RADİKULİT


R
adikulit - onurğa beyni kötüklərinin zədələnməsidir. Əmələ gəlməsinin əsas səbəbi onurğanın osteoxondrozudur. Bununla belə, infeksiyanın, soyuqlamanın, intoksikasiyanın (zəhərlənmənin), damar pozğunluqlarının, travmanın da rolu istisna edilmir.
Radikulit periferik sinir sistemi xəstəliklərinin ən çox təsadüf edən (90%-ədək) klinik formasıdır. Daha çox bel-oma lokalizasiyalı (yerləşdiyi yer, nahiyə) radikulitlər müşahidə edilir.
Onurğanın bel-oma şöbəsi daha çox fiziki gərginliyə məruz qalır və müvafiq olaraq, fəqərəarası qığırdaq diski bu səviyyədə daha qabarıq dəyişikliklərə uğramış olur (bax: osteoxondroz). Nadir hallarda boyun, döş radikulitləri də müşahidə edilir.

Radikulitə, yerləşdiyi yerdən asılı olmayaraq, zədələnmiş kötüklərin innervasiya (sinirlənmə) zonalarında ağrı, bu ağrının hərəkət zamanı, öskürdükdə, asqırdıqda, güc verdikdə artması, onurğanın hərəkiliyinin məhdudlaşması, xəstənin qoruyucu poza (ağrıya qarşı məcburi vəziyyət) alması, onurğanın sümük çıxıntılarına, onurğa kənarı nöqtələrə təzyiq etdikdə ağrının olması xasdır.
Bel-oma radikulitinin gedişində əsas 2 stadiya ayırd edilir. İlkin stadiya lümbalgiya stadiyası (bax: lümbaqo) adlanır, və bu zaman bel nahiyəsində küt, sızıltılı, çox vaxt isə kəskin ağrılar əmələ gəlir. Ağrı fiziki gərginlikdən, soyuqlamadan sonra əzələlərdə əmələ gəlir və tədricən artaraq öskürək və asqıraq zamanı güclənir.
İkinci - kötük stadiyasında ağrı güclənir, xarakterini dəyişir, sağrı nahiyəsinə, bud və baldıra verir.
Bəzi hallarda patoloji proses onurğa kötüklərindən oturaq sinirə də yayılır. Oturaq sinirin zədələnməsi - işias - beldə və oturaq siniri boyu ağrı ilə, baldırın ön qrup əzələlərinin atrofiyası (inkişafdan qalması, zəifləməsi) və ayaq pəncənsinin sallanması ilə müşayiət olunur.

Radikulitin müalicəsi kompleks şəkildə, xəstənin hərtərəfli müayinəsindən sonra nevroloji stasionar şəraitində və yaxud nevroloqun nəzarəti altında ev şəraitində aparılır. Konservativ (qeyri-cərrahi) müalicəyə kəskinləşmə dövründə 6-7 gün ərzində sərt yataqda ciddi yataq rejiminin gözlənilməsi, analgetiklərin (ağrı kəsicilərin), iltihab əleyhinə preparatların qəbulu, novokain (lidokain, trimekain) blokadası aiddir. Xəstənin sərt, maili, baş tərəfi qaldırılmış yataq vəziyyəti, və yaxud onurğanın xüsusi stolda az yüklü üfüqi dartılması ağrıların azalmasına şərait yaradır. Bir sıra hallarda fəqərəarası qığırdaq diskə bilavasitə proteolitik fermentlər (papain) yeridilir. Bundan başqa refleksoterapiya, fizioterapiya (Bernar cərəyanı, ultra-bənövşəyi şüalanma, ultrasəs və s.), manual terapiya, müalicəvi gimnastika, boyun, bel əzələlərinin, ətrafların massajı, xüsusi qurğularda sualtı dartılmalar, sualtı massaj və s. tətbiq edilir. Konservativ müalicə effekt vermədiyi hallarda onurğada cərrahi əməliyyat aparılır.

