XƏRÇƏNG

Xərçəng bəd xassəli şiş olmaqla, insan həyatı üçün ən təhlükəli xəstəliklərdən biridir. Onu demək kifayətdir ki, inkişaf etmiş ölkələrdə ölüm səbəbləri sırasında bəd xassəli şişlər ürək qan-damar sistemi xəstəliklərindən sonra ikinci yeri tutur.
Bəd xassəli şişlər toxuma tərkibinə görə müxtəlif olsalar da (xərçəng, sarkoma, leykoz və s.), qərb ədəbiyyatında çox vaxt «xərçəng» termini altında cəmləşdirilir.
Bəd xassəli törəmə (xərçəng) məhdud sahəni əhatə edirsə, onu dağıtmaq və yaxud kəsib atmaq mümkündür. Əgər o müəyyən olunmursa, və yaxud buna diqqət yetirilmirsə, xərçəng öz inkişafını davam etdirir, digər orqan və sistemlərə metastazlar verir.
Xərçəng hər il minlərlə insanın həyatına son qoyur, halbuki müasir tibbi biliklərin, yeni effektiv müalicə metodlarının köməyi ilə, və ən əsası, hər bir kəsin psixoloji cəhətdən buna hazırlıqlı olması, onlarda müalicənin müsbət nəticələrinə inamın aşılanması ilə bir çoxlarının həyatını xilas etmək mümkün olardı.
Xəstələrin, hətta bir çox həkimlərin, xərçəngə fatal (çıxılmaz, mümkünsüz) münasibəti onun müvəffəqiyyətli müalicəsinə mane olur. Bəziləri xərçəngə düçar olmaq mümkünlüyü barədə düşündükdə belə, dəhşətə gəlirlər. Onlar sadəcə olaraq həkimin diaqnozunu qəbul etmir və nəticədə, onun məsləhətlərini qulaq ardına vururlar. Digərləri elə düşünürlər ki, buna diqqət yetirilməzsə, problem özü-özünə həll olunacaq.
Amerika alimlərinin tədqiqatına görə 10 xəstədən 4-ü xərçəngin ilk simptomları aşkar edildikdən sonra üç ay müddətində, hər 5 nəfərdən 1-i isə bir ildən çox müalicə almağa cəhd göstərməmişdir. Bu müddət ərzində isə xərçəng digər orqanlara yayılmışdır. Belə hallarda qorxu hissi özü müvəffəqiyyətli müalicə üçün ən böyük maneədir.
Müvəffəqiyyətli müalicə üçün ən «əlverişlisi» (əgər belə demək mümkündürsə), bəd xassəli şişlərin xaricdə (səthdə, üzdə) olan formalarıdır ki, bu da onların erkən aşkar olunaraq, vaxtında aparılmış müalicəsi ilə əlaqədardır. Belə ki, dəri xərçəngi olan xəstələrin 95%-i, döş vəzi və uşaqlıq boynunun xərçəngi (I-II stadiya) zamanı isə - 70-75%-i, demək olar ki, tam sağalır.

Xərçəngin səbəbləri. Xərçəngin əmələ gəlmə səbəbləri sırasında bir çox kimyəvi birləşmələri göstərmək olar.
Tanınmış ingilis cərrahı Persival Pott (Percivall Pott) 1775-ci ildə ayağını sındırmış və sağaldığı müddət ərzində vaxtını öz müşahidələri barədə kitabın üzərində işə sərf etmişdi. Kitabın bir neçə səhifəsi də baca təmizləyənlərin xayasında xərçəngə həsr olunmuşdu. O, bu xəstəliyi baca təmizləyənlərin uzun müddət hislə, qurumla yaxından təmasda olmaları ilə əlaqədar olması ehtimalını irəli sürmüşdü. Bu, «peşə» ilə əlaqədar xərçəngin ilk elmi təsviri idi. O zamanlardan müəyyən edilmişdir ki, sidik kisəsinin xərçəngi anilin boyaları ilə işləyənlər arasında daha tez-tez təsadüf edir. Sümük xərçəngi daha çox saatların lüminessent siferblatlarını radiumla rəngləyən işçilərdə olur. Ağ ciyər xərçəngi xrom, radioaktiv filiz, asbest, arsen və dəmir birləşmələri ilə nəfəs aldıqda əmələ gələ bilər. Burun artımlarının və ağ ciyərlərin xərçəngi nikel şaxtalarının işçiləri arasında adi haldır. Dəri xərçəngi bəzi kömür məhsulları, neft və neft məhsulları ilə təmasın nəticəsində inkişaf edə bilər.
Ətraf mühitin sənaye tullantıları ilə çirklənməsi, tək industrial qruplar üçün deyil, qalan əhali üçün də təhlükə törədir. Çirklənmiş hava ilə uzun müddət nəfəs almaq bronxların və ağ ciyərlərin xəstəliyinə səbəb olur. Çirklənmiş havada xərçəng törədən birləşmələrin olması olduqca təhlükəlidir.
Güclü radiasiya - xərçəngin daha bir səbəbidir. Ən adi radiasiya məmbəyi günəşdir, xüsusilə də onun ultrabənövşəyi tezlik diapazonunda şüalanması. Ağ dərili adamlar və günəşin altında həddən artıq olanlar, qara dərililərə və açıq havada uzun müddət qalmağı tələb etməyən peşə sahiblərinə nisbətən daha çox dəri xərçənginə düçar olurlar.
Radioaktiv materialların sənayedə, təbabətdə geniş tətbiqi, və habelə nüvə sınaqları nəticəsində radioaktiv tullantıların ətraf mühiti çirkləndirməsi, radiasiyadan xəstələnmə təhlükəsini bu günümüzün vacib probleminə çevirmişdir. Radiasiyanın böyük dozaları müxtəlif tipli şişlərin əmələ gəlməsinə səbəb olur. Hal hazırda ehtimal olunur ki, radiasiyanın hətta ən kiçik belə dozaları insan orqanizminə mənfi təsir göstərə bilər.
Törədici faktor kimi virusları da nəzərdən qaçırmaq olmaz. Laboratoriya şəraitində bu xırda parazitlərin heyvan orqanizmində müxtəlif tipli şiş törədə bilmələri, eksperimentlər vasitəsilə təsdiq edilmişdir. Virusların insan orqanizmində də xərçəng törətməsi barədə kifayət qədər məlumatlar var.

Xərçəng irsi olaraq nəsildən-nəsilə ötürülürmü? Bu sual bir çoxlarını ciddi narahat edir. Xərçəng yayılmış xəstəlik olduğuna görə onun bir nəsildə «toplanması» hallarını sadəcə olaraq təsadüf kimi qiymətləndirmək olar.
Şişlərin əksər tipləri üzrə, onların ailəvi, irsi xarakter daşımaları barədə alimlərin ciddi, tutarlı sübutları yoxdur. Bəlkə də, retinoblastoma (gözün xərçənginin nadir forması) istisna olmaqla. Retinoblastomadan müalicə alıb sağalmış xəstə qadının uşağının həmin tip şişlə doğulacağı şansı çox böyükdür.
Biryumurtalı əkizlərdən birində leykoz (qan yaradıcı sistemin onkoloji xəstəliyi) olduğu təqdirdə, ikincisində də hər 6 təsadüfdən birində həmin xəstəliyin əmələ gəlməsi şansı var və, adətən, bir ilin ərzində.
Dərinin ultrabənövşəyi şüalanmaya qarşı pozulmuş həssaslığı, praktiki olaraq labüd xərçəngə gətirib çıxarır və irsi xəstəlik kimi qiymətləndirilir. Bunu, yoğun bağırsağın polipozu barədə də söyləmək olar, hansı ki, ömrün ikinci və üçüncü onilliyində xərçəngə çevrilir.
O ki qaldı xərçəngin geniş yayılmış tiplərinə, alimlərin fikrincə, mədə, yumurtalıq, qadınlarda döş vəzi, yoğun və düz bağırsaq xərçəngi olan xəstələrin qohumlarında, məhz, uyğun olaraq, həmin tip şişlərin inkişafı ehtimalı daha çoxdur. Lakin, bunun hər hansı genetik səviyyədə irsi xarakter daşıması, və yaxud, sadəcə olaraq, ətraf mühit amillərinin, məsələn, qidalanmanın xüsusiyyəti, nəsildən nəsilə verilən peşə, sənət bacarığı və s. ilə əlaqədar olması barədə onlarda yekdil fikir yoxdur.

Xərçəng barədə yanlış təsəvvürlər. Əlahiddə zədələnmələr, ağırlıq dərəcəsindən asılı olmayaraq, nə xərçəngə gətirib çıxarır, nə də yenitörəmənin inkişafına təkan verir. Zədələnmənin xərçəngə gətirib çıxarması ehtimalı barədə mülahizə, bəlkə də döş vəzi xərçənginə şamil edilə bilər. Qadınların əksəriyyəti döş vəzinin nə vaxtsa zərbəyə, travmaya (məsələn, yıxılaraq) məruz qaldığını xatırlaya bilərlər. Və əgər gələcəkdə döş vəzi xərçəngi inkişaf edərsə, bunun həmin zədələnmə ilə əlaqədar olması heç də mütləq deyil.
Xərçəng keçici deyil. Bəzən bir ailədə ərlə arvad və yaxud hər hansı digər yaxın adamlar eyni zamanda xərçəngə düçar olurlar. Lakin bu cür təsadüf, xərçəng kimi geniş yayılmış digər xəstəliklərdə də müşahidə oluna bilər, və bu, heç də onun keçici olduğuna dəlalət etmir.

