Böyrəklər, onurğa sütununun hər iki tərəfində, qabırğa karkasının altında yerləşərək, sidik hasil edirlər. Onlar orqanizmdən həyat fəaliyətinin lazımsız (o cümlədən, zərərli) məhsullarının xaric edilməsində, su-elektrolit, turşu-qələvi balansının tənzimlənməsində iştirak edirlər.
Orqanizmin bir çox pozğunluqları - qan təzyiqi və maddələr mübadiləsinin pozğunluqları, qanın və endokrin sisteminin xəstəlikləri, şiş, infeksiya və s., böyrəklərin normal fəaliyyətinə təsir edə bilər.
Ümumiyyətlə, böyrək xəstəlikləri kifayət qədər yayılmışdır və müxtəlif yaşlarda təzahür edə bilər. Ona görə də, əgər əl və ayaqlarda şişkinlik, izahı olmayan qızdırma, xroniki (davamlı, uzun müddətli) yorğunluq hissi, gözün ətrafında «torbalar», bel nahiyəsində, qabırğaaltında ağrılar, sidiyə getmənin yanğılı olması, tez-tez sidik ifrazı, sidiyin rənginin tündləşməsi (çay rəngli), onun bulanıq və yaxud qanlı olması müşahidə olunursa, bu, həkimə müraciət etmək üçün tutarlı əsasdır.
Böyrəklərin ən yayılmış xəstəlikləri – qlomerulonefrit, pielonefrit, böyrək daşı xəstəliyidir.
QLOMERULONEFRİT
Qlomerulonefrit – böyrək yumaqcıqlarının iltihabı olaraq, orqanizmdə suyun və duzun saxlanmasına səbəb olan böyrək qan dövranının pozulması və arterial hipertenziya ilə müşayiət olunur.
Bir çox hallarda xəstəliyin səbəbi streptokokk infeksiyasıdır. Bununla yanaşı, peyvəndin aparılması, arı və digər həşəratların zəhəri, bitki tozuna, dərman preparatlarına allergiya və s. qlomerulonefritin inkişafına təkan verə bilər. Soyuqlama, qida ilə həddən artıq duzun qəbulu, xroniki infeksiya ocaqları (tonzillit, karies, hepatit, vərəm və s.), alkohol intoksikasiyası qlomerulonefritin əmələ gəlməsinə və onun xroniki formaya keçməsinə şərait yaradır.
Kəskin qlomerulonefrit, əsasən, cavan yaşlarda (o cümlədən, uşaqlarda) daha tez-tez müşahidə olunur və şişkinliklə, arterial hipertenziya ilə, sidikdə patoloji dəyişikliklərin olması ilə xarakterizə olunur. Xəstələrdə baş ağrıları, təngnəfslik, bəzən boğulma, sidik ifrazının kəskin azalması (bəzi hallarda, hətta tam kəsilməsi - anuriya) və tez bir zamanda şişkinliyin (ödemin) əmələ gəlməsi (əsasən, üzdə) müşahidə olunur. Şişkinlik get-gedə bütün bədəni əhatə edir, plevra və qarın boşluğunda böyük miqdarda su yığılır. Arterial hipertenziya (qan təzyiqinin yüksəlməsi), adətən, mülayim olur, ancaq bəzi hallarda yüksək rəqəmlərə (200/120 mm c. st.) çata bilər. Sidikdə hematuriya (sidiklə qanın ifrazı) və proteinuriya (sidikdə zülalın miqdarının artması) aşkar edilir.
Vaxtında tədbir görülmədikdə, qlomerulonefrit xroniki formaya keçir və davamlı şişikinliklə və yüksək qan təzyiqi ilə xarakterizə olunur.
Qlomerulonefritin müalicəsi ciddi yataq rejimi və mayenin, duzun, zülalın miqdarının məhdudlaşdırılması və pəhrizin gözlənilməsi şərtilə, ixtisaslaşmış stasionar şəraitində aparılır.
