Anemiya – qanın
tərkibində hemoqlobinin və (və ya) eritrositlərin miqdarının azalması ilə müşayiət
olunan xəstəlikdir. Qədimdən bu xəstəliyə azqanlılıq da deyirlər.
Ümumiyyətlə qan
insan bədəninin çəkisinin təqribən 7%-ni təşkil edir. Kişilərdə qanın miqdarı orta
hesabla 5,2 litr, qadınlarda isə 3,9 litr təşkil edir. Qan, maye hissəsi olan plazmadan
(plazmanın 90%-i sudan, qalanı isə zülallar, müxtəlif duzlar, karbohidratlar, fermentlər,
hormonlar, vitaminlər, piqmentlərdən və s. ibarətdir) və onun tərkibində asılmış
vəziyyətdə olan toxuma (formalı) elementlərindən - eritrositlər, leykositlər və
trombositlərdən ibarətdir.
Eritrositlər (qırmızı qan cisimcikləri) normada kişilərdə – 4,0-5,0x1012/litr, qadınlarda – 3,9-4,7x1012/litr təşkil edir. Eritrositlərin əsas funksiyası
onların qaz mübadiləsində iştirakıdır.
Leykositlər (ağ qan hüceyrələri) normada böyük adamlarda 4,0-9,0x109/litr təşkil edir. Yetişmiş leykositlər orqanizmdə
müdafiə funksiyası daşıyır. Onların qanda miqdarının artması, başlıca olaraq, orqanizmin
hər hansı bir nahiyəsində iltihabi prosesin getməsinə dəlalət edir.
Trombositlər (qan lövhəcikləri) normada böyük adamlarda 180,0-320,0x109/litr təşkil edir. Trombositlərin tərkibində
qanın laxtalanma faktorları olduğuna görə, onun əsas funksiyası qanaxmanın dayandırılmasıdır.
Buna görə də qanın laxtalanma müddətinin təyin edilməsinin (koaquloqramm) diaqnostik
əhəmiyyəti var. Normada bu müddət 1-4 dəq. təşkil edir.
Hemoqlobin - eritrositlərin tərkib
hissəsini təşkil edərək, orqanizmdə oksigenin tənəffüs orqanlarından toxumalara
və karbon qazının toxumalardan tənəffüs orqanlarına daşınmasını təmin edir. Normada
hemoqlobinin qanda miqdarı kişilərdə 130-160 q/litr, qadınlarda 120-140 q/litr
təşkil edir.
Anemiyalar, yaranma
səbəblərinə görə 3 əsas qrupa bölünürlər:
- Qanaxma nəticəsində əmələ gələn posthemorragik anemiya. Kəskin qanaxma (1l və daha artıq) zamanı ilkin olaraq kollaps və şok əlamətləri meydana gəlir. Dəri və selikli qişaların bəyazlaşması, süstlük, başgicəllənmə, qulaqlarda küy, soyuq, yapışqanlı tər, qan təzyiqinin və bədən hərarətinin kəskin aşağı enməsi və s. müşahidə olunur. Xroniki posthemorragik anemiya dəfələrlə təkrar olunan az-az qanaxmalar zamanı müşahidə olunur. Bu, əsasən, mədə-bağırsaq xorası zamanı, hemorraidal düyünlər olduqda (babasil), uşaqlığın zədələnməsi zamanı və s. müşahidə edilir. Klinik olaraq xəstədə süstlük, tez yorulma, dəri və selikli qişaların bəyazlaşması, qulaqlarda küy, başgicəllənmə, ürək döyünmə, təngnəfəslik qeyd edilir;
- Eritrositlərin dağılma prosesinin güclənməsi, sürətlənməsi ilə əlaqədar – hemolitik anemiya. Bu anemiya anadangəlmə və qazanılma ola bilər. Anadangəlmə hemolitik anemiya irsi xarakter daşıyır. Belə anemiyanın ölkəmizdə yayılmış forması, əsasən uşaq yaşlarında müşahidə olunan, talassemiya xəstəliyidir ki, çox vaxt ağır hemolitik krizlə müşayiət olunur. Xəstədə sarılıq əlamətləri, yüksək hərarət və qusma müşahidə olunur. Qazanılma hemolitik anemiyalara paroksizmal gecə hemoqlobinuriyası; autoimmun proseslərlə və eritrositlərin mexaniki zədələnməsi ilə (məsələn, aortal və mitral klapanın protezi zamanı) əlaqədar yaranan anemiya; habelə toksik anemiya (müxtəlif infeksion xəstəliklər zamanı, məsələn, leyşmaniozda, malyariyada) aiddir.
