MÜƏLLİFDƏN





Dəyərli oxucu!

Nəzər-diqqətinizə təqdim olunan kitab hörmətli şairimiz Osman Sarıvəllinin məşhur kəlamı ilə başlayır. Bu kəlamın epiqraf kimi qəbul edilməsi təsadüfi deyil. Bu sözlər ədəbi-bədii fikrin, fəlsəfi mənanın daşıyıcısı olmaqla yanaşı, sırf tibbi nöqteyi nəzərdən də misilsiz qiymətə malikdir.

Həqiqətən də, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən (bunu alimlər də öz elmi tədqiqatları ilə təsdiq edirlər), insan sağlamlığının cəmi 10%-i tibb elmindən, təbabətdən, səhiyyədən asılıdır. Qalan 20%-i genetika (irsi xüsusiyyətlər) ilə, 20%-i ekoloji, yəni ətraf mühit faktorları ilə və 50%-i sosial-ictimai faktorlarla - həyat tərzi ilə, professional fəaliyyətlə (iş şəraiti ilə), maddi-iqtisadi vəziyyətlə və s. bağlıdır. Bu faktorların böyük əksəriyyəti insan fəaliyyətinin məhsuludur. Atmosferin, su hövzəsinin çirklənməsi, təbii bitki örtüyünün, bir çox canlı orqanizmlərin məhv edilməsi, təbii ehtiyatların qeyri səmərəli istifadəsi, ozon dəliyi, nüvə sınaqları, radiasiya və s. bu kimi mənfi faktorlar təbii proseslərin bütövlükdə, Yer kürrəsi miqyasında pozulmasına gətirib çıxarır.

Əlbəttə, bu qlobal, ümumbəşəri problemdir. Lakin, bununla yanaşı, bir sıra faktorların insan orqanizminə mənfi təsirinin aradan qaldırılması cəmiyyətin hər bir üzvünün ayrı-ayrılıqda aktiv iştirakını tələb edir. Belə ki, düzgün qurulmuş həyat tərzi, səmərəli əmək və istirahət rejimioptimal peşə yönümü, rasional qidalanma, zərərli vərdişlərdən (papiros, alkohol) əl çəkmək və ssağlamlığın qorunmasında mühüm əhəmiyyətə malikdir.

Təbabətin də rolu yalnız, xəstələrə ixtisaslaşmış tibbi yardımın göstərilməsi ilə məhdudlaşmır. Əsas şərt xəstəliyin əmələ gəlməsinin qarşısının alınmasıdır ki, bu da, ilk növbədə, xəstəliyin yaranmasına şərait yaradan faktorların aşkar olunaraq, aradan qaldırılmasından ibarətdir. Təbabətin vəzifəsi bu işdə hər birimizə kömək etmək, düzgün istiqamət verməkdir. 

Təqdim olunan kitab gündəlik həyatımızda ən çox təsadüf edən, bizi tez-tez narahat edən, bəzən lazımi diqqət yetirmədiyimiz, bəzən isə əksinə, xəyalımızda həddən çox şişirtdiyimiz, qorxub çəkindiyimiz, bir sözlə, heç kəsə arzu etmədiyimiz xəstəliklərə və patoloji hallara həsr edilmişdir.

        Kitabda müxtəlif xəstəliklərin və yaxud patoloji halların əmələ gəlmə səbəbləri, gedişinin xüsusiyyətləri və müalicə tədbirləri barədə lazımi məlumat öz əksini tapmışdır. Əsas məqsəd isə bu və ya digər xəstəliyin, patoloji halın profilaktikası, yəni əmələ gəlməsinin (artıq əmələ gəlmişdirsə, onun inkişafının, kəskinləşməsinin, ağırlaşmasının, fəsadlaşmasının) qarşısının alınması tədbirləri ilə oxucunu tanış etmək olmuşdur.

       Ümumiyyətlə, hər hansı bir xəstəlik barədə (hətta, bu xəstəliyin bizə aidiyyatı olmadığı halda belə), azacıq da olsa, məlumata malik olsaq, həmin xəstəliyin əmələ gəlməsinin qarşısını almaq üçün ilk addımı atmış olarıq.

   Xəstəliyin müvəffəqiyyətli müalicəsi üçün ən əsas şərt – onun erkən diaqnostikası, başqa sözlə, xəstəliyin vaxtında, ilkin stadiyalarda aşkar edilməsidir. Xəstəlik nə qədər tez aşkar edilərsə, xəstənin sağalma şansı bir o qədər çox olar. Ona görə də, bu və ya digər xəstəlik, patoloji hal və yaxud xəstəliyin əlaməti, simptomu barədə hər birimizdə ümumi anlayışın olması son dərəcə vacibdir.

      Bununla yanaşı xüsusi olaraq vurğulamaq lazımdır ki, xəstəlik barədə heç bir informasiya ixtisaslaşmış tibbi müayinəni, praktik həkimin nəzəri bilik və təcrübəsini əvəz edə bilməz. Heç bir dərman preparatını, hətta bu adi aspirin və yaxud vitamin olsa belə, həkimlə məsləhətləşmədən qəbul etmək olmaz.

     Kitabda əsrlərin süzgəcindən keçmiş və bu günümüzə qədər öz aktuallığını, şəfa gücünü itirməmiş, əksinə, getdikcə daha aktiv təbliğ olunan xalq təbabətinə geniş yer ayrılmış, təbii vasitələrin tətbiqi, onlardan istifadə etmə qaydaları barədə məlumat verilmiş, müxtəlif xalqların təbiblərinin təcrübəsindən misallar gətirilmişdir.

          




1 comment:

Şərhlərinizi bura yaza bilərsiniz.