ATEROSKLEROZ

Ateroskleroz yayılmış xroniki xəstəlik olaraq, aortanın, iri və orta ölçülü arteriyaların daxili qişasının qalınlaşması və bərkiməsi ilə, elastikliyinin itirilməsi ilə (xalq arasında buna damarların «kirəcləşməsi» deyirlər) xarakterizə olunur.
Ateroskleroz zamanı arteriyaların daxili qişası piy yığınları (xüsusilə, xolesterin və triqliseridlər) nəticəsində tədricən qalınlaşır və səthi kələ-kötür olur. Belə yığınlar qan axınını çətinləşdirə və kobudlaşmış hissələrdə qan laxtalarının əmələ gəlməsi və damarın divarına yapışması nəticəsində həmin nahiyədə qan dövranına mane ola bilərlər.
Ürək infarktlarının çox qismi, xüsusi ürək arteriyaları olan koronar («tac») arteriyaların aterosklerozunun nəticəsidir (bax: ürəyin işemik xəstəliyi). İnsultun da əsas səbəbi (işemik insultun; bax: insult) baş beyini qanla təchiz edən arteriyaların aterosklerozudur.
Aterosklerozun inkişafında bir çox xarici və daxili (o cümlədən, irsi) faktorların rolu aşkar olunmuşdur. Əsas səbəblərdən biri kimi, qanın plazmasında lipoproteidlərin müxtəlif siniflərinin mütənasibliyinin pozulmasıdır ki, bu da, əsasən, irsi, ailəvi xarakter daşıyır. Belə pozğuntuların olması və aterosklerozun yaranmasına səbəb, tərkibi həddən artıq heyvan mənşəli piylə zəngin qidanın davamlı olaraq qəbuludur. Piylə zəngin qida faktoru, qara ciyərdə hasil olunan və xolesterini parçalayan fermentin çatışmazlığı şəraitində, daha qabarıq biruzə verir. Aterosklerozun yaranmasına səbəb olan 200-dən çox faktor aşkar edilmişdir. Bunlardan ən əsasları - arterial hipertenziya, piylənmə, kifayət qədər olmayan fiziki aktivlik (hipodinamiya) və siqaret çəkməkdir ki, bunlara aterosklerozun «böyük risk faktorları» adı verilmişdir.
Ateroskleroz uzun müddətli inkişafa malik xəstəlikdir. O cavan yaşlarda başlaya bilər, lakin ilkin simptomlar - döş qəfəsində, ürək nahiyəsində ağrılar, beyin qan dövranının pozulması əlamətləri və s. yalnız orta, bəzən daha yetkin yaşlarda özünü biruzə verə bilər.

Aterosklerozun ilkin stadiyalarında müvafiq yağsız pəhriz gözlənilərsə (qidada heyvan mənşəli piylərin və sadə karbohidratların - şəkər, şirniyyat və s. miqdarının minimuma endirilməsi), xəstəliyin inkişafının qarşısı alına bilər. Bitki mənşəli yağlar - qarğıdalı, kətan yağı ilə pəhriz məsləhətdir. Qanda xolesterinin miqdarı C vitamininin və F vitamininin (linetol) təsiri altında azalır. 80-cı illərdən qanda xolesterinin miqdarını azaltmaq məqsədilə hemosorbsiya metodundan geniş istifadə olunur.
Aterosklerozun (aterosklerotik koronaro-kardiosklerozun), bütün dünyada geniş yayılmış (əsasən, ABŞ və Qərbi Avropada) cərrahi yolla müalicəsi - aorta-koronar şuntlamadır. Bu əməliyyat ürək əzələsinin qanla təchizatını yaxşılaşdırmaq və güclü ağrını aradan qaldırmağa kömək edir. Hesablamalara görə əməliyyatdan sonra xəstələrin 60-70%-də ağrılar tam keçir, daha 15%-də nəzərə çarpacaq dərəcədə azalır.
Aorta-koronar şuntlama, obrazlı desək, blokada olunmuş tunelin ətrafından dövrələmə yol açmağa oxşayır. Cərrah, orqanizmin başqa hissəsindən götürülmüş damar parçasının (çox vaxt aşağı ətraf venasından) köməyi ilə zədələnmiş arteriyaya dövrələmə qan dövranı yaradır.

