QƏBİZLİK


Təəssüflər olsun ki, belə narahatlıq və kifayət qədər əziyyət verən hal - çoxlarında təsadüf olunur. Qeyd etmək lazımdır ki, yanlış olaraq yaşlı adamların qisməti kimi qiymətləndirilən qəbizlik, son zamanlar yaşdan asılı olmayaraq, bütün yaş həddlərində geniş yayılmışdır.

Bağırsaqların boşalmasının, hər hansı bir üzvi xəstəliklə əlaqəsi olmadan, uzun müddətli pozulması (iki gündə bir dəfədən az olması və yaxud tam boşalmaması) adi qəbizlik adlandırılır.
Qəbizliyin əmələ gəlməsinə bir sıra faktorlar, əsasən də psixogen faktorlar təkan verir. Bu hallar daha çox depressiv vəziyyətlərdə müşahidə olunur. Qorxu, həyəcan, inamsızlıq çox vaxt qəbizliyə gətirib çıxarır.
Funksional adi qəbizlik yaşlı, ahıl adamlarda daha tez-tez müşahidə olunur. Buna səbəb hərəkət aktivliyinin məhdudlaşmasıdır. Yeri gəlmişkən, hipodinamiya orta və hətta cavan yaşlarda da qəbizliyin əmələ gəlməsində vacib rol oynayır. Bəzən həyat tərzinin və qidalanma xarakterinin kəskin şəkildə dəyişdirilməsi qəbizliyin əmələ gəlməsinə təkan ola bilər.
Kalium duzlarının, B qrupu vitaminlərinin qidada çatışmazlığı, defekasiya aktının utanma hissi ilə və yaxud qeyri məqbul şəraitlə əlaqədar süni surətdə qarşısının alınması da müəyyən rol oynayır. Büzüşdürücü vasitələrin (yerli olaraq dərinin və selikli qişaların müxtəlif zədələnmələrində, mədə xorasında, kolitlərdə istifadə olunan preparatların) qəbulu zamanı əmələ gələn medikamentoz qəbizliyi də unutmaq olmaz.

Təbii ki, qəbizlik əhval-ruhiyyəyə mənfi təsir göstərir. Xroniki qəbizliyi olan adamların dilinin üstü ərplə örtülür, baş ağrıları olur, iştah itir. Qəbizlikdən əziyyət çəkənlər qaradinməz, əsəbi olurlar, özünə qapanırlar, qüssəli, qəmli xəyallara dalırlar.

Qəbizlik zamanı qidalanma rejimini gözləmək lazımdır. Əgər qəbizliyin müalicəsi, xüsusən, işlətmə dərmanlarından istifadə etməklə aparılan müalicə, həkimin təyinatı və nəzarəti altında aparılmalıdırsa, onun qarşısının alınması hər kəsin bilavasitə öz işidir və həyat tərzi ilə sıx əlaqədardır.
Vacib profilaktik tədbir sağlamlıq vəziyyətindən asılı olaraq, mümkün qədər fiziki aktivlikdir. Qarın presinin məşqi daxil olmaqla, gündəlik səhər gimnastikası, qaçış, piyada gəzintilər, oturaq iş zamanı mütəmadi əl-qolun, bədənin açılışması üçün hərəkətlər - bütün bunlar bağırsaqların normal fəaliyyətinə şərait yaradır.

Hansı bitki mənşəli məhsullar qəbizliyə meyillilik zamanı yumşaldıcı (işlədici) təsirə malikdir? Əsaslarının adını çəkək: çiy balqabaq, kahı, şalğam, turp. Qəbizlik və babasil zamanı qovun, yerkökü, kələm şirəsi və yaxud turşusu, yetişmiş böyürtkən, üzüm də yumşaldıcı təsirə malikdirlər. Şirələrdən ən yaxşı işlədicilər - gavalı, çuğundur, yerkökü, ərik, kartof şirələridir.

