ASTMA

Astma - təngnəfəslik, boğulma deməkdir. Adətən astmaya, ürək çatmamazlığı (ürək astması) və yaxud bronxial astma (tənəffüs orqanlarının xəstəliyi) zamanı təngnəfəslik, boğulma tutmaları aid edilir.

ÜRƏK ASTMASI

Ü
rək astmasına səbəb, müxtəlif ürək xəstəlikləri (miokardit, kəskin miokard infarktı, kardioskleroz, ürək qüsurları və s.) nəticəsində sol mədəcik çatmamazlığı və kiçik qan dövranında durğunluğun baş verməsidir.
Ürək astması tutmaları bilavasitə fiziki və emosional gərginlik, arterial təzyiqin yüksəlməsi, stenokardiya tutmaları ilə əlaqədardır. Bəzən astma tutması həddən artıq qida və maye qəbulu zamanı da baş verə bilər.
Ürək astması tutmaları zamanı xəstə ağızla nəfəs almağa başlayır və mütləq yataqda oturur və yaxud ayağa durur, belə ki, bədənin şaquli vəziyyətində təngnəfəslik azalır. Tənəffüsün sayı dəqiqədə 30 və daha artıq olur, nəfəsvermə və nəfəsalmanın davamiyyəti adətən dəyişmir. Tənəffüs zamanı xırıltılar bronxial astmaya nisbətən nəzərə çarpacaq dərəcədə olmur.
Diaqnoz sorğu əsasında və instrumental müayinənin (auskultasiya, elektrokardioqrafiya və s.) nəticəsində müəyyən edilir.
Ürək astmasının müalicəsi həkimin təyinatı və nəzarəti altında aparılır və əsas xəstəliyinrək çatışmazlığının səbəbinin) aradan qaldırılmasına yönəldilir.
Həkim gələnə qədər xəstəyə yataqda və yaxud kresloda, ayaqlar sallanmış vəziyyətdə oturmağa kömək etmək, budlara çox da sıx olmayan sarğı (jqut) qoymaq (venoz qanın aşağı ətraflardan ürəyə axınının intensivliyini azaltmaq məqsədilə), qurşağı qayışdan azad etmək, xəstəyə təmiz hava qəbul etmək üçün şərait yaratmaq, əgər mümkündürsə, oksigenli balış vasitəsilə hava vermək lazımdır.

BRONXİAL ASTMA

Bronxial astma, əsas əlamətləri, bronxospazm (bronxların daralması), bronxların selikli qişasının ödemiişkinliyi) və hipersekresiyası (artıq selik - maye ifrazı) nəticəsində, bronxların hava ötürmə qabiliyyətinin pozulması ilə əlaqədar, təngnəfəslik, boğulma tutmaları olan xroniki xəstəlikdir. 
Dünya alimlərinin əksəriyyətinin fikrincə, bronxial astma allergik mənşəli xəstəlikdir (bax: allergiya). İnkişaf mexanizminə görə bronxial astma iki əsas qrupa bölünür: infeksion-allergik və qeyri infeksion-allergik (atopik) forma.

Bronxial astmanın infeksion-allergik forması çox vaxt kəskin pnevmoniya (sətəlcəm), kəskin bronxit, qrippdən sonra, və yaxud ağ ciyər-bronx sistemində gedən xroniki iltihabi proseslərin fonunda əmələ gəlir. Bronxial astmanın bu forması allergik reaksiyanın tədrici gedişli tipinə uyğun inkişaf edir.

Atopik formalı bronxial astma isə ani gedişli allergik reaksiya tipinə uyğundur və, adətən, irsi olaraq, qeyri-infeksion allergenlərə qarşı artmış hissiyatı olan adamlarda müşahidə olunur.

