BRONXİT


Bronxit – bronxların, başlıca olaraq, onların selikli qişasının iltihabıdır. Bronxlar nəfəs borusundan (traxeyadan) ayrılaraq ağ ciyərlərə (və əksinə, ağ ciyərlərdən) hava daşıyan boruvari şaxələnmiş sistemdir.

Bronxit – tənəffüs sisteminin ən yayılmış xəstəliyi olaraq, kəskin və xroniki formalara ayrılır.

Kəskin bronxitin törədicisi respirator virus infeksiyasıdır. Çox vaxt bronxit nəfəs borusunun (traxeit), qırtlağın (laringit), udlaq və burun boşluğunun (rinofaringit) iltihabı ilə birgə təzahür edir. Bronxitin yaranmasına şərait yaradan faktorlardan soyuqlamanı, siqaret (papiros) çəkməni, spirtli içki qəbulunu göstərmək olar. Bəzən kəskin bronxit fiziki (isti və yaxud soyuq hava) və ya kimyəvi (qıcıqlandırıcı qazlar) faktorların təsirindən də əmələ gələ bilər.

Xəstəlik öskürək, ümumi halsızlıq və döş sümüyünün arxasında yanğı hissi ilə başlayır. Bədənin hərarəti, adətən normal, bəzən subfebril (37o-38oC) olur. Bir neçə gündən sonra bəlğəm gəlir, öskürək yumşalır və az əziyyət verir, xəstənin halı yüngülləşir. Xəstəlik, bir qayda olaraq, 1-2 həftə davam edir, lakin bəzən öskürək 1 aya qədər və daha çox qala bilər.

Xəstəyə, xüsusən birinci günlər, yataq rejimi məsləhətdir. Siqaret (papiros) çəkmək qəti qadağandır. Bol isti maye (çay, moruq və ya cökə dəmləməsi, isidilmiş qələvi mineral su) qəbul etmək lazımdır. Xardal yaxması, istiotlu yapışqan plastır, isti ayaq vannaları faydalıdır. 2%-li natrium hidrokarbonat inhalyasiyası (buxarı ilə nəfəs almaq), bəlğəmgətirici preparatların (termopsis, bromheksin, mukaltin və s.) qəbulu məsləhətdir. Virus əleyhinə preparatlar (zərdab immunoqlobulini, interferon) və bronxolitiklər (bronxları genişləndirən dərman preparatları - efedrin, eufillin, solutan və s.) həkimin məsləhəti ilə təyin edilir. Antibiotiklərin qəbulu (rentgenoloji olaraq pnevmoniya yoxdursa) məsləhət deyil.

Xroniki bronxit daha ciddi xəstəlik olaraq, bronxların diffuz və, bir qayda olaraq, geridönməz zədələnməsidir ki, bir çox hallarda tənəffüs və qan dövranı funksiyalarının pozulması ilə nəticələnə bilər. Xroniki bronxitin axır on illiklərdə, xüsüsilə, sənayecə inkişaf etmiş ölkələrin əhalisi arasında artması tendendensiyası müşahidə olunur. Xroniki bronxitin yaranma səbəblərinin əsasını atmosfer havasına qarışmış zərərli faktorların (tütün tüstüsü, böyük şəhərlərdə nəqliyyatın işlənmiş qazı, sənaye, istehsalat çirklənmələri və s.) bronxların selikli qişasına davamlı olaraq təsiri təşkil edir.

Funksional xüsusiyyətlərinə görə xroniki bronxit - obstruktiv (və bunun bir forması olan astmatik) və qeyri obstruktiv; habelə, bəlğəmin xarakterinə görə - kataralirinli ola bilər.

