ÜRƏYİN İŞEMİK XƏSTƏLİYİ


Ürəyin işemik xəstəliyi (yunanca: ischo - gecikdirmək, saxlamaq;  haima - qan) ürəyi qidalandıran koronar (tac) arteriyaların spazmı (yığılması, daralması) və yaxud tutulması nəticəsində ürək toxumasının qanla təchizatının pozulması ilə xarakterizə olunan ürək xəstəliyidir.
Ürəyin işemik xəstəliyinin inkişafının əsasında bir sıra endogen (daxili) və ekzogen (xarici) faktorlar durur ki, bunlara «risk faktorları» deyirlər. Əsas, və yaxud «böyük» risk faktorlarına orqanizmdə lipid (yağ) mübadiləsinin pozulması (bu, əsasən, qanda xolesterinin miqdarının artması ilə xarakterizə olunur), arterial hipertenziya (bax: arterial hipertenziya), şəkərli diabet (bax: şəkərli diabet), papiros (siqaret) çəkmək, az fiziki aktivlik, uzunmüddətli psixoemosional gərginlik aiddir.

Ürəyin işemik xəstəliyi (ÜİX) ümumiləşdirilmiş bir diaqnoz olmaqla, bir-birindən təzahür formasına və miokardın işemiyasının (ürək əzələsində yerli qanazlığının) qabarıqlıq dərəcəsinə görə fərqlənən bir neçə müstəqil patologiyanı özündə cəmləşdirir:
  • stenokardiya;
  • miokard infarktı;
  • infarktdan sonrakı kardioskleroz.
STENOKARDİYA

Stenokardiya döş sümüyünün arxasında bir neçə saniyədən 20 dəqiqəyədək davam edən kəskin tutmavari ağrılarla xarakterizə olunur. Stenokardiyanın əsasında, bir qayda olaraq, ateroskleroz nəticəsində (bax: ateroskleroz) koronar arteriyaların daralması durur. Ağrı ürək əzələsinin oksigenə və qida maddələrinə olan ehtiyacının ödənilməməsi ilə əlaqədar baş verir.
Stenokardiya ağrıları, adətən, döş sümüyünün arxasında olur və basıcı, sıxıcı və bəzən yandırıcı xarakter daşıyır. Ağrı sol qola, sol kürəyə, boyunun sol tərəfinə verə bilər.

Stenokardiyanın, gedişinə görə 2 forması ayırd edilir: gərginlik stenokardiyası - bu zaman ağrı fiziki gərginlik zamanı əmələ gəlir və, bir qayda olaraq, gərginlik kəsildikdən sonra keçib gedir; və sakitlik (sükut) stenokardiyası - ağrı tutmaları çox vaxt gecələr və yaxud oturaq vəziyyətdən üfüqi vəziyyətə (uzanmış) keçən zaman baş verir. Xəstələrin bir qismi ağrı tutmalarının psixoemosional gərginliklə bilavasitə əlaqəsi olduğunu qeyd edirlər.
Stenokardiyanın gedişi koronar aterosklerozun inkişaf sürətindən və dərəcəsindən və habelə xəstənin həyat tərzindən asılıdır. Bəzilərində stenokardiya on illərlə davam edə və yüngül formada qala bilər, digərlərində isə stenokardiyanın ilk tutmalırından infarktın əmələ gəlməsinədək keçən müddət bir neçə gün, hətta bir neçə saat ola bilər. Ona görə də ilkin stenokardiya tutmaları mütləq stasionar şəraitində hərtərəfli müayinə və müvafiq müalicə tələb edir.

Stenokardiyanın müalicəsi ağrıların kəsilməsi və qarşısının alınmasına, fiziki aktivlik rejiminin, qida rejiminin gözlənilməsinə yönəldilməlidir. Ağrını aradan götürmək üçün 1-2 həb nitroqliserin (hər bir stenokardiyalı xəstədə həmişə yanında olmalıdır) dil altına qəbul edilir. Ağrı tutmalarının qarşısını almaq üçün davamiyyətli, uzun müddətli təsirə malik nitroqliserin preparatları - trinitrolonq (damağa yapışdırılır), sustak, nitronq, nitromak-retard və s. tətbiq edilir.

MİOKARD İNFARKTI

Miokard infarktı ürəyi qidalandıran koronar (tac) arteriyanın hər hansı bir qolunun tam tutulması nəticəsində (bir qayda olaraq, trombla) həmin nahiyədə ürək əzələsinin nekrozu (toxumanın məhvi) ilə əlaqədardır.

