VİRUS HEPATİTİ


Virus hepatiti - əsas etibarı ilə, qaraciyərin zədələnməsi ilə xarakterizə olunan və intoksikasiya, qismən də sarılıqla (bax: sarılıq) müşayiət olunan infeksion xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının hepatit üzrə ekspertlər şurasının məsləhətinə görə (1976), virus hepatiti yaranma səbəblərinə, klinik əlamətlərinə görə üç müstəqil xəstəlik kimi qiymətləndirilir: virus hepatiti A (sin.: infeksion hepatit, Botkin xəstəliyi); virus hepatiti B (sin.: zərdab hepatiti); virus hepatiti «nə A, nə B». Virus hepatitləri ilə xəstələnmə göstəricisinin ümumi strukturunda 60-70% uşaqlar təşkil edir.

Virus hepatiti A. A hepatitinin virusu 1973-cü ildə ixtira olunub. Bu, 27 nm diametrli sferik hissəcikdir və 5 dəqiqə ərzində qaynadıldıqda məhv olur.
İnfeksiya törədicisinin məmbəyi xəstə adam və ya virus daşıyıcısıdır. Virus, yoluxmuş orqanizmdən, əsas etibarı ilə, bağırsaq vasitəsilə xaric olur və xəstələrin nəcisində aşkar edilir. Sağlam adamların yoluxması qidanın, suyun və məişət əşyalarının xəstənin və ya virus daşıyıcısının nəcisi ilə çirklənməsi nəticəsində baş verir. Xəstələnmə halları 4-15 yaş həddində uşaqlar arasında, qapalı kollektivlərdə və payız-qış mövsümündə üstünlük təşkil edir. Xəstəliyi keçirdikdən sonra ömürlük immunitet (həmin xəstəliyə qarşı orqanizmin davamlılığı) yaranır.
İnkubasiya dövrü, yəni yoluxan andan xəstəliyin ilk klinik əlamətlərinin biruzə verdiyi anadək müddət - 7 gündən 45 günədək, orta hesabla - 20-30 gün təşkil edir.
 
Xəstəliyin sarılıqlı, sarılıqsız, subklinik və xolestatik formaları ayırd edilir.
Xəstəliyin sarılıqlı  gedişinə 7-11 gün, uşaqlarda isə, adətən, 5-7 gün davam edən sarılıq qabağı periodun olması xasdır. Bu zaman qızdırma reaksiyası, baş ağrıları, yuxarı tənəffüs yollarının iltihabı, süstlük, iştahın itməsi, ürəkbulanma, qusma, qarında ağrı (xüsusən uşaqlarda) müşahidə olunur. Sarılıq periodunun başlaması ilə yuxarıda göstərilən toksikoz simptomları keçir, piqment mübadiləsinin pozulması əlamətləri (dərinin və görünən selikli qişaların, xüsusən də gözün sklerasının - ağının, saralması; sidiyin pivə rəngində olması; nəcisin  rəngsizləşməsi) biruzə verir. Qaraciyərin, çox vaxt isə dalağın ölçülərinin böyüməsi, hipotenziya (bax: arterial hipotenziya) və bradikardiya, dəridə qançırlar və qaşınma müşahidə olunur. Sarılıq, adətən, 10-15 gün davam edir.
Sarılıqsız forma sarılıq əlamətlərinin klinik və hətta laborator olaraq aşkar olunmaması və digər simptomların az qabarıqlığı ilə fərqlənir.
Subklinik forma klinik simptomların olmaması ilə xarakterizə olunur və yalnız laborator testlər vasitəsilə aşkar edilir.
Çox nadir hallarda müşahidə olunan xolestatik forma sarılıqla biruzə verən xolestaz (ödün öd yollarında durğunluğu) və dəridə qaşınma ilə xarakterizə olunur. Sarılıq sindromu bir neçə ay davam edə bilər, intoksikasiya əlamətləri müşahidə olunmur.

Xəstələr və yoluxma ehtimalı olan şəxslər stasionar şəraitində infeksion şöbədə yerləşdirilirlər. Yataq rejimi, müvafiq pəhriz (süd məmulatları və bitki mənşəli qida), çox miqdarda maye qəbulu təyin edilir. Stasionardan yazıldıqdan sonra xəstələr birinci aylar ərzində fiziki gərginliyi məhdudlaşdırmalı, yağlı və kəskin (ədviyyatlı) qidadan, alkoholdan imtina etməlidirlər. Müalicə, adətən, sağalma ilə nəticələnir, prosesin xroniki formaya çevrilməsi müşahidə olunmur.

