VENALARIN VARİKOZ GENƏLMƏSİ


Venaların varikoz genəlməsi – vena damarlarının xəstəliyi olmaqla, vena boşluğunun genəlməsi, onların düyünvari forma alması və venoz divarların nazilməsi ilə xarakterizə olunur.

Venaların varikoz genəlməsi müxtəlif orqanlarda, məsələn, yemək borusunda, toxum ciyəsində ola bilər. Əsasən isə, aşağı ətraf venalarının zədələnməsi qeyd edilir ki, bu da ən çox qadınlarda müşahidə olunur və çox vaxt hamiləlik zamanı başlayır.

Birincili və ikincili varikoz genəlmə ayırd edilir.
Birincili - vena divarlarının anadangəlmə zəifliyi, vena klapanlarının çatışmazlığı hallarında müşahidə olunur. Buna meyillilik yaradan faktorlardan - həddindən artıq fiziki gərginliyi, işlə əlaqədar uzun müddət piyada gəzmək və ya ayaq üstə durmaq məcburiyyətini və s. göstərmək olar.
Aşağı ətraf venalarının ikincili varikoz genəlməsi baldırın, budun dərin venalarının, qasıq venasının, aşağı boş venanın keçirilmiş trombozunun nəticəsi ola bilər.

Xəstəliyin ilkin klinik təzahürlərindən aşağı ətrafın tez yorulmasını, ayağın ağırlaşmasını, dərisində qaşınma və istilik hissini, günün axırında topuqda və baldırda şişkinliyin əmələ gəlməsini və nəhayət bud və baldırda venaların nəzərə çarpacaq dərəcədə genəlməsini göstərmək olar. Bu genəlmə tədricən artır, düyünlər əmələ gəlir. Ayaqda ağırlıq hissi, ağrı daimi olur. Baldır əzələlərində qıcolmalar (adətən, gecələr) müşahidə olunur.
Xəstəliyin gedişi müxtəlif fəsadlaşmalarla, məsələn, tromboflebitlə (bax: tromboflebit), varikoz düyünlərdən qanaxmalarla, dermatitlə, baldırda trofik yaraların əmələ gəlməsi ilə müşayiət oluna bilər.

Venaların varikoz genəlməsinin müalicəsi ilkin stadiyalarda konservativdir. Səhər, yataqdan qalxmazdan qabaq, bir balaca yuxarı qaldırılmış xəstə ətrafı elastik bintlə sarımaq lazımdır. Sarğı pəncə barmaqlarının əsasından başlayaraq, bərabər şəkildə, qabaqkı sarğının 2/3-ni örtməklə və get-gedə sarğının gərginliyini zəiflətmək şərtilə qoyulur. Baldırın ölçüsünə uyğun seçilmiş tibbi corablardan da istifadə etmək olar. Ağrını azaltmaq üçün həkimin məsləhəti ilə dəriyə venoruton, troksevazin (jele) sürtmək olar.
Xəstəliyin ilkin stadiyalarının müalicəsi zamanı, bəzən varikoz genəlmiş damara, onun obliterasiyası (damarın tutulub bağlanması) məqsədilə dərman vasitələrinin (varikosid, trombovar və s.) yeridilməsi metodundan istifadə edilir. Belə müalicə mütləq stasionar şəraitində, həkimin ciddi nəzarəti altında aparılmalıdır. Qabarıq formalı varikoz genəlmələr zamanı bu müalicə metodu az effektli və bəzi hallarda, hətta, təhlükəlidir. Belə ki, preparat dərin damarlara keçərək, yayılmış tromboflebitə və digər ciddi ağırlaşmalara səbəb ola bilər.
Venaların qabarıq varikoz genəlməsi zamanı əsas müalicə – cərrahidir. Cərrahi əməliyyat dərialtı damarların kəsilib çıxarılmasından, digər əlaqə venalarının bağlanmasından ibarətdir.

Venaların varikoz genəlməsi zamanı düzgün seçilmiş ayaqqabı vacib şərtlərdən biridir. Ayaqqabı rahat, möhkəm dabanlı (4 sm-dən hündür olmamaq şərtilə) və elastik pəncəli olmalıdır.

Kontrast duş və üzgüçülük aşağı ətraf damarlarına yaxşı təsir göstərir. Gün ərzində hərəkət rejimini gözləmək, ayaq üstə durma müddətini məhdudlaşdırmaq, fiziki hərəkətlər, piyada gəzinti və uzanaraq istirahət etmək vaxtını düzgün planlaşdırmaq vacibdir. Hamiləlik dövründə varikoz genəlmənin profilaktikası aşağı ətrafların kompressiyasından (elastik sarğı, tibbi corab), rasional qidalanmadan, qəbizliyin qarşısının alınmasından ibarətdir.

ABŞ, Kanada təbibləri venaların varikoz genəlməsi zamanı gicitkən yarpağının dəmləməsini, narınlaşdırılmış vizi (muskat fındığını) uzun müddət qəbul etməyi, xəstə nahiyələrə alma sirkəsi sürtməyi məsləhət görürlər.


Habelə sizə faydalı link: "Ayaqlar barədə bilmədiyiniz vacib faktlar"




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.