Babasil düz bağırsağın
kavernalı kələfinin patoloji vəziyyəti olaraq, onlarda qanın durğunluğu ilə xarakterizə
olunur. Babasilin inkişafına səbəb xroniki qəbizlik, oturaq həyat tərzi, kiçik
çanaq orqanlarının qanla təchiz olunmasının pozğunluqları (məs., hamiləlik dövründə)
nəticəsində qanın düz bağırsağın divarında yerləşən kavernalı kələfdən (düz bağırsaq
venaları) geriyə axını prosesinin pozulmasıdır.
Bağırsağın divarında
yerləşən kavernalı kələfin (venaların) genəlməsi nəticəsində meydana gələn daxili babasil və arxa dəliyin (anusun)
ətrafında, dərialtında yerləşən aşağı hemorroidal damarların venoz-arterial kələfindən
əmələ gəlmiş babasil düyünləri kimi təzahür edən xarici babasil ayırd edilir.
Klinik şəklinə
görə «xəbərdarlıq» periodu, arxa dəlik nahiyəsində narahatlıq, yüngül qaşınma,
defekasiyanın çətinləşməsi ilə biruzə verir. Sonralar defekasiya zamanı qanaxmalar
(qan izlərindən başlayaraq, əməlli başlı qanaxmayadək) qeyd olunur, bu da anemiyanın
inkişafı ilə müşayiət oluna bilər (bax: anemiya).
Daha sonra daxili düyünlərin, arxa dəlikdən (anusdan) çıxaraq, sallanması müşahidə
oluna bilər ki, bu da birinci stadiyada ancaq defekasiya vaxtı baş verir və öz-özünə
geri qayıdır. İkinci stadiyada da defekasiya aktı zamanı olur, lakin öz-özünə geri
qayıtmır, əllə itələyərək yerinə qaytarmaq lazım gəlir. Üçüncü stadiyada düyünlər
kiçicik fiziki gərginlikdən bayıra çıxır.
Bir sıra hallarda
hemorroidal düyünlərin trombozu və boğulması (sıxılması) baş verir. Hemorroidal
düyünlərin trombozu (kəskin babasil) arxa dəlik nahiyəsində ağrılarla, düyünlərin
şişməsi və iltihablaşması ilə, bəzi hallarda ətraf toxumaların da prosesə qoşulması
ilə xarakterizə olunur. Müalicə olunmadıqda, kəskin paraproktit inkişaf edə bilər.
Babasilin ciddi ağırlaşmalarından biri də iltihablaşmış nahiyənin öz-özünə irinləyərək
deşilməsi və çətin bitişən düz bağırsağın irinli svişinin əmələ gəlməsidir. Vaxtında
müalicə başlanarsa, bütün bunların qarşısı alına bilər.
Mütəxəssislərin
fikrincə, babasilin gələcəkdə bəd xassəli şişə çevrilməsi ehtimalı çox azdır. Buna
baxmayaraq, düz bağırsaq xərçənginin bəzi əlamətləri, məsələn, nəcisdə qanın olması,
defekasiyaya «yalançı» çağırışlar və s. babasilə çox oxşayır. Bu da vaxtında, ilk
əlamətlərin biruzə verdiyi andan həkim müayinəsindən keçməyin zəruriliyinə tutarlı əsasdır.
Xəstəliyin müalicəsində
pəhriz olduqca önəmli rol oynayır, belə ki, qidalanmanın tənzimlənməsi babasilin
inkişafının əsas səbəbkarı olan qəbizliklə mübarizədə vacib faktordur.
Düz bağırsağın
aşağı hissəsində yığılmış nəcis kütləsi bağırsağın divarındakı damarları sıxır,
qanın durğunluğuna və damarların genəlməsinə şərait yaradır. Bundan başqa, bərk
nəcis mexaniki olaraq düz bağırsağın nazilmiş selikli qişasını və hemorroidal düyünlərin
divarını zədələyir. Buna görə də gündəlik yemək rasionuna mütləq tərəvəz, ilk növbədə
çuğundur, qara çörək, qarabaşıq (qreçka) sıyığı, süd-qatıq məmulatları, bitki yağı,
buğa verilmiş (yumşaldılmış) qara gavalı, əncir və qaysı qurusu (kuraqa), təzə alma,
təbii tərəvəz və meyvə şirələri daxil edilməlidir. Ac qarına 1 stəkan soyuq su və
yaxud meyvə şirəsi içmək faydalıdır.
