişmək, odun yarmaq, mişarlamaq və s. məsləhət görülmür. Statik gərginlik arterial təzyiqin kəskin artmasına gətirə bilər, bu da, öz növbəsində, ürəyin işinin aktivləşməsinə və nəticədə, bir çox hallarda, ürək ritminin və tempinin pozulmasına səbəb olur. Statik gərginliyin təhlükəli fəsadlarından, hətta fiziki cəhətdən yaxşı hazırlıqlı adamlar belə sığortalanmayıb.

Köməkçi vasitə kimi ürək ritminin pozğunluqlarında yemişan bitkisinin maye ekstraktı müalicəvi əhəmiyyətə malikdir. Gündə 3 dəfə 20-30 damcı yeməkdən qabaq qəbul edilməlidir. Bundan başqa məsləhətdir:
  • çobanyastığı gülü (1 xörək qaşığı), nanə yarpağı (1 xörək qaşığı), rəzyana (1 xörək qaşığı), pişikotu kökü (1 xörək qaşığı), zirə (1 xörək qaşığı) yarım litr suda qaynadılır. Gündə 1 dəfə axşam 1 stəkan qəbul edilir.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.