PİELONEFRİT
Pielonefrit – infeksion-iltihabi xəstəlik olaraq, prosesə böyrək ləyənciyinin, kasacıqlarının və böyrək parenximasının (böyrəyin daxili strukturunu təşkil edən toxuma) qatılması ilə xarakterizə olunur. Pielonefrit müxtəlif mikroorqanizmlər tərəfindən törənə bilər. Törədici amil, əsasən, qan vasitəsilə infeksiya ocaqlarından (tonzillit, furunkulyoz, infeksiyalaşmış yaralar və s.), nadir hallarda – sidik yolları ilə böyrəyə daxil olur. Sidiyin böyrəklərdən süzülüb getməsinin pozğunluqları pielonefritin yaranmasına təkan verir. Pielonefrit daha çox hamilə qadınlarda müşahidə olunur və bununla hamiləliyin gedişini olduqca ağırlaşdırır, doğuşa mənfi təsir göstərir.
Kəskin pielonefrit zəifliklə, bədənin bütün nahiyələrində, əsas etibarı ilə isə beldə ağrılarla, titrədici qızdırma ilə (bədən hərarəti 39o-40oC-yədək yüksələ bilər), ürəkbulanma, qusma, iştahın azalması ilə xarakterizə olunur. Sidiyin süzülüb getməsi prosesi pozulduğu hallarda ağrının şiddəti maksimuma çatır. Bu zaman titrətmə başlayır, istilik gəlir, bədənin hərarəti kəskin surətdə yüksəlir. Bir müddətdən sonra hərarətin kritik enməsi, bol tərləmə və tədricən ağrıların azalması (bəzi hallarda tam kəsilməsi) müşahidə olunur, xəstə özünü yaxşı hiss edir. Ancaq sidiyin süzülüb getməsinə mane olan səbəblər aradan qaldırılmazsa, bir neçə saatdan sonra şiddətli ağrılar yenidən başlaya bilər.
Müayinə zamanı bel nahiyəsini əllədikdə və yaxud yüngülcə yumruqla vurduqda (Pasternadski simptomu) zədələnmiş tərəfdə ağrının artması müşahidə olunur. Laborator olaraq qanda və sidəkdə leykositlərin miqdarının artması qeyd olunur.
Belə xəstələr təcili olaraq uroloji klinikaya və yaxud cərrahi şöbəyə yerləşdirilməli, ciddi yataq rejimi gözlənilməlidir.
Kəskin pielonefritin erkən diaqnostikası və müvafiq müalicəsi, əksər hallarda tam sağalma ilə nəticələnir. Əks təqdirdə, xroniki formaya çevrilir.
Xroniki pielonefrit zamanı bədənin subfebril hərarəti (37o-37oC), zəiflik, tez yorulma, iştahın olmaması, ürəkbulanma, qusma, qan azlığı (anemiya), sifətin rənginin dəyişməsi, dərinin quruması, arterial hipertenziya (qan təzyiqinin yüksəlməsi), bel nahiyəsində ağrılar, sidik ifrazının pozulması, sidikdə dəyişikliklər müşahidə olunur.
Müalicəsi stasionar şəraitində aparılır və xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, kariesli dişlər, furunkulyoz və s.) aradan götürülməsinə, sidiyin böyrəklərdən süzülüb getməsinin bərpa olunmasına yönəldilir.
BÖYRƏK DAŞI XƏSTƏLİYİ
Böyrək daşı xəstəliyi - orqanizmdə mübadilə proseslərinin pozulması, böyrək və sidik yollarında sidik daşlarının (kristallaşmış duzların) əmələ gəlməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir.
Böyrək daşı xəstəliyinin yaranmasına səbəb su-duz mübadiləsinin pozğunluqları, bu mübadiləni tənzimləyən endokrin vəzilərinin (qalxanvari vəzi, hipofiz) funksiyasının pozulması, sidiyin böyrəklərdən süzülüb getməsinin pozğunluqları ilə müşayiət olunan xəstəliklər zamanı sidik yollarında durğunluğun olması, habelə böyrək və sidik yollarının infeksiyasıdır.
