ÖD DAŞI XƏSTƏLİYİ


Öd daşı xəstəliyi öd kisəsində və öd yollarında öd daşlarının əmələ gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Öd daşı xəstəliyi geniş yayılmışdır və daha çox qadınlarda müşahidə olunur.

Öd kisəsi həzm sisteminin bir hissəsidir. 5-14 sm uzunluğu, 2,5-4 sm eni olan orqan qara ciyərin altında yerləşir. Öd kisəsində, qara ciyər tərəfindən yağların həzmi üçün hasil edilən öd toplanır. Ödün əsas tərkib hissələri (öd turşuları, bilirubin, zülallar, xolesterin, fosfolipidlər, bikarbonatlar, Na, K, Ca, hormonlar və vitaminlər) arasında nisbət pozulduqda, öd daşları əmələ gəlir. Bu daşlar 80-90% xolesterin tərkiblidir və ölçüləri xırda, demək olar ki, görünməyən qum dənəciyindən qoz böyüklüyünədək ola bilər.

Öd daşlarının əmələ gəlməsinə şərait yaradan amillərdən qeyri rasional qidalanmanı, maddələr mübadiləsinin pozulmasını, irsi meyilliliyi, infeksiyanı, ödün öd yollarında durğunluğunu və habelə onikibarmaq bağırsağın və mədəaltı vəzinin xəstəliklərini göstərmək olar.
Öd daşı xəstəliyinə qəfildən əmələ gələn sancı tutumaları xasdır. Adətən tutmalar ürəkbulanma və qusma ilə müşayiət olunur. Qarının yuxarı və əsasən sağ tərəfində olan güclü ağrı titrətmə və üşütmə verir. Ağrı çox vaxt bir neçə saat davam edir, sonra öz-özünə keçib gedir.
Öd daşı xəstəliyi vaxtaşırı kəskinləşmələrlə biruzə verir. Bu, əsasən, qidalanmada pozğunluqlarla (həddən çox yemək, yağlı qida qəbulu, alkohol), fiziki gərginliklə, soyuqlama ilə və s. əlaqədardır. Kəskinləşmələr arasındakı dövrdə də xəstələr sağ qabırğaaltı nahiyədə ağırlıq, küt və ya sızıltılı ağrılar hiss edə bilərlər.

Fəsadlaşmalar, əsasən, xəstəliyin uzun müddətli gedişi zamanı müşahidə oluna bilər. Əgər əsas öd yolu daşla tutulmuş olarsa, bu zaman öd kisəsində təzyiq artmış olur və öd piqmentlərinin genişlənmiş öd kapilyarlarının divarından qana keçməsi dərinin saralmasına səbəb olur. Buna «mexaniki» (obturasiyalı) sarılıq deyilir.

Xəstəliyin diaqnozu xarakter ağrı tutmalarına, rentgenoloji və ultrasəs müayinələrinin və digər laborator analizlərin nəticələrinə əsaslanır.
Çoxları öd daşı xəstəliyinin birinci tutmasını mədə pozulması ilə və yaxud infarktla dolaşıq salırlar. Buna görə də təcili həkim çağırmaq, yataqda uzanaraq, ən rahat vəziyyəti qəbul etmək və əyindəki geyimi boşaltmaq lazımdır.

Öd daşı xəstəliyinin müalicəsi cərrahidir. Əsas əməliyyat - xolesistektomiyadır, başqa sözlə, öd kisəsinin kəsilib çıxarılmasıdır. İnsan öd kisəsiz də normal yaşaya bilər.
Öd daşı xəstəliyinin profilaktikası rasional qidalanmadan, hipokineziya (az hərəkətlilik) və piylənmə ilə mübarizədən ibarətdir. Kəskinləşmələrin qarşısını almaq üçün yağlı, qızardılmış yeməklərdən uzaq olmaq, iltihab ocaqlarını (tonzillit, haymorit, karies və s.) müalicə etdirmək, mədə-bağırsaq sisteminin fəaliyyətinə fikir vermək lazımdır.

Bolqarıstanın, Asiya ölkələrinin xalq təbiblərinin fikrincə, öd daşı xəstəliyinə meyillik irsi olaraq ötürülür. Ona görə də, nəslində bu xəstəlik olan adamlar ödün öd kisəsində və öd yollarında durğunluğunun qarşısını almaq üçün profilaktik tədbirlər görməlidirlər. Təbii ki, belə profilaktika nəslində bu xəstəlik olmayanlara da faydalı ola bilər.

Öd daşı xəstəliyi zamanı bu xalq təbabəti vasitələri məsləhət görülür:
  • 5 q bataqlıq zambağının (air) kökü 100 ml spirtdə və yaxud 1 stəkan araqda 8 gün saxlanılır. 20-40 damcı gündə 3 dəfə qəbul edilir;
  • 1 çay qaşığı tütün 15-20 dəq. dilin altında saxlanılır (gündə 1 dəfə);
  • 2 xörək qaşığı gülxətmi (altey) yarpağı və gülü 1-2 stəkan qaynar suda dəmlənərək 1 xörək qaşığı hər 2 saatdan bir qəbul edilir.
Sibir təbibləri hələ qədim zamanlardan öd daşı xəstəliyi zamanı B qrupu vitaminləri ilə çox zəngin olan itburnunun dəmləməsini (2 çay qaşığı 1 stəkan qaynar suda çay kimi dəmlənir) məsləhət görürlər.
Öd qovucu təsirə malik qara turp şirəsi və müalicəvi kokteyl (bərabər miqdarda yer kökü, xiyar və çuğundur şirəsini qarışdıraraq 1/4 stəkan gündə 2 dəfə yeməkdən 30 dəq. qabaq) faydalıdır.
Yulafın dəmləməsi əla ödqovucu təsirə malikdir:
  • 1 stəkan yulafın üzərinə 1 litr qaynar su əlavə edərək mayenin 1/4-i buxarlananadək qaynadılır və 1 stəkan gündə 3-4 dəfə qəbul edilir.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.