Xərçəngin diaqnostikası əksər hallarda çətin problemdir, çünki, adətən, ilkin əlamətlər xəstəlik müəyyən müddət inkişaf etdikdən sonra meydana gəlir. Bu, əsasən, daxili orqanların (mədə, ağ ciyər, yumurtalıq, yoğun bağırsaq, mədəaltı vəzi və s.) şişləri zamanı özünü biruzə verir. Belə hallarda xüsusi tədqiqat metodları - rentgenoloji, izotop, endoskopik, morfoloji, immunoloji tədqiqat metodları həlledici əhəmiyyət kəsb edir.
Xərçəng (bəd xassəli şiş) diaqnozu biopsiya vasitəsilə təsdiq edilir. Bu prosedura şübhə doğuran toxumanın kiçik bir parçasının kəsilib götürülərək, xüsusi boya ilə rəngləndikdən sonra mikroskop altında tədqiqindən ibarətdir.

Xərçəngin müalicəsinin müvəffəqiyyəti, deyildiyi kimi, onun erkən diaqnostikası ilə bilavasitə bağlıdır. Müalicənin əsas üç növü - cərrahi müdaxilə, radioterapiya və kimya terapiyası, - həm ayrı-ayrılıqda, müstəqil şəkildə, həm də müştərək olaraq, müalicənin digər metodları ilə birgə aparıla bilər.

Xərçəngin müalicəsində ən çox istifadə olunan - cərrahi müdaxilədir. Cərrahın skalpeli şişə toxunduğu zaman onun inkişafını sürətləndirməsi barədə yayılmış fikirlər həqiqətə uyğun olmayan, yanlış fikirlərdir. Əgər cərrahi müdaxilədən sonra metastazlar əmələ gəlmişsə, bu, heç də cərrahın bıçağının xərçəngi qanın axını ilə yayması demək deyil, xərçəng artıq müdaxilədən qabaq qan dövranına daxil olmuş və şübhəsiz ki, gec-tez metastaz verməli idi.
Cərrahi əməliyyat xərçəng toxumasının bütövlükdə kəsilib atılması məqsədilə aparılırsa, buna «spesifik» cərrahi müdaxilə deyilir. Bu müdaxilə bəd xassəli şişlərin əsas tiplərinin əksəriyyətində və xüsusilə də, xəstəliyin erkən stadiyalarında tətbiq edilir. Cərrah şiş toxuması ilə yanaşı sağlam toxumanın da bir hissəsini (orqanın funksiyasının pozulmaması şərtilə) kəsib atır.
«Köməkçi» cərrahi müdaxilə isə, əsas etibarı ilə, xərçəngli xəstənin hayatını bir qədər uzatmaq, vəziyyətini yüngülləşdirmək məqsədilə aparılır. Cərrah şişin bir hissəsini kəsib atmaqla, onun həyat üçün vacib orqanlara sirayət etməsinin qarşısını alır, ağrını azaltmaq üçün sinir kötüklərinə və yaxud mərkəzi sinir sisteminə təsir göstərir və s.

Radioterapiya xərçəng hüceyrələrinin artma mexanizmini pozur, onun yenidən törənməsinin qarşısını alır. Xaricdən şüalanma zamanı enerji məmbəyi, məsələn, rentgen qurğusu, orqanizmdən kənarda yerləşdirilərək, radioaktiv şüa şişin üzərinə yönəldilir. Daxili şüalanma isə radioaktiv maddənin, məsələn radiumun, orqanizmin daxilində yerləşdirilməsindən və yaxud iynə, kapsul və s. vasitəsilə implantasiya edilməsindən ibarətdir.
Radioterapiya çox həssas proseduradır. Onun artıq dozası sağlam toxumaları zədələyə, əksik doza olduqda isə şişin yenidən inkişafı bərpa oluna bilər.
Radioterapiyanın kənar mənfi effektləri sırasında ürəkbulanmanı, qanın tərkibində dəyişikləri, toxumadaxili dəyişiklikləri göstərmək olar. Çanaq nahiyəsində şüalanma ishal verə bilər, dərinin şüalanması - qaşınma, ağız boşluğunun şüalanması - ağrılı hissiyyat və udqunmanın pozulması kimi xoşagəlməz hallara səbəb ola bilər.

Kimya terapiyası dərman preparatlarının tətbiqi olmaqla, əsas etibarı ilə, xərçəngin cərrahiyyə və şüalanma metodları ilə təsir göstərmək mümkün olmayan formaları zamanı istifadə olunur. Dərman preparatlarının əksəriyyətinin təsiri, başlıca olaraq, xərçəng hüceyrələrinin inkişafını dayandırmağa və ya ləngitməyə yönəldilmişdir. Dərmanlar çox vaxt bir biri ilə müştərək qəbul edilir.
Xərçəng əleyhinə dərman preparatları bütövlükdə orqanizmə təsir göstərdiyinə görə sağlam toxumalar üçün olduqca təhlükəli ola bilər. Kimya terapiyasından qabaq, və müalicə müddətində, tez-tez tibbi müayinədən keçmək, qanın analizini yoxlamaq, müalicə əsnasında hər hansı kənar effekt, məsələn, ağızda yaralar, ishal və s. olduqda dərhal müalicə həkiminə bildirmək lazımdır. Demək olar ki, bütün dərman preparatları ürəkbulanma və qusma verir. Kimya terapiyası saçları tökür.

Bəd xassəli şişlərin hər bir formasının klinik əlamətləri, onun lokalizasiyasından (yerləşdiyi yerdən) və yayılma dərəcəsindən asılıdır.

SİDİK KİSƏSİNİN XƏRÇƏNGİ

Sidik kisəsinin xərçəngindən şübhələnməyə əsas verən ən tipik simptom - sidikdə qanın olmasıdır (hematuriya). O, bir qayda olaraq, qəfildən əmələ gəlir və ağrısız olur. Qanın miqdarından asılı olaraq, sidiyin rəngi azacaq qızarmışdan, pas rəngindən, tünd qırmızıyadək ola bilər. Güman edilir ki, qanın miqdarı xərçəngin stadiyasından asılı deyil. Belə ki, bəzilərində xəstəliyin ən ağır dövründə azacıq qanaxma olduğu halda, digərlərində, hətta şişin ilkin stadiyasında belə, güclü qanaxma qeyd edilə bilər.
Qan gah olur, gah da kəsilir. Həftələr və hətta, aylar keçir - sidik təmizdir. Ancaq gec-tez qan yenə də olacaq və sidikdə qanın yenidən əmələ gəlməsi sidik kisəsinin xərçənginin yeganə ən xarakter simptomudur.
Bir qayda olaraq, qanaxma ağrısızdır, amma o, bir qədər halsızlıq və sidiyə getmənin tezləşməsi ilə müşayiət oluna bilər. Bəzən qan laxtalanaraq, sidik kisəsində ağrılı əzələ spazmlarına səbəb ola bilər.
Hematuriyanın olması heç də həmişə xərçəng demək deyil. Bəzən bunda «günahkar» digər xəstəliklər, məsələn, infeksiya, xoş xassəli şiş, böyrək daşı və s. ola bilər. Ona görə də, diaqnozu dəqiqləşdirmək üçün sistoskopiya metodundan istifadə olunur: sistoskop (ucunda xırda lampa və xüsusi linza ilə təchiz olunmuş nazik boru) sidik kanalı vasitəsilə sidik kisəsinə yeridilir və sidik kisəsi içəridən müayinə olunur. Əgər hər hansı şübhə doğuran törəmə aşkar edilərsə, onun kiçicik parçası kəsilib çıxarılır və morfoloji tədqiqat aparılır (biopsiya).
Sidik kisəsinin xərçəngi, əsas etibarı ilə, 50-70 yaş arasında adamlarda təsadüf edir və xəstələnənlərin, orta hesabla, 70%-ini kişilər təşkil edir. 
Sidik kisəsinin xərçənginin erkən stadiyalarda aşkar edilməsi, onun müvəffəqiyyətlə müalicə olunması üçün yaxşı şans verir. Amerika alimlərinin gəldiyi nəticəyə görə, vaxtında aparılmış müalicədən sonra, xəstələrin 70%-i sağalmış və tədqiqat aparıldığı 5 il müddətində özlərini yaxşı hiss etmişlər.
Tək-tək səthi papillyar şiş elektrik cərəyanı vasitəsilə dağıdılaraq, müalicə oluna bilər. Çoxsaylı şiş olduqla, lap erkən stadiyalarda belə, cərrahi müdaxilə vasitəsilə, şişin özünü və ətraf toxumaları kəsib atmaqla müalicə etmək məqsədəuyğundur. Əgər şiş çox böyükdürsə və ya kifayət qədər sahədə sağlam toxumanı əhatə edirsə, sistektomiya - sidik kisəsinin tam kəsilib atılması əməliyyatı aparılır.