Uzun müddət qəbizlikdən əziyyət çəkən uşaqlara yoğun bağırsağın fəaliyyətini bərpa etmək üçün daha təsirli tədbirlərin görülməsi məsləhətdir. Bir neçə xörək qaşığı yulaf təmizlənərək, yaxşıca yuyulur və toz halınadək üyüdülür. Gündə 1 dəfə yeməyə qatılaraq minimal dozalardan (bıçağın ucunda) başlayaraq 1-2 gün qəbul edilir. Sonra doza tədricən artırılır (1/4 - 1/2 çay qaşığınadək) və müsbət effekt alınanadək davam etdirilir.

Bağırsaq işləməsinə mane olan qida məhsulları - tünd çay, kakao, qara qəhvə, şokolad, zoğal, nar, xurma, mərsin, qaragilə, armud, sıyıqlar (qarabaşaq sıyığından başqa), makaron məmulatları, kisellər, kəsmik, zərif pendirlər, ağ çörək, qaynar maye və yeməklər, təbii qırmızı çaxır, tünd ədviyyatlar, - rasiondan çıxarılmalıdır.

Proktoloq mütəxəssislər və xalq təbabəti işləməni yüngülləşdirmək üçün buğda kəpəyindən aşağıdakı sxem üzrə istifadə olunmasını məsləhət görürlər:
  • I sikl: 10-12 gün ərzində 1 çay qaşığı kəpəyin üzərinə 1 stəkan qaynar su əlavə edərək soyutmaq və süzmək lazımdır. Əldə olunan yumşaq kütlə yeməklə gündə 3 dəfə qəbul edilir;
  • II sikl 2 həftə davam edir və kəpəyin dozası hər qəbulda 2 xörək qaşığına qədər artırılır və gündə 3 dəfə yeməklə qəbul edilir;
  • III sikl: bundan sonra 2 ay müddətində kəpəyi quru halda 2 çay qaşığı miqdarında gündə 2-3 dəfə qəbul etmək məsləhət görülür.
Onu da qeyd etmək lazımdır ki, həzm orqanlarının hər hansı birində iltihabi prosesin olması buğda kəpəyinin qəbulu üçün qəti əksgöstərişdir. Bu zaman kobud üyüdülmüş undan hazırlanmış çörəkdən istifadə etmək lazımdır.

Xalq təbabəti qəbizliyə qarşı bir sıra vasitələr təklif edir. Belə ki, təzə soğan qəbizliyin qarşısını alır. Yüngül işlətmə effektinə çovdar çörəyi, itburnu, qarağat, qarpız, çuğundur, adi mayaotu malikdirlər.
Əziyyət verici qəbizlik zamanı balla qarışdırılmış təzə çuğundur şirəsi məsləhət görülür. Çiy balqabaq, gavalının və yaxud yulafın həlimi, qara turp şirəsi, qatıq, qurudulmuş albalı, alma və yaxud murdarça qabığından hazırlanmış çay çox faydalıdır. Yüngül işlədici kimi xiyar tutmasından da istifadə edilir. Tutmanı hazırlamaq üçün xiyarı 1 ay duzlu suda saxlamaq lazımdır. Kələm tutması da effektlidir.
İşlədici imalə üçün xırdalanmış kətan (yulaf, arpa) toxumunun dəmləməsi məsləhət görülür:
  • 1 xörək qaşığı toxum 4 stəkan suda qaynadılır, süzülür və üzərinə 1 xörək qaşığı xörək duzu və yaxud da 2 xörək qaşığı kətan və ya çətənə yağı əlavə edilir. İmalə üçün məhlul ilıq olmalıdır.
Qəbizlikdə təzə və ya konservləşdirilmiş portağal və yaxud portağal şirəsi də kömək edir. Amma, mədə-bağırsaq xorası zamanı və artmış turşuluqlu qastritlərdə bu şirə əksgöstərişdir.


Buyurun, izləyin:




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.