QICQIRMA


Qıcqırma - yemək borusu boyunca, döş sümüyünün arxasında, bəzən yuxarı qarın nahiyəsində istilik, yanğı hissi olaraq, əsasən turşu xassəli mədə şirəsinin zəif qələvi mühitə malik qida borusuna atılması nəticəsində baş verir.
Qıcqırma qida borusunun aşağı sfinkterinin (qida borusunun mədəyə girəcəyində) disfunksiyasının (pozğunluğunun) nəticəsi də ola bilər. Belə hallarda o, xəstə yataqda uzandığı və yaxud uzun müddət əyilmiş vəziyyətdə işlədiyi zaman güclənir.
Qıcqırma yalnız mədə turşuluğunun artmış olduğu hallarda deyil, əksinə, kəskin azaldığı hallarda da müşahidə olunur. Bu, mədədə həzmin pozulması ilə qıcqırma prosesinin üstünlük təşkil etməsi və nəticədə üzvi turşuların (yağ, süd turşuları) əmələ gəlməsi ilə əlaqədardır.
Alkohollu içkgilərin tez-tez və uzun müddətli qəbulu qida borusu və mədənin selikli qişasının xroniki iltihabi dəyişikliklərinə səbəb olur ki, bu da öz növbəsində dayanıqlı, əziyyət verici qıcqırma ilə müşayiət olunur.
Qıcqırma hamiləlik dövründə qadınların təxminən yarı qismində müşahidə olunur.
Bəzən heç bir mədə-bağırsaq xəstəliyi olmayan adamlarda da həddən artıq yeməkdən sonra qıcqırma əmələ gəlir. Çox vaxt o, qaynar, şirin və ya qızardılmış qida - şirin kisel, qaynar şirin çay, təzə bişmiş çörək, isti piroq, yağda qızardılmış xörəklər və s. yedikdə əmələ gəlir.
Qıcqırmanın əmələ gəlmə səbələri az deyil. Əgər qıcqırma tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu həm də ona görə vacibdir ki, döş sümüyünün arxasında əmələ gələn yanğı hissi qıcqırmanı xatırlatsa da, ciddi ürək xəstəliyi olan stenokardiya tutmalarının nəticəsi də ola bilər.

Bir çoxları qıcqırma zamanı çay sodası qəbul edir. Soda həqiqətən qıcqırmanın qarşısını alır, amma çox qısa müddətli effektə malikdir. Ona görə də sodanı (1 çay qaşığı 1/3 stəkan suya) yalnız nadir hallarda qıcqırması olan adamlar qəbul edə bilər. Qeyd etmək lazımdır ki, soda qəbul etdikdən qısa müddət sonra mədə şirəsinin turşuluğu əvvəlkindən də artıq olur. Mədə rezeksiyasından sonra əmələ gələn qıcqırmanın isə soda ilə hətta qısa müddətə belə qarşısını almaq mümkün deyil. Belə ki, onikibarmaq bağırsaqdan qida borusuna keçən qələvi reaksiyalı şirə yalnız kiçik dozada turşularla neytrallaşdırıla bilər.
Qıcqırmanın qarşısını fasiləsiz olaraq soda qəbul etməklə almağa çalışan adamlar onun quluna çevrilirlər. Belə ki, soda qəbulundan azacıq sonra qıcqırma yenidən əmələ gəlir. Bir də ki, soda ilə uzun müddət «müalicə» həm də təhlükəlidir. Bu alkoloza (qanın tərkibinin qələviləşməsinə) gətirib çıxara bilər ki, bu da orqanizm üçün arzuolunmaz hallarla nəticələnə bilər.

Tez-tez qıcqırması olan adamlar həkim müayinəsindən sonra aparılan dərman müalicəsi ilə yanaşı ciddi qoruyucu pəhriz gözləməlidirlər. Yeməyi tez-tez, gündə 5-6 dəfə, az-az, tələsmədən, qidanı yaxşıca çeynəyərək, yeməlidirlər. Yemək zamanı danışmaq, söhbət etmək məsləhət deyil, belə ki, bu zaman mədəyə hava daxil ola bilər.
Yağlı ətdən, balıqdan, qızardılmış xörəklərdən, istiotlu, duzlu, marinadlı qidadan, ədviyyatdan, qıtığotu və xardaldan, turşu kələm və çiy tərəvəzdən, turş meyvə və şirələrdən, dondurmadan, kofedən, qazlı və alkohollu içkilərdən, o cümlədən, şampan şərabından imtina etmək məsləhətdir.
Ətdən, balıqdan, tərəvəzdən xörəklər suda qaynadılmış şəkildə hazırlanmalıdır. Rasiona süd, qaymaq, qatıq, xama, kəsmik daxil etmək məqsədəuyğundur. Kartofdan, Yunan qabağından (kabaçok), balqabaqdan, yerkökündən, çuğundurdan suda qaynadılmış halda hazırlanmış xörəkləri yemək məsləhətdir. Unutmaq lazım deyil ki, həddən artıq yemək olmaz.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.