Tərkibinə görə böyrək daşları uratlardan (sidik turşusunun duzları), oksalatlardan (oksalat turşusunun kalsium duzu) və fosfatlardan (fosfat turşusunun duzları) ibarətdir.
Orqanizmin dehidratasiyasının (susuzlaşmasının) böyrək daşlarının əmələ gəlməsində rolu təsdiq edilmişdir. Tədqiqatlar göstərir ki, isti, quru iqlim şəraitində yaşayan insanlarda böyrək daşları, başqalarına nisbətən, iki dəfə çox müşahidə olunur. Bundan başqa, diareya (ishal) ilə müşayiət olunan mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri də böyrək daşının yaranmasına meyilliliyi artırır. Fiziki aktivliyin olmadığı oturaq həyat tərzi böyrək daşı xəstəliyinin əmələ gəlmə təhlükəsini artırır. Mədə xorası xəstəliyi ilə əlaqədar müalicə alan xəstələrdə, mədə şirəsini neytralaşdırmaq üçün işlədilən kalsium tərkibli preparatlar böyrəkdə daşın əmələ gəlməsinə səbəb ola bilər. Tərkibində oksalat (quşüzümü, manqold, ravənd, qarağat, ispanaq, çuğundur yarpağı və s.) və kalsium olan qidanın həddən artıq qəbulu buna meyilli olan adamlarda daşın əmələ gəlməsinə şərait yarada bilər.
Böyrək daşı xəstəliyi daha çox orta yaşlı adamlarda müşahidə olunur və tədqiqatlar göstərir ki, kişilərdə buna meyillilik qadınlara nisbətən qat-qat çoxdur.
Böyrək daşı xəstəliyi beldə ağrıların olması ilə təzahür edir. Ağrı, adətən, sızıldayan olur və fiziki gərginlik, əsasən də, nəqliyyatda silkələndiyi zaman artır. Daş sidiyin böyrək ləyənciyindən süzülüb getməsinə maneçilik törətdiyi hallarda böyrək sancıları – tutmavari şiddətli ağrılar əmələ gəlir ki, bu ağrılar bel nahiyəsində yerləşərək, qarının yan və aşağı şöbələrinə yayıla bilər. Ürəkbulanma, qusma, tez-tez sidiyə getmə halları müşahidə olunur. Xəstə narahatdır, tez-tez yataqda qıvrılır.
Diaqnoz xəstənin şikayətləri, xəstəliyin gedişinin xarakteri, klinik-instrumental müayinənin (rentgen, ultrasəs və s.) nəticələri əsasında müəyyənləşdirilir.
Böyrək daşı xəstəliyinin müalicəsi ixtisaslaşmış stasionar şəraitində aparılır və daşların çıxarılmasına, onların əmələ gəlmə səbəblərinin və bununla əlaqədar iltihabi proseslərin aradan qaldırılmasına yönəldilir. Müalicə, əsasən, cərrahi yolla aparılır. Xırda daşlar (0,5 sm diametrə qədər) müxtəlif dərman preparatlarının, o cümlədən, spazmolitiklərin köməyi ilə, fizioterapevtik metodlarla, müalicəvi bədən tərbiyəsi ilə və «su gərginliyi» vasitəsilə (çoxlu maye qəbulu, yalnız böyrək sancıları olmadığı hallarda) xaric olunurlar. 0,5 sm-dən böyük ölçülü daşlar xırdalanma (litotripsiya) ilə və yaxud cərrahi müdaxilə yolu ilə çıxarılırlar.
