İshal (diareya) - tezləşmiş (sutkada 2 dəfədən artıq),
durulaşmış nəcis ifrazıdır. İshal, adətən, bağırsağın qıcıqlanması nəticəsində əmələ
gəlir. O, həzm traktının (bağırsaqların) fəaliyyətini tezləşdirir və nəcisin maye
hissəsinin yoğun bağırsaqdan tam sovrulmamış halda tezləşmiş ifrazına səbəb olur.
Adi ishal hallarının böyük əksəriyyəti həddən artıq çox qida
qəbulu, qidada dəyməmiş və ya dəyib ötmüş meyvələrin olması, həddən artıq tərəvəz
qəbulu nəticəsində əmələ gəlir. Alkohol, xüsusilə, çaxır və ya pivə, ishal tutmalarına
təkan verə bilər. Virus infeksiyası və yaxud yüngül qida zəhərlənmələri də ishalın
adi səbəblərindəndir.
Çoxları emosional stress zamanı ishala tutulurlar. Tələbə yataqxanalarında imtahandan qabaq ümumi istifadə yerlərinə növbənin düzülməsi, buna əyani sübutdur.
Uzun müddət antibiotik preparatlarının qəbulu nəticəsində əmələ gələn ishala səbəb bağırsaqlarda olan həzm üçün vacib bakteriyaların tələf olmasıdır. Bağırsaq florasını bərpa etmək üçün qida ilə yoqurt (qatıq, kefir) qəbul etmək lazımdır.
İshal bəzi ədviyyatların orqanizm tərəfindən mənimsənilməməsinə işarə ola bilər. Qida məhsullarına qarşı allergiya və yaxud bir sıra qida komponentlərinin bir biri ilə uyğunsuzluğu da ishal hallarına gətirib çıxara bilər.
Ümumiyyətlə ishal:
- infeksion - dizenteriya, salmanellyoz, qida toksikoinfeksiyası, enterovirus xəstəlikləri və s.;
- parazitar - lyamblioz, amöbioz;
- invaziv - askaridoz, trixosefalyoz;
- alimentar - düzgün qidalanmadıqda, qida ilə həddən artıq piy, bitki nişastası, karbohidratların qəbulu, bu və ya digər qida məhsuluna allergiya olduqda;
- dispeptik - mədənin, mədəaltı vəzin, qaraciyərin sekretor çatışmazlığı, nazik bağırsaqda bəzi fermentlərin çatışmazlığı zamanı;
- distrofik - uzun müddət ac qaldıqda, hipovitaminozlar (B2, PP, C və s. vitaminlərin çatışmazlığı) zamanı, ionizəedici şüalanmanın təsirindən, amiloidoz zamanı;
- toksik - uremiya (qanda sidiyin olması), civə, arsenlə zəhərlənmə zamanı;
- medikamentoz - antibiotiklərin qəbulu ilə əlaqədar;
- nevrogen - sinir sistemi ilə əlaqədar ola bilər.
İshalın müalicəsi əsas səbəbi aradan qaldırmağa yönəldilir.
Məsələn, hipovitaminoz zamanı müvafiq vitaminlər damar daxili yeridilir, mədənin
sekretor çatışmazlığında mədə şirəsi və yaxud onun əvəzediciləri qəbul edilir, mədəaltı
vəzin çatışmazlığı zamanı pankreatin, panzinorm, festal və s. təyin edilir.
İnfeksiya ilə əlaqəsi
olmayan ishal zamanı qoruyucu pəhriz gözlənilir (karbohidratların, heyvan mənşəli
piylərin məhdudlaşdırılması), qida az miqdarda tez-tez, mükəmməl çeynənilməklə qəbul
edilir.
Simptomatik vasitə
kimi (bilavasitə ishala qarşı) kalsium karbonat, bismut preparatları, tanalbin;
palıd qabığının, dazıotunun, qaytarmanın, meşə gilasının həlimi, qaragilənin, çobanyastığının
dəmləməsi və s. istifadə olunur.
Disbakterioz nəticəsində ishal zamanı (bu əsasən uşaqlarda
olur) kolibakterin, laktobakterin, bifidumbakterin təyin edilir.
Onu da vurğulamaq lazımdır ki, hər bir konkret halda mütləq
həkimlə məsləhətləşmək lazımdır.
İshalın profilaktikası infeksiya törədicilərinin mədə-bağırsaq
traktına düşməsinin qarşısının alınması üçün gigiyenik qaydaların, normal və keyfiyyətli
qidalanma rejiminin gözlənilməsindən ibarətdir.
Xalq təbabəti ishal zamanı bu vasitələri məsləhət bilir:
- böyürtkən yarpağı: 4 çay qaşığı qurudulmuş, xırdalanmış yarpaq 2 stəkan qaynar suda dəmlənir, bu miqdar gün ərzində 3 dəfəyə qəbul edilir;
- moruq yarpağı: 3 xörək qaşığı qurudulmuş, xırdalanmış yarpaq 1 stəkan qaynar suda dəmlənir, 1-2 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir;
- yovşan: 1 çay qaşığı qurudulmuş, xırdalanmış ot 0,5 stəkan qaynar suda 2-3 saat saxlanır, 1/4 stəkan gündə 3 dəfə yeməkdən qabaq qəbul edilir;
- dazıotu: 3 xörək qaşığı qurudulmuş, xırdalanmış ot 1 stəkan qaynar suda 2 saat saxlanır, 1/3 stəkan gündə 3 dəfə yeməkdən qabaq qəbul edilir;
- bağlıcaotu: 10-15 q quru xırdalanmış kökü 1 stəkan qaynar suda 20-30 dəq. qaynadılır, 1 xörək qaşığı gündə 4-5 dəfə qəbul edilir;
- boymadərən: 15-20 q quru xırdalanmış ot 1 stəkan qaynar suda 15 dəq. qaynadılır, 1 saat saxladıqdan sonra 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən qabaq qəbul edilir;
- düyü həlimi;
- meşə gilası, qaragilə - hər hansı formada;
- armud, heyva - hər hansı formada;
- kasnı (sikoriy) - təzə otundan hazırlanmış salat.
Buyurun, izləyin:
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.