BAĞIRSAQ QURDLARI (HELMİNTOZ)

Yaddan çıxarmaq olmaz ki, bağırsaq qurdları o qədər də «fağır» və «günahsız» deyil. İnsan orqanizmində məskunlaşaraq, onlar, nəinki qəbul olunan qidanın bir hissəsini mənimsəyir, həm də orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimət qabiliyyətini aşağı salan zəhərli maddələr ifraz edirlər.
Bağırsaq qurdlarının (helmintlərin) ötürülmə yolları və faktorları müxtəlifdir və bu baxımdan, parazitlərin bioloji xüsusiyyətindən asılı olaraq, geohelmintozbiohelmintozlar ayırd edilir.

Geohelmintozların törədiciləri (onların yumurta və süfrələri) aralıq, vasitəçi sahibin iştirakı olmadan inkişaf edirlər. Onlar xəstə orqanizmdən nəcis vasitəsilə ətraf mühitə (məsələn, torpağa, suya və s.) düşür və digər adamları yoluxdururlar. Yoluxma, əsasən, ağızdan olur və törədicilər bura çirkli əllərlə, habelə tərəvəz, meyvə, su, hətta toz vasitəsilə gətirilirlər. Geohelmintozların ən yayılmış törədiciləri askarid (lentvari qurd) və tükbaş qurddur.

Biohelmintozların törədiciləri yalnız iki və daha artıq daşıyıcının iştirakı ilə inkişaf edirlər. İnsan biohelmintozla kifayət qədər termik emaldan keçməmiş mal (teniarinxoz), donuz (tenioz), balıq (difillobotrioz) əti yedikdə və s. yoluxa bilər.

Helmintozların klinik şəkli törədicidən asılı olaraq müxtəlif olur. Lakin bağırsaqda, ümumiyyətlə, həzm orqanlarında məskunlaşmış bağırsaq qurdları xəstədə baş ağrısı, ümumi zəiflik, iştahın itməsi, ağızda sulanma, qarında ağrı, qəbizlik və yaxud ishal və s. bu kimi əlamətlərlə biruzə verir. Diaqnozun təsdiq edilməsi elə bir çətinliklərlə əlaqədar deyil və nəcisin ümumi analizi zamanı aşkar edilir.

Helmintozların müalicəsində ciddi həkim nəzarəti altında təyin edilmiş qurd əleyhinə vasitələr tətbiq edilir. Əksər hallarda bu müalicə patogenetik terapiya ilə (hiposensibilizasiya vasitələri ilə - dimedrol, suprastin və s., habelə vitaminlərlə) kompleksdə tez bir zamanda müsbət nəticə verir.
Helmintozların profilaktikası ilk növbədə şəxsi gigiyena qaydalarına riayət etməyi (yeməkdən qabaq, ayaqyolundan sonra, torpaqla və ev heyvanları ilə kontaktdan sonra əllərin yuyulmasını), tərəvəz və meyvələrin mükəmməl yuyulmasını, ət məhsullarının kifayət qədər termik emalının təmin olunmasını tələb edir. Əlbəttə, müvafiq müayinədən keçməmiş və gigiyena qaydalarına uyğun olmayan yerlərdə satılan ərzaq mallarını, xüsusilə də ət məhsullarını almaq məsləhət deyil. Müxtəlif su hövzələrindən, göllərdən, çaylardan götürülmüş, ümumiyyətlə, müvafiq surətdə təmizlənməmiş sudan məişətdə istifadə etmək qəti qadağandır. Hətta, hər ehtimala qarşı, su şəbəkəsindəki suyu çiy halda içmək məsləhət deyil. Suyu qaynadın və yaxud da xüsusi qablaşdırılmış içməli sulardan, mineral və bulaq sularından istifadə edin.
Bağırsaq qurdlarını qovmaq üçün xalq təbabətində balqabağın, qarpızın toxumları, limon, balla və yaxud şəkərlə qarışdırılmış qara turp şirəsi, yovşan, ayıdöşəyi və s. istifadə olunur. Fransada bu məqsədlə qızıl gül yarpaqlarından istifadə olunur.
Qurd əleyhinə vasitə kimi yaşıl qoz qabığının həlimi hələ Hippokrat dövründən məlumdur. Bir çox digər xəstəliklərdə olduğu kimi, soğan və sarımsaq effektli təsirə malikdir. Soğanı 4 gün ərzində səhər ac qarına yemək və yaxud ondan dəmləmə düzəltmək lazımdır:
  • orta ölçülü 1 baş soğanı xırdalayaraq, üzərinə 1 stəkan qaynadılmış soyuq su əlavə etmək və 10-12 saat saxladıqdan sonra süzmək lazımdır. 1/3 stəkan gündə 1 dəfə qəbul edilir. 7-10 gündən sonra kursu təkrar etmək olar;
Sarımsaq imalə üçün dəmləmə şəklində tətbiq edilir;
  • 1-2 baş sarımsağı xırdalayaraq, üzərinə qaynadılmış isti su və ya süd əlavə olunur, 10-12 saat saxlanır.
Qurd əleyhinə vasitə kimi gicitkan kökünün və toxumunun həlimi də istifadə olunur.






No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.