Meteorizm həzm traktında qazların yığılması nəticəsində qarının köpməsidir. Sağlam insanın həzm traktında orta hesabla 900 sm3 qaz vardır. Bu qazlar bağırsaqları tonusda saxlamaq və onların peristaltikasının (qidanın həzm traktında hərəkəti üçün mədənin və bağırsaqların divarındakı əzələlərin yığılıb-açılması) həyata keçirilməsi üçün vacibdir.
Meteorizm bəzi qida məhsullarının (kartof, süd, soya, paxla, qara çörək, tərəvəz) qəbulu zamanı güclü qaz əmələ gəlməsi, qazların bağırsaqlarda uzun müddət qalması, onların bağırsaqların atoniyası və iltihabı ilə əlaqədar sorulmasının pozulması, habelə qarın boşluğunda qan dövranının pozğunluqları nəticəsində yaranır. Bəzən bunun səbəbi həddən artıq qazın udulması olur.
Meteorizm kəskin və xroniki pankreatit (mədəaltı vəzinin iltihabı), xroniki kolit (bax: kolit), bağırsaqların disbakteriozu (bağırsaqlarda normal mikrofloranın tərkibinin və miqdar nisbətinin pozğunluğu), peritonit (qarın boşluğunu əhatə edən pərdənin iltihabı), bağırsaqların tam və ya natamam keçməməzliyi və s. xəstəliklərin çox rast gəlinən simptomudur.
Meteorizm ümumi və ya yerli (qazların mədədə, onikibarmaq bağırsaqda və yaxud yoğun bağırsağın hər hansı bir şöbəsində) ola bilər. Ümumi meteorizm zamanı qarın gərginləşmiş, şişmiş (köpmüş) olur. Yerli meteorizmə isə qarının lokal asimmetrik qabarması xasdır.
Meteorizm zamanı qarında ağırlıq, kəsmə, doğrama hissi, gəyirmə, hıçqırma, tutmavari ağrılar olur. Bu əlamətlər qazlar xaric olduqdan sonra keçib gedir. Ağızdan xoşagəlməz qoxu, baş ağrıları və hətta stenokardiya tutmaları (bax: ürəyin işemik xəstəliyi) qeyd edilir.
Müəyyən müalicəvi tədbirlər görməzdən qabaq meteorizmin səbəbini aşkar etmək, onu ağır xəstəlik olan peritonitdən (kəskin qarın simptomu) ayırmaq lazımdır. Əgər peritonitə xas digər simptomlar həkim tərəfindən müəyyən edilmişsə, xəstə təcili olaraq cərrahi stasionara göndərilməlidir.
Əgər meteorizm alimentar faktorla (bəzi qida məhsullarının təsirindən) və yaxud pankreatit, kolit, bağırsaqların disbakteriozu, keçməməzliyi ilə əlaqədardırsa, tərkibində çox miqdarda nişasta olan qidaların (təzə tərəvəz, meyvə, qara çörək) və südün məhdudlaşdırılması ilə pəhriz, ritmik (vaxtlı-vaxtında, hər gün eyni vaxtda), az-az və tez-tez qidalanmaq məsləhət görülür. Spazmolitik (spazmı, yığılmanı götürən) preparatlar, reqlan və ya serukal, ferment preparatları (panzinorm, pankreatin, festal, digestal və s.), köpükyatırıcı təsirə malik espumizan təyin edilir. Əsas xəstəliyin müalicəsi aparılır. Müalicə həkimin təyinatı və nəzarəti altında aparılır, çünki medikamentoz müalicəyə bəzi əks-göstərişlər ola bilər.
Meteorizmin profilaktikasına rasional qidalanma, kifayət qədər hərəkət aktivliyi, mədə-bağırsaq sistemi xəstəliklərinin vaxtlı-vaxtında müalicəsi daxildir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.