Əgər hipotenziya toxuma və orqanların, başlıca olaraq isə
baş beyinin qanla tam təchiz olunmaması əlamətləri ilə müşayiət olunursa, bu artıq
xəstəlikdir. Bu zaman xəstələr zəiflikdən, süstlükdən, tez yorulmadan, başgicəllənmə
və baş ağrılarından, qulaqlarda cingiltidən şikayət edirlər. Əllər çox vaxt soyuq,
nəm, sifət bəyaz olur.
Hipotonik kriz zamanı (arterial təzyiqin kəskin və sürətlə
düşməsi) xəstədə bayılma (kollaps) və yaxud ani zəiflik və başgicəllənmə ola bilər.
Bunlar o dərəcədə təsirli olur ki, xəstəni oturmağa və yaxud yataqda uzanmağa vadar
edir.
Belə halları araşdırarkən, həkim bunun səbəbini aşkar etməyə
çalışır. Buna səbəb keçirilmiş infeksion xəstəlik, məsələn qripp, angina, pnevmoniya
(ağ ciyərlərin iltihabı, sətəlcəm), digər xroniki xəstəliklər, deyək ki, ağ ciyər
vərəmi, qara ciyərin iltihabı, həddindən artıq yorulma, qidada vitamin çatışmazlığı,
yuxusuzluq və bərk qızma ola bilər. Unutmaq olmaz ki, alkohollu içkilərin sistematik
qəbulu bütün orqan və sistemlərin funksiyasına mənfi təsir etməklə yanaşı, damar
tonusuna da təsir edir və hipotenziyanın inkişafına təkan verir. Aşağı arterial
təzyiq orqanizmin vacib daxili sekresiya vəzisi olan böyrəküstü vəzinin funksiyasının
pozulması əlaməti də ola bilər.
Hipotenziya, hər hansı bir xəstəliyin simptomu kimi biruzə
verirsə, o zaman simptomatik hipotenziyadan söhbət gedir. Yox, əgər belə bir əlaqə
yoxdursa, xəstəyə «hipotoniya xəstəliyi» və yaxud, çox zaman, «hipotonik tipli neyrosirkulyator
distoniya» diaqnozu qoyulur. Bu xəstəlik
xroniki gedişli də ola bilər, qəfil hipotonik kriz kimi də biruzə verə bilər.
Hipotoniya xəstəliyi ilə mübarizə ilk baxışdan asan görünə
bilər. Madam ki, damar tonusu zəifləyib, tonuslandırıcı (canlandırıcı) vasitələrdən
- tünd çay, qəhvə, jenşen və onun analoqlarından və s. istifadə etmək kifayətdir.
Ancaq bütün bu vasitələr xəstəliyi müalicə etmir. Əksinə, tez-tez bu vasitələrə
əl atılarsa, müvəqqəti müsbət effektin ardınca damarların tonusunun daha da azalması
və nəticədə hipotonik krizlərin sayının artması müşahidə oluna bilər. Ona görə də,
hər bir konkret halda, həkim, fərdi olaraq məsləhət verir.
Bununla yanaşı, bir sıra ümumi bilgilər var ki, hipotoniyalı
xəstələrə bunları bilmək məsləhətdir.
Bir çoxları öz şəxsi təcrübəsinə istinadən, aşkar ediblər
ki, hərəkət aktivliyi, müəyyən su proseduraları onları zəiflikdən, süstlükdən, başgicəllənmədən
xilas edir. Ona görə də, hər günü gimnastika ilə, bədəni isladılmış dəsmalla silməklə,
duş qəbulu ilə başlamaq lazımdır. Belə bədəni möhkəmləndirici tədbirlər damar tonusunun
artmasına səbəb olur. Bunlarla yanaşı, təmiz havada gəzintilər də faydalıdır. Spirtli
içki və siqaretdən qəti imtina etmək, çoxlu meyvə, tərəvəz yemək lazımdır. Hipotoniyalı
xəstələr bilməlidirlər ki, həddən artıq çox yemək qəti olmaz, belə ki, hədsiz qida
qəbulu (xüsusilə də yağlı, kalorili) qanın qarın boşluğu damarlarına axmasına və
bununla da beyinin qanla təchizatının pisləşməsinə səbəb olur.
Hipotonik krizi, bayılması («ürəkgetmə») olan xəstələrə oturduğu
yerdən birdən qalxmaq və uzun müddət hərəkətsiz olaraq ayaq üstə durmaq olmaz. Belə
vəziyyətdə qan ayaq venalarında yığılır. Hipotonik krizlərin belə inkişaf mexanizmini
aşağı ətraf venalarının varikoz genəlməsi olan və elastik corab və sarğıdan istifadə
etməyən adamlarda, xüsusilə tez-tez müşahidə etmək olar.
Buna görə də, səhər, hələ yataqdan qalxmamış, fiziki hərəkətlərin,
damar tonusunu artıran özünümassajın edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Tibet təbabəti hipotenziyaların müalicəsi üçün aşağıdakılırı
məsləhət görür:
- jenşen kökünün dəmləməsi;
- eleuterokokk ekstraktı - həm xəstəliyin profilaktikasında, həm də müalicəsində istifadə olunur (kökün özünü qidaya əlavə edirlər);
- limonnik ekstraktı - damcı ilə, yaşa uyğun (yaşın sayı qədər damcı), hər gün, uzun müddət ərzində.
Müasir xalq təbibləri
10 q dazıotunun (zveroboy) 1 stəkan qaynadılmış suda dəmləməsini, 1/2 stəkan gündə
3 dəfə qəbul etməyi məsləhət görürlər.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.