 Aterosklerozun profilaktikasının (əmələ gəlməsinin qarşısının alınmasının) əsasını düzgün qurulmuş həyat tərzi təşkil edir: müvafiq əmək və istirahət rejimi, hipodinamiyanın (az hərəkətli, oturaq həyat tərzi) aradan götürülməsi, müalicəvi bədən tərbiyəsi, siqaret (papiros) çəkməkdən və spirtli içkilərdən imtina etmək və s.
Düzgün qidalanma böyük əhəmiyyətə malikdir: normal bədən çəkisinin dayanıqlı olaraq saxlanılması, qida rasionunda heyvan mənşəli yağların artıq mənimsənilməsinin qarşısı alınaraq, onların bitki mənşəli yağlarla əvəz edilməsi, qidanın tərkibində vitaminlərin (xüsusilə, C vitamini) lazımi miqdarının təmin olunması, şirniyyatın miqdarının məhdudlaşdırılması vacib şərtlərdəndir.
Aterosklerozun profilaktikasında arterial hipertenziyanın və şəkərli diabetin vaxtında aşkar edilərək, müalicəsinin xüsusi əhəmiyyəti var, belə ki, bu xəstəliklər damarların patologiyasına gətirib çıxarır.

Xalq təbabəti ateroskleroz zamanı dərman bitkilərindən dəmləmələr təklif edir:
  • 1 çay qaşığı arnika (öküzgözü), 1 xörək qaşığı boymadərən otu, 1 xörək qaşığı dazıotu (zveroboy) 1 stəkan suda dəmlənir və gün ərzində içilir;
  • 1,5 çay qaşığı zirə (tmin), 1 çay qaşığı cəzair bənövşəsi yarpağı, 1 xörək qaşığı yemişan kökü, 1 xörək qaşığı ağ bağamburc otu 1 stəkan suda dəmlənir, gündə 2 stəkan qəbul edilir;
  • 1,5 çay qaşığı yemişan çiçəyi, 1,5 çay qaşığı çöl qatırquyruğu otu, 1,5 çay qaşığı ağ bağamburc otu, 1,5 çay qaşığı cəzair bənövşəsi yarpağı, 2 çay qaşığı boymadərən otu 1 stəkan suda dəmlənir və gün ərzində qəbul edilir (1 ay).
Aterosklerozda faydalıdır:
  • sarımsaq cövhəri - 20 damcı gündə 2-3 dəfə;
  • baş soğanın spirtdə tinkturası - 20 damcı gündə 3 dəfə 1 ay müddətində.
Ateroskleroza düçar olmuş xəstələrə qida rasionuna mümkün qədər çox miqdarda alma, çiy və qaynadılmış tərəvəzlər - çuğundur, kök, turp, kələm, xiyar, şirin bibər, badımcan daxil etmək, habelə balqabaqdan hazırlanmış müxtəlif xörəklər yemək məsləhətdir. Bütün bunlar qanda xolesterinin miqdarını azaldaraq, aterosklerozun əmələ gəlməsinə mane olurlar. Qarpız, quşarmudu (ryabina), meyvə şirələri, təzə hazırlanmış kələm şirəsi çox faydalıdır. Qədim antisklerotik vasitələrdən biri soğan şirəsidir. Qara turp şirəsi də effektlidir:
  • turpun şirəsi balla qarışdırılaraq (1:1), 1-2 xörək qaşığı qəbul edilir. Gündəlik doza əvvəlcə 1/2 stəkan olmalıdır, sonralar 2 stəkana qədər artırılır.
Çin xalq təbabəti damarları piy yığımından azad etmək üçün təklif edir:
  • 350 q sarımsaq 2 dəfə ət maşınından keçirilərək, üzərinə 200 q spirt əlavə edilir, 10 gün qaranlıq yerdə saxlanılır və süzülür. Gündə 2-3 dəfə 20 damcı südlə, yeməkdən 30 dəq. qabaq qəbul edilir. Müalicə kursu 5 ildə 1 dəfədir.
İtburnu meyvəsinin, bağayarpağının dəmləmələri də antisklerotik təsirə malikdirlər. Bolqarıstan təbibləri bu xəstəliyin müalicəsində bənövşədən və zəncirotunun yarpaqlarından və şirəsindən geniş istifadə edirlər.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.