Gündəlik həyatımızı vitaminlərsiz təsəvvür etmək çətindir. Uşaq yaşlarından mütəmadi olaraq qəbul etdiyimiz bu preparatlar yüksək bioloji aktivliyə malik olub, orqanizmin normal həyat fəaliyyəti üçün vacib faktorlardandır.
Vitaminlər çoxsaylı biokimyəvi reaksiyaların tənzimləyicisi kimi orqanizmdə maddələr və enerji mübadiləsində iştirak edirlər.
İnsan orqanizmində vitamin hasil olunmur (daha doğrusu, kifayət qədər olunmur) və onlar yalnız qida ilə orqanizmə daxil olurlar. Bəzi vitaminlər bağırsaq florasının həyat fəaliyyətinin məhsulu kimi, bağırsaqlardan sovrularaq, müəyyən dərəcədə orqanizmin bu vitaminlərə olan ehtiyacını ödəyir.
Avitaminoz (və yaxud hipovitaminoz) - hər hansı vitaminin orqanizmdə çatışmazlığı ilə əlaqədar patoloji haldır.
Avitaminoz (hipovitaminoz) vitaminlərin qida ilə kifayət qədər daxil olmaması və ya onların orqanizm tərəfindən pis mənimsənilməsi ilə əlaqədar inkişaf edir.
A, B12, D, E, PP vitaminlərinin çatışmazlığı qidada yağların (piylərin) və ətin (balığın) kifayət qədər olmaması, qaraciyər xəstəlikləri, həzmin pozğunluqları zamanı müşahidə olunur. B1, B2, B6, C, K vitaminlərinin çatışmazlığı isə göyərtinin, meyvə və tərəvəzin, çörəyin rasionda miqdarının az olması, bağırsaq disbakteriozu zamanı qeyd edilir. Bununla yanaşı, vitamin çatışmazlığının inkişafına şərait yaradan faktorlardan infeksion xəstəlikləri, xroniki intoksikasiyaları, ishalı və s. göstərmək olar.
Vitamin çatışmazlığının klinik əlamətləri bu və ya digər vitaminin orqanizmin müəyyən funksiyalarının təmin olunmasında iştirakı ilə müəyyən olunur.
A vitamininin (retinol) çatışmazlığı epitel örtüklərin - dərinin, selikli qişaların, buynuz qişanın və s., spesifik dəyişiklikləri ilə biruzə verir. Dəri quruyur, qabıq verir, dırnaqlar quru və parıltısını itirmiş olur. Tez-tez konyuktivit (bax: konyuktivit), blefarit (göz qapaqlarının kənarının iltihabı) müşahidə olunur. A vitamininin çatışmazlığının tipik simptomu hemeralopiya - «toyuq korluğudur» ki, bu da qaranlıq yerdə görmə itiliyinin itirilməsidir, halbuki gündüzlər həmin adamlar normal görürlər. Eləcə də arıqlama, uşaqlarda boy artımının gecikməsi də qeyd edilir.
A vitamininin əsas mənbələri - kərə yağı, xama, kəsmik, pendir, süd, yumurtadır. Dəniz heyvanlarının, buynuzlu mal-qaranın qaraciyəri A vitamini ilə xüsusilə zəngindir. Yerkökü və şirin bibər, itburnu, çaytikanı, gilas, balqabaq, ərik, kahı, ispanaq, göy soğan, cəfəridə də A vitamini çoxdur.
B1 vitamininin (tiamin) çatışmazlığı mərkəzi sinir sisteminin funksional pozğunluqları ilə - yuxunun pozulması, qıcıqlanma, sinir yorğunluğu, halsızlıqla müşayiət olunur. B1 avitaminozu zamanı “beri-beri” xəstəliyi (polinevrit, ürək qan-damar sisteminin funksiyasının pozulması, kaxeksiya - kəskin arıqlama, zəiflik, halsızlıq, habelə ödemlə xarakterizə olunan patoloji vəziyyət) inkişaf edir.
B1 vitaminin əsas mənbələri - çörək və kobud üyüdülmüş undan çörək məhsulları, yarmalar (xüsusilə, qarabaşaq, yulaf və darı), paxla, qaraciyərdir.
