PROSTAT VƏZİN ADENOMASI

Prostat vəzin (bax: prostatit) adenoması (prostat vəzin xoşxassəli hiperplaziyası - PVXH) xoşxassəli şişdir və 50 yaşdan yuxarı kişilərdə əmələ gəlir. Təəssüf ki, bu xəstəliyə təqribən hər üç kişidən biri düçar olur.
İlkin stadiyada həmişə olduğundan daha tez-tez sidiyə getmə narahat edir. Bəzi xəstələr sidiyin şırnağının nazilməsindən, sidik ifrazının fasiləli, uzun müddətli və zəif olmasından şikayətlənirlər. Adenoma (şiş) inkişaf etdikcə sidiyəgetmə tezləşir, gecələr oyadır, yuxunu pozur. Elə olur ki, sidiyi «qovmaq» üçün artıq gücənmək lazım gəlir. Sidik kisəsinin əzələləri güclü işləyir və nəticədə hipertrofiyalaşır (böyüyür, qalınlaşır).

Adenoma tədricən artaraq prostat vəzin toxumalarını sıxır və onun funksiyasını pozur: cinsi potensiya enir, yuxunun pozulması nəticəsində hədsiz qıcıqlanma, iş qabiliyyətinin enməsi müşahidə olunur.
Adenomanın daha da inkişafı elə hala gətirib çıxarır ki, artıq gücənməyə baxmayaraq, sidik kisəsini tam boşaltmaq mümkün olmur. Sidik kisəsində daim «qalıq sidik» qalır. Sidik ifrazına çağırışlar o qədər güclü olur ki, bir balaca geciksə sidiyi saxlamaq mümkün olmur.
Sidik kisəsində «qalıq sidiyin» miqdarının artması sidik ifrazının pozulmasına və nəticədə böyrəklərin funksiyasının ağır pozğunluqlarına səbəb olur. Beləliklə, təzə başlamış adenomanın ilkin simptomlarına vaxtında diqqət yetirilməzsə və aktiv müalicə edilməzsə, sidik-ifrazat sistemində infeksion iltihabi proses - sistit, pielonefrit və s. inkişaf edə bilər, bu da öz növbəsində, ağır böyrək çatışmazlığına gətirib çıxara bilər.

İlkin stadiyalarda adenoma bəzən simptomsuz olur. Ona görə də kişilər 45 yaşdan sonra ildə bir dəfə, 60 yaşdan sonra isə ildə 2 dəfə uroloqun müayinəsindən keçməlidirlər.

Adenomanın qarşısını almaq və yaxud, heç olmazsa, inkişaf etmə müddətini uzatmaq üçün nə etmək lazımdır?
Hər şeydən öncə oturaq həyat tərzindən imtina etmək lazımdır. Az hərəkətlilik, hipodinamiya kiçik çanaq orqanlarında, o cümlədən, prostat vəzidə durğunluq hallarına gətirib çıxarır. Çanağın venoz sistemində qanın durğunluğu qəbizlik zamanı daha qabarıq olur.
Prostat vəzi adenomasının yaranmasına bədənin soyuqlaması (xüsusilə ayaqların), spirtli içkilərə aludəçilik şərait yaradır. Cinsi sferada həm ifratçılıq, həm də əlaqələrin qeyri müntəzəm olması, yarımçıq və yaxud uzanmış cinsi aktlar zərərlidir və adenomanın gedişini ağırlaşdırır.
Şişin böyüməsi və prostat vəzini sıxması ilə cinsi potensiya zəifləyir. Ancaq vaxtında aparılmış cərrahi əməliyyat nəticəsində o, tam bərpa oluna bilər.

