Katarakta göz xəstəliyi olaraq, göz büllurunun qismən və yaxud
tam bulanması nəticəsində görmə qabiliyyətinin pozulması və bəzən tam itirilməsi
ilə xarakterizə olunur.
Bir çox alimlərin fikrincə, katarakta orqanizmin qocalmasının
nəticəsidir. Göz büllurunun bulanması çox mürəkkəb prosesdir və onun əmələ gəlməsində,
çox güman ki, müxtəlif, hələ tam tədqiq edilməmiş faktorlar kompleksinin rolu var.
Kataraktanın ilkin simptomları - göz önündə qaranlıq ştrixlərin,
xəttlərin, ləkələrin olması, işıq məmbələrinin ikiləşməsidir.
Göz büllurunun bulanmasının inkişaf stadiyaları bunlardır:
- erkən katarakta zamanı görmə qabiliyyəti pozulmur, göz büllurunda az miqdarda bulanıqlıq olur;
- yetişməmiş katarakta görmə qabiliyyətinin nəzərə çarpacaq dərəcədə pozulması və göz büllurunun bulanıqlığının artması ilə xarakterizə olunur;
- yetişmiş katarakta zamanı göz bülluru bulanıqdır, görmə qabiliyyəti praktik olaraq itirilmiş olur;
- yetişib ötmüş katarakta tez-tez fəsadlaşma verir (ikincili qlaukoma, fakogen uveit).
Bütün bu proseslər ağrısız gedir.
Kataraktalar anadangəlmə və qazanılma ola bilərlər.
Anadangəlmə kataraktaların əmələ gəlməsi bir sıra patogen (patologiya, xəstəlik törədən) faktorların hamilə qadınlara təsiri nəticəsində (uşaqlıq toxumasında iltihabi proseslərin, yüksək hərarətin, oksigen aclığının olması, virus xəstəliklərinin, şüa enerjisinin təsiri, hamiləliyin birinci 3 ayı ərzində ananın dərman qəbul etməsi və s.) göz almasının bətndaxili inkişafının pozulması ilə əlaqədardır. Əgər anadangəlmə katarakta zamanı görmə qabiliyyəti nəzərə çarpacaq dərəcədə itmişsə, göz büllurunu bacardıqca tez bir zamanda çıxarırlar.
Qazanılma kataraktalar bir neçə yerə bölünür: qocalıq, travmatik, şüa, fəsadlaşma kataraktaları və s. Ən çox təsadüf edən qocalıq kataraktasıdır. O adətən 50 yaşdan yuxarı adamlarda əmələ gəlir və aramlı gedişi ilə fərqlənir.
Fəsadlaşma kataraktaları göz qişalarının xəstəliyi zamanı və orqanizmin digər ümumi xəstəlikləri (diabet, daxili sekresiya pozğunluqları, miksedema, ümumi dermatozlar, miotoniya və s.) nəticəsində meydana gəlir.
Həm anadangəlmə kataraktalara, həm də qocalıq kataraktalarına meyillik nəsillikcə ötürülə bilər.
Kataraktaların ümumi qəbul edilmiş müalicəsi yoxdur. Xəstəliyin bəzi erkən formaları zamanı (görmə itiliyi 0,1-dən çox) medikamentoz müalicə xəstəliyin inkişafını zəiflədir və yaxud dayandırmağa imkan yaradır. Qeyd etmək lazımdır ki, müalicə, mütləq həkim təyinatı və nəzarəti altında aparılmalıdır, belə ki, kataraktanın elə formaları var ki, bəzi dərman preparatlarının təsirindən göz büllurunun bulanması daha da sürətlənir. Göz büllurunda mübadilə proseslərini nizama salan medikamentlərin tərkibinə B qrupu vitaminləri (В1, В2), C vitamini, yod məhlulu, qlükoza, qlütation, adenozin 3-fosfat turşusu, kalsiumun, sinkin, maqneziumun xlorlu birləşmələri, müstəqil sistein və s. daxildir. Bundan başqa gözə damızdırmaq üçün Smirnov damcıları, Larionov damcıları, oftan-kataxrom (Finlandiya), senkatalin (Hindistan), vitafakol, vitayodürol, vitanoburol (Fransa) və s. istifadə olunur.
Xəstəliyin erkən stadiyalarında vacib müalicə metodlarından biri də gözün «massajıdır». Bu, göz almasının yuxarı, aşağı, yanlara, dairəvi olaraq, sağa, sola hərəkətindən, göz yarığının gündə 10 dəfə səhər və axşam yığılıb açılmasından (gözlərdə qan dövranının yaxşılaşdırılması məqsədilə) ibarətdir.
Cərrahi müdaxilə göz büllurunun çıxarılmasından və süni göz büllurunun implantasiyasından ibarətdir.
Kataraktanın qeyri-cərrahi üsullarla müalicəsinin mümkünlüyünə və xalq təbabətinin kataraktaların müalicəsində gücünə bel bağlamaq olmaz.
Onu demək lazımdır ki, bu üsulların əksəriyyətinin effektivliyinə dair elmi sübutlar yoxdur.
Məsələn, katarakta üçün ən yayılmış xalq təbabəti vasitələrindən biri baldır. Onun təbii antiseptik və bərpaedici xüsusiyyətləri olsa da, praktikada bu üsul nəinki faydasızdır, hətta təhlükəli ola bilər. Arı məhsullarının tərkibində bakteriya və mikroblar ola bilər ki, bu da gözə damızdırdıqda infeksiyaya, iltihab və ya allergik reaksiyalara səbəb ola bilər. Üstəlik, balın katarakta üçün faydalarını təsdiqləyən heç bir elmi dəlil yoxdur.
NİYƏ XALQ TƏBABƏTİ ÜSULLARI KATARAKTA ZAMANI NƏTİCƏ VERMİR?
Katarakta göz büllurunda zülalların strukturunun dəyişməsi səbəbindən inkişaf edir ki, bu da onun bulanıqlaşmasına səbəb olur. Bu proses səthi təsirlərə tamamilə reaksiya vermir. Ona görə də, kataraktanın müalicəsinin qeyri-cərrahi üsullarını axtarırsınızsa, demək lazımdır ki, müxtəlif damcılar, xüsusi eynəklər, habelə hansısa xalq təbabəti vasitələrinin təsirli olması daha çox mifdir, nəinki həqiqət.
Problemi aradan qaldırmaq üçün yeganə təsirli üsul cərrahi müdaxilə olaraq qalır - zədələnmiş göz büllurunun çıxarılması və süni büllrla əvəz edilməsi.
Digər vasitələr gözlərin ümumi vəziyyətini müvəqqəti olaraq yaxşılaşdıra və ya narahatlığı azalda bilər, lakin xəstəliyin gedişatını dayandıra bilməz və əlbəttə ki, görmə qabiliyyətini bərpa edə bilməz.
Çalışın sağlam qalın.
Unutmayın ki, sağlamlığınız öz əlinizdədir.
Buyurun, izləyin:
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.