PARODONTİT


Parodontit (sinonimi «parodontoz») - dişləri əhatə edən toxumaların (paradontun) iltihabi xəstəliyidir.
Parodontitin əmələ gəlmə mexanizmi hələ tam öyrənilməyib. Onun inkişafını, orqanizmin müqavimət qabiliyyətinin dəyişilməsi fonunda, xarici və daxili faktorların təsiri ilə əlaqələndirirlər. Xarici faktorlara vitamin və habelə qidada zülalın və mikroelementlərin (flüor, yod və s.) çatışmazlığı, qida ilə həddən artıq karbohidrat və yağların qəbulu aiddir. Daxili faktorlara genetik, irsi meyillilik, maddələr mübadiləsinin pozğunluqları, daxili orqanların funksional və üzvi dəyişiklikləri aiddir.

Kəskin parodontit diş ətrafı toxumaların mexaniki qıcıqlanması nəticəsində inkişaf edir. Xəstələr diş ətində güclü qanaxmadan, çeynəmə zamanı ağrıdan şikayətlənirlər. Xroniki parodontit diş ətində qanaxma, ağızda zəif qoxu, dişlərin laxlaması ilə başlayır. Sonralar diş ətindən irin gəlməsi, dişlərin əyilməsi müşahidə olunur, ağızdan xoşagəlməz qoxu artır. Dişlər tədricən tökülür.

Parodontitin profilaktikası və müalicəsinin ən effektli vasitəsi ağız boşluğunun gigiyenasıdır. Səhər, yeməkdən qabaq, əl-üz yuyularkən ağız boşluğu üz və yanaq əzələlərinin aktiv iştirakı ilə yaxşıca intensiv olaraq yaxalanmalıdır. Dişlər səhər yeməyindən sonra və axşam yatmazdan qabaq diş fırçası ilə təmizlənməlidir. Dişləri təmizləyərkən vacib şərt qida qalıqlarının dişarası sahələrə yığılmamasıdır. Ona görə, əvvəlcə fırçanı alt çənədə diş ətindən şaquli olaraq yuxarı istiqamətdə, üst çənədə isə müvafiq olaraq aşağı istiqamətdə, sonra isə xırda dairəvi və üfüqü istiqamətlərdə hərəkət etdirmək lazımdır. Dişləri 4-5 dəqiqədən az olmamaq şərtilə təmizləmək məsləhətdir. Sonda dilin üzərini təmizləməyi unutmaq olmaz, çünki bura xüsusilə çox mikrob yığılır. Diş fırçası çox böyük olmamalı (uzunluğu 20-25 mm, eni 8 mm) və üç sıra dəstəsi olmalıdır. Süni tükdən hazırlanmış, orta codluqlu, elastik və asan əyilən dəstəkli fırça daha məqsədəuyğundur. İstifadədən qabaq və istifadə etdikdən sonra onu qaynar su ilə sabunla yumaq və stəkanda, baş hissəsi yuxarıda olmaqla saxlamaq lazımdır.

Parodontit zamanı hansı dərman preparatlarından istifadə etmək olar, hansı müalicəvi qar-qara daha effektlidir? Bu suallara birmənalı cavab vermək olmaz. Müalicəvi qar-qaralar, yaxalamalar yalnız həkim-stomotoloq tərəfindən, özü də, ciddi individual olaraq təyin edilir və xəstəliyin kəskin formasında və yaxud prosesin kəskinləşmə dövründə irinin yuyulub təmizlənməsinə və yara səthinin sağalmasına yönəldilir.

Parodontitdən əziyyət çəkənlər şəkər, şirniyyat, qənnadı məmulatlarının qəbulunu məhdudlaşdırmalı, bitki mənşəli qidaya üstünlük verməlidirlər. Yaxşı olar ki, səhər yeməyini, naharı, axşam yeməyini təzə tərəvəz və ya meyvələrlə (yerkökü, alma) bitirməyə adət edəsiniz. Bunlar dişlərin təmizlənməsinə şərait yaradır. Parodontit zamanı mexaniki cəhətdən qoruyucu qida (yumşaq, asan çeynənən) qəbul etməyin vacibliyini düşünənlər yanılırlar. Bu yalnız xəstəliyin inkişafını sürətləndirir.
Beləliklə, parodontitin erkən və inkişafda olan formalarının qarşısını almaq, kəskinləşmələrin tezliyini azaltmaq və yaxud tam aradan götürmək mümükündür. Buna xəstəliyin başlanğıcında daha asan müvəffəq olmaq olar. Ona görə də, parodontitin erkən stadiyalarda aşkar olunması üçün ildə 2 dəfədən az olmayaraq stomatoloqun profilaktik müayinəsindən keçmək lazımdır, hətta dişləriniz tam sağlamdırsa belə!




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.