YATAQ YARALARI

Yataq yaraları - toxumaların distrofik və ya xora-nekrotik xarakterli patoloji dəyişikliyidir və yataqda olan zəifləmiş xəstələrdə daimi olaraq təzyiqə məruz qalan yerlərdə əmələ gəlir. Çox vaxt dərinin sümük çıxıntıları olan hissələrində olur: xəstə uzun müddət kürəyi üstündə uzanmış vəziyyətdədirsə, - oma və büzdüm nahiyələrində, onurğanın sümük çıxıntıları, kürək və daban nahiyələrində; qarnı üstündədirsə, - diz oynaqlarının ön səthində, çanaq sümüyü qanadlarının ucu nahiyəsində, döşün ön səthində; yarımoturaq vəziyyətdədirsə, - çanağın oturaq qabarları nahiyəsində olur.
Bundan başqa yataq yaraları düzgün qoyulmamış gips sarğısının altında da ola bilər. Ağız boşluğunda pis qoyulmuş protez dişlərin selikli qişada əmələ gətirdiyi dekubital xoralar, cərrahi əməliyyatdan sonra rezin drenaj boruların, tənzif tamponların və s. bağırsaq divarında, yaraların kənarında, sidik kanalı və traxeyada əmələ gətirdikləri xoralar da bu qəbildən olan patoloji dəyişikliklərdəndir.

Ağır xəstələr üçün yataq yaraları təhlükəli fəsadlaşma kimi qiymətləndirilir. Bunun qarşısını almaq üçün qabaqcadan müvafiq tədbirlər görülməlidir. Qeyd etmək lazımdır ki, yataq yaralarının əmələ gəlməsinə səbəb yataq yerinin, ağların, alt paltarlarının səliqəsizliyi, onurğanın zədələnməsi zamanı xəstənin altında yerləşdirilmiş bərk altlıq, bərkimiş və qeyri hamar döşək, qırışmış döşəkağı, çirkli nəm dəri, sümük çıxıntıları nahiyələrinə daimi təzyiq və sairdir.

Yataq yaralarının profilaktikası xəstəyə düzgün qulluqdan ibarətdir. Xəstənin yerləşmə vəziyyəti sistematik olaraq (hər 4 saatdan bir) dəyişdirilməlidir (əlbəttə, müalicə həkiminin məsləhəti ilə). Yataq ağlarında qırışın olmamasına, alt paltarların tikiş yerlərinin yara əmələ gələ bilən nahiyələrinə düşməməsinə diqqət yetirmək lazımdır. Oma və büzdüm nahiyələrinin altına rezin dairə (üzəri döşəkağı ilə örtülmüş) qoyulur və dairəyə hava vurulur. Nəm, çirklənmiş paltar vaxtlı-vaxtında dəyişdirilir. Daim təzyiqə məruz qalan nahiyələrə aşağıdakı məhlullardan biri sürtülür: kamfora spirti, naşatırın 0,5%-li spirtli məhlulu, taninin 1-2%-li spirtli məhlulu, salisil turşusunun 1%-li spirtli məhlulu və s. Sürtmə, yüngül massajla müşayiət olunmalıdır. Yataq yaralarının əmələ gəlməsinin qarşısını almaq və onların sağalmasını tezləşdirmək məqsədilə aloe, vitaminlər (askorbin turşusu, B1, B12 vitaminləri), prozerin, kaloriyalı qida, ümumi vannalar təyin edilir.

Yataq yaralarının tezliklə sağalması üçün ən sadə xalq vasitəsi - hər gün yara yerlərini 40%-li spirtlə islatdıqdan sonra, kalanxoe şirəsi ilə sarğının qoyulmasıdır.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.