SÜMÜK XƏRÇƏNGİ

Sümüyün xərçəngi ən çox cavan adamlarda (10-20 yaş arasında) inkişaf edir. Digər, demək olar ki, «ağrısız» olan bütün şişlərin hamısından fərqli olaraq, sümük şişinin erkən simptomu, adətən, ağrıdır.
Bəzən ağrı yalnız fiziki məşqlər zamanı əmələ gəlir. Digər hallarda azacıq hərəkət zamanı ağrı güclənir. Ağrı skeletin hər hansı nahiyəsində ola bilər, ancaq, əksərən o, dizdə, omada, qolda (əsasən, yuxarı hissəsində), qabırğalarda, çanaqda olur.
Digər simptomları - şişkinlik və yerli olaraq hərarətin yüksəlməsidir. Şişkinlik şişin inkişafının, böyüməsinin nəticəsidir. Sümük xərçənginin tipindən asılı olaraq, şişkinlik ağrıdan sonra da əmələ gələ bilər, onu qabaqlaya da bilər. Xırda şişlər zamanı, adətən, yüksək hərarət olmaya da bilər.
Sümüyün birincili şişi osteosarkoma adlanır (sarkoma - birləşmiş toxumanın bəd xassəli şişi). Şiş sümük toxumasında əmələ gəlir. Osteogen (sümükdən törənmə) sarkoma, əsasən, bud sümüyünün aşağı hissəsində olur. Xondrosarkoma - qığırdağın şişi, çox vaxt çanaq nahiyəsində və budda olur.    
Sümüyün ikincili şişi orqanizmin hər hansı nahiyəsində yerləşən birincili şişin metastazlar vasitəsilə yayılması nəticəsində inkişaf edir.
Axır zamanlaradək sümük xərçəngi zamanı, bir qayda olaraq, zədələnmiş yeri amputasiya edirdilər (kəsib atırdılar). Hal hazırda, çox zaman, ətrafları qoruyub saxlamaq mümkün olur - cərrahi müdaxilə ilə sümüyün bir hissəsi kəsilib atılır və bu, radiasiya şüalanması və kimya terapiyası kursu ilə müştərək aparılır. Lakin buna baxmayaraq, sümük xərçənginin bir çox növləri üzrə ölüm göstəricisi hələ də yüksəkdir.
Valideynlərin övladlarının ilkin (hələ zəif) ağrılı simptomlarına sakit münasibəti tamamilə təbiidir. Onlar bu ağrıları, çox vaxt (ələlxüsus, uşaq çox hərəkətli və dəcəldirsə), əzilmə ilə, qançırla, sümük bağlarının dartılması ilə, və yaxud da revmatizmlə, artım ağrıları ilə (uşağın sümüyünün uzanması zamanı ağrılarla) əlaqələndirirlər.
Əgər belə ağrılar bir həftədən çox davam edərsə, uşağı həkimə göstərin. Diz ətrafında, omada, ümumiyyətlə, hər hansı sümükətrafı toxumada şişkinlik vardırsa, yaxud dəri başqa nahiyələrə nisbətən isinmiş, qızmışsa, venalar qabarıq şəkildə nəzərə çarpırsa, bu da həkimin qəbulunda olmaq üçün kifayət qədər tutarlı əsasdır.

BAŞ BEYİNİN VƏ MƏRKƏZİ SİNİR SİSTEMİNİN ŞİŞLƏRİ

Bu şişlərin erkən əlamətlərinə baş ağrısı və «ürəkkeçmə», sustalma aiddir. Digər çox təsadüf olunan əlamətlərdən - görmənin pozğunluqlarını (gözdə ikiləşmə, duman), yerişin çətinləşməsini və izahı olmayan ürəkbulanmanı göstərmək olar.
Beyin - şüurun, hissiyyat və emosiyaların mərkəzidir. O, bütün ixtiyari və qeyri-ixtiyari hərəkətləri idarə edir və təfəkkür, idrak, düşüncə proseslərini nəzarət altında saxlayır. Baş və onurğa beyin - mərkəzi sinir sistemini təşkil edir. Yenitörəmənin (şişin) əmələ gəlməsi ilə xəstələrdə bütün düşüncə, hərəkət, hissiyyat funksiyaları pozula bilər.
Əksər hallarda beyin xərçənginin qurbanları uşaqlar və həddi-buluğa çatmış yeniyetmələr olur. Vaxtında aşkar edilərək, müvəffəqiyyətlə müalicə olunan şişlərlə yanaşı, çox sürətlə inkişaf edib böyüyən və, hansısa, altı ay bir il ərzində ölümə gətirən beyin şişləri də mövcuddur. Ölümlə nəticələnən bütün mərkəzi sinir sistemi xəstəlikləri sırasında beyin şişi insultdan (bax:insult) sonra ikinci yeri tutur.
Beyin şişlərinin 20%-indən çoxu digər orqan və sistemlərdə yaranaraq, beyinə metastaz verir. Birincili şişin özünün də həyat üçün təhlükəli olmasına baxmayaraq, ölümün əsas səbəbi, çox vaxt, beyinə vermiş metastaz olur.
Hal hazırda cərrahiyyə, erkən aşkar edilmiş beyin şişlərinin müvəffəqiyyətli müalicəsi üçün böyük şanslar verir. Bununla belə, cərrahi müdaxilənin mərkəzi sinir sisteminə vura biləcəyi ziyan, bəzən şişin özündən heç də az olmur. Bu, əmək qabiliyyətinin ciddi pozğunluqları ilə (iflic, korluq və s.) nəticələnə bilər. Ona görə də, çox vaxt neyrocərrahlar şişin bir hissəsini kəsərək, sağlam sinir toxumasına xələl yetirməməyə çalışırlar. Qalmış şiş elementləri isə, bu və ya digər dərəcədə müvəffəqiyyətlə, radiasiya terapiyası metodları ilə müalicə olunur.

DÖŞ VƏZİ XƏRÇƏNGİ

Əgər müalicə kifayət qədər erkən başlamışsa, həyatın, bəzən isə, hətta, döşün özünün qorunması üçün əla perspektivlər var.
Xəstəlik təqribən hər 11 qadından birində qeyd edilir və xərçəngin digər formalarına nisbətən daha tez-tez müşahidə olunur. 40-44 yaş həddində qadınlar arasında ölüm səbəbləri sırasında ilk yerlərdən birini tutur. Əgər xərçəng döş vəzində yerləşmişdirsə, beşillik həyat təminatı - 90% təşkil edir.
Bununla belə, heç də qadınların hamısı vaxtaşırı (heç olmazsa, ayda bir dəfə) döşlərinə nəzarət etmir, vaxtlı vaxtında tibbi müayinədən keçmirlər.
Döş vəzi xərçəngi olan qadınların qız övladlarında və bacılarında bu xəstəliyin inkişafı riski, digər qadınlara nisbətən, bir qədər çoxdur və müvafiq olaraq, onlar xüsusilə diqqətli olmalıdırlar. Bundan başqa, 50 yaşdan yuxarı qadınlar üçün xəstələnmə riski olduqca yüksəkdir. Bununla yanaşı, müəyyən qədər aşağı risk uşağı olmayan və yaxud birinci uşağı 30 yaşdan sonra dünyaya gələn qadınlar arasında qeyd edilir.

Döş vəzi xərçəngi bir sıra mif və yanlış təsəvvürlər məmbəyidir. Xəstəliyin zərbədən və yaxud döşün zədələnməsi nəticəsində əmələ gəlməsi barədə geniş yayılmış fikir tamamilə təkzib edilmişdir. Onun nəvazişlə (seksual yaxınlıq zamanı), döşlə əmizdirmə və habelə hamiləliyə qarşı preparatların qəbulu ilə əlaqədar inkişafı da həqiqətə uyğun deyil. Döş vəzi xərçəngi uşaqlar üçün tamamilə tipik deyil, kişilərdə isə çox nadir hallarda təsadüf edilir.
Əgər döş vəzi xərçəngi erkən, şişin hələ lokalizə olunmuş (yayılmamış, metastaz verməmiş) dövründə aşkar edilmişsə, təqribən 10 qadından 9-u beş və daha artıq il yaşayır. Amma, təcrübə göstərir ki, döş xərçəngi hallarının çox qismi, artıq prosesin qoltuqaltı limfa vəzilərinə yayılmasından sonra üzə çıxır. Belə hallarda yaşamağa şansı olanlar 50%-dən də az təşkil edir.

Döşündə qabarma, hər hansı bərkimə və ya şişkinlik, dərisində oyuq aşkar etmiş xəstələrə qarşı tibb işçiləri olduqca diqqətli olmalıdırlar. Daha bir təhlükəli əlamət - məsamələrin genişlənməsidir ki, bu zaman döşün səthi portağal qabığını xatırladır. Döşün quruluşunun və ya ölçülərinin dəyişməsi barədə, döşdə müxtəlif növ ağrılar və ya hər hansı xoşagəlməz hissiyyat barədə həkimə ətraflı məlumat vermək vacib şərtlərdəndir. Məmələr nəzərdən keçirilməli, onlarda bərkimənin, ifrazatın və yaxud üzərində pulcuqların olub olmamasına diqqət yetirmək lazımdır.
O qadınlar ki, 20-40 yaş həddində üç ildə bir dəfədən az olmayaraq həkim müayinəsindən keçirlər, tamamilə düzgün hərəkət edirlər. 40 yaşdan yuxarı qadınlar ildə bir dəfə ixtisasçı həkimin (mammoloq, onkoloq) müayinəsindən keçməlidirlər. Hər bir qadın 35-40 yaşlarında döş vəzinin kontrol rentgen şəklini (mammoqrafiya) çəkdirməlidir (gələcəkdə, lazım gələrsə, müqayisə üçün). Amerika xərçəng cəmiyyəti 40-50 yaş həddində qadınlara ildə bir dəfə və yaxud, heç olmazsa, iki ildən bir, 50 yaşdan yuxarı isə - mütləq ildə bir dəfə mammoqrafiya etdirməyi tövsiyə edir. Amerika alimləri tərəfindən yenicə ixtira olunmuş «bioskan» cihazı daha müasir tələblərə cavab verir və mammoqrafiyadan fərqli olaraq daha informativ, xəstə üçün daha münasib və rahat, həm də heç bir radiasiya ilə əlaqəsi olmayan diaqnostika metodudur.
Döş vəzi xərçənginin müalicəsində həm cərrahi müdaxilə, həm də radioterapiya, metastaz yoxdursa, kimya terapiyası metodları istifadə olunur.
Cərrahi müdaxilə metodları müxtəlifdir və mastektomiyanın (döş vəzinin kəsilib atılmasının) çeşidli tiplərindən ibarətdir: radikal mastektomiya döşün, onun altında yerləşən döş əzələlərinin, qoltuqaltı limfa vəzilərinin, piyin və dərinin bir hissəsinin kəsilib atılmasıdır; total (sadə) mastektomiya - tək döş vəzinin və bəzən qoltuqaltı limfa vəzilərinin kəsilib atılmasıdır; seqmentar mastektomiya - bir və ya bir neçə seqmentin; tumorektomiya isə yalnız şişin kəsilib atılmasından ibarətdir.
Cərrahi müdaxilədən sonra, xüsusilə, qoltuqaltı limfa vəzilərinin çıxarılması ilə əlaqədar, xəstə tərəfdə yuxarı ətraf müxtəlif növ təsirlərə və infeksiyaya qarşı çox həssas, şişkinliyə meyilli olur. Odur ki, müdaxilədən sonra bir sıra məsləhətlərə əməl olunmalıdır: xəstə tərəfdəki əldə ağır əşya, çanta tutmaq olmaz; evdə hər hansı iş görən zaman xəstə qolunuzu qoruyun, yumşaq, sərbəst rezin əlcək taxın; tikiş tikən zaman üskükdən istifadə edin; isti əşyaları (qaz plitəsindən, sobadan) tutğacla götürün; xəstə tərəfdə qola hər hansı inyeksiya, zərdab yeritmək və ya venadan qan almaq qəti surətdə olmaz.