Kəskin miokard infarktı, adətən, stenokardiyanın fonunda baş verir. Bu zaman infarktdan bir qədər qabaq stenokardiya tutmaları tezləşir, müddəti uzanır və ağrını nitroqliserinlə aradan götürmək artıq mümkün olmur. Bəzən miokard infarktı, qabaqlar heç zaman ürəyindən şikayəti olmayan adamlarda, gözlənilmədən, qəfildən baş verir. Lakin belə hallarda da diqqətlə və dərindən aparılmış sorğu zamanı müəyyən etmək olar ki, infarktdan bir neçə gün qabaq xəstədə halsızlıq, ümumi zəiflik, əhval-ruhiyyənin dəyişməsi, döş qəfəsində qeyri-müəyyən, xoşagəlməz hissiyyat (diskomfort) müşahidə olunmuş, lakin xəstə buna əhəmiyyət verməmişdir.

Miokard infarktının tipik əlaməti döş sümüyünün arxasında, bəzən isə bir qədər solda və ya sağda, güclü sıxılma hissi və yaxud ağrıdır. Ağrı çox vaxt sıxıcı, basıcı, bəzən yandırıcı xarakter daşıyır. Deşici və yaxud kəsici ağrılar miokard infarktına xas deyil. Ağrılar sol qola, çiyinə, boyuna, alt çənəyə, kürəyə verə bilər. Stenokardiyadan fərqli olaraq, ağrı yarım saatdan çox, adətən, bir neçə saat davam edə bilər. Dil altına qoyulmuş nitroqliserin qısa müddətli yüngüllük gətirə bilər.
Bəzi hallarda miokard infarktının aparıcı əlaməti təngnəfəslik olur. Xəstədə kəskin zəiflik və soyuq tər qeyd edilir. Nadir hallarda isə miokard infarktı praktik olaraq simptomsuz keçir.
Miokard infarktının kəskin periodunda ən təhlükəli ağırlaşma, fəsad kardiogen şok, kəskin ürək çatışmazlığı (ürək astması), ağ ciyər ödemi və ürəyin nekrozlaşmış divarının tamlığının pozulmasıdır.
Miokard infarktının erkən diaqnostikası, onun müalicəsi üçün həlledici əhəmiyyətə malikdir. Diaqnozun təsdiq edilməsi üçün ağrının xarakteri, davamiyyət müddəti və tipik elektrokardioqrafik dəyişikliklər kifayət edir.
Miokard infarktı təcili hospitalizasiya tələb edir. Xəstələr reanimasiya və intensiv terapiya bloklarında yerləşdirilirlər.

Evdə, iş yerində və s. miokard infarktı şübhəsi olarsa, həkim gələnədək nə etməli? İlk növbədə damarları genişləndirmək üçün nitroqliserin, əgər əl altında yoxdursa, validol qəbul edin. Damarları genişləndirmək üçün dərini qıcıqlandırmaq da kömək edir: ən çox ağrı olan yerə (lap ürəyin üstünə belə) xardal kağızı qoyun və yaxud hər hansı qıcıqlandırığı məlhəmEvkamon», «Bom-Benge», «Sanitas» və s.) və yaxud nitroqliserin tərkibli məlhəm sürtün.
Oturun, uzanmayın, belə ki, kəskin surətdə üfüqi vəziyyətə keçən zaman qan gövdənin yuxarı hissəsinə axıb gəlir və ürəyə əlavə güc, gərginlik düşür. Ürəkdə gərginliyi azaltmaq üçün isti ayaq vannaları (yaxşı olar xardalla) yaxşı kömək edir. Dərindən nəfəs alın, nəfəs alan zaman bir qədər nəfəsi saxlayın. Belə tənəffüs ürəyin işi üçün əlverişli şərait yaradır.

Miokard infarktı zamanı xalq təbabəti yerkökü şirəsini, taxikardiya (tezləşmiş ürək ritmi) zamanı isə qara turp həlimini, badrənc dəmləməsini məsləhət görür. Badrəncin təsiri «yumşaq» sayılır, məsələn, damotuna nisbətən. Damotu dəmləməsi sinir sisteminə yaxşı təsir göstərir, arterial təzyiqi aşağı salır, lakin mədəyə «kobud» təsir edir.

İNFARKDAN SONRAKI KARDİOSKLEROZ

Ümumiyyətlə, kardioskleroz miokardın qismən birləşmiş toxuma ilə əvəz olunmasıdır. Diffuz (yayılmış) və ocaqlı, və yaxud çapıqlı, kardioskleroz ayırd edilir.

