ÖD YOLLARININ DİSKİNEZİYASI


Öd yollarının diskineziyası - öd kisəsinin və qara ciyərdən kənar öd yollarının motor (hərəkət) funksiyasının funksional pozğunluğudur.
Öd yollarının diskineziyası çox vaxt ikincili xarakter daşıyır, yəni, hər hansı xəstəliyin nəticəsi, fəsadı kimi biruzə verir, və öd ifrazının sinir tənzimlənməsinin pozğunluğu, digər həzm orqanlarından, böyrəklərdən daxil olan patoloji impulsların, keçirilmiş hepatitin (qara ciyərin iltihabı) nəticəsində və habelə uzun müddət təbii ödqovucuların qida rasionundan çıxarılması ilə və s. əlaqədar inkişaf edir. Axır vaxtlar diskineziyanın inkişafında allergiyanın da böyük rolu olduğu aşkar edilmişdir.
Bununla yanaşı birincili diskineziyalar da müşahidə edilir ki, bu da ümumi nevrozun, endokrin xəstəliklərin, intoksikasiyaların fonunda əmələ gəlir.

Öd yollarının diskineziyası ilk növbədə sağ qabırğaaltı nahiyədə ağrı ilə biruzə verir ki, bu ağrıların da xarakteri diskineziyanın tipindən asılıdır. Diskineziyaların hipomotor (az hərəkətli), hipotonik (aşağı təzyiqli) və hipermotor (çox hərəkətli), hipertonik (yuxarı təzyiqli) tipləri ayırd edilir.

Hipomotor-hipotonik diskineziyalar zamanı ağrılar uzun müddətli, küt, sızıltılı olur.

Hipermotor-hipertonik diskineziyalar, adətən, kəskin, qısa müddətli, nadir hallarda bir saatdan çox davam edən ağrıların olması ilə fərqlənir. Ağrı tutmaları sinir-psixiki gərginliklə əlaqədar əmələ gələ bilər. Qadınlarda çox vaxt ağrıların menstrual sikllə əlaqəsi aşkar edilir.

Öd yollarının diskineziyası zamanı əsas xəstəliyin müalicəsi həlledici əhəmiyyətə malikdir. Müalicə tədbirləri diskineziyanın tipindən asılı olaraq aparılır. Hipomotor-hipotonik diskineziyalar zamanı tərkibində ödqovucu təsirə malik məhsullar, məsələn, yüksək keyfiyyətli yağlar, yumurta sarısı və s. olan yeməklər məsləhətdir. Qida gündə 4 dəfədən az olmayaraq qəbul edilməlidir. Soyuq qazlı mineral sular, duodenal zondlama (xüsusi rezin boru-zond vasitəsilə onikibarmaq bağırsaqdan sekretin çıxarılması) faydalıdır. Müxtəlif ödqovucu vasitələr yüngüllük gətirir.
Hipermotor-hipertonik diskineziyalar zamanı qidada yağların və kobud mexaniki və kimyəvi qıcıqlandırıcı təsirə malik məhsulların məhdudlaşdırılması tələb olunur. Mineral sular aşağı minerallı və az qazlı olmalı və kiçik dozalarla ilıq halda gündə 5-6 dəfə içilməlidir. Spazmolitik preparatlar (no-şpa, eufillin, papaverin, spazmolitin və s.), istilik və fizioterapevtik prosedurlar (novokainlə, dikainlə, papaverinlə elektrofarez, ultrasəs) təyin edilir.

Öd yollarının diskineziyası zamanı xalq təbabəti bir sıra bitki mənşəli müalicə vasitələri təklif edir:
  • bağlıcaotu (1 xörək qaşığı), dəmrovotu (1 xörək qaşığı), nanə (1 xörək qaşığı) 1 stəkan suda dəmlənir və gündə 0,5 stəkan qəbul edilir;
  • solmaz çiçəyi (1 xörək qaşığı 1 stəkan suda). Yeməkdən 30 dəq. qabaq sxemlə qəbul edilir. Birinci gün - 1/3 stəkan 1 dəfə; ikinci gün - 1/3 stəkan 2 dəfə; üçüncü gün - 1/3 stəkan 3 dəfə; dördüncü gün - 1/2 stəkan 3 dəfə; beşinci gün - 1/2 stəkan 2 dəfə və altıncı gün - 1/2 stəkan 1 dəfə;
  • dazıotu (2 xörək qaşığı), zəncirotu kökü (2 xörək qaşığı), solmaz çiçəyi (1 xörək qaşığı), üçyarpaq yonca (1 xörək qaşığı), çobanyastığı gülü (1 xörək qaşığı), qızıl çətir otu (1 xörək qaşığı) 0,5 litr suda dəmlənir. 1 stəkan səhər və axşam qəbul edilir.




1 comment:

Şərhlərinizi bura yaza bilərsiniz.