Miqren (fransızca migraine, yunan mənşəli hemikrania sözündən götürülüb - kəllənin yarısı deməkdir), əsas simptomu, əksər hallarda birtərəfli baş ağrıları tutmaları olan sinir xəstəliyidir. Miqrenin əsasında baş beyin qan damarlarının
kəskin spazmından (yığılması, daralmasından) sonra onların genəlməsi və pulsasiyasının
(nəbz vurma) artması durur.
Damarların kəskin spazmı və sonradan genəlməsi, kəskin pulsasiya
beyin qişalarının reseptorlarını qıcıqlandırır və bu da kəskin baş ağrıları ilə
müşayiət olunur. Miqrenin başlanğıcı, çox vaxt, cinsi yetkinləşmə dövrünə təsadüf
edir, ancaq onun daha yetkin yaşlarda əmələ gəlməsi də mümkündür. Daha çox qadınlar
arasında yayılmışdır. Miqrenə qarşı ailəvi və irsi meyillik qeyd edilir. Miqrendən
əziyyət çəkən şəxslər tutmalar arası periodda tamamilə sağlamdırlar.
|
Miqren tutmaları, adətən, yorğunluq zamanı, uzun müddət isti,
havasız yerdə qaldıqda, kifayət qədər qida qəbul edilmədiyi hallarda, bağırsaqların
fəaliyyətinin pozulması zamanı baş verir. Qadınlarda miqren tutmaları, əsas etibarı
ilə, menstrual siklin müəyyən günlərində baş verir. Tutmalardan qabaq prodroma fazası
olur ki, bu zaman xəstələrdə halsızlıq, qıcıqlanma, başda ağırlıq hissi, yuxululuq
olur. Prodroma bir neçə saatdan 1-2 günədək davam edir. Bunun ardınca aura fazası
gəlir ki, bu da müxtəlif sensor pozğunluqlarla (gözün qamaşması, ətraflarda keyləşmə,
bədənin müəyyən hissələrində istilik hissi, göz önündə odlu dairələr və s.) müşayiət
olunur. Aura 20 dəqiqəyədək davam edir (qeyd etmək lazımdır ki, aura bütün xəstələrdə
olmur). Sonra baş ağrıları başlayır. Adətən, baş ağrıları birtərəfli olur və pulsasiya
xarakteri daşıyır. Nadir hallarda ağrılar kəskin və daimi olur. Baş ağrıları çox
vaxt alın-gicgah nahiyəsində yerləşərək gözə və yuxarı çənəyə verir. Nadir hallarda
ikitərəfli ağrılar qeyd edilir. Baş ağrıları bir neçə saatdan 1-2 sutkayadək davam
edə bilər. Çox vaxt tutma dərin yuxudan sonra keçib gedir.
Miqren tutmaları bir qayda olaraq, vaxtaşırı təkrarlanır.
Adətən, ayda ikidən dördədək tutmalar qeyd olunur. Tutmalar, çox vaxt emosional
stress zamanı baş verir. Bəzən tutmaların müəyyən qida məhsullarının qəbulu ilə
əlaqədar olması güman edilir. Bunda «günahkar» şokolad, toyuq paşteti, kolbasa,
sitruslar və kofein sayılır. Alkohollu içkilər, yorğunluq, bədənin soyuması, havanın
dəyişməsi də tutmaların əmələ gəlməsinə şərait yaradır.
Tutmadan kənar dövrdə ümumi sağlamlaşdırıcı proseduralar
(təmiz havada gəzinti, idmanla məşğul olmaq, soyuq su proseduraları, düzgün qurulmuş
əmək və istirahət rejimi və s.) məsləhət görülür. Habelə tutmanı törədə bilən faktorların
(isti, havasız yerdə olmaq, kifayət qədər qidalanmamaq, spirtli içki qəbulu və s.)
aradan qaldırılması vacib şərtlərdəndir. Bu dövrdə dihidroerqotamin, trankvilizatorlar,
pişikotu (valeriana) preparatları qəbul edilir. Tutma zamanı çovdar mahmızı preparatları
(erqotamin, erqotal, rigetamin), kofein (kofetamin - kofeinlə erqotaminin kombinasiyası),
analgetiklər, antihistamin preparatları və barbituratlar qəbul edilir. Medikamentoz müalicə mütləq həkim təyinatı və nəzarəti altında
aparılmalıdır.
Miqren tutmalarının qarşısı bu cür də alına bilər: aramla
və dərindən polietilen torbaya nəfəs verərək həmin hava ilə nəfəs alın. Bu zaman qanın
tərkibində karbon qazının səviyyəsi artır. «Britaniya tibb jurnalında» («The British Medical Journal») həkimlərdən birinin etirafına görə polietilen torbadan və ağız klapanından
istifadə edən xəstələr 10-30 dəqiqə ərzində miqren tutmalarını dayandırmağa müyəssər
olurlar.
Miqren zamanı istifadə olunan dərman bitkilərindən biri xalq
təbabətində geniş tətbiq edilən, yüz xəstəliyin dərmanı - çobanyastığıdır.
- 15-20 q çobanyastığı çiçəyi 1 stəkan qaynar suda dəmlənir. 1/3 stəkan gündə 3 dəfə qəbul edilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.