İNSULT


İnsult (beyin qan dövranının pozulması, apopleksiya) - baş beyində qan dövranının kəskin pozulmasıdır. Bu beyin toxumasının məhvinə gətirib çıxarır. Əsas səbəbləri - hipertoniya xəstəliyi, ateroskleroz, beyin damarlarının vaskuliti, anevrizması və anomaliyası, qan xəstəlikləridir.
İnsultun işemik (beyin damarlarının trombozu və ya emboliyası nəticəsində qanazlığı) və hemorragik (beyinə, beyin qişalarına və mədəciklərə qansızma) formaları ayırd edilir.

İşemik insult (beyin infarktı) beyin damarlarının aterosklerozu, stenozu (daralması), arterial təzyiqin aşağı olması, qanın laxtalanma qabiliyyətinin artması zamanı beyin damarının tromb (qan laxtası) və ya embolla (hava qabarcığı) tutulması nəticəsində baş verir. Qansızmadan fərqli olaraq işemik insult tədricən inkişaf edir, xəstədə qabaqlar da qısa müddətli beyin qan dövranının pozğunluqlarının olması qeyd edilir. Bu zaman beyin funksiyalarının təkrarlanan pozğunluqları, adətən, bir sutkadan artıq davam etmir. İşemik insult zamanı xəstədə baş ağrıları, başgicəllənmə, yerişin pozulması, zəiflik, ətrafların keyiməsi, bayılma qeyd edilir. Ətraflarda iflic tədricən inkişaf edir və, əsasən, gecələr yuxuda və ya səhər olur. Hərdən huşun qısamüddətli itirilməsi qeyd edilir. Xəstənin üzü ağarmış, nəbzi zəif, arterial təzyiqi aşağı (nadir hallarda artmış) olur.
İnsultların 80%-ni işemik insult təşkil edir. Adətən, bu tip insult 60 yaşdan yuxarı insanlarda baş verir. Bu xəstələrin əksəriyyəti şəkərli diabetdən, ürək ritminin pozğunluqlarından və ürək qüsurlarından əziyyət çəkirlər. İşemik insult damarda qan axınına maneə törədən beyin arteriyasındakı qanın "aterotrombotik lövhələr" səbəbi ilə laxtalanmasının nəticəsində baş verir. Qan dövranında pozğunluqlar qanın laxtalanması ilə bağlı problemlər və ya uzun və güclü stress səbəbindən də yarana bilər. Siqaret çəkmək, artıq çəki və adinamiya ən əhəmiyyətli risk faktorlarıdır.
Geniş sahəli işemik insultdan sonra xəstələrin 15-25% -i bir ay ərzində dünyasını dəyişir.  Profilaktik olaraq müvafiq müalicə  dayandırılarsa, xəstələrin 18%-də həyatının növbəti 5 ilində insult təkrar baş verə bilər. Sağ qalma və bədən funksiyalarının qorunması şansı təcili tibbi yardımın, müalicənin və sonrakı reabilitasiyanın keyfiyyətindən asılıdır.

Hemorragik insult (beyinə qansızma) patalogiyalı damarın tamlığının pozulması nəticəsində əmələ gəlir. Qansızma, adətən, gözlənilmədən, çox zaman gündüz vaxtı, psixoloji və fiziki gərginlikdən sonra inkişaf edir. Bu zaman xəstə qəfildən huşunu itirir və yıxılır. Xəstədə üzün qızarması, alnın tərləməsi, boyun damarlarında güclənmiş pulsasiya, xırıltılı, «pıqqıltılı» tənəffüs, yüksək arterial təzyiq müşahidə olunur, yuxarı və aşağı ətrafların iflici qeyd olunur, nitq pozulur.

Hemorragik insult işemik insultdan daha az rast gəlinir, lakin insanlar üçün daha böyük təhlükə yaradır.
İntraserebral və subaraxnoidal hemorragik insultlar ayırd edilir. Birincisi adətən 45-60 yaşlı xəstələrdə müşahidə olunur. Risk qrupuna serebral aterosklerozu, hipertoniyası və qan patologiyası olan xəstələr daxildir. İntraserebral qanaxma zamanı arteriyanın divarı deşilir və qan ətraf toxumalara sızır. Belə hal anevrizma (arteriya divarının şişməsi) və ateroskleroz nəticəsində damar divarının bütövlüyünün pozulması səbəbindən baş verə bilər. Buna təkan verən qan təzyiqinin kəskin artması ola bilər.

