ARTRİT


Artrit  - oynaqların iltihabıdır. Artritin səbəbləri müxtəlifdir. O, travma, infeksiya, allergiya, immun sistemin pozğunluqları nəticəsində meydana gələ bilər. Onlarla oynaq xəstəliyi artritlə müşayiət olunur, məsələn, revmatoidli artrit, Bexterev xəstəliyi (ankilozlu spondiloartrit), Reyter sindromu (uretro-okulo-sinovial sindrom), podaqra (bax: podaqra), psoriatik artrit və s. Bundan da daha çox, simptomlarından biri artrit olan xəstəliklər mövcuddur, məsələn, kollagenozlar, sistem vaskulitləri, revmatizm, infeksiyalar (məs., sifilis, qonoreya) və s.
Artrit bir oynaqdadırsa, «monoartrit», iki-üç oynaqda - «oliqoartrit», üçdən çox oynaqda - «poliartrit» adlandırılır.


Artritlərin klinik şəkli birtiplidir: zədələnmiş oynaqda ağrı, hərəkətin məhdudlaşması, şişkinlik və oynaq ətrafı toxumalarda hərarətin artması. Simptomların birtipli olması nozoloji diaqnozun qoyulmasını çətinləşdirir. Buna baxmayaraq, xəstəliyin başlanması və gedişi haqda dəqiq məlumatın sorğu vasitəsilə və hərtərəfli müayinə nəticəsində mükəmməl toplanması, diaqnozun təsdiq edilməsində böyük əhəmiyyət kəsb edir. Xəstəliyin tutmalarla gedişi, əsasən, revmatizmə, podaqraya xasdır; artritin burun-boğaz infeksiyasından sonra başlaması revmatizmə; kəskin uretrit (sidik kanalının iltihabı) və enterokolitdən (nazik bağırsağın iltihabı) sonra Reyter sindromuna; alkohol qəbulundan sonra başlaması isə podaqraya xasdır. Müayinə zamanı, əlin və ayağın pəncəsinin xırda oynaqlarının simmetrik (hər iki tərəfdə eyni) zədələnməsi - revmatoidli artritlərdə; aşağı ətraf oynaqlarının, o cümlədən, ayaq pəncəsinin xırda oynaqlarının qeyri-simmetrik iltihabı, pəncə nahiyyəsində ağrı, Bexterev xəstəliyində müşahidə olunur. Axırıncıda və Reyter sindromunda, revmatoidli artritdən fərqli olaraq, onurğa sütununda ağrılar və hərəkətin məhdudlaşması qeyd edilir. Ayağın baş barmağının yastı-falanq oynağının zədələnməsi podaqraya xasdır. Oynaqların xarakterik deformasiyası da xəstəliyin diaqnostikasında xüsusi əhəmiyyətə malikdir.
Artritin konkret formasının diaqnostikası ixtisaslaşmış həkim və xüsusi instrumental, laborator müayinə əsasında aparılır.

Artritin müalicəsində, onun yaranma səbəblərindən və onu törədən xəstəliyin xarakterindən asılı olaraq, yerli təsir vasitələrindən (fizioterapiya, dərman preparatlarının oynaqdaxili yeridilməsi və s.) və ümumi təsir metodlarından istifadə olunur. Bəzi hallarda cərrahi müdaxiləyə də ehtiyac duyulur. Müalicəvi bədən tərbiyəsi, massaj və sanator-kurort müalicəsi (kəskinləşmə dövrü istisna olmaqla) geniş tətbiq olunur.
İlk növbədə artritin yaranmasına səbəb ola bilən infeksion xəstəliklər tam aradan götürülməlidir. Avitaminozun (vitamin çatışmazlığı; bax: avitaminoz), soyuqlamanın və artıq bədən çəkisinin qarşısı alınmalıdır. Bunun üçün karbohidratlarla zəngin qida məhsullarını (şəkər, mürəbbə, xəmir və qənnadı məmulatları və s.) məhdudlaşdırmaq və əksinə, qida rasionunda tərəvəz və meyvələrin payını artırmaq lazımdır. Sözsüz ki, siqaret çəkməkdən imtina etmək əsas şərtdir.

Oynaq xəstəliklərində qarpızın yumşaq hissəsinin, mərcangilənin (brusnika), zoğalın, dərman bitkilərinin böyük faydası var:
  • 2 çay qaşığı mərcangilə (brusnika) yarpağı 1 stəkan suda, zəif odda 10-15 dəq. qaynadılır, soyudulur və tənzifdən süzülür. Gün ərzində qəbul edilir;
  • 1 çay qaşığı qara gəndalaş gülü, 4 çay qaşığı tozağacı (beryoza) yarpağı, 5 çay qaşığı söyüd qabığı 0,5 litr suda dəmlənir. 1/2 stəkan gündə 4 dəfə yeməkdən qabaq;
  • 2,5 çay qaşığı tozağacı yarpağı, 2,5 çay qaşığı gicitkən yarpağı, 2,5 çay qaşığı üçrəngli bənövşə otu 0,5 litr suda dəmlənir. 1/2 stəkan gündə 4 dəfə yeməkdən qabaq;
  • qarağat, mərcangilə və itburnu yarpağının bərabər hissələri 1 stəkan suda dəmlənir. 2 xörək qaşığı gündə 1 dəfə yeməkdən qabaq.
Eləcə də qara gəndalaş gülü, gicitkən yarpağı, cəfəri (petruşka) kökü, ağ söyüd qabığı qarışığının dəmləməsi də məsləhət görülür:
  • 1 xörək qaşığı qarışığa (hər bir komponentdən eyni miqdarda) 1 stəkan qaynadılmış su əlavə edilir və 3-5 dəq. zəif odda qaynadılır, süzülür və soyudulur. Bərabər hissələrlə gün ərzində içilir.
İynəyarpaq (xvoya) vannalarının müalicəvi əhəmiyyəti, nəinki xalq təbabəti, tibb praktikasında da təsdiq olunmuşdur.
Oynaqlarda ağrını azaltmaq üçün qədim zamanlardan aşağıda göstərilən qarışıqdan istifadə olunur:
  • 2 stəkan həcmində təzə hazırlanmış qara turpun şirəsinə 1 xörək qaşığı duz, 0,5 stəkan araq, 3/4 stəkan bal əlavə edərək, yaxşıca qarışdırılır. Qarışıq ağrı nahiyəsinə sürtülür və sarğı qoyulur.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.