Döşlərin müstəqil olaraq nəzərdən keçirilməsi qaydaları: hər ay döşlərinizi yoxlayın. Bu, menstrual period bitdikdən 2-3 gün sonra və yaxud hər ayın müəyyən bir günü, məsələn, ayın birinci günü, aparılmalıdır:
  1. Hər iki döşü nəzərdən keçirin. Güzgünün qarşısında duraraq, döşdə hər hansı qabarıqlığın, şişkinliyin, batığın, məmələrdən ifrazatın, dəridə pulcuqların olub olmamasını yoxlayın;
  2. Qolları qaldıraraq, başın arxasında yerləşdirin və döşləri bir daha nəzərdən keçirin;
  3. İrəli əyilərək, əllər beldə, çiyinlər və dirsəklər irəli çəkilmiş vəziyyətdə döşləri yoxlayın;
  4. Bərkişmələrin aşkar edilməsi üçün sol qolu yuxarı qaldırın. Sağ əlin üç və ya dörd barmağı ilə sol döşü olduqca diqqət və incəliklə əlləyin. Döşün kənarından başlayıb barmaqların balışcıqları ilə ehmalca təzyiq edərək dairəvi hərəkətlərlə döşün məməsinədək hərəkət etdirin. Mütləq döşü tam müayinə edin. Xüsusi diqqət döşlə qoltuqaltı nahiyə arasındakı sahəyə və qoltuqaltının özünün müayinəsinə yetirilməlidir. Dəri altında hər hansı qeyri adi qabarıqlığın (şişikinliyin) və ya bərkişmənin olub olmamasını yoxlayın;
  5. Məmənin ucuna ehmalca təzyiq edin, hər hansı ifrazatın olub olmamasına diqqət yetirin. Sonra həmin proseduru digər döşdə də təkrar edin;
  6. 4 və 5-ci qrafadakı hərəkətləri uzanmış vəziyyətdə təkrar edin. Bunun üçün kürəyin üzərində düzgün uzanmaq, sol qolu başın altına qoymaq və sol kürəyin altına balış və ya bükülmüş dəsmal yerləşdirmək lazımdır. belə vəziyyət döşü yastıladaraq müayinəni asanlaşdırır.
YOĞUN VƏ DÜZ BAĞIRSAĞIN XƏRÇƏNGİ

Yoğun və düz bağırsağın fəaliyyəti insanın fizioloji (təbii) ixracatı ilə bağlı olduğuna, sırf şəxsi, intim xarakter daşıdığına görə, xəstələr çox vaxt aşkar olunan dəyişikliklər, pozğunluqlar (məsələn, nəcisdə qanın olması) barədə susmağı üstün tutur, ailə üzvlərinə, hətta müalicə həkiminə belə deməkdən çəkinirlər. Bundan başqa, yoğun bağırsaqdan qanaxma çoxlarında babasillə (bax: babasil) assosiasiya olunur. Beləliklə də, kolorektal (yoğun və düz bağırsaq) xərçəngin qurbanları qiymətli vaxtı itirərək, özünümüalicə ilə məşğul olur, lazımsız, heç bir effekti olmayan «babasilə qarşı vasitələri» xəlvəti tətbiq edirlər.
Belə yersiz utancaqlıq çox baha başa gəlir. Şiş, bir qayda olaraq, tədricən inkişaf edir, kifayət qədər uzun müddət lokalizə olunmuş (yayılmamış) vəziyyətdə olur. Kolorektal xərçəngi olan hər dörd nəfərdən ən azı üçünü, şişin erkən aşkar olunaraq təcili müalicə edilməsi şərtilə, xilas etmək olar. Amma faktik olaraq sağalanlar 50%-dən az təşkil edir. Bunun əsas səbəbi xəstələrin öz vəziyyətlərini düzgün qiymətləndirməmələridir.
Çox vaxt şiş bağırsaq yolunu bağlamaqla nəcis kütləsinin hərəkətinə mane olur. Bu zaman qanaxma qan laxtaları şəklində biruzə verir, nəcisin rəngi qırmızıya çalır. Gah qəbizlik, gah da ishal ola bilər. Bağırsaqlarda toplanmış qaz müxtəlif dərəcədə diskomfort hissi yarada bilər.

İki həftədən artıq davam edən hər hansı əlamət barədə həkimə məlumat verin. Həzm olunmuş kütlə yoğun bağırsağın aşağı hissələrində və düz bağırsaqda daha bərkimiş olur. Ona görə də, şiş düz bağırsağa nə qədər yaxın yerləşmiş olarsa, simptomlar bir o qədər qabarıqlıqla biruzə verir.
Qazların toplanması nəticəsində ağrılar xəstəliyin başlanğıc stadiyalarında daimi olmur, şişin ölçülərinin artması ilə daha tez-tez və tutmavari xarakter kəsb edir. Qanaxma kifayət qədər uzun müddət davam edərsə, xəstə zəifləyir, qanın itirilməsi ilə əlaqədar anemiya (bax: anemiya) təngnəfəsliyin yaranmasına səbəb olur.
40 yaşdan yuxarı hər bir kəs ildə bir dəfə həkim tərəfindən barmaqla rektal müayinədən keçməlidir. Həkim əlinə xüsusi məlhəm sürtülmüş əlcək geyərək, barmaqla düz bağırsağı müayinədən keçirir və bəd xassəli törəmələrin olub olmamasını yoxlayır. Barmaq müayinəsi ilə kolorektal şişlərin 12-15%-ini aşkar etmək mümkün olur.
İnstrumental rektal müayinə metodlarına xüsusi rektal güzgülərlə, anoskopiya, rektoromanoskopiya, endoskopiya və rentgenoloji tədqiqat metodları aiddir.

Müalicə cərrahi yolla aparılır. Əməliyyat bağırsağın şiş olan nahiyəsinin kəsilib atılmasından, sonra isə sağlam seqmentlərin yenidən birləşdirilməsindən ibarətdir. Düz bağırsağın çox hissəsinin kəsildiyi hallarda kolostomiya - qarın divarında ixracat kütləsinin xaric olması üçün dəlik açılır və kolostoma qoyulur. Bu cür narahatlığa vərdiş edəndən sonra, xəstə bu və ya digər dərəcədə normal, aktiv həyat tərzi keçirir.

QIRTLAĞIN XƏRÇƏNGİ

Erkən stadiyada, prosesin yalnız səs telləri ilə məhdudlaşdığı periodda diaqnoz təsdiq edilərsə, müalicə olunaraq sağalması mümkündür.
Xəstəliyin ilk simptomları hələ şişin ölçülərinin kiçik olduğu və lokalizə olmuş (yayılmamış) vəziyyətdə olduğu zaman biruzə verir.
İlk növbədə səsin uzun müddətli batmasına (boğuq, xırıltılı olmasına) fikir verin. Bu, şişin olmasına və onun daha tez-tez müşahidə olunan yerdə – səs tellərində yerləşdiyini ehtimal etməyə əsas verir. Üç həftədən çox davam edən hər hansı formada səsin batması (boğuq, xırıltılı olması) həkimə müraciət etmək üçün tutarlı əsasdır.
Qırtlağın xərçəngi zamanı daha çox müşahidə olunan simptomlar - səsin dəyişməsi, boğazda şişkinlik və ya öskürəkdir. Tənəffüs və yaxud udqunma zamanı çətinliklər və ağrı ola bilər. Bəzən qulaq ağrısı da müşahidə olunur. Belə hallarda səsin batması (boğuq, xırıltılı olması) həddən artıq gecikir və yaxud heç olmur.
Xəstələnənlərin onundan doqquzu 50-60 yaş arasında kişilərdir. Papiros (siqaret) çəkmək, spirtli içki içmək vərdişi qırtlaq şişini əmələ gətirən vacib faktorlardan biridir.
Digər faktorlara metal və ağac tozunun, və bəzi kimyəvi maddələrin uzun müddətli təsiri aiddir.
Qırtlağın şişi, adətən, həkim-otolarinqoloqun (LOR) xüsusi güzgülər vasitəsilə apardığı ilkin müayinəsi zamanı aşkar edilir. Erkən diaqnostikadan sonra, əsas etibarı ilə, şüa müalicəsi təyin edilir və 90% hallarda xəstənin səsi əvvəlki vəziyyətinə qayıdır. Bir qədər gecikmiş hallarda, cərrahi yolla səs tellərindən yalnız biri kəsilib atılır. Bu zaman səs dəyişmiş olsa da, xəstə danışmaq qabiliyyətini itirmir.
Şişin qırtlağın və ya boğazın digər sahələrinə yayıldığı hallarda, müalicə larinqektomiyadan - qırtlağın bütövlükdə kəsilib atılmasından, ibarətdir. Bu zaman tənəffüs yolları bağlandığından, boğazın aşağı hissəsində dəlik açılır ki, buna traxeostomiya deyilir. Xəstə qidanı, suyu normal qəbul etdiyi halda, tənəffüs, öskürək, asqıraq yalnız traxeostoma vasitəsilə mümkündür. Hava traxeostoma vasitəsilə birbaşa ağ ciyərlərə daxil olduğuna görə, belə əməliyyata məruz qalmış xəstələr həddən artıq qızmış və ya soyuq hava ilə nəfəs almaqdan, habelə müxtəlif qazların, hisin, tozun və s. nəfəs yollarına getməsindən ehtiyat etməli, qorunmalıdırlar. Bu xəstələr suda üzməkdən boyun qaçırmalıdırlar, belə ki, suyun traxeostoma vasitəsilə ağ ciyərlərə düşməsinin qarşısını almaq mümkün olmur.

