Allergiya – ətraf mühitin allergen adlandırılan bəzi faktorlarının (kimyəvi
maddələrin, bitkilərin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin
və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır.
Alimlərin tədqiqatlarına əsasən planetimizin təqribən hər yeddi adamından
biri allergiyaya düçardır, başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı
bir təsirə qarşı yüksək hissiyyata malikdir. Ən çox yayılmış təsiredici amillər
– qida məhsulları, bitki mənşəli tozcuqlar, və ev tozudur. Bunlarla yanaşı yüzlərcə
digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan
yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları
və hətta isti, soyuq, habelə günəş şüası aiddir.
Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar
orqanizmə dəridən, tənəffüs və qida yolları və yaxud inyeksiya vasitəsilə keçirlər.
Allergenin təsiri nəticəsində orqanizmin toxumalarında anticisimlər hasil
olur. Bu anticisimlər bir tərəfdən orqanizmin xeyrinə olaraq xəstəlik törədən mikrob
və viruslarla mübarizədə orqanizmin özünün hasil etdiyi müdafiə sistemini təşkil
edirlər. Digər tərəfdən isə onlar, belə «çağırılmamış qonaqlara» hücum edərkən,
orqanizmin öz toxumalarını da zədələyə bilərlər. Allergiyalı adamlarda anticisimlər
allergeni təhlükəli mikrob və yaxud yad cisim kimi qəbul edərək təsir göstərir və
çox vaxt iltihab və toxuma strukturunda dəyişikliklər törədirlər.
Allergiyanın simptomları adətən insan allergenlə bir neçə dəfə təmasda
olduqdan sonra biruzə verir. Artıq anticisimlər əmələ gəlmişsə, allergenlə hər bir
növbəti kontakt orqanizmin xüsusilə həssas orqanları olan burun, göz, dəri, bronxlar
və yaxud mədə-bağırsaq sistemində qıcıqlanmaya səbəb olur.
Bununla belə, insan orqanizmində allergenlərə qarşı ən həssas tənəffüs
orqanları (bax: bronxial astma, allergik bronxit, rinit) və dəridir. Ekzema, təmas
dermatiti, məxmərək – bunlar dərini zədələyən allergik xəstəliklərdir. Ümumiyyətlə,
allergiyanın ən yayılmış simptomu qaşınmadır.
Allergik reaksiya çox nadir hallarda insan həyatını təhlükə qarşısında
qoya bilər. Bəzi adamlar allergenin təsiri nəticəsində (əsasən, dərman preparatlarının
təsiri və yaxud həşəratların sancması nəticəsində) anafilaktik şoka düçar olurlar.
Şok birdən başlayır, dəri şişir və qızarır. Məxmərək əmələ gələ bilər. Zərərçəkmiş
adamda bağırsaqların spazmı, qusma, ishal, həyəcan qeyd olunur. Boğaz şişir, tənəffüsü
çətinləşdirir. Qan təzyiqinin kəskin enməsi xəstənin həyatını təhlükə qarşısında
qoya bilər.
Belə hallar olduqda xəstəyə dərhal kömək etmək lazımdır. İlk növbədə allergenin
orqanizmə daxil olmasının dərhal qarşısı alınmalıdır (dərman preparatlarını kəsmək,
həşəratın iynəciyini çıxarmaq və s.). Əgər mümkündürsə, iynə vurulan (həşərat sancan)
yerdən yuxarı jqut qoyulmalıdır. Xəstəni elə yerləşdirmək lazımdır ki, təmiz havanın
gəlməsi təmin olunsun, dilin qatlanmasının və tənəffüs yollarının qusuntu maddələri
ilə tutulmasının qarşısı alınsın. Qan təzyiqini artırmaq üçün xəstəyə, həkimin nəzarəti
altında, adrenalin, noradrenalin və yaxud mezaton, bununla yanaşı kordiamin və yaxud
kofein vurulur. Antihistamin preparatlar (dimedrol, suprastin və s.) qan təzyiqi
normaya çatdıqdan sonra tətbiq edilir. Bronxospazmı (bronxların daralması nəticəsində
təngnəfəsliyi) aradan götürmək üçün adrenalinə eufillin (2,4%-10,0ml, izotonik məhlulda
və yaxud 20-40% qlükozada) qatılır. Kortikosteroidlər dərialtı, ağır hallarda isə
venadaxili yeridilir.