Bronxial astma, çox vaxt, astmaqabağı vəziyyət (predastma) fonunda inkişaf edir. Bu hal, ağ ciyər-bronx sistemində bronxospazm elementləri ilə (quru və yaxud azacıq bəlğəmli, tutma şəkilli öskürək, quru, cingiltili xırıltılar) xarakterizə olunur və allergik əlamətlərlə (allergik rinit, məxmərək və s.) müşayiət olunur. Belə hal bir neçə il davam edə bilər, və müvafiq müalicə aparılmadıqda bronxial astmaya keçə bilər.
Klinik cəhətdən bronxial astma boğulma tutmaları ilə (yüngül, arabir baş verən tutmalardan, demək olar ki, daimi boğulma hallarınadək) biruzə verir. Bronxial astmanın birinci tutması, əsasən, kəskin ağ ciyər-bronx xəstəliklərindən, güclü həyəcan hissindən, qida və ya dərman qəbulunda xətalardan sonra baş verir.
Bronxial astma tutmaları bəzən qəfildən, gözlənilmədən baş verir. Ancaq bir çox hallarda, tutmadan qabaq «xəbərdarlıq» simptomları, - döş qəfəsində xoşagəlməz hissiyyat, öskürək, asqıraq və s., olur. Tez-tez gecə tutmaları müşahidə olunur: kəskin olaraq çətinləşmiş nəfəsvermə ilə ağır təngnəfəslik (tənəffüs səsli, küylü olur, məsafədə eşidilir), quru və yaxud az miqdarda bəlğəmlə öskürək olur. Xəstə məcburi vəziyyət alır - oturaraq, əlləri ilə özünə dayaq verir (bu zaman köməkçi əzələlər - çiyin qurşağı və qabırğaarası əzələlər, tənəffüs aktına qoşulur). Dəri nəm, rəngi ağarmış, bədən hərarəti, adətən, normal olur, nəbz tezləşir. Tənəffüsün sayı, ürək astmasından fərqli olaraq, nəzərə çarpacaq dərəcədə dəyişmir, nəfəsvermə müddəti isə uzanır. Ağır hallarda dərinin rəngi avazımış, boyun venaları şişmiş, kəskin taxikardiya (bax: aritmiya) olur.

Astma zamanı ilkin tədbirlərin görülməsi üçün, ən əvvəl, bunun ürək mənşəli və yaxud bronxial astma olduğunu müəyyənləşdirmək əsas şərtlərdən biridir (bax: cədvəl №1).

Ürək astması zamanı müalicə, yuxarıda deyildiyi kimi, əsas xəstəliyinrək çatışmazlığının səbəbinin) aradan qaldırılmasına yönəldilməlidir.
Bronxial astma tutmaları zamanı təcili tibbi yardım həkim tərəfindən göstərilməlidir. Yüngül tutmalar zamanı, bəzən, isti çayın qəbulu, əllərin isidilməsi, qaynar ayaq vannası, kürəyin bankalanması kifayət edir. Bunun effekti olmadıqda, bronxolitik vasitələrin inhalyasiyası təyin edilir: berotek, salbutamol (ventolin), alupent (astmapent) və s.

cədvəl №1

Əsas göstəricilər

Ürək astması

Bronxial astma

Xəstənin yaşı

 

Başlıca olaraq yaşlı (ahıl) adamlarda və ya qoca yaşlarında

Çox vaxt cavan yaşlarda (hərdən uşaq vaxtı)

 

Xəstəlik tarixi

Ürəyin müxtəlif xroniki xəstəlikləri (kardioskleroz, miokardit, infarkt və s.)

 

Ağ ciyərlərin xroniki qeyri-spesifik xəstəlikləri, təkrar pnevmoniyalar; allergik xəstəliklər, ətraf mühitin hər hansı bir faktoruna qarşı hissiyyatın artması

Təngnəfəsliyin xarakteri

İnspirator (nəfəs almanın çətinləşməsi), çox vaxt səssiz, xırıltılar nəzərə çarpacaq dərəcədə intensiv olmur

Ekspirator (nəfəs vermənin çətinləşməsi və müddətinin uzanması), səsli-küylü, xırıltılı

Bəlğəm

Köpükvari, bəzən qanla qarışmış

Çox qatı, «şüşəvari»