AĞ CİYƏR XƏRÇƏNGİ

Ağ ciyər xərçəngi hansısa 50 il bundan qabaq kifayət qədər nadir bir xəstəlik olduğu halda, bu gün kişilər arasında xərçəngin ən yayılmış formasıdır. Yarım əsrdən də az bir müddət ərzində ağ ciyər xərçəngindən ölüm halları 20 dəfə artmış və hal hazırda ümumilikdə xərçəngdən ölüm halları səbəblərinin 20%-indən çoxunu təşkil edir.
Ağ ciyər xərçənginin əlamətləri müxtəlifdir və şişin yerləşdiyi nahiyədən asılıdır. Şiş tənəffüs yollarında, bronxlarda yerləşərsə, bu havanın ötürülməsinə maneələr törədir, selikli qişanı qıcıqlandırır. Lakin o, ağ ciyərlərin hər hansı nahiyəsində başlaya bilər və heç bir əlamətlə özünü biruzə vermədən, yalnız rentgen müayinəsi zamanı təsadüfən aşkar edilə bilər.
Öskürək ola da, olmaya da bilər. Döş nahiyəsində zəif ağrı, təngnəfəslik, çəki itirmə, zəiflik ola bilər. Bəlğəmdə qan aşkar edilə bilər.
Bu əlamətlərin ağ ciyərlərin digər xəstəlikləri zamanı kifayət qədər tez-tez müşahidə olunması, xəstəliyin erkən diaqnostikasını həddən artıq çətinləşdirir. Həm də, erkən stadiyalarda ağ ciyər xərçəngi gizli xarakter daşıyır. Xəstəliyi hətta müayinə zamanı belə aşkar etmək mümkün olmur.
Biopsiya üçün material (şiş toxumasından bir parça) bronxoskop adlanan cihaz (xüsusi linza və işıq mənbəyi ilə təchiz olunmuş nazik boru) vasitəsilə götürülür. Müvafiq müalicə rentgen və bronxoskopiya müayinəsinin əsasında təyin edilir.
Ağ ciyər xərçəngi zamanı xəstəliyin gec aşkar olunması, sağalma şansını xeyli azaldır. Müalicə kursundan sonra xəstələrin yalnız 13%-i beş ildən artıq yaşaya bilir.

Papiros (siqaret) çəkmək və ağ ciyər xərçəngi. Papiros çəkmək ağ ciyər xərçənginin ən yayılmış səbəblərindəndir. Birincili ağ ciyər xərçənginin 85%-dən çoxu papiros çəkənlərin payına düşür. Ağ ciyər xərçənginə tutulmaq riski çəkilən papirosun (siqaretin) sayı, papiros çəkdiyi müddət, çəkməyə başladığı vaxt yaşı və tüstünün nəfəs alma dərinliyi ilə mütənasibdir. Gündə 2 qutudan artıq papiros (siqaret) çəkən kişilər arasında ağ ciyər xərçəngindən ölüm halları, çəkməyənlərə nisbətən 15-20 dəfə çoxdur.
Peşə ilə əlaqədar zərərli amillər, havanın çirklənməsi və ətraf mühitin digər faktorları da ağ ciyər xərçənginin əmələ gəlmə səbəbləri sırasındadır.
Asbestlə, xrom birləşmələri ilə, radioaktiv filizlərlə, nikel və arsenlə tez-tez və davamiyyətli təmasda olan adamlar çox böyük riskə məruz qalırlar. Belə təmas siqaret çəkməklə müşayiət olunursa, xəstələnmə şansı daha da artır.
Şəhərlərdə, kənd yerlərinə nisbətən ağ ciyər xərçəngi ilə xəstələnmə halları nəzərə çarpacaq dərəcədə çoxdur və bu da, çox güman ki, ilk növbədə havanın çirklənməsi ilə izah olunur.
Ağ ciyər xərçəngi ilə mübarizədə ən yaxşı vasitə - papiros (siqareti) çəkməyi tərgitməkdir. Bundan, hətta uzun illər boyu ən qatı papiros çəkənlər belə faydalana bilərlər. Son nəticədə onlar özlərini, heç bir vaxt papiros (siqaret) çəkməyən adamların təhlükəsizliyi səviyyəsinə çatdıra bilərlər.
İki həftədən artıq davam edən hər hansı öskürək, o cümlədən «papiros öskürəyi», soyuqlamadan, pnevmoniyadan və digər respirator xəstəliklər zamanı öskürək daxil olmaqla, mütləq həkim müayinəsi tələb edir.

PROSTAT VƏZİN XƏRÇƏNGİ

Prostat vəzin xərçəngi kişi cinsi sisteminə daxil olan vəzidə (bax: prostatit) inkişaf edir.
Prostat vəzin xərçəngi 55 yaşdan yuxarı kişilər arasında xərçəngdən ölüm səbəbləri sırasında üçüncü, 75 yaşdan yuxarı isə - ikinci yeri tutur.
Prostat vəzin xərçəngi hallarının əksəriyyəti aşkar olunmur. Bu xəstəlik elə asta templə inkişaf edir ki, heç bir əlamətlə biruzə vermir. 50 yaşdan yuxarı kişilərin 15-20%-ində yalnız autopsiya (meyidin yarılması) zamanı müəyyən edilir.
Prostat vəzin xərçənginin simptomları bir sıra böyrək (sidik-ifrazat sistemi) xəstəlikləri zamanı müşahidə olunan simptomlarla üst-üstə düşür. Məsələn, sidiyin şırnağının zəifləməsi, vaxtaşırı kəsilməsi, tez-tez sidiyə getmə, xüsusilə gecələr, sidiyə gedərkən yanğı hissi və s. Sidikdə qan ola bilər.
Bu simptomların xərçəngə xas olmasına baxmayaraq, onlar çox vaxt prostat vəzin xoşxassəli şişi olan prostat vəzin adenomasının da nəticəsi ola bilər (bax: prostat vəzin adenoması). Simptomların xoşxassəli və ya bəd xassəli şişə və yaxud da digər xəstəliyə aid olub olmaması yalnız həkim tərəfindən müəyyən edilə bilər.
Oma, bel və yaxud qasıq nahiyəsində ağrı prostat vəzin xərçənginin əlaməti ola bilər. Bəzən belə ağrı - əsas simptomdur.
Düz bağırsağın müayinəsi diaqnostika üçün ilk addımdır. Daxili müayinə zamanı həkim şişə xas qeyri adi kələ-kötür, bərkimiş törəməni hiss edə bilər. Diaqnoz biopsiya vasitəsilə təsdiq edilir.
Əgər şiş yalnız prostat vəzi ilə məhdudlaşırsa, xəstəni, bir qayda olaraq, radioterapiya ilə və ya cərrahi yolla - vəzini kəsib atmaqla, müalicə edirlər. Qeyd etmək lazımdır ki, cərrahi müdaxilə cinsi qabiliyyətə təsir edir və impotensiyanın qarşısını almaq üçün protezlərdən istifadə olunur.

MƏDƏ (YEMƏK BORUSU) XƏRÇƏNGİ

Mədə xərçənginin ilk simptomları həzm orqanlarının digər, bir o qədər də ciddi olmayan, xəstəlikləri zamanı biruzə verən simptomlarına oxşayır: qida qəbulu ilə artan yüngül mədə ağrısı, yüngül ürəkbulanma, qarında köp, qıcqırma, və habelə qabaqlar sevdiyi qidadan imtina etməsi və s. Sonralar gəyirmə, qida qəbulundan sonra mədənin dolması hissi, epiqastral nahiyədə ağrı, zəiflik və arıqlama müşahidə olunur. Mədənin kardial şöbəsinin (mədənin girəcəyi) xərçəngi zamanı disfaqiya (udqunmanın pozulması), piloroantral şöbəsinin (mədənin onikibarmaq bağırsağa keçən nahiyəsi) xərçəngi zamanı qusma, şişin dağılması zamanı isə qanaxma qeyd edilir.  
Əgər mədədə ağrı və yaxud diskomfort hissi 2 həftədən artıq davam edərsə, təcili olaraq həkimlə məsləhətləşin. Bu, xüsusilə, 50 yaşdan yuxarı və mədə ilə problemləri qəfildən yaranan adamlara aiddir.
Bütün müayinə metodlarından ən etibarlısı qastroskopiyadır. Qastroskop (xüsusi linza və işıq məmbəyi ilə təchiz olunmuş nazik boru) udlaqdan mədəyə yeridilir və həkim mədənin divarlarını tədqiq etmək imkanına malik olur. Lazım gəldikdə biopsiya üçün material da götürülür.