Belə hala düşmüş hər bir kəs və onun yaxınları onu bu vəziyyətə salmış
amili yaddaşında saxlamalı və bir daha həmin allergenlə təmasda olmamağa çalışmalıdır.
Bu barədə onun bütün tibbi sənədlərində xüsusi qeydlər aparılmalı və hər hansı bir
səbəbdən həkimə müraciət etdikdə tibb işçisinin nəzərinə çatdırılmalıdır.
Bir çox allergiyalı adamların valideyinlərində və yaxud digər yaxın qohumlarında
allergiyanın bu və ya digər formada təzahürü halları müşahidə edilir. Baxmayaraq
ki, insan irsən hər hansı bir müəyyən allergik xəstələyi daşımır, lakin onlarda
bu və ya digər amillərə qarşı ifrat həssaslıq irsi olaraq ötürülə bilər. İrsən belə meyilli
ailədə müxtəlif formalı allergik xəstəliklər inkişaf edə bilər.
Bəzi mütəxəssislərin fikrincə, allergiyalı xəstə övladlarının yarı qismində
erkən yaşlarda allergiyanın bu və ya digər təzahürünü gözləyə bilər. Əgər belə irsi faktorun mövcudluğunu bilirsinizsə,
siz artıq bunun qarşısını almaq üçün ilk addımı atmış hesab olunursunuz.
Əgər uşaq vaxtı astma müalicə edilməzsə, bu yetkin yaşlarda əmək qabiliyyətindən
məhrum edə biləcək ağır ağ ciyər xəstəliyinə gətirib çıxara bilər. Çoxlarının düşündüyü
kimi, allergiyalı uşaqda yaş ötdükcə hər şeyin keçib gedəcəyi barədə fikir çox yanlış
və təhlükəlidir. Erkən diaqnozsuz və müvafiq müalicəsiz, uşağın fiziki inkişafı
gecikə bilər və dolayısı ilə bu, emosional pozğunluqlara və digər ağır hallara gətirib
çıxara bilər.
Allergiyanın daha yetkin yaşlarda təzahürünü də nəzərdən qaçırmaq düzgün
olmazdı. Baxmayaraq ki, erkən simptomlar, çox güman ki, uşaq yaşlarında biruzə vermişdir,
ilk tutmalar hər hansı yaşda baş verə bilər. Belə ki, tibbi ədəbiyyatda, bir xəstədə
allergiyanın ilk simptomlarının 80 yaşında təzahür etməsi barədə qeydlər var.
Allergiyada
emosional faktorun rolu da qeyd olunur. Belə ki, güclü emosiya - qorxu, vahimə,
qəzəb, güclü həyəcan allergiya tutmalarına səbəb ola bilər. Ancaq, alimlərin fikrincə,
burada emosional faktor yalnız «təkan» rolunu oynayır, başqa sözlə, orqanizmin özündə
və yaxud ətraf mühitdə olan bu və ya digər allergen adi halda təsir göstərmədiyi
halda, emosional gərginlik zamanı tutmalara səbəb olur.
Çox vaxt
fiziki və emosional faktorlar arasındakı fərqi müəyyən etmək olmur. Nəzər yetirin
ekzemalı uşağa. Onun dərisində qaşınma var və qaşıyaraq dərini daha da zədələyir,
sıyrıntıları dərinləşdirir. Bununla yanaşı, artan əsəbilik və gərginlik tərləməyə
və digər reaksiyalara səbəb olur ki, bunlar da öz növbəsində qaşınmanın artmasına
və nəticədə dəri səthinin daha artıq zədələnməsinə gətirib çıxarır.
