Çiban (latınca: furunculus) – tük follikulunun (kisəciyinin)
və onu əhatə edən birləşmiş toxumanın kəskin irinli-nekrotik iltihabıdır. Dərinin
çirklənməsi, cızılması, zədələnməsi, tər və piy vəzilərinin artmış sekresiyası
(ifrazı), vitamin çatışmazlığı, şəkərli diabet – çibanın əmələ gəlməsi üçün şərait
yaradan amillərdir.
Çiban bədənin hər hansı tüklü hissəsində əmələ gələ bilər.
Ən çox isə boyunun, ənsənin, üzün, əlin üstünün, belin dərisində yerləşir. Əvvəlcə
kiçik konus şəklində qabarmış, al-qırmızı, bərkimiş iltihabi infiltrat əmələ gəlir.
İnkişaf etdikcə infiltrat böyüyür, qızarır, ətraf toxumalarda şişkinlik qeyd edilir.
III-IV gün infiltratın mərkəzində yaşılımtıl rəngdə nekrozlaşmış özək formalaşır.
2-3 gündən sonra irin və qanla birlikdə özək qopub düşür və yerində dərin yara qalır.
2-3 gün ərzində yara sağalır. Çibanın inkişaf sikli 8-10 gün, nadir hallarda daha
çox təşkil edir. Tək-tək çibanlar bədənin ümumi reaksiyasına səbəb olmur.
Çibanın ənənəvi təbabət metodları ilə müalicəsi yerli olaraq
iltihabi ocağın ətrafının 70%-li spirtlə təmizlənməsindən və üzərinə 2%-li salisil
spirti, metilen göyünün, brilliant yaşılının (zelyonka) 1-3%-li spirtli məhlulunun
sürtülməsindən ibarətdir. Çiban ətrafındakı tüklər təmizlənməlidir. İrinli-nekrotik
infiltratın (çiban özəyinin) əmələ gələcək yerə salisil natrium kristal duzu və
ya salisil turşusu ilə quru sarğı qoyaraq, özəyin qopmasını tezləşdirmək olar. Özək
qopduqdan sonra, yara yerini antiseptik məhlulla (hidrogen peroksidlə, furasillinlə
1:5000) yuyub, natrium xlorun (xörək duzunun) hipertonik məhlulu və proteolitik
fermentlə sarğı qoyurlar. Yara irindən təmizləndikdən sonra məlhəmli (vinilin,
5%-li sintomitsin emulsiyası və s.) sarğılardan istifadə olunur; sarğılar iki gündən
bir dəyişilir.
Çibanı sıxmaq və yaxud ətrafını massaj etmək çox təhlükəlidir
və buna görə də qəti surətdə qadağandır. Çibanın üzdə yerləşməsi, ağır fəsadlaşma
təhlükəsi ilə əlaqədar stasionar şəraitində müalicə olunmalıdır.
Çibanın müalicəsində xalq təbabəti vasitələrinin tətbiqi qədim
tarixə malikdir. Təbiblərimizin məsləhəti ilə çibanı olanlar əvvəlcə abqora aşı
yeməlidir. Bundan sonra çibanın yetişməsi və çirkin təmizlənməsi üçün aşağıdakı
tədbirlər görülür:
- arpa unundan xəmir düzəldib çiban üzərinə qoyduqda təpitmə çibanın açılmasına və çirkin çıxmasına kömək edir;
- süddə bişirilmiş təzə və ya quru ənciri ilıq halda təpitmə kimi çiban üzərinə qoyduqda, bu əməliyyat ağrıları sakitləşdirməklə yanaşı, onun tez açılmasına səbəb olur.
Başqa faydalı vasitələrdən biri yaranın tez sağalmasına kömək
edən paxla unu təpitməsidir.
Çibana qarşı ən sadə və olduqca faydalı vasitələrdən biri
soğandır. Onu isti küldə bişirib, yarıya bölərək çibanın üzərinə bağlayırlar. Bu
çibanı tez yetişdirir, onun müalicəsini sürətləndirir.
Müxtəlif çibanları müalicə etmək, şişini çəkmək üçün şalğamdan
istifadə etmək olar. Bu zaman bişmiş şalğamı xırda-xırda doğrayaraq, təpitmə şəklində
çibanın üzərinə qoyurlar.
Çibanı, başqa xırda və irinli yaraları müalicə etmək üçün,
meynəni yandırıb, külünü su ilə qatışdırır, 1 saat ərzində mülayim od üzərində bişirir,
sonra isə süzüb kompres şəklində işlədirlər.
Limon qanın tərkibini tənzimləyib saflaşdırdığından, yara, çiban, dəridə
sızanaq çıxaran adamlar limon işlətməlidirlər.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.