PİYLƏNMƏ


Piylənmə - həddən artıq piyin orqanizmdə yığılması hesabına bədən kütləsinin artması ilə xarakterizə olunan patoloji vəziyyətdir.

Bədən kütləsinin ideal çəkisi xüsusi, vaxtaşırı təzələnən antropometrik cədvəl əsasında müəyyən edilir. Ən sadə üsul isə boyun santimetrlə hündürlüyündən 100-ü çıxdıqda (+10%) alınan rəqəmdir (Brok indeksi).

Bədən kütləsinin ideal çəkiyə nisbətən artmış göstəricilərinə görə piylənmənin 4 dərəcəsi ayırd edilir:

I    dərəcə - bu göstərici 10-29% təşkil edir;
II   dərəcə - 30-49%;
III  dərəcə - 50-99%;
IV  dərəcə - 100%-dən artıq.

Piylənmə zamanı bədən kütləsinin artması dayaq-hərəkət aparatına (artrozlara səbəb olur), ürək qan-damar və tənəffüs sisteminə əlavə ağırlıq, gərginlik yaradır, əzələlər inkişafdan qalır, bağırsaqların fəaliyyəti zəifləyir.

Piylənmənin əsas səbəblərindən biri kökəlməyə irsi meyillilikdir. Buna alimentar piylənmə deyilir. Qəbul edilən qidanın kaloriliyi orqanizmin enerji sərfini üstələyəndə əmələ gəlir və bir qayda olaraq, ailənin bir neçə üzvündə qeyd edilir. Piylənmənin bu növündən çox zaman az hərəkətli həyat tərzi keçirən orta və yaşlı qadınlar əziyyət çəkirlər. Alimentar piylənməyə bədən kütləsinin tədricən artması xasdır. Dərialtı piy toxuması bərabər paylanır, bəzən daha çox qarın və bud nahiyələrində toplanır.

Hipotalamik piylənmə mərkəzi sinir sisteminin və ilk növbədə hipotalamusun (mərkəzi sinir sisteminin maddələr mübadiləsini təmzimləyən hissəsi) xəstəlikləri zamanı (şiş, travma, infeksiya) müşahidə edilir. Bu növ piylənməyə tez bir zamanda bədən kütləsinin artması xarakterdir. Piy, əsasən, qarında (döşlük şəklində), yanlarda (sağrı nahiyəsində) və budda yığılır.

Endokrin piylənmə - bəzi endokrin xəstəliklərinin (məsələn, hipotireozun, İtsenko-Kuşinq xəstəliyinin) fonunda inkişaf edir. Bu növ piylənməyə dərialtı piy toxumasının, adətən, qeyri bərabər paylanması xarakterdir. Bu zaman piylənmə ilə yanaşı hormonal pozğunluqların (endokrin xəstəliklərinin) digər klinik əlamətləri də, məsələn, maskulinizasiya (qadınlarda kişi cinsi əlamətlərinin yaranması), feminizasiya (kişilərdə qadın cinsi əlamətlərinin yaranması), ginekomastiya (kişilərdə döş vəzilərinin böyüməsi), girsutizm (qadınların üzündə, bədənində artıq tüklənmə) və s. müşahidə olunur.

Piylənmənin bütün formalarında müalicə həkim nəzarəti altında aparılmalıdır. Müalicəyə, yaş həddindən asılı olaraq, müalicəvi qidalanma daxildir. Böyüklərə zülalla zəngin (120 q-dək), tərkibində vitaminlərin və mikroelementlərin tam miqdarda olması ilə, amma sutkalıq rasionda yağların (40-50 q) və tez mənimsənilən karbohidratların (100-150 q) miqdarının azaldılması şərtilə, subkalorili (1200-1600 kkal) pəhriz təyin edilir. İştahı azaltmaq üçün qida qəbulu gündə 5-6 dəfəyədək artırılır, həftədə 1-2 dəfə yüngülləşmə günləri (600-700 kkal) nəzərdə tutulur. Alkohollu içkgilərin, o cümlədən, pivənin qəbulu tamamilə dayandırılır.
Piylənmənin aclıqla müalicə olunması məsləhət deyil. Güman edilən yanaşı effeklərinə görə, iştahı azaldan preparatların (fepranon, dezopimon və s.) qəbulu məhdudlaşdırılmalıdır.
Hipotalamik və endokrin piylənmələr zamanı müalicə əsas xəstəliyi aradan qaldırmağa yönəldilməlidir.   
Piylənmənin bütün növlərində xəstələrə gündəlik uzun müddətli piyada gəzintilər, üzgüçülüklə məşğul olmaq (digər əksgöstərişlər yoxdursa) məsləhətdir; ümumi massaj, hidromassaj, kontrast vannalar effektlidir. Piylənmənin bütün növ və dərəcələrində, xəstənin yaşından asılı olmayaraq, kompleks müalicənin vacib tərkib hissəsi - müalicəvi gimnastikadır. Fiziki məşqlərin müalicəvi təsiri enerji sərfinin artması, bütün növ mübadilənin normallaşması və yağların utilizasiyasının (mənimsənilməsinin) güclənməsi ilə əlaqədardır. Məşqlərin xarakteri, məsləhət görülən gərginliyin intensivliyi piylənmənin dərəcəsindən, yanaşı xəstəliklərdən, habelə xəstənin yaşından, cinsindən və fiziki hazırlığından asılıdır. Cavan və orta yaşlı adamlarda, ürək qan-damar sistemi xəstəliklərinin olmadığı hallarda qaçış, üzgüçülük, qayıq sürmə ilə, idman oyunları ilə məşğul olmaq məsləhətdir. Müalicəvi gimnastika onurğanın qıvraqlığının inkişafına və qarın əzələlərinin möhkəmləndirilməsinə (kürəyi üzərində uzanmış vəziyyətdən oturaq vəziyyətə keçərək, dizləri bükmədən, əllərlə ayaq barmaqlarına toxunmaq, bədənin müxtəlif vəziyyətlərində ayaqları velosiped sürən təki hərəkət etdirmək) yönəldilməlidir. Müalicəvi gimnastika ilə məşqlər gündə 45-60 dəqiqə təşkil etməlidir.

Piylənmənin profilaktikası (əmələ gəlməsinin qarşısının alınması) hipodinamiyanın (az hərəkətliliyin) aradan qaldırılmasından və rasional qidalanmadan ibarətdir.

Xalq təbabəti nümunələrindən piylənmə zamanı istifadəsi məqsədəuyğun sayılan öd qovucu və diuretik (sidikqovucu) təsirə malik fitopreparatları (bitki mənşəli dərmanları) göstərmək olar:
  • qarğıdalı saçağı ekstraktı, 30 damcı gündə 2-3 dəfə yeməkdən qabaq;
  • 2 xörək qaşığı murdarça (kruşina), 1 xörək qaşığı cəfəri giləmeyvəsi, 1 xörək qaşığı rəzyana giləmeyvəsi, 1 xörək qaşığı nanə yarpağından dəmləmə. Səhər 2 stəkan qəbul edilir;
  • 1 çay qaşığı tozağacı (beryoza) yarpağı, 1 çay qaşığı dəvədabanı yarpağı, 1 xörək qaşığı böyürtkən yarpağının dəmləməsi. Səhər və günorta 2 xörək qaşığı qəbul edilir.
Piylənmənin profilaktikası - yunan qabağı (kabaçok), yerkökü, kahı, quşüzümü, qarağatdır.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.