BOĞAZ URU (ZOB)

Boğaz uru (zob, struma, tireotoksikoz) – qalxanabənzər vəzin patoloji böyüməsi ilə xarakterizə olunan endokrin xəstəliyidir.

Qalxanabənzər vəzi daxili sekresiya vəzisi olmaqla, orqanizmdə maddələr və enerji mübadiləsinin tənzimlənməsində vacib rol oynayır. O boyunun ön səthində yerləşir və bir-biri ilə birləşmiş iki paydan ibarətdir. Çəkisi böyük adamlarda 20-60 q təşkil edir; cinsi yetkinlik dövründə böyüyür, qoca, ahıl yaşlarda isə ölçüləri kiçilir.

Qalxanabənzər vəzin əsas struktur və funksional vahidi follikullardır. Follikullarda, qanın tərkibindəki yod mənimsənilərək, mürəkkəb biokimyəvi proseslər nəticəsində, qalxanabənzər vəzinin hormonları olan tiroksin və triyodtironin hasil olunur. Tiroksinin normada qanda miqdarı 5-12 mkq% (65-156 nmol/litr), triyodtironinin isə – 45-180 nq% (1,4-2,3 nmol/litr) təşkil edir.

Boğaz uru (zob) cavan və orta yaşlı (20-40 yaş) adamlarda və, başlıca olaraq, qadınlarda müşahidə olunur. Xəstəliyin əmələ gəlməsində keçirilmiş infeksiya (qrip, tonzillit, revmatizm, skarlatina, göyöskürək) fonunda psixiki travma, irsi faktor, immunoloji proseslərin pozulması, habelə alimentar faktor rol oynayır.

Boğaz urunun, tireotoksikozun klinik əlamətləri klassik triadadan (üçlükdən) ibarətdir: ur (zob, boğazda şişkinlik), gözün bərəlməsi (ekzoftalm) və ürək ritminin tezləşməsi (taxikardiya). Bundan başqa əllərin titrəməsini, emosional pozğunluqları, arıqlamanı, istilik hissini, tərləməni, ümumi zəifliyi, tez yorulmanı, yaddaşın itməsini, yuxusuzluğu da göstərmək olar.

Qalxanabənzər vəzin böyüməsinin 5 dərəcəsi ayırd edilir:
  • I dərəcə – kənardan baxdıqda vəzi görünmür, əllədikdə yalnız vəzinin boynunu ayırd etmək olur;
  • II dərəcə – vəzi əllənir və udqunduqda nəzərə çarpır;
  • III dərəcə – vəzi görünür, ancaq boyunun konfiqurasiyası itməyib;
  • IV dərəcə – qabarıq ur, artıq boyunun konfiqurasiyası dəyişmişdir;
  • V dərəcə – ur çox böyük ölçülərədək böyümüşdür.
Bir çox alimlərin fikrincə qalxanabənzər vəzin funksiyası pozulmayıbsa, birinci dərəcəli və hətta ikinci dərəcəli ur (qeyri endemik rayonlarda yəni urun kütləvi olaraq yayıldığı yerlər istisna olmaqla) norma sayılır.

Boğaz urunun müalicəsi, ağırlıq dərəcəsindən asılı olaraq, stasionar (xəstəxana) və ambulator (poliklinika) şəraitində, həkim-endokrinoloqun və yaxud terapevtin ciddi nəzarəti altında aparılır. Xəstələrə yod və tireostatik preparatlar, sedativ (sakitləşdirici) vasitələr və fizioterapevtik proseduralar təyin edilir. Xəstələrə yodla zəngin qida, xüsusən, yosunlar (dəniz bitkiləri) məsləhət görülür.

Köməkçi xalq təbabəti vasitələri:
  • qozun içərisindəki arakəsmənin araqda tinkturası (2 xörək qaşığı xırdalanmış iç arakəsməsi 1 stəkan arağa). 1 çay qaşığı gündə 1 dəfə qəbul edilir;
  • yemişan meyvəsinin maye ekstraktı, 20-30 damcı, gündə 3 dəfə yeməkdən qabaq;
  • biyan kökünün (1 xörək qaşığı), boyaqotu kökünün (2 xörək qaşığı) 0,5 litr suda həlimi. Səhər çağı 1 stəkan qəbul edilir;
  • itburnu meyvəsinin həlimi, yarım stəkan gündə 3 dəfə qəbul edilir.
Daha bir məsləhət: yay aylarında tez-tez dəniz kənarına gedin, sahil qumu üzərində uzanın, yodla zəngin dəniz havası ilə nəfəs alın. Başlıcası isə - hər gün təzə balıq yeyin, mütləq həmən tutulmuş balıq.
Çində boğaz urundan dəniz kələmi vasitəsilə yaxa qurtarırlar. 2-3 ay müalicə və belə bir xəstəliyin olduğunu yaddan çıxaracaqsınız. Bir çox ölkələrin təbibləri də belə düşünürlər.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.