Bir çoxlarının fikrincə,
yuxusuzluqdan yalnız yaşlı və qoca, ahıl adamlar əziyyət çəkirlər. Bu, heç də belə
deyil. Gündəlik rejimin pozulması nəticəsində cavanlar da bundan əziyyət çəkirlər.
Ən sağlam yuxu - gecə
yarısınadək olan yuxudur. Ona görə də saat 22.00-22.30-dan gec olmamaq şərtilə yatağa
uzanmaq məsləhətdir.
Yuxunun tam mənalı
olması üçün mütəxəssislər məsləhət görürlər:
- nəfəslik açıq vəziyyətdə və yaxud havası yaxşı dəyişdirilmiş otaqda yatmaq lazımdır;
- yatmazdan qabaq yağlı, pis mənimsənilən qida qəbul etmək yuxunun pozulmasına səbəb ola bilər;
- yuxudan qabaq kitab oxumaq, güclü emosiya (həm müsbət, həm də mənfi) yarada bilən televiziya verilişlərinə baxmaq məsləhət deyil;
- yüngül gecə geyimində və kifayət qədər yastı yastıqla yatmaq məsləhətdir (hündür yastıq həm də boyunda qırışın və buxağın əmələ gəlməsinə səbəb olur);
- yuxusuzluq olduqda, düşünmədən yuxu dərmanlarına əl atmaq lazım deyil. Bu, müəyyən vaxtdan sonra onlardan asılılığa gətirib çıxara bilər;
- yatmazdan qabaq yarım saat təmiz havada gəzinti faydalıdır. Sakit tempdə gəzinti asanca yuxuya getməyə və dərin, sağlam yuxuya şərait yaradır.
Ən yaxşı yuxu gətirici
vasitə baldır. Axşam yeməyi zamanı 1 xörək qaşığı bal yemək və yaxud 1 stəkan bal
qarışdırılmış su (1 xörək qaşığı bal 1 stəkan qaynadılmış suya) içmək yaxşı yuxugətirici
təsirə malikdir.
İllərin təcrübəsindən
keçmiş ev müalicə vasitələri:
- yovşan həlimi yungül yuxugətirici təsirə malikdir;
- adi başınağacı (kalina) kökünün, dazıotunun həlimi;
- kələm şirəsinin kələm toxumunun həlimi ilə qarışığı;
- badrənc dəmləməsi, adi mayaotu qozalarının dəmləməsi və ya həlimi;
- süpürgə kolunun cavan budaqlarının həlimi (1 xörək qaşığı 1 stəkan qaynar suya);
- mayaotunun həlimi. İsti-isti, 1 stəkan yatmazdan qabaq;
- yatmazdan qabaq yeyilmiş soğan yaxşı, dərin yuxuya kömək edir;
- damotu (pustırnik) həlimi. Gündə 2 dəfə (normal və artmış arterial təzyiq zamanı);
- 2 çay qaşığı bal və alma sirkəsi 1 stəkan suya. Yatmazdan qabaq içilir.
Yuxusuzluğun profilaktikasında
autogen məşqlər, yəni özü-özünə təlqin etmək, yaxşı effektlidir. Əlbəttə, bu metoda
yiyələnmək həb qəbul etməkdən çətindir, ancaq insanın buna inamı, iradəsi tezliklə
mükafatlandırılır. Metod aşağıdakından ibarətdir:
Kürəyi üzərində uzanaraq, qolları gövdənin yanlarında, ayaqları sərbəst uzadılmış
vəziyyətdə yerləşdirirsiniz. Aramla aşağıda verilmiş cümlələri özlüyünüzdə təkrar
edir, xəyalınızda ilıq, yüngül su axınının şırıltısını, yumşaq günəş işığını, xəfif
dəniz ləpədöyəninin səsini, sahil çınqılının xışıltısını və yaxud digər istilik,
xəfif ağırlıq və sükutla assosiasiya olunan obrazları canlandırırsınız:
- «mənim ayaqlarım isti və ağırdır, onlar sərbəstdir, ayaqlarımın bütün əzələləri boşalmış vəziyyətdədir» (3-4 dəfə);
- «mənim qollarım isti və ağırdır, onlar sərbəstdir, qollarımın bütün əzələləri boşalmış vəziyyətdədir» (3-4 dəfə);
- «alın əzələləri boşalmışdır, qaşüstü qövs əzələləri boşalmışdır, yanaq əzələləri boşalmışdır, dişlər aralı, çənə sallanmışdır, üzün bütün əzələləri boşalmış vəziyyətdədir» (axırıncı sözləri 3-4 dəfə təkrar edirsiniz);
- «bütün bədən boşalmışdır, hər bir əzələ boşalmışdır» (2-4 dəfə);
- «bədən öz ağırlığı ilə yatağı xəfifcə əzir» (2-4 dəfə);
- «qan isti dalğa ilə bütün bədəni yuyur, əlin, ayağın barmaqlarınadək çatır, xoş istilik bütün bədənə yayılır» (2-4 dəfə);
- «tənəffüs sərbəst və dərindir» (2-4 dəfə);
- «mən sakitəm, tamamilə sakitəm. Sakitliyin xoş təəssüratı isti dalğatək yayılır» (2-4 dəfə);
- «bütün bədən boşalmış və hərəkətsizdir» (2-4 dəfə);
- «göz qapaqları ağırlaşır, məni yuxu basır, istirahət etmək istəyirəm» (2-4 dəfə);
- «xoş sakitlik və yuxu məni get-gedə daha çox bürüyür» (2-4 dəfə).
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.