Osteoxondroz onurğanın distrofik xəstəliyi olaraq, əsasən,
fəqərələrarası disklərin (başlıca olaraq onurğanın boyun və bel şöbələrində) zədələnməsi
ilə xarakterizə olunur. Daha çox 30 yaşdan yuxarı adamlarda müşahidə olunur.
Osteoxondrozun əmələ gəlməsində irsi meyilliliyin və habelə
yaşla əlaqədar dəyişikliklərin rolunu göstərmək olar. Bundan başqa infeksiya, intoksikasiya,
ağır fiziki iş və s. osteoxondrozun inkişafına səbəb ola bilər.
Onurğanın ən həssas hissəsi fəqərələrarası qığırdaq diskləridir.
Onlar regenerasiya (bərpa olma) qabiliyyətinə malik deyil və qanla pis təchiz olunurlar.
35-40 yaşlarına diskin bütün elementlərinin, - nüvəsinin, fibroz çevrəsinin və hialin
lövhəsinin bərkiməsi və quruması müşahidə olunur. Bu fonda ikincili olaraq spondilyoz
- fəqərə cisminin kənarında sümük çıxıntıları (osteofitlər) inkişaf edir. Spondilyoz
başlıca olaraq onurğanın boyun şöbəsində olur. Bel şöbəsində isə, çox vaxt, fəqərələrarası
qığırdaq diskin tamlığının pozulması (çatların əmələ gəlməsi, diskin dağılması)
nəticəsində diskin yırtığı əmələ gəlir. Sümük çıxıntıları (osteofitlər) və diskin
yırtıqları onurğa beyin sinirlərinin kötüklərini və habelə spinal qan damarlarını
sıxır.
Osteoxondrozun klinik təzahürləri müxtəlifdir. Onurğanın boyun
şöbəsinin osteoxondrozuna boyun ardında, kürəklər arasında ağrı, çiyinlərdə ağırlıq
hissi, boynun hərəkiliyinin məhdudlaşması və hərəkəti zamanı ağrının artması, gecələr
əl barmaqlarının keyiməsi xarakterikdir. Onurğa qan damarlarının sıxılması baş beyinin
qanla təchizatının pozulmasına gətirib çıxarır, və bu da baş ağrıları, başgicəllənmə,
gözlərdə qaralma ilə təzahür edir.
Onurğanın döş şöbəsinin osteoxondrozu kürək əzələlərinin tez
yorulması ilə, uzun müddət ayaq üstə dura bilməməklə, onurğa boyu daimi, monoton,
əzabverici ağrılarla biruzə verir.
Bel osteoxondrozu gözlənilmədən başlayır və ilk vaxtlar buna
əhəmiyyət verilmir. Xəstədə gövdəni irəli bükən zaman yorğunluq hissi, azacıq ağrı
olur ki, bədən düzələn zaman tez bir vaxtda keçib gedir. Tədricən bu hallar daha
da daimi, uzun müddətli olur və aktiv gülüş, öskürək, asqıraq zamanı da biruzə verir.
Osteoxondrozun müalicəsi başlıca olaraq konservativ metodlarla
aparılır. Kompleks konservativ tədbirlərə onurğa sütununun yüklənməsinin azalması
rejimi, protez-ortopedik vasitələr (onurğanın dartılmasının müxtəlif növləri və
onun xüsusi yaxalıqlar və ya korsetlər vasitəsilə fiksə edilməsi), fizioterapevtik
proseduralar və əzələlərin boşalmasına, ağrının kəsilməsinə yönəldilmiş dərman vasitələri
və habelə refleksoterapiya aiddir. Xüsusi göstəriş olduqda həkim manual terapiya
da apara bilər. Kompleks müalicədə müalicəvi bədən tərbiyəsi - isti suda fiziki
məşqlər, müalicəvi gimnastika və massaj vacib yer tutur.
Konservativ müalicənin effekti olmadığı hallarda, xüsusi göstəriş
olduqda operativ müdaxilə (cərrahi) aparılır.
Osteoxondrozun kəskinləşməsinin qarşısını almaq üçün bədən
çəkisinə nəzarət, aktiv həyat tərzi, bədən tərbiyəsi, idman (yüngül atletika, üzgüçülük),
yataq yerinin yarımsərt olması, soyuqlamadan qorunma vacib şərtlərdəndir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.