Böyrək daşı xəstəliyi zamanı rasional (müvafiq, məqsədəuyğun) qidalanmanın rolu əvəzsizdir. Bunun üçün mütləq daşların tərkibi bilinməlidir. Belə ki, daşın tərkibi oksalat duzlarından ibarətdirsə, qidada oksalat və limon turşusunun (turşəng, kahı, ispanaq, bibər, paxla, qarağat, sitruslular) miqdarı məhdudlaşdırılmalıdır. Xəstələrə B1, B6, A vitaminləri ilə zəngin qidalar - qaynadılmış ət, balıq, bitki yağı, yarmalı xörəklər, çuğundur, xiyar, qarpız, qovun, turş olmayan alma, armud, gavalı və s. məsləhətdir.
Uratlı daşlar olduqda, tərkibinə purin daxil olan qida məhsulları – kakao, kofe, şokolad, ət – məhdudlaşdırılmalı və süd-bitki pəhrizi gözlənilməlidir.
Fosfatlı daşlar olduqda isə, əksinə, süd məhsullarının, yumurtanın məhdudlaşdırılması, sidiyi qələviləşdirən qida və dərman vasitələrinin (limon, qələvi və s.) aradan götürülməsi, onu turşulaşdıran qida məhsullarından (ət, balıq, piylər, bitki yağları və s.) istifadə etmək məsləhət görülür.
Böyrək daşı xəstəliyi zamanı gündəlik maye qəbulunu 2-2,5 litrə çatdırmaq məsləhətdir.
Böyrək yollarında qumun və daşların həll edilməsinə təzə soğan və sarımsaq, çiyələk meyvəsi, qovun toxumunun süddə həlimi, qara turpun balla və ya şəkərlə qarışdırılmış şirəsi, itburnu meyvəsi (təzə və qurudulmuş), adi quşarmudu meyvəsi, zəncirotu kökü, qarğıdalı saçağı, çöl qatırquyruğu otu kömək edir. Boranı, kələm şirəsi, zirinc də məsləhətdir. Asiya təbibləri böyrəyində daş olanlara gündə 2,5 kq qarpız yeməyi məsləhət görürlər.
İllərin sınağından keçmiş və Avropada geniş tətbiq olunan bitki mənşəli TUTUKON NEO® preparatı (“Laboratorio Miquel Y Garriga S.A”, Barcelona, Spain) böyrək daşı xəstəliyi zamanı həm müalicəvi, həm də profilaktik məqsədlə həkimlər tərəfindən çox uğurla tətbiq edilir. Bu zaman daşın mənşəyindən asılı olmayaraq bütün növ daşlara qarşı effektiv təsiri çöxsaylı elmi tədqiqatlarla təsdiq edilmişdir. Urolitik təsirlə yanaşı uroseptik, diuretik, spazmolitik və s. təsirlərə də malikdir.
Aşağıdakı dəmləmələr məsləhət görülür:
- 1 çay qaşığı kətan toxumu 1 stəkan suda qaynadılaraq, 0,5 stəkan hər iki saatdan bir iki gün ərzində qəbul edilir (əgər dadı xoşagəlməz olarsa, limon şirəsi əlavə etmək olar);
- 1 çay qaşığı zirə (tmin), 1 xörək qaşığı murdarça (kruşina) qabığı, 1 xörək qaşığı gülxətmi (altey) kökü, 1 xörək qaşığı nanə yarpağı, 1 xörək qaşığı adaçayı (şalfey) yarpağı 1 stəkan suda dəmlənir və 1 stəkan axşam yatmazdan qabaq içilir;
- 1 xörək qaşığı badrənc (melissa) yarpağı, 1 xörək qaşığı nanə yarpağı, 1 xörək qaşığı çobanyastığı (romaşka) gülü 1 stəkan suda dəmlənir və gün ərzində 1 stəkan qəbul edilir;
- 2 xörək qaşığı dəmrovotu (çistotel), 2 xörək qaşığı nanə yarpağı 1 stəkan suda dəmlənir. Gündə 2 dəfə, səhər və axşam, 1 stəkan yeməkdən qabaq qəbul edilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.