B2 vitamininin (riboflavin) çatışmazlığı ağız bucaqlarında çatların əmələ gəlməsi ilə, dodağın (xeylit) və dilin (qlossit) iltihabi dəyişiklikləri ilə biruzə verir. Üzün, qulaqların, boyunun dərisində seboreyalı dermatit, arıqlama, saçların tökülməsi, əzələ zəifliyi müşahidə oluna bilər.
B2 vitamininin əsas mənbələri - süd və süd məhsulları, ət, balıq, yumurta, qaraciyər, qarabaşaq və yulaf yarmaları, çörəkdir.
B6 vitamininin (piridoksin) çatışmazlığı həm qidanın kifayət qədər olmaması şəraitində, həm də xroniki intoksikasiyalar zamanı, habelə vərəmli xəstələrdə, uzun müddət izoniazidlə (B6 vitamininin antoqonisti) müalicədən sonra, inkişaf edir. O, seboreyanı xatırladan dermatitlə biruzə verir. Süni qidalanan südəmər uşaqlarda B6 vitamininin çatışmazlığı zamanı sinir sisteminin zədələnməsi halları (xüsusilə, epilepsiyaya bənzər tutmalar) müşahidə oluna bilər.
B6 vitamininin əsas mənbələri - ət, qaraciyər, balıq, yumurta, paxla, qarabaşaq və darı yarmalarıdır.
B12 vitamininin (siankobalamin) çatışmazlığı anemiyanın (bax: anemiya) inkişafına gətirib çıxarır. Bununla yanaşı periferik sinir sisteminin zədələnməsi, qlossit (dilin iltihabı), mədə şirəsinin turşuluğunun kəskin azalması ilə müşayiət olunan qastrit (bax: qastrit) müşahidə oluna bilər.
B12 vitamininin əsas mənbələri - qaraciyər, böyrək, balıq, yumurta, pendir, dəniz məhsullarıdır. B12 vitamininə olan ehtiyacın bir hissəsi bağırsaq mikroflorasının onu hasil etməsi hesabına ödənilir.
C vitamininin (askorbin turşusu) çatışmazlığı sinqa xəstəliyi ilə biruzə verir və birləşmiş toxumanın
müxtəlif elementlərinin, o cümlədən kollagenin, inkişaf pozğunluqları ilə müşayiət
olunur. Bu, damar divarlarının möhkəmliyinin azalmasına və keçiriciliyinin artmasına,
qansızmalara, qığırdağın və sümüyün strukturunun dəyişməsinə, onların arasındakı
əlaqənin zəifləməsinə, habelə sümük iliyinin funksiyasının pozulmasına gətirib çıxarır.
Xəstələrdə ilk növbədə ümumi zəiflik, halsızlıq, tez yorulma, yuxululuq, başgicəllənmə,
baldır əzələlərində ağrılar müşahidə olunur. Sonralar sinqa üçün xarakter əlamət
olan diş ətində dəyişikliklər baş verir – onlar göyərir, dişlərarası məməciklər
şişir və azacıq toxunduqda qanaxma verir. Dişlərin ətrafında məsaməli göy-qırmızı
haşiyə əmələ gəlir. Xəstələr çeynəmə zamanı ağrıdan və artmış tüpürcək ifrazından
şikayətlənirlər. Ağır hallarda diş ətində xoralar əmələ gəlir, ağızdan xoşagəlməz
qoxu qeyd edilir, dişlər laxlayır və tökülür.
C vitamininin əsas
mənbələri - təzə meyvə, giləmeyvə və tərəvəzdir. İtburnu və çaytikanı, qarağat,
şirin bibər, şüyüd, cəfəri, göy soğan, rəngli kələm, portağal, çiyələk, quşarmudu
C vitamini ilə xüsusilə zəngindir. Onun orqanizmə daxil olmasında kartofun, kələmin,
almanın, habelə konservləşdirilmiş meyvə şirələrinin böyük rolu var. Süddə, ətdə,
qənnadı məhsullarında C vitamini praktik olaraq yoxdur.