Xora və mədə xərçəngi. Mütəxəssislərin əksəriyyətinin fikrinə görə mədə xərçəngi elə xərçəng kimi başlayır və həzm orqanlarının xora xəstəliyinin xərçəng qabağı vəziyyət kimi qiymətləndirilməsi məsələsinə şübhə ilə yanaşırlar. Lakin onlar xora xəstəliyinin simptomlarının şişi maskalaması ilə, müayinə və müalicənin gecikdirilməsi təhlükəsi barədə xəbərdarlıq edirlər.
Onikibarmaq bağırsağın xora xəstəliyi həzm orqanlarının xora xəstəliklərinin ən yayılmış forması olmaqla, uzun müddət konservativ olaraq müalicə oluna bilər və onun bəd xassəli şişə çevrilməsi qorxusu, demək olar ki, yoxdur. Bunu, mədə xorası barədə demək olmaz. Hətta ağrı medikamentoz vasitələrlə götürülsə belə, bəd xassəli şişin olmamasını təsdiq etmək üçün təkrar hərtərəfli müayinələr, biopsiyalar vacibdir.
Yeganə müalicə metodu - vaxtında aparılmış cərrahi müdaxilə ilə bəd xassəli şişin kəsilib atılmasıdır. Bu əməliyyat, şişin yerləşməsindən asılı olaraq, mədənin bütövlükdə (qastrektomiya) və yaxud qismən kəsilib atılmasından (rezeksiyasından) ibarətdir. Bəzən, şübhə varsa, digər yaxın orqanların da (dalaq, mədəaltı vəzi) bir hissəsi kəsilib atılır.

Yemək borusunun xərçəngi 55 yaşdan yuxarı adamlarda daha tez-tez müşahidə olunur. Bu xəstəliyə daha meyilli - kişilər və şəhər əhalisidir. Yemək borusunun xərçənginə düçar olmuşlar, əsasən, qatı papiros (siqaret) çəkən və spirtli içkilərə aludə olan adamlardır.
Ən erkən simptomu, bir qayda olaraq, udqunmanın pozulmasıdır. Bədən çəkisinin itirilməsi - xarakter əlamətdir. Şişin erkən aşkar edilməsi üçün, udqunmanın azacıq da olsa pozulması hallarında, təcili və hərtərəfli müayinədən keçmək lazımdır.
Yemək borusunun aşağı şöbəsinin xərçəngi zamanı cərrahi müdaxilə şişin tamamilə kəsilib atılmasına şərait yaradır. Yemək borusunun kəsilmiş hissəsi yoğun bağırsaqdan götürülmüş seqmentlə əvəz olunur. Radiasiya terapiyası, əsas etibarı ilə, şişin yemək borusunun yuxarı şöbələrində yerləşdiyi zaman tətbiq edilir.

XAYALARIN XƏRÇƏNGİ

Xayaların xərçəngi - 25-44 yaşlı kişilər arasında ən çox təsadüf edən bəd xassəli şişdir. Son zamanlaradək xərçəngin bu forması, tez bir zamanda həyat üçün vacib orqanlara, xüsusilə də, ağ ciyərlərə yayıldığına görə, ölümlə nəticələnirdi. Lakin, əsas etibarı ilə, kimya terapiyasının müvəffəqiyyətlərinə rəğmən, hal hazırda xayaların xərçəngi, erkən aşkar olunduğu təqdirdə, ən müalicə olunan xərçəng formalarındandır.
Erkən aşkar edilməsi üçün 15 yaşdan sonra kişilər ayda bir dəfədən az olmayaraq, xayalarını müstəqil olaraq müayinədən keçirməlidirlər (bu prosedur bir dəqiqədən də az vaxt tələb edir). Bunun üçün ən əlverişli vaxt vanna və ya duş qəbul etdikdən sonradır. Belə ki, bu zaman xayalığın dərisi boşalmış olur və xayalar yaxşı əllənir.
Müayinə qaydası:
  1. Güzgünün qarşısında dayanın. Xayalarda şübhəli şişkinliyin, qabarmanın olub olmamasına, xayaların böyüməsinə (bu təhlükəli əlamətdir) nəzər yetirin;
  2. Zərif hərəkətlərlə, hər iki əlin barmaqları ilə bir-bir xayaları müayinə edin və hər hansı qabarıqlığın, şişikinliyin olub olmamasını müəyyən edin. Normada xayalar oval formada, bərk konsistensiyalı (sərt yox), səthi hamar olur;
  3. Xaya artımlarını (hər bir xayanın yuxarı və aşağı səthində) müəyyən edin, lakin bunları şişlə qarışıq salmayın.
Hər iki xayada hissiyyat eyni olmalı, onların ölçüləri bərabər olmalıdır. Xayalardan birinin aşağı sallanması adi haldır.
Şiş çox zaman ağrısız olur, ölçüsü çox da böyük olmur (noxud boyda), xayanın ön səthində yerləşir.
Əgər hər hansı bir şişkinlik müəyyən olunarsa, xayaların böyüməsi nəzərə çarparsa, dərhal həkimə müraciət edin. Digər təhlükəli simptomlar, məsələn, xayalarda ağırlıq hissi, qasıq nahiyəsində dartılma, gərilmə və yaxud xayalığın gözlənilmədən maye və ya qanla dolması barədə də təcili olaraq məlumat verin. Xayalarda kəskin ağrı həkim diqqəti tələb etsə də, demək olar ki, heç vaxt xərçəngin simptomu olmur.

Yerinə düşməmiş xaya (kriptorxizm - bətndaxili inkişaf anomaliyası ilə əlaqədar xayanın birinin qarın boşluğunda qalaraq, qasıq kanalı vasitəsilə xayalığa düşməməsi) şişin əmələ gəlmə riskini artırır. Tədqiqatlar göstərir ki, həqiqi kriptorxizmlə əlaqədar bir xayası olan kişilərin 5%-ində qarın boşluğunda qalmış xayanın xərçəngi müşahidə edilir.
Bundan başqa Massaçusetts ştatı Baş Hospitalının (Massachusetts General Hospital) tədqiqatlarına görə, epidemik parotit (svinka) xaya xərçənginin əmələ gəlmə riskini 6 dəfə; yerinə düşməmiş xaya - təqribən 5 dəfə; dar, istiliyi saxlayan çimərlik tumanı - 3 dəfədən çox; ananın bətndaxili şüalanması - təqribən 2 dəfə artırır.

Xaya xərçənginin müalicəsi, adətən, cərrahi yolla zədələnmiş xayanın kəsilib atılmasıdır – hər iki xayanın şişi olduqca nadir hallarda müşahidə olunur. Şişin növündən asılı olaraq, bəzən toxumluğun limfa düyünlərini də kəsib atmaq lazım gəlir. Cərrahi müdaxilədən sonra, şişin digər orqanlara yayılması təhlükəsini aradan qaldırmaq üçün kimya terapiyası və şüalanma tətbiq edilir.

Yadda saxlamaq lazımdır ki, xayanın kəsilib atılması cinsi aktivliyin aşağı enməsi demək deyil. Bəzən, sırf kosmetik məqsədlə, cərrahi müdaxilə zamanı çıxarılmış xayanın yerinə protez qoyulur. Bu, çoxlarına özünü normal görünməyə və hiss etməyə kömək edir. Bundan başqa, kişilərin nəsil artırmaq qabiliyyəti toxunulmaz qalır, belə ki, yeganə xaya orqanizmin reproduksiya funksiyasının öhdəsindən tam mənada gəlməyə qadirdir.

UŞAQLIĞIN XƏRÇƏNGİ

Uşaqlığın (uşaqlıq boynunun, endometriyanın) xərçəngi  - potensial olaraq ən müalicə olunan xərçəng formalarındandır. Lakin, buna baxmayaraq, çox tez-tez letal sonluqla nəticələnir. Bir qayda olaraq, şiş öz inkişafına uşaqlıq boynunda - armudvari formada olan uşaqlığın uşaqlıq yoluna açılan nazik hissəsində, başlayır. Şiş tədricən inkişaf edir və qonşu toxumaları zədələyənədək, illər keçir.
Uşaqlıq boynunun xərçənginə, ilk növbədə 40-49 yaş həddində qadınlar düçar olurlar. Daha böyük riskə, menstrual sikllər arasındakı periodda uşaqlıq yolundan qeyri müəyyən ifrazat və ya qanaxması olan qadınlar məruz qalırlar. Bu xəstəliyin qurbanı, habelə, 20 yaşınadək tez-tez sekslə məşğul olan və çox sayda partnyoru olan və iki və daha artıq uşağı olan qadınlar olurlar.
Uşaqlıq yolu infeksiyaları, əsas etibarı ilə, herpes (virus mənşəli xəstəlik), xərçəngin inkişafına təkan verə bilər, belə ki, bu zaman normal toxumalar dağılır və onlarda, son nəticədə şişə gətirib çıxaran, ilk dəyişikliklər baş verir.

Endometriyanın (uşaqlığın selikli qişasının) xərçəngi, adətən, 50-64 yaş həddində qadınlar arasında müşahidə olunur. Daha artıq riskə sonsuz və ya ovulyasiyası olmayan qadınlar məruz qalırlar. Menopauzası gecikmiş (55 yaşdan yuxarı), menopauza zamanı və ondan sonra uşaqlıq yolundan qeyri müəyyən ifrazat və ya qanaxması olan və habelə menopauza zamanı və ondan sonra estrogenlə müalicə kursu almış qadınlar əlavə risklə qarşılaşırlar. Xüsusi risk qrupunu, diabet, yuksək qan təzyiqi və həddən artıq bədən çəkisi kimi faktorları özündə cəmləşdirən qadınlar təşkil edir.
Xəstəliyin ilk nəzərə çarpan əlaməti uşaqlıq yolundan qeyri müntəzəm qanxmalar və qeyri adi ifrazatın olmasıdır. Bundan başqa, cinsi əlaqədən və yaxud uşaqlıq yolunun şırınqa ilə yuyulmasından sonra qan damlaları ola bilər. Belə təhlükəli simptomlar, digər, bir o qədər də ciddi olmayan hallarda da, məsələn, uşaqlıq boynunun artmış eroziyası zamanı və s. müşahidə oluna bilər. Hər halda, bu barədə təcili surətdə həkimə məlumat vermək lazımdır. Belə ki, ehtimal oluna bilən xəstəliyin son dərəcə ciddiliyi, bu simptomlara qarşı diqqətsizliyə əsas vermir.
Xəstəlik, deyildiyi kimi, tədricən (yavaş-yavaş) inkişaf etdiyi üçün, xəstələr illərlə yaşaya və özlərini yaxşı hiss edə bilərlər. Ona görə də, aylıq sikllərin pozulması, zəngin menstruasiya və onların bir neçə ay fasilədən sonra təkrarlanması kimi simptomlar həkim müayinəsindən keçmək üçün kifayət qədər tutarlı əsasdır.
Diaqnozun təsdiq edilməsi üçün kolposkopiya - böyüdücü cihaz (kolposkop) vasitəsilə uşaqlıq yolunun və boynunun vizual (gözlə görünən) müayinəsi metodu geniş tətbiq edilir. Endometriyanın şişi zamanı isə diaqnoz, uşaqlığın selikli qişasından götürülmüş (qaşıma və ya aspirasiya vasitəsilə) toxuma nümunəsinin köməyi ilə (biopsiya) təsdiq edilə bilər.