Müalicə metodunun seçimi xəstəliyin stadiyasından asılıdır. Bir qayda olaraq, adenoma tədricən inkişaf edir. Ona görə uzun müddətli konservativ müalicə mümkündür. Xəstələrə adenomanın inkişafını dayandıran dərmanlar, ümumi bədəni möhkəmləndirici vasitələr təyin edilir. Pəhriz gözləmək də məsləhət görülür. Əgər böyrəklər prosesə qatılmayıbsa, pəhriz çox tələbkar olmaya da bilər. Qidanın çeşidli olmasına çalışmaq, tərəvəz və meyvə yemək lazımdır. Süd-qatıq məhsulları, qaynadılmış yağsız ət və balıq, yarmalı xörəklər, meyvə şorbaları faydalıdır. Rasiondan kəskin, istiotlu xörəklər, xardal, qaxaclar çıxarılmalıdır. Axşam saat 6-dan sonra, yaxşı olar ki, yemək yeyilməsin, xüsusilə də, maye içilməsin. Bu, sakit yuxunu təmin edə bilər.
Bununla belə, gündəlik içilən mayenin miqdarını çox da məhdudlaşdırmaq olmaz, belə ki, sidiklə maddələr mübadiləsinin orqanizm üçün zərərli son məhsulları xaric edilir. Eləcə də, sidik ifrazının çətinləşdiyi zaman çoxlu miqdarda mineral su qəbul etməklə sidik kisəsini «yumaq» lazım olduğunu düşünənlər də yanılırlar. Arzu olunan effekt əldə edilmir. Mineral suları yalnız yanaşı gedən sidik turşulu diatez olduqda, mədə-bağırsaq orqanlarının bəzi xəstəlikləri zamanı, bir sözlə, həkimin məsləhəti ilə içmək olar.

Əgər çuğundur, kələm, qara çörək vasitəsilə bağırsaqların fəaliyyətini normallaşdırmaq, qəbizliyi aradan götürmək mümkün olmursa, həkimin məsləhəti ilə işlədici dərmanlar qəbul edilir. Adenomalı xəstələrdə yuxu pozğunluğu olduğu halda, bəzən yuxu gətirici dərmanlar təyin edilir. Ancaq, yaşlı adamlar, bir qayda olaraq, bu işlədici və yuxu gətirici vasitələrə adət edəcəklərindən, asılı olacaqlarından ehtiyat edərək, çox vaxt həkimin təyinatını qulaq ardına vururlar. Qəbizlik və yuxusuzluq onları narahat etməkdə davam edir. Nəticəsi isə babasilin əmələ gəlməsi və yaxud kəskinləşməsi, əhval-ruhiyyənin pisləşməsi, qıcıqlanmanın güclənməsidir ki, bu da öz növbəsində, sidik-ifrazat sisteminin funksiyasına mənfi təsir göstərir. Buna görə də qəbizlik və yuxusuzluqla daim mübarizə aparılmalıdır. Arzu olunan effekt əldə edildikdən sonra həkim yuxu gətirici və işlətmə dərmanlarını kəsəcək və alınmış nəticəni möhkəmləndirmək istiqamətində məsləhətlər verəcək.
Adenomalı xəstələr alkohollu içkilərdən (o cümlədən, pivədən) qəti surətdə imtina etməlidirlər. Orqanizmə ümumi mənfi təsir göstərməklə yanaşı, alkohol çanaq orqanlarında qanın durğunluğuna, sidik kisəsinin qıcıqlanmasına, böyrəklərin funksiyasının pozulmasına da səbəb olur.

İlin soyuq aylarında mütləq isti alt paltarı, fəslə uyğun ayaqqabı geyilməlidir. Soyuqda uzun müddət qalmaq (hərəkətsiz dayanmaq) olmaz. Gəzmək isə hər bir hava şəraitində faydalıdır. Əgər gəzinti üçün vaxt yoxdursa, işə gedərkən və işdən qayıdarkən, heç olmazsa, yolun bir hissəsini piyada getmək və tədricən yolun piyada hissəsini uzatmaq lazımdır.