Radikulitin profilaktikasında (əmələ gəlməsinin qarşısının alınmasında) düzgün duruşun, qamətin əldə olunmasının, əmək və istirahət rejiminin rasional təşkilinin vacib rolu var. Radikulitin kəskinləşməsinin qarşısını almaq üçün xəstələr sərt yataqda yatmalı, yastıq çox hündür olmamalıdır. Hər hansı ağır şey «bellə» deyil (ayaqlar tam düzəlmiş halda, əyilərək),  ağır atletika metodu ilə, yəni «ayaqla» (azacıq çömələrək) qaldırılmalıdır.

Ev şəraitində radikulitə qarşı ən sadə vasitə Rozental pastasıdır (tərkibi parafində yod, etanol və xloroform):
  • isidilmiş pasta kibrit çöpü vasitəsilə nazik tor şəklində bel nahiyəsinə sürtülür (prosedur dəfələrlə təkrarlanır). Bu zaman beli islatmaq olmaz və analgetiklər (ağrı kəsicilər) qəbul edilmir.
İsidici kompreslər təklif edilir:
  • 1 xörək qaşığı xardal tozunu 40oC suda xama konsistensiyanadək həll etmək və alınmış horranı bir əski parçasına sürtərək, ağrılı yerə qoymaq və isti sarımaq lazımdır. Sarğı bir neçə dəqiqə qalmalıdır;
  • qıtığotu kökünü yuyub, təmizləyib sürtgəcdən keçirmək lazımdır. Alınmış horranı şirəsi ilə birlikdə (yanğını azaltmaq üçün bir qədər xama qatmaq məsləhətdir) ağrılı yerə sürtmək və isti kompres etmək lazımdır. Bu vasitə uşaqlar üçün məsləhətdir;
  • qalın yumşaq parçanı qara turpun şirəsində isladaraq kompres şəklində ağrılı yerə qoymaq lazımdır;
  • süngər (bodyaqa) tozunu (apteklərdə olur) günəbaxan yağı ilə qarışdıraraq (1:30), alınmış məlhəmi ağrılı yerlərə sürtmək, isidici kompres etmək və 40-50 dəqiqə saxlamaq lazımdır.
Çovdar xəmirindən kompres çox yüngüllük gətirir və əsasən radikulitdən uzun müddət əziyyət çəkən xəstələr üçün məsləhətdir. Bunu 2 üsulla hazırlayırlar:
  1. Maya əsasında xəmirdən kompres: 1 çay qaşığı təmizlənmiş skibidarı dəri qızaranadək belə sürtmək və tənzifə bükülmüş xəmiri ağrılı yerə qoyaraq, kompres etmək və 40-50 dəqiqə saxlamaq lazımdır. Bu proseduru günaşıra həmin xəmirdən təkrar istifadə etməklə aparmaq olar (xəmirin qaxsıması onun keyfiyyətinə təsir göstərmir). Yanğı hissini azaltmaq üçün çay sodası ilə isti süd içmək (1 stəkan südə 1 çay qaşığı soda) məsləhətdir. Əgər yanıq əmələ gələrsə, proseduru müvəqqəti saxlamaq lazımdır. 1 kurs müalicəyə 3-5 kompres kifayətdir;
  2. Mayasız xəmirlə kompres: xəmir turşuyan kimi xəstə yerə 4 qatlanmış tənzifin üzərinə 1-2 sm qalınlıqda xəmir qoyaraq kompres etmək lazımdır. Kompres hər gün axşam, yatmazdan qabaq qoyulur. Müalicə kursu 10 prosedurdan ibarətdir.

Xalq təbabətində isidici vasitə kimi meşə gilasının (çeryomuxa) qabığının araqda tinkturası, qıtığotu kökünün təzə hazırlanmış şirəsi və tinkturası xəstə nahiyələrə sürtmək üçün istifadə olunur.
Bütün bu göstərilən vasitələr dərin isitmə, dözücü yanğı hissi, azacıq sancı verməlidir. Bərk ağrı yanığın olmasına işarədir.
Son zamanlar radikuliti olan xəstələr Kuznetsov ipplikatorundan geniş istifadə edirlər.



No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.