D vitamininin (kalsiferol) çatışmazlığı erkən yaşlı uşaqlarda raxit kimi biruzə verir və maddələr
mübadiləsinin (ilk növbədə, fosfor-kalsium), sümüyün inkişaf pozğunluqları, sinir
sisteminin, daxili orqanların funksiyasının dəyişməsi ilə müşayiət olunur. Raxitin
inkişafında aparıcı amil ultrabənövşəyi şüalanmanın çatışmazlığıdır ki, bu da dəridə
D vitamininin əmələ gəlməsinin pozulmasına gətirib çıxarır. Raxiti olan uşaqlarda
artmış şıltaqlıq, qıcıqlanma, səbirsizlik, yuxunun pozulması qeyd edilir. Yedizdirən
zaman və yuxuda olarkən artan hədsiz tərləmə (xüsusilə, başın tərləməsi) dərini
qıcıqlandırır və uşağın başını balışa sürtməsi nəticəsində başın ardında tüklər
tökülür. Xəstəliyin qızğın çağında sümük, əzələ sistemində, daxili orqanlarda dəyişikliklər
baş verir. İlk növbədə sümüyün yumşalması nəticəsində kəllə sümüklərində və döş
qəfəsində deformasiya qeyd edilir.
Qida məhsullarında
D vitamininin miqdarı çox deyil. Əsas mənbə kimi kərə yağını, qaymağı, xamanı, yumurtanı
göstərmək olar. Treskanın və digər balıqların qaraciyərindən alınan yağın (balıq
yağı) tərkibində D vitamininin miqdarı xüsusilə çoxdur.
E vitamininin (tokoferol asetat) çatışmazlığı onun orqanizmə kifayət qədər daxil olmaması və pis mənimsənilməsi
nəticəsində və habelə idmançılarda həddən artıq fiziki gərginlikdən sonra inkişaf
edə bilər. Əzələlərdə miozinin, qlikogenin,
kaliumun, maqneziumun, fosforun və kreatinin miqdarı kəskin surətdə azalır. Belə
hallarda aparıcı simptom hipotoniya (qan təzyiqinin aşağı düşməsi) və əzələ zəifliyidir.
E vitamininin uzun müddətli çatışmazlığı şəraitində endokrin və sinir pozğunluqları,
qadınlarda - uşaq saldırmaya meyillilik qeyd edilir.
E vitamininin əsas
mənbələri - bitki yağları, xüsusilə də, günəbaxan, qarğıdalı və pambıq yağlarıdır.
Qida ilə qəbul edilən heyvan qaraciyəri, yumurta, taxıl məhsulları (xüsusilə, kobud
üyüdülmüş undan çörək, qarabaşaq və yulaf yarmaları), paxlalılar bu vitaminə olan
tələbatın ödənilməsində müəyyən rol oynayırlar.
K vitamininin (filloxinon) çatışmazlığı praktik olaraq əlahiddə müşahidə olunmur. Polivitamin
çatışmazlığında K vitamininin defisiti artmış qanaxmaya (məsələn, C vitamininin
çatışmazlığı ilə müştərək), xırda travmalar zamanı dərialtı qansızmaların əmələ
gəlməsinə, iltihab və ya şiş prosesi nəticəsində zədələnmiş daxili orqanlara qansızmalara
şərait yaradır.
K vitamini bağırsaq
mikroflorası tərəfindən sintez olunur və qida məhsulları vasitəsilə (ağ və rəngli
kələm, ispanaq, pomidor, balqabaq, donuz qaraciyəri) orqanizmə daxil olur.
PP vitamininin (nikotin turşusu) çatışmazlığı pellaqra xəstəliyi kimi təzahür edir. Pellaqra uzun
müddətli aclıqdan, qidalanmanın düzgün qurulmaması, rasionda karbohidratların üstünlük
təşkil etdiyi şəraitdə, bəzi dərman preparatlarının (izoniazid) tətbiqi, habelə
mədə və bağırsaq xəstəlikləri zamanı həzmin qabarıq surətdə pozulması ilə əlaqədar
inkişaf edir. Əsas etibarı ilə böyük adamlarda (20-50 yaş həddində), təsadüfi hallarda
- yeniyetmələrdə və çox nadir hallarda - uşaqlarda müşahidə olunur. Xəstəlik halsızlıqla,
tez yorulma, zəiflik, apatiya, iştahın itməsi, qıcıqlanma ilə başlayır. İshalın
olması, ağız selikli qişasında eroziya və ya yaralar xarakterikdir. Tədricən dəridə pellaqrik eritema
(qızartı, qırmızı ləkə, səpgi) əmələ gəlir və günəş şüasının və yaxud digər qıcıqlandırıcının
təsirindən daha da güclənir. Eritema simmetrik olaraq əlin və ya ayağın üstündə,
üzdə, boyunda, nadir hallarda - döşdə, baldırda yerləşir. Zədələnmiş dəri tünd-qırmızı
rəngdə, şişkin olur, qaşınır. Eritema çox vaxt suluqlarla müşayiət olunur ki, onlar
da partlayaraq dəridə nəm sahələr qoyur. Xəstələrin çoxunda mərkəzi sinir sisteminin
funksiyasının pozğunluqları, bəzən periferik sinirlərin zədələnməsi müşahidə olunur.
