Nevrozlar, əsasında sinir sisteminin psixotravmatik təsir
nəticəsində müvəqqəti, başqa sözlə qayıdışlı pozğunluqları duran xəstəliklər qrupudur.
Nevrozların əmələ gəlməsinə şərait yaradan səbəblərdən orqanizmin müqavimət qabiliyyətinin
zəifləməsini və uzun müddətli yorğunluğu göstərmək olar. Nevrozların əsas klinik
təzahürləri nevrasteniya, isterik nevroz
və sayrışan hallar nevrozudur.
Nevrasteniya artmış əsəbilik, qıcıqlanma, özünü ələ
almaq qabiliyyətinin itirilməsi, tez yorulma, ağlağanlıq və qüvvətsizlik hissi ilə
biruzə verir. Belə xəstələr huşsuzluqdan, yaddaşın itməsindən, hövsələsizlikdən,
bir yerdə otura bilməməkdən və bununla əlaqədar hər hansı bir işlə məşğul olmaq
qabiliyyətinin itməsindən şikayətlənirlər. Hər hansı kiçicik qıcığa (təsirə) qarşı
qeyri adekvat reaksiya və onu dəf etmək qabiliyyətinin itirilməsi, başqa sözlə,
emosional sferaya aid pozğunluqlar xarakterikdir. Gur işıq, hündürdən danışıq, radionun,
televizorun səsi və s. qıcıqlandıra bilər. Çox vaxt bütün bunlar növbəti konflikt
üçün, qəzəb və kobudluq üçün bəhanə ola bilər.
İsteriya (isterik nevroz) - daha mürəkkəb nevrozdur. Onun əsasını artmış
emosionallıq və özünə təlqinlə əlaqədar davranış xüsusiyyətləri təşkil edir. İsterik
nevrozdan ən çox 20-40 yaşlarında qadınlar əziyyət çəkirlər. Belə xəstələrin əsas
davranış xüsusiyyətlərindən biri - ətrafdakıların diqqət mərkəzində olmağa səy göstərmək,
təəccüb, heyranlıq, paxıllıq yaratmaqdır. Belə adamlar qəribə, qeyri-adi xarici
görünüşü, geyimi ilə, özlərinin guya dramatik hadisələrlə zəngin keçmişi barədə
söhbətlərlə ətrafdakıların diqqətini cəlb etməyə çalışırlar. Gün ərzində onların
əhval-ruhiyyəsi bir neçə dəfə dəyişir - qəmgin, qanıqara hal gözlənilmədən şadlıq,
fərəh hissi ilə əvəz olunur. Qabaqlar tez-tez müşahidə olunan isterik «ürəkkeçmə»
hallarına indi çox nadir hallarda rast gəlmək olar.
Sayrışan hallar nevrozu tərkibi və formasına görə müxtəlif təlqinlərin
əmələ gəlməsi ilə xarakterizə olunur. Adətən, sayrışan hallar nevrozu təşviş, qorxu,
əhval-ruhiyyənin pozulması və habelə müxtəlif vegetativ pozğunluqlarla - taxikardiya
(«ürəkdöyünmə»), artmış tərləmə, soyuğa davamsızlıq, arterial təzyiqin dəyişkənliyi
ilə müşayiət olunur. Çox vaxt xəstələrdə kardiofobiya - ürək xəstəliyi ilə xəstələnmə
qorxusu, kanserofobiya - xərçənglə xəstələnmə qorxusu, klaustrofobiya - qapalı məkan
qorxusu və s. müşahidə olunur.
Nevrozlara, xəstəliyin təzahürlərinin tam qayıdışlı olması
xasdır. Bununla belə, bir sıra hallarda onlar uzanmış, davamiyyətli, çoxillik gedişə
malik olaraq, şəxsiyyətin nevrotik inkişafına gətirib çıxara bilər.
Nevrozların müalicəsi həkim-psixiatr tərəfindən aparılır.
Müalicə - psixoterapiyadan, müxtəlif sedativ vasitələrin, vitaminlərin qəbulundan
ibarətdir. Müalicəvi bədən tərbiyəsi, səhər gigiyenik gimnastikası, piyada
gəzintilər, üzgüçülük, qayıqsürmə böyük əhəmiyyətə malikdir.
Sinir sisteminin pozğunluqları zamanı xalq təbabəti aşağıdakı
vasitələri məsləhət görür:
- 20 q nanə yarpağı, 25 q pişikotu (valeriana) kökü, 50 q xəşəmbul (donnik) saplağı və yemişan kökü qarışdırılır, 2 xörək qaşığı qarışığın üzərinə 0,5 litr qaynar su əlavə edilir. Bir qədər saxladıqdan sonra süzülür və gündə 1 dəfə yeməkdən qabaq 1/2 stəkan qəbul edilir.
Nevrozlar zamanı dağ tərxunu, kalendula və qaraqınıqotundan
hazırlanmış sakitləşdirici həlim yaxşı təsir göstərir:
- 1 xörək qaşığı qarışığa 1 stəkan qaynar su əlavə edilir, 1/2 stəkan gündə 2-3 dəfə qəbul edilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.