SİSTİT


Sistit - sidik kisəsinin iltihabıdır. Ən çox yayılmış uroloji xəstəliklərdən biridir.
Sistitin əsasında, bir qayda olaraq, infeksiya durur. Qeyri infeksion sistitlər sidik kisəsinin selikli qişasının sidiklə ifraz olunan kimyəvi maddələrlə, o cümlədən, dərman vasitələri ilə, sidik kisəsini yumaq üçün istifadə olunan preparatlarla, yad cisimlə, böyrək daşları ilə zədələnməsi və habelə kateterizasiya zamanı (xüsusi boru - kateter vasitəsilə sidiyin buraxılması)  qıcıqlanması nəticəsində əmələ gəlir.
İnfeksiya törədiciləri sidik kisəsinə sidik yolları vasitəsilə, böyrəklərdən, qanla, limfa ilə daxil olur.
Sistitin inkişafında infeksiya ilə yanaşı vacib rol oynayan bir sıra faktorlar da var: orqanizmin müqavimət qabiliyyətinin zəifləməsi (məsələn, soyuqlamadan, yorğunluqdan, arıqlamadan, keçirilmiş xəstəlikdən, cərrahi əməliyyatdan sonra və s.), sidik ifrazının pozulması və durğunluğu (məsələn, prostat vəzin adenoması zamanı və s.), sidik kisəsinin divarında qan dövranının pozulması və s.

Kəskin və xroniki sistit ayırd edilir.

Kəskin sistit, adətən, birdən inkişaf edir və soyuqlamadan və yaxud digər faktorların təsirindən bilavasitə sonra əmələ gəlir. Əsas simptomları - tez-tez və ağrılı sidik ifrazı, qarının aşağı hissəsində ağrılar, bu ağrıların intensivliyinin sidik ifrazı zamanı artmasıdır. Bəzən bu hal 2-3 gün davam edir və müalicəsiz də keçib gedir. Çox vaxt isə, hətta vaxtında başlanmış müalicəyə baxmayaraq, xəstəlik 6-8 gün davam edir. Kəskin sistitin ağır formaları zamanı bədən hərarətinin yüksəlməsi, sidiyin bulanıq, çöküntülü olması, çürüntü qoxulu, bəzən qanlı olması müşahidə edilir.

Kəskin sistit zamanı xəstələr yataq rejimini gözləməlidirlər. Ağır hallarda xəstəxana şəraitində müalicəyə ehtiyac var. Xəstələrə çoxlu maye qəbulu (südlü çay, isti kompot, mineral sular) məsləhət görülür. Kəskin, istiotlu xörəklər, şorbalar, souslar, konservlər istisna edilməklə, pəhriz təyin edilir, alkohollu içkilərin qəbulu qadağan olunur. Tərəvəz, meyvə, süd məhsulları məsləhət görülür. Ağrını azaltmaq məqsədilə isti vannalar, isidici qrelkalar təyin edilir. Həkimin nəzarəti altında sulfanilamid və antibiotik preparatları qəbul edilir.

Xroniki sistit zamanı simptomların intensivliyi aşağı olur. Gedişinə görə fasiləsiz, daimi olaraq zəif, küt ağrılarla müşayiət olunan və vaxtaşırı kəskinləşmələrlə biruzə verən sistitlər ayırd edilir.

Xroniki sistitin müalicəsi əsas infeksiya ocaqlarının, böyrək daşlarının aradan götürülməsindən başlamalıdır. Antibakterial terapiya sidiyin bakterioloji müayinəsindən, mikrofloranın antibakterial vasitələrə qarşı həssaslığını müəyyən etdikdən sonra aparılır. Sidik kisəsi furasillin (1:5000), gümüş-nitrat məhlulu ilə 10-15 gün ərzində yuyulur. İtburnu, çaytikanı yağı, antibiotik emulsiyası kateterlə bilavasitə sidik kisəsinə yeridilir.
Son zamanlar həkimlər tərəfindən sistitin müalicəsində geniş tədbiq olunan vasitələrdən biri də Sistoliberindir (Cystoliberin). Onun həm kapsul, həm də suspenziya formalarının həm ayrıca monoterapiya kimi, həm də antibiotiklərlə müştərək istifadəsi tövsiyə olunur. Effekt almağa istiqamətlənmiş standartlaşdırılmış formula 6 müxtəlif komponentdən ibarətdir. Bu formula rəğmən Sistoliberin sistitin patogenezinin bütün stadiyalarına təsir göstərir.

Effektli xalq təbabəti vasitələrindən gilas və albalı budaqlarından hazırlanmış (təzə və qurudulmuş) çayı (bal da əlavə etmək olar) göstərmək olar. Yaxşı olar ki, çay ac qarına içilsin.
Aşağıda göstərilən otların həlimi müalicəvi təsirə malikdir:
  • 2 xörək qaşığı ot qarışığı (hərəsindən 2 hissə boymadərən və ayıqulağı, hərəsindən 1 hissə bataqlıq zambağı kökü və tozağacı tumurcuğu) 0,5 litr suda 5-7 dəqiqə qaynadılır, 30 dəqiqə saxlayıb, süzülür. Bu doza gün ərzində 4 dəfəyə qəbul edilir.
Orta Asiya təbibləri sistit zamanı qarpız yeməyi məsləhət görürlər. Arpadan xörəklər - sıyıqlar, şorbalar, kisellər faydalıdır.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.