REVMATİZM


Revmatizm (xalq arasında «yel xəstəliyi») - birləşmiş toxumanın sistemli iltihabi xəstəliyidir. İinfeksiyanın törədicisi A qrupdan olan betta-hemolitik streptokokdur. Patoloji proses, başlıca olaraq, ürək qan-damar sistemində və habelə oynaqlarda, dəridə və digər orqanlarda inkişaf edir. Revmatizm, əsas etibarı ilə, cavan adamlarda müşahidə edilir. 

Xəstəlik, əksər hallarda, 15 yaşadək, xüsusilə, 7-15 yaş hüdudunda uşaqlarda əmələ gəlir. Böyüklərdə revmatizm, bir qayda olaraq, uşaq yaşlarında başlamış xəstəliyin davamı kimi qiymətləndirilir. 3 yaşadək uşaqlar və 40-45 yaşdan yuxarı şəxslər çox nadir hallarda xəstələnirlər. Revmatizmin qapalı kollektivlərdə (internatlarda, hərbi kazarmalarda), adətən, kəskin respirator infeksiyanın (xüsusilə, anginanın) yayıldığı zaman inkişaf etməsi müşahidə edilir.
Təsdiq edilmişdir ki, xəstələrin əksəriyyətində revmatizm keçirilmiş angina, faringit (udlağın iltihabı), rinit və yaxud skarlatinadan sonra təzahür edir.

Revmatizmin zədələdiyi başlıca orqan ürəkdir (kardit). Alimlərin obrazlı şəkildə deyilmiş «revmatizm oynaqları yalayır, ürəyi dişləyir» ifadəsi bunu təsdiq edir. Ürəyin hansı qişasının - perikard, miokard və yaxud endokardın zədələnməsindən asılı olmayaraq (çox zaman bunları ayırmaq da çətin olur), adətən «revmatik kardit» («revmokardit») terminindən istifadə edilir.

Revmokarditin ən xarakter simptomları ürəkdöyünmə, azacıq fiziki gərginlikdən və yaxud heç bir gərginlik olmadan təngnəfəsliyin olması, ürək nahiyəsində ağrı və ya ağırlıq hissi, ürək fəaliyyətinin bərabər ritminin pozulmasıdır. Qeyd etmək lazımdır ki, uşaqlar, böyüklərdən fərqli olaraq, demək olar ki, şikayətlənmirlər. Halbuki, instrumental müayinə zamanı ürəkdə aşkar edilmiş dəyişikliklər onlarda daha qabarıq olur.

Revmatik poliartrit başlıca olaraq iri və orta oynaqların (diz, bilək, aşıq-baldır oynaqlarının) iltihabı ilə xarakterizə olunur. Həm sakit halda, həm də hərəkət zamanı bərk ağrılar qeyd edilir. Oynaq şişmiş və toxunduqda qızmış ola bilər. Əksər hallarda bədən hərarəti yüksəlmiş olur. Revmatizm zamanı poliartrit simmetrikliyi (hər iki ətrafda eyni oynaqların prosesə cəlb olunması) və miqrasiya edici xarakteri (növbə ilə müxtəlif oynaqların patoloji prosesə cəlb edilməsi) ilə seçilir. Bundan başqa, poliartrit əlamətlərinin təzahür etdiyi period uzun müddətli olmur (4 həftəyədək) və prosesin tam geriyə inkişafı, hətta müalicəsiz belə, mümkündür. Poliartrit çox zaman revmokarditlə müştərək təzahür edir.

Revmatizmin dəri forması olan dairəvi eritema - gövdənin, qolların dərisində dairəvi formalı çəhrayı səpgilər - əsasən, uşaq və yeniyetmələrdə müşahidə olunur. Revmatik düyüncüklər gövdənin, ətrafların, xüsusilə, dirsək və diz oynaqları nahiyəsində, habelə başın ənsə nahiyəsinin yumşaq toxumalarında müəyyən edilir. Onlar, adətən, kiçik ölçülü, ağrısız olur və müalicəsiz sovrulub gedirlər.

Revmatizm zamanı mərkəzi sinir sisteminin zədələnməsi kiçik xoreya şəklində biruzə verir və əsasən uşaqlarda müşahidə olunur. Müəyyən əzələlərin və ya əzələ qruplarının məcburi yığılması ilə, əzələ tonusunun enməsi ilə xarakterizə olunur.

Revmatizmin aktiv və qeyri-aktiv fazaları ayırd edilir. Aktiv faza revmatizmin əlamətlərinin biruzə verməsi və müvafiq laborator-instrumental müayinə zamanı dəyişikliklərin aşkar edilməsi ilə xarakterizə olunur. Qeyri-aktiv faza dedikdə isə, nə vaxtsa revmatik «hücuma» məruz qalmış xəstədə hal hazırda xəstəliyin heç bir klinik əlamətinin aşkar edilmədiyi dövr nəzərdə tutulur.