Diffuz kardioskleroz zamanı birləşmiş toxuma elementləri miokard boyu nisbətən bərabər yayılmış olur. Bu, ürək əzələsinin bərabər surətdə zədələnməsi nəticəsində, məsələn, miokardit, ağır miokardiodistrofiya, ürəyin işemik xəstəliyinin xroniki gedişli formaları zamanı müşahidə olunur. Ürəyin işemik xəstəliyi zamanı diffuz kardiosklerozu çox vaxt «aterosklerotik kardioskleroz» da adlandırırlar.

Ocaqlı (çapıqlı) kardioskleroz, əsas etibarı ilə, miokard infarktının nəticəsi olmaqla, bu və ya digər ölçüdə birləşmiş toxuma sahəsinin miokardda çapıq qoyması ilə xarakterizə olunur. Buna infarktdan sonrakı (postinfarkt) kardioskleroz deyilir.

Kardiosklerozun klinik əlamətləri onun miokardda lokalizasiyasından (yerləşdiyi yerdən) və yayılma dərəcəsindən asılıdır. Ürəyin ötürücü sistemində, hətta xırdaca kardioskleroz ocağı belə, ürək aritmiyalarına (bax: aritmiya) və ürəkdaxili ötürücülüyün pozğunluqlarına səbəb ola bilər. Birləşmiş toxuma kütləsinin normal funksiya edən miokarda faiz nisbəti nə qədər çox olarsa, ürək çatışmazlığı və ritminin pozğunluqlarının əmələ gəlmə ehtimalı bir o qədər çox olar.     

Kardiosklerozlu xəstələrin müalicəsi salamat qalmış miokard liflərinin funksional vəziyyətinin yaxşılaşdırılmasına (lazım gələrsə, fiziki gərginliyin məhdudlaşdırılması, müalicəvi bədən tərbiyəsinin, vitaminlərin, riboksin və kalium orotat qrupu preparatlarının təyin edilməsi), və habelə ürək çatışmazlığı əlamətlərinin və ürək ritminin pozğunluqlarının aradan qaldırılmasına yönəldilməlidir. Ürəyin ötürücülüyünün ağır pozğunluqları elektrokardiostimulyatorun implantasiyasına göstəriş ola bilər.

Ürəyin işemik xəstəliyinin profilaktikasınınmələ gəlməsinin qarşısının alınmasının) əsasında risk faktorlarının aradan götürülməsi durur. Beləliklə, ürəyin işemik xəstəliyinin əmələ gəlmə riskini azaltmaq üçün:
  • periodik tibbi müayinədən keçmək vacibdir. Müntəzəm tibbi müayinələrin, xüsusilə, 40 yaşdan yuxarı adamlarda ildə 1 dəfə elektrokardioqramın çəkilməsinin ürək xəstəliklərinin, ilk növbədə, ürəyin işemik xəstəliyinin erkən diaqnostikasında misilsiz əhəmiyyəti var;
  • yüksək qan təzyiqinə qarşı diqqətli olun. Əgər sizin qan təzyiqiniz yüksəlməyə meyillidirsə, vaxtaşırı həkim müayinəsindən keçmək və müvafiq müalicə almaq lazımdır. Belə ki, yüksək arterial təzyiq təhlükəli risk faktorlarından biridir;
  • yeməyinizə diqqət yetirin. Xolesterinin və bəzi başqa tip yağların (əsasən, triqliseridlərin) aterosklerozun, infarktın və insultun inkişafında müstəsna rolu var. Əgər çəkiniz artıqdırsa, mütləq arıqlayın. Artıq piy ürəyə əlavə ağırlıqdır. Duzun qəbulunu məhdudlaşdırın, belə ki, duz mayeni saxlayaraq damarların tutulmasına gətirib çıxara bilər;
  • papiros (siqaret) çəkməyin. Bu, infarktın əmələ gəlmə riskini artırır. Papiros çəkərkən ürək tez-tez döyünməyə məcbur olur, qan təzyiqi artır və qan damarları daralır;
  • fiziki cəhətdən aktiv olun. Tədqiqatlar sübut edir ki, düzgün planlaşdırılmış fiziki məşqlər ürəklə problemləri aradan qaldıra bilər;
  • psixoloji stresi azaldın. Gərginlik, planların pozulması, həyəcan - infarktla bilavasitə əlaqədardır.  
Habelə sizə faydalı link:       Miokard infarktının erkən əlamətləri

Diaqnozunuzu daxil edin, sizə uyğun sanatoriyanı seçin...




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.