Adenomalı xəstələrə kökəlmək arzuolunmazdır. Artıq kiloqramların olmasını tərəzisiz də bilmək olar. Əgər qarın nahiyəsində dərini iki barmaqla tutsanız, dərinin qırışı 2 sm-i ötmüşsə, deməli təcili olaraq arıqlamaq lazımdır. Rasiondan, ilk növbədə, şəkər, şirniyyat, xəmir xörəkləri çıxarılmalıdır. Qara çörək yemək olar, amma gündə 100-150 qramdan artıq olmamaq şərtilə. Vacib şərtlərdən biri də aktiv hərəkət rejimidir: gimnastika ilə müntəzəm məşğul olmaq çox faydalıdır və yaxşı olar ki, bu məşğələlər təmiz havada aparılsın.
Medikamentoz müalicə 3 növ preparatların təyini ilə başlamalıdır.
  1. Alfa-blokatorlar. Sidik yollarının saya əzələlərinin tonusunu azaldaraq, sidiyə gedən zaman spazmı aradan qaldırır. Sadə dildə desək, sidik kisəsinin boynunun açılmasına kömək edir. Son illər prostat vəzin adenomasına qarşı təsirli vasitələrdən olan bu qrupa aid Grasulan gmg  (0.4 mq tamsulosin hydrochloride N30) prepatı həkimlər tərəfindən geniş tətbiq edilir.
  2. Alfa-reduktazanın inhibitorları. Hormon metabolizminə təsir edir: prostat vəzin hiperplaziyasını stimullaşdıran dihidrotestosteron hormonunun səviyyəsini azaldır. Başqa sözlə, adenomanın ölçülərini azaldır. Bu qrup preparatlar yeganə vasitə olan finasteridlə təmsil olunur.
  3. Bitki mənşəli məhsullar digər müalicə metodları ilə yanaşı prostat vəzin xoşxassəli hiperplaziyasının müalicəsində uğurla istifadə edilir. Lakin hər bir xəstə individualdır, qərar verməzdən əvvəl həkiminizlə məsləhətləşin. Aşağı sidik yolları simptomlarının və PVXH-ın bitki mənşəli farmakoloji vasitələrlə müalicəsi, vaxtı ilə Avropada aparıcı müalicə üsullarından biri olub və son zamanlar yenə də geniş yayılıb. Serenoa repens kimi bəzi bitki mənşəli məhsulların üzərində aparılan  qısa araşdırmalar və bəzi meta-analizlər göstərir ki, bu qarışıqlar əhəmiyyətli yan təsirlərə səbəb olmadan klinik olaraq effektivliyə malikdir. Bu vasitələrdən biri Disurinorm-dur. 
Medikamentoz müalicə mütləq həkim təyinatı və nəzarəti altında aparılmalıdır.  Adları çəkilən dərman preparatlarını müntəzəm və daimi olaraq həkimin təyin etdiyi dozalarda qəbul etmək lazımdır. Nəzərdə saxlamaq lazımdır ki, bütün bu preparatlar prostat vəzi adenomasını tam aradan qaldırmayacaq. Bunlar yalnız onun inkişafının qarşısını almağa, sidiyəgetməni yaxşılaşdırmağa kömək edəcək və operativ müdaxilənin müəyyən müddətə (bəzən onillərlə) təxirə salınmasını təmin edəcək.
Bitki mənşəli preparatların nəzərə çarpacaq üstünlükləri – PVXH-ın müalicəsində tətbiq olunan bütün digər medikamentoz vasitələrdən fərqli olaraq yüksək təhlükəsizliyə malik olması və əlavə təsirlərinin olmamasıdır.

Bütün sınaqdan keçirilən metodlar effekt vermədiyi hallarda və yaxud xəstə həddən artıq gec, adenoma kritik ölçülərədək böyüdükdən sonra (100 sm3 və daha artıq) müraciət etdiyi hallarda həkim prostat vəzin kəsilib çıxarılması (adenomektomiya, və yaxud xarici ədəbiyyatda - prostatektomiya) əməliyyatının aparılmasına qərar verir. 





No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.