Uşaqlığın xərçənginin ətraf toxumalara yayılmadığı hallarda ən əlverişli müalicə metodu histerektomiya (yun. hystera uşaqlıq, ektome kəsib atmaq) - uşaqlığın cərrahi yolla kəsilib atılmasıdır.
Şüalanma, həm müstəqil olaraq, həm də cərrahi müdaxilə ilə müştərək tətbiq edilə bilər. Dərman preparatları (kimya terapiyası) xəstəliyin bəzi gecikmiş formalarında, xəstənin vəziyyətini bir qədər yüngülləşdirmək məqsədilə tətbiq edilir.

DƏRİ XƏRÇƏNGİ

Dəri xərçəngi - bəd xassəli şişlərin ən yayılmış formasıdır. Bununla belə, digər xərçəng tiplərinə nisbətən, dəri xərçəngi ən yüksək müalicə olunma, sağalma göstəricisinə malikdir.
Dəridə üç təbəqə - epidermis (ən üst təbəqə), derma (birləşmiş toxumadan olan orta təbəqə) və hipoderma (piy təbəqəsi) ayırd edilir. Epidermisin özü beş qişadan - bazal, iynəvari, dənəli, parıltılı və buynuz qişalardan ibarətdir. Bazal qişa bilavasitə derma ilə sərhəddə yerləşir.
Əmələ gəldiyi yerə görə epitelial, birləşmiş toxuma və piqment şişləri ayırd edilir. Bəd xassəli şişlərin əsas hissəsi epidermisin bazal qişasında yerləşən epitelial şişlərdir ki, bunlara da yerli dağıdıcı inkişafa malik bazalioma və yastı hüceyrəli buynuzlaşan xərçəng aiddir.
Bazalioma tez-tez təsadüf olunan və tədricən inkişaf edən şişdir. Nadir hallarda digər toxumalara yayılır, lakin müalicə olunmadığı təqdirdə dəri altında yerləşən sümüyə metastazlar verə bilər.
Yastı hüceyrəli buynuzlaşan xərçəng nadir hallarda rast gəlinsə də, özündə böyük təhlükə daşıyır, belə ki, əksər hallarda metastazlar verir.
Hər iki tip xərçəng dərinin müxtəlif yerlərində əmələ gələ bilər, lakin, əsas etibarı ilə, bədənin açıq hissələrində - üzdə, boyunda, qolda, ovucda və s. müşahidə olunur.
Xarici görünüşünə görə hər iki tip oxşardır. Ümumiyyətlə, dəri xərçəngi quru pulcuqlu ləkə və yaxud dərin olmayan, sağalmayan xoralarla biruzə verir. O, mərkəzi hissəsi qabıqla örtülmüş iltihablaşmış sahə şəklində və yaxud bəyaz parıltılı, mirvariyə bənzər düyüncük formasında da ola bilər.

Müalicənin iki əsas metodu mövcuddur - şüalanma və cərrahi müdaxilə. Digər müalicə metodlarına şişin istiliklə dağıdılması, dondurulması, habelə, tərkibinə dərman preparatları daxil olan məlhəm və losyonların tətbiqi aiddir.

 Bəzi dəri törəmələri bəd xassəli şişə çevrilmə xüsusiyyətinə malikdirlər. Bunlardan ən yayılmışı - keratozlardır (buynuzlaşma, ziyil). Bunlar, adətən, üzün, boyunun, əllərin dərisində məhdud sahədə əmələ gələn buynuzlaşmış törəmələrdir. Yaşlı adamlarda, çox vaxt, qocalıq keratozu inkişaf edir. Bunların nisbətən az qismi dəri xərçənginə çevrilir, və əgər bu baş versə belə, onları müvəffəqiyyətlə kəsib atmaq mümükündür.
Buynuzlaşmış sahələrin (ziyilin) xarici görünüşündə hər hansı bir dəyişiklik müşahidə olunarsa, dərhal həkimə müraciət edin.
Piqment şişlərinə xərçəngqabağı Dübrey melanozu və bəd xassəli melanoma aiddir. Xərçəngqabağı Dübrey melanozu tədricən inkişaf edən dəri şişidir və, əsas etibarı ilə, yaşlı adamlarda müşahidə olunur. O, bir qayda olaraq, üzdə yerləşir və qeyri-bərabər piqmentasiyalı tək ocaq şəklində olur.
Bəd xassəli melanoma bədənin hər hansı hissəsində, o cümlədən, ayaq pəncəsinin altında yerləşə bilər. Adətən, tünd-qəhvəyi və ya qara rəngdə olur, lakin bəzən piqmentsiz də ola bilər. Melanoma kiçik, xala bənzər törəmə olmaqla, tədricən böyüyür, vaxtaşırı xoralaşa və təsadüfi zədələnmə nəticəsində qanaxma verə bilər.
Bəd xassəli melanoma çox tez bir zamanda metastazlar verir və bir çox orqanları prosesə cəlb edə bilər. Erkən diaqnostikası və cərrahi yolla kəsilib atılması vacib şərtdir. Ona görə də, dəridə olan hər hansı ləkənin ölçülərinin və rənginin dəyişməsi barədə dərhal həkimə məlumat verin.

Günəş və dəri xərçəngi. Günəş – dəri xərçənginin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Digər səbəblərdən daş kömür qətranını, arsen birləşmələrini, parafin yağını, radium və rentgen şüasını və s. göstərmək olar. Günəş şüası kimi, bunların da effekti təsir dərəcəsinə mütənasibdir.
Dəri xərçəngi açıq rəngli, bəyaz dərili və daim günəş şüasının təsirinə məruz qalan adamlarda daha çox müşahidə olunur. Buna səbəb, onların dərisində melaninin – günəş şüalarının zərərli təsirini neytrallaşdıra bilən piqment maddəsinin, kifayət qədər olmamasıdır. Dəri nə qədər tünd olarsa, onda bir o qədər çox melanin vardır. Dəri xərçənginin çox nadir hallarda təsadüf edildiyi zəncilərin dərisində günəşin ultrabənövşəyi şüasından qorunmaq üçün kifayət qədər melanin vardır.

Əgər günəş altında uzun müddət qalmaq məcburiyyətindəsinizsə, onun zərərli təsirini azaltmaq üçün: uzunqol qoruyucu paltar geyinin, günəşə qarşı panama qoyun, çimərlik zontlarından, xüsusi günəşə qarşı məlhəm və losyonlardan istifadə edin. Günəş altında güclü qaralma dəri xərçənginin əmələ gəlmə şansını artırır.
Daim açıq havada çalışanlar – fermerlər, inşaatçılar, polis işçiləri, poçtalyonlar, dənizçilər qoruyucu paltar geyinməli və qoruyucu məlhəmlərdən istifadə etməlidirlər.

Əgər bədənin hər hansı yerində uzun müddətdir sağalmayan yara vardırsa, dəridə olan ziyilin, xalın ölçüsü və yaxud rəngi dəyişərsə, dərhal həkimə müraciət edin.
Qətran və piy hopdurulmuş materialların təsirinə məruz qaldıqda dərini sabunla yaxşıca yuyun. Qətran hopmuş paltar geyinməkdən çəkinin. Dəri xərçəngi, çox vaxt, qətranın təsirinə məruz qalan, məsələn, neftçilər, taxtapuşçular və s. kateqoriyalı işçilər arasında təsadüf edir.

AĞIZ BOŞLUĞUNUN XƏRÇƏNGİ

Ağız boşluğunun xərçəngi (stomatik xərçəng) özünü dodaqda, dilin üzərində, ağız boşluğunda olan və uzun müddət sağalmayan və ya yüngülcə qanaxma ilə müşayiət olunan sızanaq, uçuq və ya yara ilə biruzə verir. O, ağrılı da, ağrısız da ola bilər. Digər əlamətlərə - boğazda şişkinlik, infiltrat və ya bərkimə, habelə ağrılı hissiyat aid edilə bilər. Qanaxma, qidanı çeynəyən və udan zaman çətinlik, ağrı və yaxud boğazda yad cisim hissiyyatı da ola bilər. Bəzən dilin və ya çənənin hərəkət məhdudiyyəti də müşahidə olunur.
Ağız boşluğundan kənar simptomlara - qulaq ətrafında və ya boyunun yuxarı hissəsində şişkinlik, habelə üzün iflici aiddir.
Ağız boşluğunun xərçəngi hər yaşdan olan kişi və qadınlarda müşahidə olunur, lakin daha çox 40 yaşından yuxarı kişilər məruz qalırdar.
Udlağın xərçəngi bütün ağız boşluğu xərçənglərinin 25%-ini; dilin xərçəngi – təqribən 20%-ini; dodağın xərçəngi – 15%-ini; tüpürcək vəzinin xərçəngi isə – 10%-ini təşkil edir. Bunlardan başqa, ağız boşluğunun, diş ətinin, damağın, badamcıqların, çənənin və yanağın xərçəngi də ola bilər.
Bu xəstəliyin bir çox qurbanları ağız boşluğunda olan hər hansı zədə barədə həkimə məlumat verməyə tələsmirlər. Bu onunla əlaqədardır ki, ağız boşluğunda olan zədələnmələr, uçuq və yaralar kifayət qədər yayılmışdır və buna bir o qədər də əhəmiyyət vermirlər. Lakin ağız boşluğunun xərçənginin bir çox formaları sürətlə inkişaf edir və çox tez də yayılırlar. Müvəffəqiyyətli müalicə üçün isə erkən stadiyalarda diaqnostika son dərəcə vacibdir.