- Eritrositlərin törənməsi prosesinin pozulması nəticəsində yaranan anemiyalar. Bu anemiyaların ən yayılmış forması dəmir defisitli anemiyalardır. Bunlar alimentar, başqa sözlə, qida ilə əlaqədar (dəmirin qida vasitəsilə orqanizmə kifayət qədər daxil olmaması) və endogen (orqanizmin daxilində gedən proseslərlə əlaqədar) ola bilər. Dəmirin endogen çatışmazlığı, onun orqanizm tərəfindən tam mənimsənilməməsi nəticəsində baş verir. Bu, əsasən, mədənin və ya bağırsaqların rezeksiyası (bir hissəsinin kəsilib atılması) zamanı; enteritdə (nazik bağırsağın iltihabı); dəmirin mənimsənilməsinə mane olan dərman preparatlarının qəbulu nəticəsində; dəmirə olan ehtiyacın artması ilə əlaqədar, məsələn, hamiləlik dövründə; habelə artıq dəmir itirildikdə (məsələn, tər vasitəsilə, qaynar sexlərdə iş vaxtı və isti iqlim şəraitində) və s. müşahidə olunur. Dəmirdefisitli anemiyaların klinik gedişi posthemorragik anemiyalarla eynidir, əlavə olaraq dırnaqların xarakterik dəyişikliklərini (üzərində xətlər, qaşıqvari forma), dilin üzərində ərpin əmələ gəlməsini, dilin qızarmasını və şişməsini, dodaqların uçuqlamasını, qan-damar, mədə bağırsaq sistemlərində funksional dəyişikliklərin, dad və qoxu hissiyyatının pozulmasını və s. göstərmək olar.
Anemiyaların
müalicəsi mütləq həkim təyinatı və nəzarəti altında, lazım gəldikdə isə ixtisaslaşmış
stasionar şəraitində aparılmalıdır.
Anemiyaların
profilaktikası (əmələ gəlməsinin qarşısının alınması) və medikamentoz (dərman) müalicə
bitdikdən sonra reabilitasiya (orqanizmin pozulmuş funksiyalarının bərpası) dövründə
bir sıra təbii vasitələrdən istifadə etmək məsləhət görülür: itburnu meyvəsi, çiyələyin
yarpağı və meyvəsi, quşarmudu (ryabina) meyvəsi, zəncirotu kökü və otunun dərmanı.
Bunların bəzilərindən dəmləmə kimi istifadə olunur:
- bərabər həcmdə qəhvəyi itburnu və çiyələk meyvələrinin (hər biri 10 q) üzərinə 1 stəkan təzəcə qaynadılmış su əlavə edərək 15 dəq. dəmləmək, soyutmaq, tənzifdən süzmək və tənzifi mümkün olana qədər sıxmaq və əvvəlki həcminə qədər qaynadılmış su əlavə etmək lazımdır. Əlavə dəmir və askorbin turşusu (C vitamini) məmbəyi kimi 1/4 - 1/2 stəkan gündə 2 dəfə qəbul etmək məsləhət görülür;
- meşə çiyələyi yarpağından (20 q 1 stəkan qaynadılmış suya) çay dəmləyərək xörək qaşığı ilə gündə 3-5 dəfə qəbul etmək;
- adi quşarmudu və itburnu meyvəsindən (hərəsindən 25 q bir stəkan qaynadılmış suya) çay dəmləyərək gündə 1 stəkan qəbul etmək.
Xalq təbibləri
anemiyalar zamanı qida rasionuna qanyaradıcı faktorların daşıyıcıları olan bol meyvə
və tərəvəz əlavə edilməsini məsləhət görürlər. Kartofun, balqabağın, şalğamın, soğanın,
sarımsağın, şüyüdün, qarabaşağın, qarağatın, çiyələyin tərkibinə anemiyalar zamanı
çatışmayan dəmir və onun duzları daxildir.
Askorbin turşusu
(C vitamini) və B qrupu vitaminlər kartofun, kələmin, badımcanın, yunan qabağının
(kabaçok), qovunun, balqabağın, soğanın, sarımsağın, itburnunun, çaytikanının (oblepixa),
böyürtkənin, çiyələyin, limonun, portağalın, armudun, qarğıdalının tərkibində var.
Xalq təbabəti
anemiyalar zamanı zəncirotu kökünün və otunun dəmləməsini məsləhət görür:
- 2,5-3 desert qaşığı qarışığa 1 stəkan su əlavə edib zəif odda 10 dəq. qaynatmalı, 30 dəq. saxlayaraq tənzifdən süzməli. Xörək qaşığı ilə gündə 3 dəfə yeməkdən qabaq qəbul etməli (15-20 gün).
Uzaq şərq təbibləri
anemiyalar zamanı bunları məsləhət görürlər:
- eleuterokokk ekstraktı. 1/2 çay qaşığı 1 stəkan çaya qatılaraq səhər və günorta içilir;
- levzeya (maral kökü) ekstraktı. 1/2 çay qaşığı 1 stəkan çaya qatılaraq səhər və günorta içilir;
- çaytikanı (oblepixa). Meyvəsini, yarpağını və cavan budaqlarını çay kimi dəmləyirlər;
- yerkökünün, çuğundurun, ağ turpun təzə hazırlanmış şirəsi, bərabər miqdarda, qarışdırılır və gündə 1-2 dəfə 1/2 xörək qaşığı qəbul edilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.