AĞIZDAN QOXU

Ağızdan xoşagəlməz qoxu şəxsi gigiyena qaydalarına riayət olunmadıqda, damağın, dişlərin, udlağın, yemək borusunun, mədənin, qaraciyərin, böyrəklərin, ağ ciyərlərin, burun artımlarının xəstəlikləri zamanı müşahidə olunur. Pis yerləşdirilmiş diş protezləri də ağızdan qoxunun səbəbi ola bilər. Şəkərli diabeti olan şəxslərdə ağızdan aseton qoxusunun gəlməsi, xəstəliyin ciddi ağırlaşması olan ketoasidozlu komanın (bax: şəkərli diabet) yaxınlaşmasına işarə ola bilər.

Patologiyanın tibbi adı halitozdur (halitosis). Qeyd etmək lazımdır ki, bu xəstəlik deyil, hər hansı bir xəstəliyin, patoloji halın simptomu, əlamətidir. Ağızda qoxu əmələ gəldikdə, onun səbəbini aşkar etmək üçün stomatoloqun və terapevtin müayinəsindən keçmək lazımdır. İlk növbədə ağız boşluğunun sanasiyası aparılmalı və lazım gəldikdə digər ixtisaslı həkimlərin müayinəsindən keçmək lazımdır.

Ağızdan qoxunun qarşısını almaq üçün dişlərə və ağız boşluğuna ciddi qulluq edilməli, qoyma diş protezləri vaxtaşırı yuyulub təmizlənməlidir. Əgər ağızda qoxunun səbəbi mədə-bağırsaq xəstəlikləri və yaxud digər xəstəliklərdirsə, bundan qurtulmaq yalnız əsas xəstəliyin aradan götürülməsi ilə mümkün ola bilər.

Soğanın və ya sarımsağın qəbulu zamanı əmələ gələn xoşagəlməz qoxudan danışsaq, demək lazımdır ki, bu qida məhsulları çox güclü və davamlı qoxusu olan efir yağları ilə zəngindir. Soğanın və ya sarımsağın diş minasının əyriliklərində qalan lap kiçicik bir hissəsi belə ətrafdakılar üçün xoşagəlməz olan qoxunun əmələ gəlməsinə səbəb olur. Bundan başqa, soğanın və sarımsağın şirəsi diş boynundakı və dişarası sahələrdə olan diş ərpinə hopur və ona görə də qoxu uzun müddət qalır. Üstəlik dişlər qaydasında deyilsə – karies boşluqları varsa, plombun bir hissəsi qopmuşsa, diş kökləri çıxarılmayıbsa, körpüvari protezlər laxlayırsa, yeməkdən sonra ağızda spesifik qoxuya malik bir çox soğan və sarımsaq hissəcikləri qala bilər.

     Əgər dişlərə və ağız boşluğuna lazımi qulluq edilərsə – vaxtaşırı stomatoloji müayinədən keçilərsə, şəxsi gigiyena qaydalarına riayət olunarsa, ağızda qoxunun qarşısı alınar.

     Soğan və sarımsaq yedikdən sonra onların qalıqlarını taxta və yaxud plastmass diş təmizləyənlə aradan götürmək lazımdır. Yaxşı olar ki, diş pastası ilə dişlər yuyulsun. Diş fırçasının hərəkəti yuxarıdan aşağıya və əksinə, dişin boynundan kəsici səthinə tərəf olmalıdır.   Ağızdan qoxunu aradan qaldırmaq qabiliyyətinə malik dərman bitkiləri ekstraktlarından, tərkibinə aromatik əlavələr daxil olan diş pastalarından istifadə etmək məsləhət görülür. Dişlərin yuyulma müddəti bir dəqiqədən az olmamalıdır. Dişlər yuyulduqdan sonra diş eliksiri qatılmış (0,5 stəkan ilıq suya 15 damcı) su ilə ağız boşluğu yaxalanmalıdır. Əgər əlinizin altında diş eliksiri yoxdursa, suya hər hansı bir bitki yağı - günəbaxan, zeytun və s. qatmaq da olar (1 stəkan suya 1 çay qaşığı), bu zaman suyu emulsiya halına qədər çalxalamaq lazımdır.

Bir məsləhət də var: çalışın soğanı və yaxud sarımsağı digər yeməklərdən qabaq yeyəsiniz, bu zaman onlar digər qalıqlarla təmizlənib gedəcəklər.

Əlbəttə, əgər ətrafdakıları qıcıqlandırmaq istəmirsinizsə, adamlarla təmasda olmazdan, işə və yaxud ictimai yerlərə getməzdən bilavasitə qabaq soğan və sarımsaq yeməyin.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.