Rasiondan düz
bağırsağın selikli qişasını qıcıqlandıra bilən bütün ərzaq məhsulları və xörəklər
çıxarılmalıdır: konservlər, xardal, sirkə, qıtığotu (xren), sarımsaq, soğan, turp.
Qəbizliklə mübarizədə
ancaq pəhrizin köməyi azdırsa, yüngül işlətmə vasitələrindən - dəniz kələminin tozundan,
qara gavalı meyvəsinin tinkturasından istifadə etmək olar. Vazelin yağı yaxşı təsirə
malikdir. Düz bağırsağın selikli qişasına sürtüldükdə, o, nəcis kütləsinin hərəkətini
və defekasiya aktını yüngülləşdirir. Qliserinli şamlardan, bitki yağı ilə mikroimalələrdən
istifadə etmək olar. Digər işlətmə dərmanları ancaq həkim tərəfindən təyin edilməlidir.
Babasilli xəstələrə
siqaret çəkmək və alkohollu içki içmək xüsusilə ziyandır. Tütündəki nikotin düz bağırsağın
divarındakı damarlara və sinir uclarına təsir edərək onların qidalanmasını pozur
və bununla iltihabi prosesi ağırlaşdırır. Eləcə də - alkohol. O, düz bağırsaq damarlarında
qan dövranını pozur və onlarda qan durğunluğuna şərait yaradır. Babasili olan adamlara
pivə içmək çox ziyandır. Baxmayaraq ki, pivədə alkoholun faizi azdır, onun tərkibinə
daxil olan maddələr, məsələn, mayaotu (xmel), düz bağırsağın selikli qişasını çox
qıcıqlandırır. Pivə içdikdən sonra xəstələr vəziyyətlərinin pisləşməsini, arxa dəlikdə
ağrı və yanğının olduğunu qeyd edirlər. Buna görə də babasilli xəstələrə alkoholdan
imtina etmək, siqaret çəkirlərsə, təcili atmaq lazımdır.
Babasilli xəstələrə,
xüsusilə, hemorroidal düyünlərin bayıra çıxması ilə müşayiət olunan hallarda, arxa
dəlik (anus) sfinkterinin (arxa dəliyin ətrafında yığılıb-açılan əzələ halqasının)
gimnastikası çox faydalıdır. Kompleks üç məşğələdən ibarətdir:
- Birinci: kürəyin üzərində uzanaraq, əllər gövdənin kənarında olmaqla, aparılır. Beşə qədər sayaraq, sağrı əzələlərini (oturaq, yan əzələləri) yığmaq, eyni zamanda düz bağırsağı özünə çəkmək və həmin saya boşaltmaq lazımdır. Məşğələ 15 dəfəyədək təkrar olunur. Bundan sonra bir neçə dəfə dərindən nəfəs alıb vermək lazmdır;
- Növbəti məşğələ: sağ böyrü üzərində uzanaraq, sağ qol bükülmüş vəziyyətdə başın altında, sol qol da bükülmüş vəziyyətdə döşün üzərində, sağ ayaq dizdən bükülmüş vəziyyətdə. Dörd sayınadək sol ayaq qaldırılır, dizdən bükülür, sonra düzələrək arxaya aparılır və endirilir. Məşğələ 10 dəfə təkrar olunur, sonra isə 10 dəfə sol böyrü üzərində aparılır;
- Nəhayət: qarın üzərində uzanaraq əllər çənə altında yerləşdirilir. Ayaqlar düz vəziyyətdə, növbə ilə hərəsi 10 dəfə qaldırılıb endirilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.