Subaraxnoidal insult, onurğa beyni mayesi ilə dolu baş və onurğa beyninin yumşaq və araxnoidal qişaları arasındakı boşluğa qanın sızmasıdır. Bu tip insult ən çox 30-60 yaşlı xəstələrdə baş verir. Səbəblər arasında siqaret çəkmə, alkoqolizm və ya bir dəfəyə həddindən artıq miqdarda spirtli içki və ya narkotik istifadəsi ola bilər. Arterial hipertenziya və artıq çəki də risk faktorları hesab olunur.
Hemorragik insult fonunda xəstədə pnevmoniya, ağciyər arteriyalarının tıxanması və kəskin ürək çatışmazlığı inkişaf edə bilər. İnsultdan sonra xəstənin hərəkətliliyinin məhdudlaşdırılması durğunluq əlamətlərinə, tromboza, yataq yaralarının, qəbizliyin, kontrakturaların əmələ gəlməsi və pnevmoniyanın inkişafı kimi ağırlaşmalara səbəb ola bilər. Bu tip insultdan ölüm adətən 40-70% təşkil edir və xəstələrin reabilitasiyası işemik insult ilə müqayisədə daha çox vaxt və səy tələb edir.

İnsultun gedişinin 3 variantı var: 
  1. əlverişli, xoş gedişli: bu zaman pozulmuş funksiyalar tədricən bərpa olunur; 
  2. növbələnən, qarışıq gedişli: xəstənin vəziyyəti vaxtaşırı pisləşir, xəstəlik pnevmoniya, təkrar insultlar və digər xəstəliklərlə fəsadlaşır. Bu zaman insult xoş gedişli nəticəyə malik olsa da, funksiyalar tam bərpa olunmur; 
  3. güclənən, şiddətlənən gedişli: bu zaman xəstəliyin simptomatikası tədricən artaraq, ölümlə nəticələnir.
Əlverişli, xoş gedişli insult zamanı xəstənin huşu bir neçə dəqiqədən və ya saatdan sonra bərpa olunur. Xəstənin huşu 3 sutkadan sonra «özünə qayıtmırsa», xəstəliyin proqnozu ağırlaşır.

İnsultun müalicəsini ixtisaslaşmış stasionar şəraitində aparmaq məqsədəuyğundur. Əgər xəstə hər hansı bir qıcığa qarşı reaksiyası olmayan koma vəziyyətindədirsə, həyat üçün vacib funksiyalar pozulmuşsa, ağır yanaşı xəstəliklər (məsələn, bəd xassəli şiş) varsa, xəstəni tərpətmək, xəstəxanaya aparmaq olmaz. Digər hallarda xəstənin nəqli xüsusi təcili yardım maşınında, tibb personalının nəzarəti altında həyata keçirilir. Bu zaman xüsusilə ehtiyatlı olmaq, xəstənin kəskin tərpədilməsi və silkələnməsinin qarşısını almaq lazımdır. Pilləkənlə qalxan zaman xəstənin başı qabaqda, düşərkən əksinə arxada olmalıdılır.
Xəstəyə qulluq, o cümlədən, ağız boşluğuna və dərisinə (yataq yaraları təhlükəsi ilə əlaqədar) diqqət etmək xüsusi əhəmiyyət kəsb edir. Dilin qatlanmasına, ağız boşluğunun, tənəffüs yollarının selikdən, qusuntu qalıqlarından təmizlənməsinə nəzarət etmək, sidik ifrazı gecikdikdə kateter vasitəsilə sidiyi buraxmaq, bağırsaqları təmizləmək (imalə) lazımdır.

Hemorragik insult zamanı (beyinə qansızma) beyindaxili təzyiqi azaltmaq üçün başı bir qədər hündür yerləşdirmək, başı buzla bürümək lazımdır. Müalicə, təzyiqin salınmasına (hipotenziv preparatlar), ödemin qarşısının alınmasına (sidikqovucular) yönəldilir. Lazım gəldikdə vikasol, kalsium qlükonat, dimedrol, suprastin təyin edilir.

İşemik insult zamanı (beyin infarktı) xəstənin başını çox hündür yerləşdirmək olmaz. Arterial təzyiq aşağıdırsa, xəstəyə kofein, kordiamin və s. təyin edilir. Ürək fəaliyyətinin çatışmazlığı zamanı ürək qlikozidləri (strofantin, korqlikon və s.) tətbiq edilir.

İnsult zamanı neyrocərrəhi müdaxilə (hematomanın kəsilib atılması, trombu, embolu götürmək üçün magistral damarlarda əməliyyat, anevrizmanın götürülməsi və s.) göstəriş varsa, aparıla bilər.

Amerika həkimlərinin fikrincə, zədələnmiş ətrafların funksiyasının bərpası üçün məşğələlərə ağır insultdan 24 saat sonra başlamaq olar. Tədqiqatlar göstərir ki, on hemiplegiyalı (birtərəfli iflici olan) xəstədən yalnız biri özünün daimi köməksiz vəziyyəti ilə barışmağa məcburdur. Qalan doqquz adamdan ən azı üçü öz əvvəlki işinə qayıdır. Qeyd olunmalıdır ki, xəstə nə qədər cavan olarsa, onun sağlamlığının tam bərpa olunması şansı bir o qədər çoxdur.
İnsult keçirmiş xəstələr xüsusi reabilitasiya mərkəzlərində (şöbələrində), əgər belə mərkəzlər (şöbələr) yoxdursa, nevroloqun, fizioterapevtin nəzarəti altında bərpaedici müalicə kursu keçməlidirlər.
İnsult keçirmiş xəstələrin psixoloji reabilitasiyası da xüsusi əhəmiyyətə malikdir. Bu yalnız həkim-psixoloqdan deyil, xəstənin hər bir ailə üzvünün, yaxınlarının onunla davranışından da çox asılıdır.