Xroniki bronxit qadınlara nisbətən, kişilər arasında daha çox yayılmışdır. Xəstəliyin əsas əlaməti bəlğəmli öskürəkdir. Xəstəlik, adətən, orta yaşlarda başlayır və 40-50 yaşlarda formalaşır. Xəstəliyin kəskinləşməsi, başlıca olaraq, soyuqlama, əlverişsiz iqlim şəraiti, respirator virus infeksiyası ilə əlaqədardır və bu zaman öskürəyin güclənməsi, bəlğəmin artması, irinli xarakter alması, subfebril bədən hərarəti (37o-38oC), üşütmə, tərləmə, ümumi halsızlıq müşahidə olunur. Obstruktiv bronxitlər zamanı göstərilən simptomlara təngnəfəslik də əlavə olunur.
Vaxtında, erkən stadiyalarda müalicə olunmadıqda, xroniki bronxit ciddi ağırlaşmalara (ağ ciyərlərin emfizeması, ağ ciyər-ürək çatışmazlığı və s.) nəticələnə bilər ki, bu da müalicənin effektini heçə endirə bilər. Əsas şərtlər - siqaret (papiros) çəkməkdən və digər zərərli adətlərdən imtina etmək, istehsalatın zərərli faktorlarının təsirini aradan qaldırmaqdır.
Kəskinləşmə dövründə ev şəraitində yarım yataq rejiminin gözlənilməsi məsləhət görülür. Geniş spektrli antibiotiklər və digər antibakterial preparatların adi dozaları, bəlğəmgətirici vasitələrdən - qələvi mineral sular, 3%-li kalium yodid, gülxətminin, termopsisin dəmləməsi (gündə 10 dəfəyədək), 2%-li natrium hidrokarbonatla və ya 2%-li natrium xlorid (xörək duzu) məhlulu ilə inhalyasiyalar (buxarı ilə nəfəs alma) təyin edilir. Vitaminlərdən (A, B1, B6, B12, C) və biostimulyatorlardan (aloe və s.) istifadə olunur. Müalicə həkim nəzarəti altında aparılmalıdır.
Kəskinləşmələrarası dövrdə (remissiya dövrü) möhkəmləndirici proseduralar, tənəffüs gimnastikası, bəlğəmgətirici və bəlğəm duruldan vasitələrdən istifadə edilməsi, bəzi fizioterapevtik metodlar - döş qəfəsinin vibromassajı, askorbin turşusu ilə elektroforez və s. faydalıdır.

Xalq təbabətinin də bronxitlərin qarşısının alınmasında və müalicəsində əvəzolunmaz rolu var. Bronxitlər zamanı bal və şəkər qatılmış təzə hazırlanmış soğan şirəsi əla vasitələrdəndir:
  • 500 q baş soğan ət maşınından keçirilərək, üzərinə 1 litr su, 50 q bal, 400 q şəkər tozu əlavə edilir, 2 saat ərzində zəif odda qaynadılır, soyudulur. 2 xörək qaşığı gündə 3 dəfə qəbul edilir. (Qarışığı ağzı möhkəm bağlanmış qabda saxlamaq lazımdır).
Spirtə qoyulmuş narıngi (mandarin) qabığı, kəklikotu, dəvədabanı dəmləmələri faydalıdır. Şam tumurcuğunun dəmləməsi effektlidir:
  • 1 xörək qaşığı şam tumurcuğu 1 stəkan suda çay kimi dəmlənir və 1/4 stəkan gündə 3-4 dəfə içilir.
Qara turp şirəsi də faydalıdır:
  • qara turpu sürtgəcdən keçirərək, tənziflə sıxmaq və 1 stəkan şirəyə 400 q bal qatmaq lazımdır. 2 xörək qaşığı günorta yeməkdən qabaq və axşam yatmazdan qabaq qəbul edilir.
Çox qədim dövrlərdən bronxitə qarşı kələmdən istifadə olunur. Hələ qədim Romalılar qırmızıbaşlı kələmin təzə yarpaqlarından şirə çəkərək 1-2 çay qaşığı gündə 3 dəfə içirdilər. Bal qatılmış qaynadılmış kələm və kələm şirəsinin siropu müalicəvi təsirə malikdir:
  • 4 hissə şirə və 1 hissə şəkər qarışdırılaraq zəif odda təxminən mayenin yarısı buxarlananadək qaynadılır. 1 çay qaşığı gündə 2-4 dəfə qəbul edilir.
Polşa təbibləri bronxitlərdə lavanda çiçəyinin və çobanyastığının dəmləməsini məsləhət görürlər.
Bronxit zamanı ingilis xalq vasitələri:
  • 2 xörək qaşığı qliserin, 1 limonun şirəsi və 200 q bal qarışdırılır, 1 çay qaşığı gündə 2 dəfə qəbul edilir;
  • çiçəklənmə periodunda yığılmış yasəmən yarpağından çay;
  • 2 baş sarımsaq və 5 limon sürtgəcdən keçirilərək üzərinə 1 litr qaynadılmış su əlavə edilir, 5 gün saxlanılır, sonra tənzifdən süzülür və tənzif sıxılır. 1 xörək qaşığı gündə 2 dəfə yeməkdən 20 dəq. qabaq qəbul edilir;
  • çiçəklənmə periodu və yaxud payızın sonunda yığılmış moruq kökü (50 q - 0,5 litr suya) 30-40 dəq. zəif odda qaynadılır, 1/4 stəkan gündə 2-3 dəfə qəbul edilir.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.