Baş ağrısı bir
çox xəstəliklərin simptomudur və törədildiyi səbəbdən asılı olaraq müxtəlif xarakter
daşıya və başın bu və ya digər nahiyəsində lokalizasiya ola (yerləşə) bilər.
Baş beyinin və
onun qişalarının xəstəliklərində (araxnoidit, ensefalit, meningit) baş ağrıları
tədricən artır, böyük intensivliyə çatır, qusma ilə müşayiət olunur və, adətən,
uzun müddət davam edir, xüsusilə, beyindaxili (kəllədaxili) təzyiqin artması halları
olduqda.
Hipertoniya xəstəliyi
zamanı, miqrendə və arterial hipotenziyalarda (aşağı qan təzyiqi) damarların tonusu
və beyindaxili qan dövranı pozulur və bunun nəticəsində küt, sıxıcı, çox vaxt tutmavari
xarakterli baş ağrıları müşahidə olunur.
Baş ağrısı kəllə
boşluğunda şiş olduqda erkən simptomlardan biri olaraq, kəllədaxili təzyiqin artması
və beyin toxumasının ödeminin nəticəsində əmələ gəlir.
Göz xəstəliklərində,
o cümlədən, qlaukoma zamanı (bax: qlaukoma)
və habelə üçlü sinirin nevritində (bax: nevralgiya)
baş ağrıları olur. Axırıncı halda ağrı tutmalar şəklində olaraq, zədələnmiş tərəfdə
lokalizasiya olur (yerləşir).
Baş ağrısı kəskin
infeksion xəstəliklərin simptomu kimi də təzahür edə bilər. Bu halda o, bədən hərarətinin
yüksəlməsi ilə müşayiət olunur.
Bundan başqa
anemiyalar zamanı (bax: anemiya) beyin
toxumasının oksigenlə təchiz olunmasının pozğunluqlarında, onurğa sütununun osteoxondrozunda
(bax: osteoxondroz) və bir sıra digər
hallarda baş ağrısı əsas simptomlardan biridir.
Bir çox hallarda baş ağrısı emosional
stresin nəticəsi ola bilər. Baş ağrısı hallarının əksəriyyəti hədsiz gərginlik və
yorğunluqla əlaqədardır. Bu hallarda baş ağrısı, əsasən, axşamlar, gərgin iş günündən
sonra narahat edir. Bu zaman aspirinin və ya digər yüngül ağrıkəsici dərmanın qəbulu
kifayət edər. Bir qədər istirahət, təmiz havada gəzinti, sakit şərait və yuxu –
bunlar da kömək edə bilər. Bundan başqa başın və boyunun yüngül massajı, isti kompres
və yaxud ilıq su ilə başın yuyulması yüngüllük gətirər.
Bəzi məşğələlər də kömək edə bilər:
başı aşağı sallayaraq, tədricən sağa, arxaya və sola çevirin, əvvəlcə bir tərəfə,
sonra digər tərəfə yavaş-yavaş davam etdirin. Çalışın çiyin əzələlərini möhkəm yığaraq,
başın, üzün dərisini gərildəsiniz, boyun və çənə əzələlərini gərginləşdirəsiniz.
Beləcə, 30 dəfə təkrar edin, sonra tam boşaldın.
Əgər baş ağrısının səbəbi aclıqdırsa,
yemək lazımdır.
Baş ağrıları zamanı müdrik xalq təbiblərinin
də bir çox məsləhətləri var:
- Limonlu tünd şirin çay içmək;
- 1 xörək qaşığı qurudulmuş süpürgə kolunun (veresk) cavan budaqları 0,5 litr qaynar suda dəmlənir, gündə 1 stəkan içilir;
- ingilis vasitəsi: 2 çay qaşığı bal, 2 çay qaşığı alma sirkəsi 1 stəkan suda qarışdırılaraq, 30 gün ərzində gündə 1 stəkan içilir;
- rus təbibləri məsləhət görürlər: 20 q arı yapışqanını (propolis) 100 q spirtdə həll edin və 40 damcı çörək üzərinə hopduraraq, yeyin;
- təzə kəsilmiş limon qabığını (2 sm) ağ maddədən ayıraraq, nəm hissəsini gicgah nahiyəsinə qoyun və bir müddət saxlayın. Az sonra qabığın altında qırmızı ləkə əmələ gələcək və bir az yandıracaq və qaşınacaq. Baş ağrısı kəsiləcək;
- yağı otundan (ivan-çay) hazırlanmış müalicəvi çay və salat baş ağrılarından xilas edə bilər.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.