Virus hepatiti B. Virus hepatitinin bu formasının törədicəsi kimyəvi və fiziki faktorların təsirinə olduqca davamlıdır. Belə ki, o, yalnız avtoklavda (buxar sterilizatoru) 120oC temperatur şəraitində 45 dəqiqə ərzində və yaxud quru istiliklə 180oC temperatur şəraitində 60 dəqiqə ərzində məhv olur.
İnfeksiya məmbəyi – xəstə adam və yaxud sağlam virus daşıyıcılarıdır. Virus daşıyıcıları xüsusi təhlükə kəsb edirlər, çünki onlar potensial qan donorları ola bilərlər. Törədicinin ötürülmə yolu parenteraldır - hərfi mənada, bağırsaqdan kənar, yəni yoluxmanın inyeksiya vasitəsilə, qan və qan maddələrinin köçürülməsi, kifayət qədər sterilizə olunmamış tibbi alətlərdən istifadə olunaraq, qan alma, peyvənd aparma, dərman preparatlarının yeridilməsi, müxtəlif cərrahi manipulyasiyaların aparılması, ümumi ülgüclə üzün qırxılması və s. zamanı baş verir. Xəstələnmə yaşdan asılı deyil və mövsüm xarakteri daşımır. Xəstələrin qanı ilə təmasda olan tibb işçilərinin yoluxması tez-tez müşahidə olunur.
İnkubasiya dövrü 30-180 gün, orta hesabla 60-90 gün təşkil edir. Klinik əlamətləri A tipli virus hepatiti ilə eynidir, lakin axırıncıdan fərqli olaraq, daha ağır gedişə malikdir. Xəstəlik tədricən inkişaf edir, çox vaxt temperatur reaksiyası olmur, süstlük, tez yorulma, iştahın itməsi ön plana çəkilir. Sarılıq qabağı period 10-12 gün və daha artıq olur, sarılığın əmələ gəlməsi ilə xəstənin vəziyyəti yüngülləşmir. Sarılıq dövrü A tipli virus hepatitində olduğundan daha davamiyyətlidir. Bəzən B tipli virus hepatiti zamanı orqanizm virusdan tam azad ola bilmir və 10 il və daha artıq davam edən virus daşımaçılığı formalaşır. Bir sıra hallarda xəstəliyin xroniki formaya çevrilməsi müşahidə olunur. İmmunitet formalaşmır, hətta A tipli virus hepatitinə qarşı olan immunitet B tipli virus hepatitindən qorumur.

Müalicəsi A tipli virus hepatiti ilə eynidir. Vaxtında aşkar edilərək düzgün müalicə olunduqda tam sağalma ilə nəticələnir.

Virus hepatiti «nə A, nə B». Bu tip virus hepatitinin inkubasiya dövrü 15-160 sutkadır. Onun törədicisi, xəstəliyin epidemiologiyası, klinikası hələ tam öyrənilməyib və tədqiqatların davam etdirilməsini tələb edir. «nə A, nə B» tipli virus hepatitinin iki forması ayırd edilir: 
  1. parenteral yolla yoluxan və sporadik (təsadüfi) xarakter daşıyan forma; 
  2. su yolu ilə ötürülən və epidemik (kütləvi) xarakter daşıyan forma. 
Birinci forma B  tipli virus hepatitini xatırladır, lakin daha yüngül gedişi ilə fərqlənir. İkinci forma isə A tipli virus hepatitinə oxşayır, virusları da, xarakteristikalarına görə yaxındır.

Virus hepatitinin profilaktikası ciddi sanitar-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsini tələb edir. Müvafiq tibb müəssisələri tərəfindən aparılan tədbirlər xəstəliyin yayılmasının qarşısının alınmasına, infeksiya məmbəyinin aşkar edilərək zərərsizləşdirilməsinə yönəldilir.

A tipli virus hepatiti zamanı bu tədbirlərə iaşə müəssisələrinin işinə nəzarət, qidalanmanın və su ilə təchizatın təşkili, tullantıların kənar edilməsi, milçəklərin məhv edilməsi və s. daxildir. Profilaktikanın əsasını əhalinin zərərsizləşdirilmiş su ilə təchizatı təşkil edir. Epidemiya ocağında xəstələrlə təmasda olan şəxslərin tibbi müayinəsi (həftədə 1 dəfədən az olmamaq şərti ilə) təşkil edilir. Uşaq məktəbəqədər müəssisələrində axırıncı xəstəni hospitalizasiya etdikdən sonra 35 gün ərzində gündəlik tibbi müayinə (termometriya, sidiyin və dərinin rənginin kontrolu, Qaraciyər və dalağın ölçülərinin müəyyən olunması) aparılır. Xəstə ilə təmasda olanların törədiciyə qarşı davamlılığını artırmaq üçün, 1 yaşdan 14 yaşadək uşaqlara və hamilə qadınlara normal (qızılca əleyhinə) immunoqlobulin (qamma-qlobulin) vurulur. Amma nəzərdə saxlamaq lazımdır ki, preparat xəstə ilə birinci təmasdan 10 gün keçənədək vurulmalıdır.