Dəqiq diaqnozu
müəyyən etmək üçün müxtəlif tədqiqatlar aparılır: qanın analizləri, dəri testləri
və xəstənin gündəlik həyatda təmasda olduğu potensial allergenlərin hərtərəfli tədqiqi
və s.
Dəri testləri
qolun və yaxud kürəyin dərisində xırda çapıqlar qoyaraq, onların üzərinə ən çox
yayılmış allergenin ekstraktını sürtməklə aparılır. Başqa metod həmin allergenin
dəriiçi inyeksiyasıdır. Bu testlər, praktik olaraq, ağrısızdır, heç bir iz buraxmadan
bir neçə gündən sonra keçib gedir. Artmış həssaslıq həmin yerdə kiçicik qızartı
və şişkinliklə müəyyən edilir.
Dəri testləri
güman edilən allergenlərin aşkar edilməsi üçün əsas tədbirlərdən biridir. Dəqiq
səbəbi tapmaq üçün dəridə testlər axıra qədər aparılmalıdır. Həkim, bu zaman şübhəli
allergenləri ayıraraq, ehtiyatla onların dozasını artırır və növbə ilə bir-birinin
ardınca bütün reaksiyaları diqqətlə izləyir.
|
Bunlarla
yanaşı, allergiyanın simptomlarını müvəqqəti azaltmaq üçün, müvafiq dərman preparatlarından
da istifadə olunur: antihistamin preparatlar (dimedrol, suprastin, fenkarol, hismanal
və s.), inhalyatorlar və hormon preparatları. Bu dərman preparatları ancaq həkimin
təyinatı və nəzarəti altında qəbul edilə bilər.
Hiposensibilizasiya,
başqa sözlə, həssaslığın azaldılması, daha davamlı yüngülləşməyə şərait yarada bilər.
Bu müalicə metodu allergenin geniş yayıldığı hallarda və habelə xəstənin vərdişləri
və sənəti ilə əlaqədar allergenlə kontaktı kəsmək mümkün olmadıqda xüsusi əhəmiyyət
kəsb edir.
Hiposensibilizasiya
(buna desensibilizasiya və yaxud immunoterapiya da deyilir) dəri testləri zamanı
reaksiya törədən allergenin kiçik dozalarından başlayaraq və tədricən dozanı artırmaqla
inyeksiya şəklində orqanizmə yeridilməsi ilə aparılır. İnyeksiyalar iki həftədən
bir və yaxud ayda bir dəfə olmaqla bir neçə il davam etdirilir. Düzgün aparıldığı
halda, hiposensibilizasiya təhlükəsizdir və bir çox xəstələrdə sağalma ilə nəticələnir.
Xalq təbabətində
allergiya zamanı müalicəvi vasitələrdən biri quşüzümüdür, hər hansı şəkildə: çiy,
çox şirin olmayan şərbət və yaxud şirə halında. Otlaq yoncasının təzə hazırlanmış
şirəsi gözün allergik xəstəliklərində istifadə olunur.
Allergik dermatit zamanı şüyüdün dəmləməsi müalicəvi əhəmiyyətə
malikdir:
- 1 çay qaşığı xırdalanmış quru şüyüdün üzərinə 300 ml qaynadılmış su ələvə edib 1 saat saxlamaq və süzmək lazımdır. 1/2 stəkan gündə 3 dəfə qəbul edilir.
Gicitkən yarpağı və çobanyastığının gülləri allergiyadan xilas olmağa kömək edir:
- 1 xörək qaşığı çobanyastığı gülünün (aptekdə satılan) üzərinə 1 stəkan qaynadılmış su əlavə edib 20-30 dəq. od üzərində dəmləmək, 15-20 dəq. soyutmaq və süzmək lazımdır. 1 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir;
- 2 çay qaşığı qurudulmuş və xırdalanmış gicitkən yarpağının üzərinə 2 stəkan qaynadılmış su əlavə edib 2 saat saxlamaq və süzmək lazımdır. 1/2 stəkan gündə 4 dəfə yeməkdən qabaq qəbul edilir.
Allergiya zamanı
çox effektli vasitələrdən dəniz yosunlarını və dəniz kələmini göstərmək olar.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.