Tutmalararası periodda müalicə, ilk növbədə, müəyyən olunmuş allergenlə təmasın qarşısının alınmasından, spesifik hiposensibilizasiya tədbirlərindən (bax: allergiya), infeksion-allergik formalı bronxial astma zamanı isə müvafiq antibakterial terapiyadan ibarət olmalıdır.
Bronxial astmanın profilaktikasında (əmələ gəlməsinin qarşısının alınması) sağlam həyat tərzinin müstəsna rolu var: kifayət qədər havada olmaqla, iş və istirahət rejiminin tənzimlənməsi, səmərəli qidalanma, bədəni möhkəmləndirmə tədbirləri, bədən tərbiyəsi və idman və s. Xroniki infeksiya ocaqlarının (kariesli dişlər, sinusit, haymorit, tonzillit) sanasiyası, astmaqabağı vəziyyətin vaxtında aşkar edilərək müalicəsi, allergiyaya meyilli adamların düzgün sənət seçməsi, əmək və məişət şəraitinin yaxşılaşdırılması, atmosfer havasının qorunması və s. xüsusi əhəmiyyətə malikdir.

Bronxial astma zamanı, xüsusilə erkən stadiyalarda, qeyri-Ənənəvi dərmansız müalicə metodlarına tənəffüs gimnastikası aiddir. Bunun məqsədi düzgün tənəffüsə yiyələnmək və onu idarə etməyi bacarmaqdır. Əvvəla, burunla tənəffüs etməyi, diafraqma (qarın boşluğu ilə döş qəfəsi arasında arakəsmə) və ya qarın tənəffüsünü öyrənmək lazımdır. Nəfəs alarkək ən güclü əzələ diafraqma, nəfəs verərkən isə - qarın presidir.
Məşğələlərə başlamazdan qabaq, burun keçidləri təmizlənməlidir. Hər bir məşğələ burunla qısa, yüngül nəfəs almadan və ağızla uzadılmış nəfəs vermədən başlamalıdır. Nəfəs alarkən, döş qəfəsinin yuxarı hissəsi hərəkətsiz qalmalıdır. Nəfəs verərkən, qarın əzələləri yığılmalı və içəri çəkilməlidir. Məşğələ zamanı dərindən nəfəs almaq lazım deyil, nəfəs verməni isə bacardıqca uzatmaq lazımdır. Bu hərəkəti 8-16 dəfə təkrar etmək, bir dəqiqə istirahət etmək və yenidən başlamaq lazımdır. Məşğələləri səhər yeməyindən qabaq və axşam, yatmazdan qabaq etmək məsləhətdir.

Bronxial astma zamanı dəvədabanı yarpağının, qara turpun dəmləmələri, təzə kəsilmiş sarımsağın buxarı ilə nəfəs almaq faydalıdır. Bundan başqa:
  • eyni miqdarda gəndalaş yarpağı, şahçiçək otu, bağayarpağı otu, üçrəng bənövşə qarışığından 4 çay qaşığı 0,5 litr suda 2 saat qaynadılır, bir neçə dəqiqə soyudulur və süzülür. Gün ərzində 3 dəfəyə qəbul edilir.
Astmanın profilaktikası üçün:
  • 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı üçrəng bənövşə kökü, 4 çay qaşığı kəklikotu 1 stəkan suda dəmlənir və 4 dəfəyə gün ərzində qəbul edilir.
İsti çobanyastığı dəmləməsi buxarının inhalyasiyası, qarqarası effektlidir.
Rusiyada, əsasən Sibirdə, və Finlandiyada buxar hamamları çox yayılmışdır və buna görə də bu xəstəlik, demək olar ki, müşahidə olunmur.
Amerika alimi doktor Uokerin məsləhətinə görə bronxial astma ilə mübarizə üçün birdəfəlik vegetarianlı olmalı (hər cür ətdən imtina etmək), rasiondan nişasta, süd və şəkər tərkibli qidalar çıxarılmalıdır. Tərəvəz şirələri çox faydalıdır. Müstəsna əhəmiyyətə qıtığotundan (xren) və limon şirəsindən hazırlanmış sous (şorba) malikdir. 200 q xırdalanmış qıtığotu 2-3 limonun şirəsi ilə qarışdırılır. Gündəlik 1/2 çay qaşığı, səhər və günortadan sonra qəbul edilir. Gözlər yaşara bilər, ancaq buna əhəmiyyət verilməməlidir. Sousu uzun müddət qəbul etmək, ona heç nə qatmamaq və üstündən heç nə içməmək lazımdır.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.