Üzvlərindən insult keçirmiş ailələrə bir neçə məsləhət:
  • xəstənin müstəqilliyini qiymətləndirin, ancaq onun üçün çətin olan tapşırıqlar verməyin. Əgər xəstə müstəqil olaraq dişlərini təmizləyirsə, üzünü qırxırsa, saçını darayırsa, geyinirsə, qoy etsin, hətta bunun üçün həddən artıq vaxt sərf etsə belə;
  • hər hansı bir fəaliyyətə cəhdini layiqincə qiymətləndirin. Bu fəaliyyət baş tutmadıqda məyus olmayın;
  • qoy xəstə ev işlərində, ailə planlaşdırmasında bacardıqca çox iştirak etsin. Onun maraq dairəsini yalnız radio və televizorla haşiyələndirməyin;
  • çox güman ki, xəstə nitq qabiliyyətinin itirilməsindən əziyyət çəkir və çox zaman bu, onların bəzi əşyaların adını unutması ilə müşayiət olunur. Xəstəni sakitləşdirin, başa salın ki, bu onun xəstəliyinin tərkib hissəsidir və bu heç də ağlın, dərrakənin itirilməsi deyil. Nitqin bərpa olunması üçün sadə sözlərlə, amma təbii danışmaq lazımdır. Elə etmək lazımdır ki, xəstə hər hansı bir üsulla - əllərin hərəkəti ilə, yazmaqla, düzgün olmayan nitqlə belə reaksiya versin;
  • yemək yeyərkən, geyinərkən və yaxud hər hansı bir adi ev işi görərkən söhbət etmək lazımdır. Bu ən əlverişli vaxtdır. Sadə cavablar (məsələn, «hə», «yox») tələb edən çoxlu suallar verin. Boş söhbətlərlə, eyni zamanda bir neçə adamın danışması ilə xəstəni çətinliyə salmayın;
  • xəstə üçün, müstəqil olaraq özünə xidmət etməsinə kömək məqsədilə, müvafiq qurğular əldə edin və yaxud özünüz düzəldin. Əgər onun yerişi sərrast deyilsə, divar boyu sürahı, mühəccər bərkidin. Vanna otağında sürüşməyən örtüklərdən istifadə edin. Yatağının yanında zəng və işıq düyməsi qoyun;
  • xəstə yanına gələnlərə və, xüsusilə, uşaqlara xəbərdarlıq edin ki, insultlu xəstə ilə davranarkən geniş yayılmış və xəstəni alçalda bilən səhvlərə yol verməsinlər. Məsələn, onun əvəzinə cümləni bitirmək, bəzi sözləri tələffüz edərkən gülümsəmək olmaz. Xəstə ilə uşaq kimi, kar və yaxud inkişaf etməmiş adam kimi rəftar etmək olmaz - heç şübhəsiz, çətin ki, xəstəlik nəticəsində onun nə eşitmə, nə də zehni qabiliyyəti korlanmış olsun;
  • insultdan sonra həftələrlə, bəzən hətta aylarla xəstənin xasiyyətinin dəyişməsi kifayət qədər adi haldır. Ən çox rast gəlinənlərdən - qeyri-ixtiyari gülüşü və yaxud ağlamanı, həyəcanı və yaxud hiddəti, əhval-ruhiyyənin dəyişkən olmasını, səbəbsiz, izahı olmayan qəzəbi və s. göstərmək olar. Bu davranışları tənzimləyən baş beyin mərkəzləri zədələndiyindən, xəstə, faktiki olaraq, özünü idarə edə bilmir. Buna baxmayaraq, o, başa düşə bilər ki, onun hərəkətləri adekvat deyil və bu işdə ətrafdakılar ona kömək etməlidirlər. Xəstəyə bildirmək lazımdır ki, siz hər şeyi başa düşürsünüz və onun nə qədər əziyyət çəkdiyini bilirsiniz. Bundan başqa, belə halların müəyyən vaxtdan sonra keçib gedəcəyini bildirməklə, xəstəni sakitləşdirmək lazımdır;
  • insult zamanı sidik kisəsinin və bağırsaqların fəaliyyətini (sidik ifrazı, defekasiya) tənzimləmə qabiliyyətinin itirilməsi, bir qayda olaraq, müvəqqəti xarakter daşıyır. Amma, hələ ki, bu davam edir, xəstə özünü narahat, çıxılmaz vəziyyətdə, günahkar hiss edəcək. Siz ona, bu halların insult üçün xarakter olduğunu və bədən möhkəmləndikdən sonra, çox güman ki, hamısının keçib gedəcəyini deməklə, çox kömək edərsiniz.
Buyurun, izləyin:




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.