HAYMORİT

Haymorit - haymor boşluğunun (N.Haymorun adı ilə bağlı üst çənə artımı) selikli qişasının iltihabıdır. Kəskin və xroniki haymorit ayırd edilir.

Kəskin haymorit, çox vaxt, kəskin rinitin (bax: rinit), qripin (bax: qrip), qızılcanın, skarlatinanın və digər infeksion xəstəliklərin fəsadlaşması, habelə dişlərin iltihabi xəstəlikləri ilə (odontogen haymorit) əlaqədar inkişaf edir.
Zədələnmiş tərəfdə gərginlik hissi və yaxud ağrı, burun tənəffüsünün pozulması, burundan ifrazat, zədələnmiş tərəfdə qoxu qabiliyyətinin itməsi, «işıqdan qorxu», yaş axma qeyd edilir. Ağrı, çox vaxt, yayılmış, qeyri-müəyyən olur və yaxud alın və ya gicgah nahiyəsində yerləşir, günün eyni vaxtında əmələ gəlir. Bəzən yanağın, yuxarı və ya aşağı göz qapağının şişkinliyi qeyd olunur. Haymor boşluğunun ön divarına əllə toxunduqda ağrı artır.

Xroniki haymorit, adətən, kəskin iltihabın nəticəsi kimi qiymətləndirilir və təkrar, xüsusilə də, davamiyyətli kəskin haymoritlərdən sonra və habelə xroniki rinit zamanı inkişaf edir. Adenoidlər, burun arakəsməsinin əyriliyi, anadangəlmə burun yollarının daralması, kariesli dişlər də xəstəliyin əmələ gəlməsinə əlverişli şərait yaradır.
Xroniki haymoritin ekssudativ (irinli, kataral, seroz) və produktiv (polipoz, nekrotik, atrofik və s) formaları ayırd edilir.
Ekssudativ formalı xroniki haymorit zamanı xəstələr burundan gələn çox miqdarda ifrazatdan şikayət edirlər. Ekssudatın çıxmasına maneə olduqda ifrazat olmur, udlaqda quruluq, səhərlər çoxlu bəlğəmin olması qeyd edilir. Habelə xəstələri ağızdan xoşagəlməz qoxu narahat edir. Xəstələrdə baş ağrısı, tez yorulma, zəiflik olur.

Haymoritin müalicəsi, bir qayda olaraq, konservativdir (qeyri cərrahi). Müalicə, başlıca olaraq, zədələnmiş boşluqdan maye axınını təmin etməkdən ibarətdir. Kəskin haymorit zamanı və yaxud xroniki haymoritin kəskinləşmə periodunda selikli qişanın ödemini və şişikinliyini aradan qaldırmaq üçün buruna damardaraldıcı vasitələr damızdırılır, analgetik, antibiotik preparatlar təyin edilir. Fizioterapevtik metodlardan işıqla müalicə (Minin lampası, sollyuks), UYT-terapiya (UVÇ), elektromüalicə (diatermiya) məsləhətdir. Antibiotiklərin aerozolu ilə inhalyasiya (xüsusi apparat inhalyator vasitəsilə nəfəs almaq) yaxşı effekt verir. Bir çox hallarda zədələnmiş boşluğun antiseptik preparatların məhlulu ilə yuyulması və boşluğa proteolitik fermentlərin və antibiotiklərin yeridilməsi müsbət nəticə verir. Konservativ müalicənin effekti olmadıqda haymor boşluğunda radikal (cərrahi) əməliyyat aparılır.

Ənənəvi olaraq kəskin və xroniki haymorit zamanı müxtəlif dərman bitkilərindən istifadə olunur. Xroniki irinsiz formalarda dazıotu həlimi (1 çay qaşığı 1 stəkan suya) məsləhət görülür. Dazıotu mikrobların inkişafını dayandırır, göbələk əleyhinə təsir göstərir, leykositlərin ağ qan cisimciklərinin qoruma funksiyasını gücləndirir, toxumaların bərpasını sürətləndirir. Əbəs yerə onu «bitki antibiotiki» adlandırmırlar.
Haymoritin müxtəlif formalarının müalicəsində çaytikanı yağının haymor boşluğunancə içərisi təmizləndikdən sonra) yeridilməsindən yaxşı nəticələr əldə edilmişdir.
Bir çox otolarinqoloqlar xroniki haymoritlərin müalicəsində otların aerozol inhalyasiyasını, məsələn, lavandanın və ya dəvədabanının buxarı ilə nəfəs almağı məsləhət görürlər. Bundan başqa haymor boşluğuna boymadərən, kalendula, dəvədabanı, qarabaşaq gülü, nanə dəmləmələrinin steril məhlullarının yeridilməsi də yaxşı effekt verir. Lakin, bu proseduru yalnız həkim edə bilər.
Ev şəraitində haymoriti müalicə etmək üçün otlardan dərmanları aşağıdakı reseptlərlə hazırlamaq olar:
  • birinci reseptə daxildir: boymadərən otu - 10 q; sarmaşıqvari yersarmaşığı (budra) - 5 q. Hər biri 1 stəkan suda;
  • ikinci resept üzrə 3 dəmləmə hazırlanır: nanə - 10 q; limon otunun yarpağı və gülü - 10 q; badrənc və bağayarpağı - 10 q.
Dəmləmələrin qarışığından 5 damcı hər burun dəliyinə gündə 3 dəfə damızdırılır. Onları inhalyasiya üçün də istifadə etmək olar (5 dəqiqəyədək). Müalicə kursu 10-12 prosedurdur.
  • Bu proseduralarla yanaşı eyni zamanda boymadərən və dazıotunun dəmləməsini (20 q 1 stəkan suya) daxilə qəbul etmək məqsədəuyğundur. 3/4 stəkan isti-isti, gündə 2-3 dəfə, 10-12 gün ərzində.
Buyurun, dinləyin:





No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.