Əsas müalicə metodları – cərrahi müdaxilə və şüalanmadır. Seçim şişin yerindən və stadiyasından asılıdır. Bəzən hər iki müalicə metodu effektiv ola bilər, çox vaxt onlar bir-birini tamamlayır. 
Cərrahi müdaxilə zamanı şişlə birlikdə boyun limfa vəziləri də kəsilib atılır. Onların kənar edilməsi şişin yayılmasının qarşısının alınmasına kömək etmiş olur.
Ağız boşluğunun xərçənginin əmələ gəlməsinin qarşısını əksər hallarda almaq mümkün olur. Profilaktika tədbirləri aşağıdakılardan ibarətdir:
  • hər bir neçə aydan bir ağız boşluğunuza hər hansı sızanaq, uçuq, yara, bərkimə və ya şişikinliyin olub olmaması məqsədilə baxış keçirin. Başı geriyə doğru əyərək, bərk və yumşaq damağı yoxlayın; dili tənzif və ya yaylıqla tutaraq, hərtərəfli nəzərdən keçirin; yanaq və dodaqların içəri səthində ağ, qırmızı və ya tünd ləkələrin olub olmamasına nəzər yetirin; yüngülcə təzyiq etməklə ağrılı yerlərin, kiçik şişkinliyin olmasını yoxlayın; qulaqətrafı nahiyəyə və boyundakı limfa vəzilərinə diqqət yetirin;
  • tütündən imtina edin. Papiros (siqaret) çəkməklə ağız boşluğunun xərçəngi arasında bilavasitə əlaqə mövcuddur. Ağız boşluğunun xərçəngindən ölüm halları papiros (siqaret) çəkənlər arasında 4 dəfə çoxdur. Ağız boşluğunun xərçəngi, həm də qəlyan və ya siqar çəkməklə də bilavasitə əlaqədardır - burada törədici səbəb kimi mexaniki təsir (daim dodaqların dərk cisimlə təmasda olması) və tütünün yanması nəticəsində istiliyin təsiri rol oynaya bilər;
  • tütünün (tənbəkinin) çeynənilməsi və qoxunması da təhlükəlidir, belə ki, ağız boşluğu toxumaları bilavasitə qətranla təmasda olurlar;
  • müntəzəm olaraq diş həkimi tərəfindən müayinədən keçin. O, xərçəngin inkişafını görə bilər. Toxumaları qıcıqlandıra bilən çıxıntılı plomblar, düzgün oturmayan diş protezləri təcili surətdə dəyişdirilməlidir. Belə qıcıqlanma şişə səbəb ola bilər;
  • özünüzü pis iqlim şəraitindən qoruyun. Kənd təsərrüfatı işçiləri, dənizçilər və açıq havada çalışan digər kateqoriyalı adamlarda günəşin təsirindən dodaq xərçəngi (eləcə də, dəri xərçəngi) inkişaf edir. Küləyin və şaxtanın da təsiri təhlükəlidir;
  • spirtli içkilərin qəbulunu ixtisar edin. Alkohola aludəçilik (papirosla bahəm və yaxul onsuz) ağız boşluğunun xərçənginin əmələ gəlməsində az rol oynamır;
  • ağız boşluğunun gigiyenasına diqqətlə riayət edin. Dişlərə düzgün qulluq etmədikdə ağız boşluğunda leykoplakiya inkişaf edə bilər. Bu qeyri-xərçəng törəməsi bəd xassəli şişə çevrilməyə meyilli olmaqla, dodaqda, dilin üzərində və yaxud ağız boşluğunda əmələ gələn ağrısız qalınlaşmış ləkə kimi biruzə verir. Leykoplakiya əmələ gəlmişsə, müntəzəm olaraq tibbi müayinədən keçmək və biopsiya tədqiqatını aparmaq lazımdır. Bəzi həkimlər belə ləkələri kəsib götürməyin tərəfdarıdırlar;
  • qidanıza, yeməyinizə fikir verin. Plammer-Vinson sindromu (Plummer-Vinson syndrome) - ağız boşluğunun, udlağın və yemək borusunun selikli qişasının qida çatışmazlığı nəticəsində hipotrofiyası, çox vaxt ağız boşluğunun xərçənginə gətirib çıxarır.
Bəd xassəli şişlər zamanı xalq təbabəti vasitələri də geniş tətbiq edilir.
Mədə xərçəngi zamanı bu tərkib faydalıdır:
  • 2 xörək qaşığı aloe (3 və daha çox illik gülləri) 0,5 litr konyakla qarışdırılır; sonra ayrıca olaraq pelarqoniya gülünün 3 təzə yarpağının üzərinə 3 xörək qaşığı qaynar su əlavə edərək, isti buxar «hamamında» yerləşdirilir, üstü örtülür və səhərə qədər saxlanılır. Alınmış pelarqoniya dəmləməsi konyak qarışığının üzərinə əlavə olunur və xırda qədəhlə gündə 2 dəfə (səhər və yatmazdan qabaq) qəbul edilir.
Digər xalq vasitələrindən:
  • kalendula çiçəyinin həlimi (1 stəkan suya 10 q). 1/3 xörək qaşığı gündə 3 dəfə qəbul edilir;
  • kalendula çiçəyinin dəmləməsi (1 stəkan suya 25 q).
Mədə xərçəngi ilə mübarizədə kölgədə qurudulmuş kartof çiçəyi qiymətləndirilir:
  • 1 xörək qaşığı qurudulmuş kartof çiçəyi 0,5 litr suda dəmlənir, 3 saat isti yerdə saxlanır və 0,5 stəkan gündə 3 dəfə yeməkdən 30-40 dəq. qabaq qəbul edilir.
Qurudulmuş günəbaxan yarpağının həlimi də məsləhətdir. Gəndalaş kökünün həliminin uzun müddət içilməsi faydalıdır.
Dəri xərçəngi zamanı təzə dəmrovotu şirəsindən hazırlanmış məlhəmdən istifadə olunur - 1 hissə şirə 4 hissə vazelinə.
Yerkökü şirəsi də effektlidir. Onu daxilə qəbul edir və xəstənin bədənində olan xərçəng törəmələrinin üzərinə sürtürlər.
Ağ qan xəstəliyini (leykozu) adi qarabaşaqla müalicə edirlər:
  • 1 stəkan qarabaşaq otu 1 litr qaynadılmış isti suya. İçilməsinə məhdudiyyət yoxdur.
Mədə, ağ ciyər və digər şüa terapiyası mümkün olmayan orqanların xərçəngi zamanı çaqa (qara tozağacı göbələyi) həlimi tətbiq edilir. Çaqa ağrıları azaldır və əhval ruhiyyəni yaxşılaşdırır. Xəstəliyin erkən stadiyalarında o, şişin inkişafını dayandıra bilər:
  • təzə göbələyin bir parçası sürtgəcdən keçirilib üzərinə ilıq (30oC) qaynadılmış su (1:5) əlavə edilir. 48 saat saxladıqdan sonra suyu süzülür və qalmış kütlə sıxılaraq, suyunun üzərinə göbələyin islağa qoyulduğu su əlavə edilir. Sutka ərzində 3 stəkan, bir neçə qəbula, yeməkdən yarım saat qabaq içilir.
Onkoloji xəstəliklərin profilaktikası üçün ərik qurusu (kuraqa), əncir qurusu, kişmiş (əvvəldən 1 saat soyuq suda isladılmış), qoz (hər bir komponentdən eyni miqdarda), 1-2 qabığı təmizlənmədən dilimlənmiş limon şüşə qaba yerləşdirilir və üzərinə bal əlavə edilir. Gündə 1 dəfə 1 xörək qaşığı qəbul edilir.
Hindistan dietoloqu Kalpaqam Polsasanın fikrincə soğan və xardal, qərənfil və cavan zəncəfil, kərəviz, cəfəri və keşniş çox faydalıdır və orqanizmi xərçəngdən və digər təhlükəli xəstəliklərdən qorumaq üçün, məhz bunlar tələb olunur. Özünün praktiki tədqiqatlarını o, ədviyyatın müalicəvi xüsusiyyətlərinin yüksək qiymətləndirildiyi məmbələrdən – qədim tibbi traktatlardan misallarla əsaslandırır. Məsələn, çoxillik tədqiqatların nəticələrinə görə Polsasa müəyyən etmişdir ki, kəskin, acı və iyli ədviyyatların çoxu xərçəngin qarşısını alır, xəstəlik törədici bakteriyaları məhv edir, qanda şəkərin miqdarını aşağı salır və həzmi yaxşılaşdırır. Alimin fikrincə, üyüdülmüş kurkuma – zəncəfilin bir növü, xardalın, adi və rəngli kələmin toxumları xərçəngin qarşısını almaq üçün ən effektli vasitələrdir. Xardal toxumu həm də qaraciyərə yaxşı təsir göstərir. 

Habelə mövzuya aid: Onkologiya. Niyə insanlar kütləvi surətdə dünyasını dəyişir?

Buyurun, izləyin:




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.