ARTROZ

Artroz (sin.: osteoartroz, deformasiyaedici osteoartroz), əsasında oynaq qığırdağının distrofik dəyişiklikləri duran oynaq xəstəliyidir.
Artrozun ilkin (birincili) və ikincili formaları ayırd edilir. İlkin artrozların yaranma səbəbləri aydın deyil - genetik olaraq buna meyillilik istisna olunmur.
İkincili artrozun əsas səbəbləri sağlam oynaq qığırdağının artıq yüklənməsi və yaxud zədələnməsidir. Oynaq qığırdağının artıq yüklənməsi ağır çəki ilə, aşağı ətraflardan birinin qısa olması ilə, baldırın X- və ya O-şəkilli olması ilə əlaqədar ola bilər. Qığırdağın zədələnməsinə səbəb travma, oynaqlarda xroniki iltihabi proses, sistemli metabolik və endokrin xəstəlikləri və s. ola bilər.
Artroz - oynaq xəstəlikləri içərisində ən çox yayılmışıdır. Xəstələnənlər arasında 45-50 yaşlarında qadınlar üstünlük təşkil edir. Ən çox ayaq pəncəsinin baş barmağının daraq-falanq oynağı, diz, bud-çanaq oynaqları zədələnir. Digər barmaqların zədələnməsi az-az təsadüf edir, bazu, dirsək və pəncə-daban oynaqlarının artrozu isə çox nadir hallarda baş verir. Artroz həm bir oynaqda, həm də bir neçə oynaqda inkişaf edə bilər.

Artrozun əsas klinik təzahürü oynaqlarda ağrıdır ki, bu da çox hallarda «mexaniki ritmə» malikdir, yəni hərəkət zamanı əmələ gəlir, sakit halda keçib gedir. Başqa simptomlar artrozun lokalizasiyasından (yerləşdiyi yerdən) asılıdır.
Birincili artrozların ən yayılmış forması əl pəncəsi oynaqlarının düyünvari artrozudur ki, bu da barmaqlarda düyünvari qalınlaşmaların əmələ gəlməsi ilə təzahür edir. Barmaqların bayır üzündə, dırnaq kökünün ətrafında, dərialtında, içərisində qatı maye olan bərkimiş, ağrılı kistalar əmələ gəlir. Bunlar bəzən iltihablaşır. Bu zaman ağrının intensivliyi artır, oynaqların funksiyası pozulur, bükülmə kontrakturasının (barmaq bükülmür) yaranmasına səbəb olur.
Ayaqda baş barmağın daraq-falanq oynağının artrozu fiziki hərəkət zamanı ağrılarla xarakterizə olunur. Ağrının daimi olması və onun fiziki hərəkətlə əlaqəsi onu podaqradan fərqləndirir. Get-gedə oynaqda hərəkət məhdudlaşır, onun deformasiyası (formasının dəyişilməsi) baş verir.
Diz və bud-çanaq oynaqlarının artrozu da hərəkət zamanı, xüsusilə, pilləkənlə qalxdıqda, dərə-təpə yerlərdə gəzinti zamanı ağrılarla, oynaqlarda hərəkət məhdudiyyəti ilə xarakterizə olunur.
Ümumiyyətlə, artrozlara vaxtaşırı kəskinləşmə və tədricən xəstəliyin proqressivləşməsi xasdır.
Artroz diaqnozu tipik klinik əlamətlərin və rentgen müayinəsində aşkar edilmiş xarakterik dəyişikliklərin əsasında qoyulur.

Artrozun müalicəsi, heç də bir o qədər medikamentoz (dərman) tədbirlərdən deyil, əsasən, insanın həyat tərzinin, iş və istirahət rejiminin, məişət şəraitinin uyğun təşkilindən asılıdır. Belə ki, aşağı ətraf oynaqlarının artrozu həmin oynaqların yüklənməsinin azaldılmasını tələb edir: uzun müddət ayaq üstə durmaqdan, davamlı olaraq uzaq məsafələrə gəzintilərdən imtina etmək lazımdır. Gəzinti zamanı vaxtaşırı istirahət etmək, əlavə dayaq vasitələrindən (məs.: əsa, əl ağacı) istifadə etmək məsləhətdir. Ən əsası isə, bədən çəkisinin normal səviyyəsinin təmin olunmasıdır.
Ayaq baş barmağının daraq-falanq oynağının artrozu zamanı ayaqqabının düzgün seçilməsi xüsusi əhəmiyyət kəsb edir: ayaqqabının geniş burnu, hündür olmayan, dayanıqlı dabanı və üzəri təbii dəridən olmalıdır. Ayaq baş barmağının qabarıq deformasiyası zamanı xüsusi ortopedik altlıqlardan və yaxud ortopedik ayaqqabılardan istifadə edilməlidir.
Ağrıların gücləndiyi periodlarda qeyri-steroid iltihabəleyhinə vasitələrdən (indometasin, voltaren və s.), fizioterapevtik proseduralardan, yerli olaraq məlhəmlərdən istifadə olunur. Ağırlaşmış hallarda bilavasitə oynaq daxilinə steroid preparatlar vurulur. Demək lazıdır ki, hər hansı medikamentoz müdaxilə yalnız həkimin təyinatı və ciddi nəzarəti altında aparılmalıdır.

Davamlı ağrıkəsici və iltihabəleyhinə təsirə malik təbii vasitələrdən:
  • 2 xörək qaşığı murdarça (kruşina) qabığı, 2 çay qaşığı zəncirotu kökü, 2 çay qaşığı cəfəri bəhəri, 2 çay qaşığı rəzyana bəhəri, 2 çay qaşığı nanə yarpağının 0,5 litr suda dəmləməsi faydalıdır. Səhər, yeməkdən qabaq, 2 xörək qaşığı qəbul edilir.
  • Qarğıdalı saçağının dəmləməsi (1,5 çay qaşığı 1 stəkan suya) - 1 xörək qaşığı, gündə 4 dəfə, yeməkdən 30 dəq. qabaq qəbul edilir.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.