PSORİAZ


Psoriaz (pulcuqlu dəmrov) kəpəklənən səpgilərlə xarakterizə olunan xroniki dəri xəstəliyidir. Əmələ gəlməsində nəzərə çarpacaq rolu genetik (irsi) faktor oynayır. Bundan başqa lipid və karbohidrat mübadiləsinin, immun statusun pozğunluqlarının və habelə sinir sistemində dəyişikliklərin də müəyyən rolu var.

Klinik olaraq psoriaz, üzəri gümüşü-ağ pulcuqlarla örtülmüş çoxsaylı qırmızımtıl-çəhrayı düyüncünlər şəklində (papula) səpgi ilə təzahür edir. Onlar, adətən, simmetrik olaraq bədənin hər hansı yerində yerləşə bilərlər və əsasən, başın tüklü hissəsində və ətrafların oynaq nahiyələrində (açılan səthində) yerləşirlər. Bir çox hallarda səpgi bədənin böyük hissəsini, bəzən isə bütün dərini (psoriatik eritrodermiya) əhatə edə bilər.

Xəstəlik bütün yaş hədlərində inkişaf edə bilər, amma, daha tez-tez cavan adamlarda müşahidə edilir. Kişilər və qadınlar arasında nisbət eynidir. Xəstələrin bir hissəsində dəridə qaşınma və yanğı hissi müşahidə edilir. Ümumi vəziyyət, adətən, pozulmur. Xəstəliyin gedişi xronikidir, kəskinləşmə dövrləri daha çox qış aylarına təsadüf edir.

Psoriazın müalicəsi dermatoloq tərəfindən aparılır və xarici tətbiq üçün (dəriyə sürtmək üçün) istifadə olunan vasitələrdən - 1-2%-li salisil məlhəmindən, 5-10%-li naftalanlı məlhəmdən, 7%-li ixtiol-naftalandan, 1-2%-li ağ civəli məlhəmdən, adaçayı və çobanyastığı həlimi ilə vannalardan ibarətdir. Səhər saatlarında qısa müddətli günəş şüalanması və ya ultra-bənövşəyi şüalanma (qış aylarında) faydalıdır. Bundan başqa südlü-yağlı vannalar (1 vanna suya 0,5 litr süd və 1-2 qaşıq zeytun yağı) və çay vannaları (vannaya 25-50 q quru çay) da istifadə edilir. Bəzən kəskinləşmənin qarşısını əzələdaxili yeridilmiş 5,0-7,0 ml təzə qaynadılmış inək südü alır. Yüngülləşdirilmiş günlər (qidanın məhdudlaşdırılması), 1-2 günlük aclıq müsbət təsirə malikdir.

Xüsusi müalicə ilə yanaşı heyvan mənşəli yağların və karbohidratların (şəkər, kartof, ağ çörək) məhdudlaşdırılması ilə südlü-bitki mənşəli pəhrizin gözlənilməsi məsləhətdir. Bitki mənşəli yağ, kəsmik, A vitamini, B, C qrupu vitaminləri ilə zəngin qidalar faydalıdır (xüsusilə, kök adamlara). Xəstələrin isti iqlim şəraitində, ən yaxşısı isə, dəniz kənarında olmaları ilə, adətən, yaxşı nəticələr əldə edilir. Bu, günəş şüasının, dəniz suyunun müsbət təsiri ilə, adəti şəraitin dəyişdirilməsi ilə, istirahətlə bağlıdır. Amma belə müalicənin müvəffəqiyyəti psoriazın formasından və xəstəliyin stadiyasından asılıdır: kəskinləşmə dövründə günəş şüasının təsiri altında olmaq və bədənin qızdırılması qəti qadağandır, belə ki, bu, psoriazın ağır gedişinə gətirib çıxara bilər. Ona görə də, klimatik müalicə yalnız həkimlə məsləhətləşdikdən sonra aparıla bilər.

Psoriazın müalicəsi üçün xalq vasitələri mövcuddur:
  • payızda və yazda hava dəyişdikdə pəncərə şüşəsi «tərləyir». Onu toplayaraq dərinin psoriazlı hissələrini isladın. Üzərinə heç bir şey örtmədən, quruyanadək gözləyin və yenidən isladın;
  • əgər kənd yerində yaşayırsınızsa, orada mütləq at vardır. Sahibindən atı bir qədər qaçmasını xahiş edin. Bu zaman onun üzərində köpük, - «at sabunu», - əmələ gəlir. Bu köpüyü xəstə dəriyə sürtün. Dəfələrlə bunu təkrar edin. Psoriaz çox tez zamanda yox olacaq.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.