Kolit yoğun bağırsaqda iltihabi-distrofik dəyişikliklərlə xarakterizə olunan mədə-bağırsaq sisteminin xəstəliyidir.
Kolitin əmələ gəlməsinin əsasında infeksiya, allergiya, şüa terapiyası, bəzi antibiotiklərin qəbulu, yerli qan dövranının pozğunluqları durur. Əlahiddə qrupa qeyri-spesifik xoralı kolitlər daxildir ki, onların əmələ gəlmə mexanizmi hələ axıra qədər tədqiq olunmayıb.
Kolit həzm orqanlarının xroniki iltihabi xəstəlikləri, məsələn, qastrit, xolesistit, xolangit, pankreatit, və yaxud orqanizmdəki xroniki infeksiya ocaqları (tonzillit, adneksit, prostatit və s.) fonunda da inkişaf edə bilər. Belə kolitlər ikincili kolitlər adlarnır.
Yoğun bağırsaqda iltihabi proses həm bütövlükdə bağırsağı, həm də onun ayrı-ayrı seqmentlərini, əsasən, distal (sonuncu) seqmentləri əhatə edə bilər. Bu zaman prosesə düz bağırsaq (proktit) və ya düz bağırsaqla siqmavari bağırsaq (proktosiqmoidit) qatıla bilər.
Xəstəlik gedişinə görə kəskin və xroniki ola bilər.
Kəskin kolit, çox vaxt, patogen mikroorqanizmlərin (dizenteriya bakteriyaları, salmonellalar, amöblər və s.) və ya allergik, toksik və digər faktorların təsiri nəticəsində əmələ gəlir. Kəskin kolitin əsas təzahürləri - qarında tutmavari ağrılar, əziyyətli tenezmlər (böyük bayıra «çağırışlar»), selikli və qanlı ishaldır. Qusma və qızdırma da ola bilər.
Xroniki kolit həm kəskin kolitin nəticəsi kimi, həm də bilavasitə xroniki gedişli (alimentar, ikincili kolit) ola bilər. Xroniki kolitə kəskinləşmə və remissiyalı (simptomların sönməsi periodu) gediş xarakterdir. Əsas simptomlar - qarın nahiyəsində ağrılar və bağırsağın funksiyasının pozulmasıdır. Ağrılar, əsasən, sızıltı xarakterli, intensivliyinə və yayılmasına görə müxtəlif olur. Ağrıların əmələ gəlməsi və artması yeməkdən sonra, bayıra getməzdən qabaq, fiziki və əsəb gərginliyi zamanı müşahidə olunur. Bağırsağın funksiyasının pozulması müxtəlif formada təzahür edə bilər və xəstəliyin stadiyasından asılıdır. Remissiya dövründə bağırsağın işləməsi normallaşır, kəskinləşmə zamanı həm ishal, həm də qəbizlik müşahidə oluna bilər. Çox vaxt qəbizliklə ishalın növbələşməsi qeyd olunur. Meteorizm (köp) və qazların çıxması xarakterik əlamətlərdir. Bəzi xəstələrdə sinir sisteminin qeyri sabitliyi müşahidə olunur. Onlarda artmış qıcıqlanma, əsəbilik, «xəstəliyinə qapanma», depressiyaya meyillik qeyd olunur.
Müalicə həkim tərəfindən aparılmalıdır. Dərman müalicəsi ilə yanaşı pəhriz gözləmək vacib şərtlərdən biridir. Xroniki proktosiqmoiditlər zamanı (bax: yuxarıda) yerli mikroimalələr (çobanyastığı, evkalipt, bitki yağlarının həlimindən və yaxud 0,4%-li kollarqolla), anal dəliyin çatı, babasil zamanı rektal şamlar (belladonna, novokainlə) təyin olunur.
Kəskin kolitlərin profilaktikasına düzgün qida rejiminin gözlənilməsi, kəskin bağırsaq infeksiyasına qarşı mübarizə, orqanizmdəki infeksiya ocaqlarının ləğv edilməsi, kontrolsuz dərman qəbulunun qarşısının alınması daxildir. Xroniki kolitlərin profilaktikası kəskin kolitin vaxtında müalicəsindən, rasional qidalanmadan ibarətdir.
Qədim xalq təbiblərinin fikrincə bir çox mədə-bağırsaq xəstəlikləri düzgün qidalanma və otlarla müalicə olunur. Xəstəxanalarda, kurortlarda səmərəsiz müalicə alan kolitli xəstələrə xalq təbabəti məsləhət görür:
- hərəsindən 1 çay qaşığı qızıl çətir, adaçayı və çobanyastığı otunu 1 stəkan qaynar suda dəmləyin. Hər iki saatdan bir 1 xörək qaşığı, təxminən gündə 7-8 dəfə, 2-3 ay ərzində qəbul edin. Sonralar, tam sağalanadək gündə 2-3 dəfə qəbul etmək məsləhətdir.
Ciddi pəhriz və göstərilən dəmləmə dünyanın bir çox təbibləri tərəfindən
təkcə kolitlərin deyil, həm də digər mədə-bağırsaq sistemi xəstəlikləri zamanı məsləhət
görülür.
Buyurun, izləyin:
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.