Podaqra - maddələr mübadiləsinin pozulması nəticəsində urat
kristallarının (sidik turşusunun duzları) müxtəlif toxumalarda, əsasən, oynaqlarda,
böyrəklərdə və sidik yollarında yığılması ilə xarakterizə olunan xəstəlikdir. Başlıca
olaraq kişilər xəstələnir. Xəstəlik, adətən, orta yaşlarda başlayır.
Podaqranın əsas klinik təzahürləri kimi artriti (bax: artrit), böyrək daşı xəstəliyini (bax: böyrək xəstəlikləri) və digər böyrək xəstəliklərini
göstərmək olar.
Artrit podaqranın birinci simptomudur
və tutmavari gedişlə xarakterizə olunur. Podaqra zamanı artritin «hücumu» qəfil,
gözlənilməz olur. Çox vaxt gecələr oynaqda ağrı əmələ gəlir, səhərə yaxın ağrı həddən
artıq güclənir, oynaq nahiyəsində şişkinlik və qızartı müşahidə olunur. Tutma,
adətən, bir oynaqda, nadir hallarda 2-3 oynaqda ola bilər və, əsas etibarilə, prosesə
ayaq pəncəsinin oynaqları (xüsusən, baş barmağın daraq-falanqa oynağı), aşıq-daban, diz və dirsək oynaqları qatılır. Bir neçə gündən sonra artrit əlamətləri,
hətta müaləcə olunmadıqda belə, tədricən azalır və 2-3 həftədən sonra tam keçib
gedir. Bir müddətdən sonra podaqra artritinin təkrar «hücumları» olur. Belə «hücumlar»
xəstəliyin başlanğıcında, adətən, ildə 1-2 dəfə qeyd edilir.
Podaqra zamanı böyrək daşı xəstəliyinin elə bir nəzərə
çarpacaq fərqli xüsusiyyəti olmur (bax: böyrək xəstəlikləri) və əsasən böyrək sancıları ilə biruzə verir.
Podaqranın xüsusi əlaməti kimi tofusları - ölçüsü bir neçə
millimetrdən 2-3 santimetrədək olan ağrısız düyünvari törəmələri göstərmək olar.
Bunlar urat kristallarının daha çox miqdarda yığını nəticəsində əmələ gəlir və dəri
altında, çox vaxt, dirsək oynağı nahiyəsində və qulaq seyvanında yerləşirlər.
Kəskin artrit ağrılarını kəsmək üçün qeyri-steroid iltihab
əleyhinə vasitələr (voltaren, indometasin, butadion və s.) maksimal dozalarda təyin
edilir. Sidik turşusunun əmələ gəlməsini azaltmaq və podaqranın təkrar «hücumlarının»
qarşısını almaq üçün qidada purin tərkibli ərzaq məhsullarını (ət, balıq, paxla)
məhdudlaşdırmaq, alkoholdan tam imtina etmək və gündəlik qəbul edilən mayenin miqdarını
2 litrədək artırmaq məsləhətdir. Kök adamlar bədən çəkilərinin azaldılmasına çalışmalıdırlar.
Pəhriz vasitəsilə sidik turşusunun qanda miqdarını azaltmaq
və beləliklə də xəstəliyin gedişini yüngülləşdirmək mümkün deyilsə, həkim podaqra
əleyhinə vasitələr təyin edir. Bu preparatlar, ya sidik turşusunun əmələ gəlməsini
ləngidir, ya da onun böyrəklər vasitəsilə xaric edilməsinə kömək edir. Bu preparatlar,
hər bir konkret halda individual olaraq həkim tərəfindən təyin edilmiş dozalarda,
daima, demək olar ki, ömrün axırına kimi qəbul edilir.
Xalq təbibləri podaqranın müalicəsində zəngin təcrübə toplamışlar.
Onların məsləhətləri:
- itburnu kökünün həlimi (1 xörək qaşığı 1 stəkan qaynar suya), 1/2 stəkan gündə 1 dəfə;
- aqava yarpağının dəmləməsi, 1/2 çay qaşığı gündə 2 dəfə;
- mərsin (brusnika) yarpağının dəmləməsi (1 xörək qaşığı 1 stəkan qaynar suya), 1 xörək qaşığı gündə 3-4 dəfə;
- mavi güləvər (vasilyok) çiçəyi (1 çay qaşığı), kalendula çiçəyi (1 çay qaşığı), pion çiçəyi (1 çay qaşığı), qara gəndalaş çiçəyi (1 çay qaşığı), gicitkən yarpağı (1 çay qaşığı), söyüd qabığı (2 çay qaşığı), çöl qatırquyruğu otu (1 çay qaşığı), tozağacı yarpağı (2 çay qaşığı) qarışdırılaraq, 0,5 litr suda qaynadılır. Hər 2 saatdan bir 1 stəkan isti-isti içilir.
Podaqra zamanı istifadə edilən xalq vasitələrinə şam tumurcuqları,
adi süpürgəotu, ağ söyüd qabığı, meşə gilası, qarağat yarpağı və zoğunun həlimləri,
yersarmaşığı, tozağacı yarpağı, çöl bənövşəsinin dəmləmələri, təzə zoğal, mərsin,
mərsin yarpağının, çobanyastığının dəmləmələri, tozağacı şirəsi, qıtığotu kökü,
zəncirotu şirəsi, kələm, alma aiddir.
Daha bir neçə resept:
- 3 çay qaşığı xırdalanmış adi süpürgəotunun üzərinə 0,5 litr ilıq qaynadılmış su əlavə edərək 4 saat saxlamaq və süzmək lazımdır. 1/2 stəkan gündə 4 dəfə qəbul edilir;
- 1 çay qaşığı yersarmaşığının üzərinə 1 stəkan qaynar su əlavə edərək 4-5 saat saxlamaq və süzmək lazımdır. 1/4 stəkan gündə 2-3 dəfə isti halda qəbul edilir;
- 1 xörək qaşığı quru tozağacı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edərək, 2 saat üstü örtülü vəziyyətdə saxlamaq və süzmək lazımdır. 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir;
- aqava (50 q), qıtığotu (50 q), sarımsaq (50 q), acı istiot (50 q), mal baldırının sümük iliyi (50 q). Bütün bu komponentləri bıçaqla xırdalayaraq şüşə qaba yerləşdirmək və üzərinə 200 q tibbi spirt əlavə edərək 1 saat saxlamaq lazımdır. Sonra üzərinə 200 q kamfora yağı, 2 xörək qaşığı yod, 50 q porsuq piyi, 50 q skibidar, 300q etil spirti əlavə edərək qaranlıq yerdə 4-5 gün saxladıqdan sonra süzmək və ağzı bağlı qaba doldurmaq lazımdır. Gündə 1-2 dəfə, yaxşı olar yatmazdan qabaq, ağrı olan oynağa (oynaqlara) az miqdarda sürtmək lazımdır. müalicəni 1 ay davam etdirmək məsləhətdir.
Podaqra zamanı təzə ayıdöşəyi (qıjı) yarpağından salınmış
döşəyin üzərində yatmaq məsləhətdir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.