Xəstələr baş ağrısından, onurğada və ətraflarda olan ağrıdan şikayətlənirlər.
PP vitamininin əsas mənbələri - ət, qaraciyər, böyrək,
yumurta, süd, paxlalılardır.
Vitamin çatışmazlığının
müalicəsi bu və ya digər vitaminin çatışmazlığının klinik əlamətlərinə görə müəyyən
edilərək müvafiq vitaminin və yaxud da polivitamin preparatlarının həkim tərəfindən
təyin olunmuş dozalarda tətbiqindən ibarətdir. Vitamin çatışmazlığı zamanı vitaminlərin
müalicəvi dozaları sağlam adamın həmin vitaminə olan sutkalıq tələbat miqdarından
bir neçə dəfə çox olur. Bununla yanaşı, xəstələrə, çatışmayan vitaminlərlə zəngin
qida məhsulları məsləhət görülür.
İnsan orqanizmi yaşlaşdıqca,
vitamin mübadiləsi pozulur və bu da onların bir çoxunun, o cümlədən, askorbin turşusu,
tiamin, piridoksin, riboflavin, nikotin turşusu, siankobalamin, retinol və tokoferol
asetatın çatışmazlığına gətirib çıxarır. Müxtəlif yaş qruplarında bu dəyişikliklər
eyni deyil. Askorbin turşusunun defisiti qoca, ahıl yaşlarda daha qabarıq olur,
qadınlarda kişilərə nisbətən üstünlük təşkil edir. Ateroskleroz zamanı (bax: ateroskleroz) bütün yaş qruplarında orqanizmin
C, B6, PP, B1 və B2 vitaminləri ilə təchizatı praktiki
sağlam şəxslərə nisbətən aşağıdır, bu da məlum mənada bu xəstəlik zamanı lipid mübadiləsinin
pozğunluğu ilə əlaqədardır. Yaşlı və ahıl adamlarda vitamin çatışmazlığı endogen
(orqanizmin daxili amilləri ilə əlaqədar) xarakter daşıyır, belə ki, çatışmazlıq
vitaminlərin qida ilə kifayət qədər daxil olması şəraitində belə inkişaf edir. Bu,
mədə-bağırsaq sisteminin, mədəaltı vəzinin funksional pozğunluqları ilə, qaraciyərin
funksiyasının zəifləməsi və s. ilə əlaqədardır. Çox vaxt, yaşlı adamlarda vitaminlərin
qanın plazmasında miqdarı normal olduğu halda, bu və ya digər qrup vitaminlərin
çatışmazlığının klinik əlamətləri müşahidə olunur, hansılar ki, müvafiq vitaminin
optimal dozasının təyin olunması ilə keçib gedir. Ona görə də, yazda və qışda, vitamin
defisitinin ən qabarıq biruzə verdiyi mövsümlərdə, polivitamin preparatlarının qəbulu
məqsədəuyğundur.
Yadda saxlamaq lazımdır
ki, vitaminlərin həkimin nəzarəti olmadan, kontrolsuz qəbulu kifayət qədər xoşagəlməz
hallarla nəticələnə bilər. Onların həddən artıq qəbulu hipervitaminoza – vitaminlərin
artıq miqdarda orqanizmə daxil olması ilə əlaqədar patoloji vəziyyətə gətirib çıxara
bilər. Ona görə də, hər bir halda, vitaminlərin dozası və qəbul edilmə müddəti mütləq
həkimlə razılaşdırılmalıdır!
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.