Revmatizmin gedişinin klassik variantı onun kəskin, «hücum» şəklində olmasıdır. Bu gediş, adətən, uşaqlarda müşahidə olunur və klinik əlamətlərin qabarıq biruzə verməsi ilə xarakterizə olunur.

Revmatizmin aktiv fazada müalicəsi stasionar şəraitində aparılmalıdır. Revmokardit zamanı ciddi həkim nəzarəti altında qlükokortikosteroid preparatları, asetilsalisil turşusu (aspirin) və yaxud digər qeyri steroid iltihab əleyhinə preparatlar (indometasin, voltaren), habelə antibiotiklər təyin edilir. Qeyd etmək lazımdır ki, həkim nəzarəti olmadan dərman preparatları ilə özünü müalicə qəti surətdə yol verilməzdir. Hətta adi aspirin belə nəzarətsiz qəbul edildikdə, mədə-bağırsaq sistemində arzuolunmaz pozğunluqlara, məsələn, xora xəstəliyinə və s. səbəb ola bilər.

Bu baxımdan xalq təbabəti vasitələri tamamilə təhlükəsiz və müalicəvi təsirinə görə kifayət qədər effektlidir.
Rusiya təbiblərinin qədim zamanlardan revmatizm əleyhinə geniş tətbiq etdikləri vasitələrdən tozağacı tumurcuqlarını göstərmək olar. Sürtgü vasitəsi kimi tumurcuqların araqda və spirtdə tinkturası və habelə məlhəmi revmatizmin müalicəsində ən təsirli vasitədir. Hazırlanma qaydası:
  • təqribən 800 q duzsuz inək yağı və tozağacı tumurcuqları təbəqə-təbəqə (hər təbəqə 1 sm qalınlığında) gil qaba, qab dolanadək yığılır. Sonra qabın ağzı qapaqla kip örtülür və qapağın kənarları xəmirlə yapışdırılır və 24 saatlıq isti sobada yerləşdirilir. Bundan sonra tumurcuqlardan yağ sıxılır və üzərinə 1 xörək qaşığı toz halınadək üyüdülmüş kamfora əlavə edilir. Alınmış məlhəm soyuq yerdə kip bağlı halda saxlanılır. Axşamlar, yatmazdan qabaq bütün ağrılı nahiyələrə sürtülür.
Hal hazırda digər effektli vasitələr də tətbiq edilir:
  • ağrılı nahiyəni tam örtə bilən ölçüdə yumşaq parça ağ neftdə isladılır, yüngülcə sıxılır və xəstə yerə qoyulur, üzərinə qalın dəsmal örtərək bərkidilir. Bir müddətdən sonra həmin yerdə yanğı hissi əmələ gələcək. Əgər yanğı çox dözülməz olarsa, sarğını bir qədər boşaltmaq lazımdır (açmaq lazım deyil). Sarğını 30 dəqiqədən 2 saatadək saxlamaq, sonra açaraq həmin yerə vazelin sürtmək lazımdır;
  • 20-30 q mərsin (brusnika) yarpağının üzərinə 3 stəkan qaynar su əlavə edərək 10 dəqiqə qaynatmaq, süzmək və alınmış mayeni gün ərzində 3 dəfəyə içmək lazımdır (bu vasitə oynaq revmatizmində kömək edir).
Bundan başqa ağ söyüd qabığı, meşə gilası qabığı, şam tumurcuqları, zoğal kökü, qıtığotunun, adi gəcəvərin (air) kökü, qovunun içi, qoz yarpağı və yaşıl qabığı, ayıdöşəyi kökü, dərman zəncirotunun şirəsi və cavan yarpaqları, şirin bibər, quşarmudu, itburnu meyvəsi, çöl qatırquyruğu otu, çobanyastığı gülü geniş tətbiq edilir. Həlim, dəmləmə və yaxud tinktura şəklində, onlar həm daxilə qəbul etmək üçün, həm də xaricə (islatma, sürtmə, vanna kimi) istifadə olunur.
Orta Asiyada revmatizm zamanı çaytikanı (oblepixa) yarpağından kompres edirlər.
Sibir xalq vasitəsi - Sibir kedrinin qabığından həlim və yaxud araqda tinkturası geniş istifadə edilir.
May ayında, yarpaqlar cavan olduğu zaman, pıtraq (lopux) yarpağı ilə xəstə yerləri yaxşıca bürümək lazımdır.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.