B tipli virus hepatitinin profilaktikası xəstələrin və onlarla təmasda olan şəxslərin qeydə alınmasından ibarətdir. Bu şəxslər donorlar sırasından çıxarılmalıdırlar. B tipli virus hepatiti keçirmiş şəxslər arasında tetanus və quduzluq əleyhinə peyvəndlər istisna olmaqla, heç bir profilaktik peyvənd aparılmır. Qadınlara stasionardan yazıldıqdan sonra 1 il müddətində hamilə qalmaq məsləhət görülmür. Xəstəliyi keçirmiş şəxslər stasionardan yazıldıqdan 3, 6, 9 və 12 ay sonra infeksion xəstəliklər kabinetində müayinədən keçməli, hepatit əlamətləri aşkar olunduğu təqdirdə hospitalizasiya olunmalıdırlır.

Xəstəxanada, poliklinikada, digər tibb müəssisələrində müalicə kursu keçərkən, inyeksiyalar, digər tibbi manipulyasiyalar zamanı (qan alarkən, analiz verərkən, diş çıxararkən və s.)  BİRDƏFƏLİK ŞPRİSLƏRDƏN İSTİFADƏ EDİN!

Xalq təbibləri hepatit zamanı bu dəmləmələri məsləhət görürlər:
  • Pişikotu kökü (1 xörək qaşığı), yemişan gülü (1 xörək qaşığı), zərinc qabığı (1 xörək qaşığı), nanə yarpağı (1 xörək qaşığı) 1 stəkan qaynar suda dəmlənir və 0,5 stəkan gündə 2 dəfə, səhər ac qarına və axşam yatmazdan qabaq qəbul edilir;
  • Solmaz çiçəyi (1 xörək qaşığı), adi boymadərən (1 xörək qaşığı), acı yovşan (1 xörək qaşığı), adi rəzyana bəhrəsi (1 xörək qaşığı), nanə yarpağı (1 xörək qaşığı) 1 stəkan qaynar suda dəmlənir və 0,5 stəkan gündə 4 dəfə yeməkdən 15 dəqiqə qabaq qəbul edilir;
  • Quşarmudu və itburnu giləmeyvəsi (hərəsindən 1 xörək qaşığı 1 stəkan qaynar suya). 1 xörək qaşığı gündə 2-3 dəfə qəbul edilir.
Hepatit zamanı tərəvəz şirələri (yerkökü, çuğundur, kələm, kartof) 1:4 nisbətində su ilə qatılaraq, gündə 0,5 stəkan - faydalıdır.

Son illərdə aparılan tədqiqatlar nəticəsində virus hepatitinə dair yeni məlumatlar dərc edilmiş, müasir klassifikasiyası tərtib edilmişdir.

Hepatit - qaraciyərin diffuz və ocaqlı zədələnmələrlə müşayiət olunan patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən - virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan - kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn - mexaniki hepatitlər və s. aiddir. 
Kəskin hepatitlər - şüalanma nəticəsində, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər. Toksik hepatitlər - müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə əlaqədar olaraq meydana çıxan və onun funksiyasını pozan prosesdir. Virus hepatitləri (hepatitis viralis) - hepatotrop viruslar tərəfindən törədilən antroponoz infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional, üzvi, destruktiv dəyişikliklərini özündə cəmləşdirir.

Hepatit A - enteroviruslar tərəfindən törədilir. Fekal-oral yolla yoluxur. Yoluxmadan 7-10 gün sonra İgM yaranır və 6 ay müddətində təyin oluna bilər. HAV-da İqG rekonvalessensiya dövründə yaranır və erkən diaqnostika kriterilərindən sayıla bilməz. Bu markerin aşkarlanması nə vaxtsa keçirilmiş infeksiya haqqda xəbər verir.

Hepatit B - törədicisi hepadnavirusdur (hepadnaviridae). Antropanoz (yalnız insanların yoluxduğu) infeksiyadır. Aşağıdakı infeksion markerləri təyin olunur:
  • HBsAg (hepatit B virusunun səthi antigeni) - əsas markerlərdən olub, infeksiyalaşmanı göstərir.
  • HBcAg (hepatit B virusunun zülalı) - virusun aktiv reproduksiyasını göstərir.
  • HBeAg (hepatit B virusunun zülalı) - virusun aktivliyini, yüksək virulentliyini və infeksiyalaşdırma dərəcəsini göstərir.
  • DNT HBV - virusun genom göstəricisidir və s.

Hepatit C - flavioviruslara oxşar törədicilərə malikdir, RNT genomludur. HCV-nin diaqnostikası summar antitellərin aşkarlanmasına əsaslanır. HCV xroniki qaraciyər xəstəliklərinin, sirrozun və hepatosellülyar karsinomaların yaranmasına səbəb olur. Digər laborator metodlarla yanaşı referens metod kimi HCV-nin diaqnostikasında immunoblot metod tətbiq olunur. Metodun üstünlüyü daha həssas olmasındadır.

Hepatit D - deltaviruslar tərəfindən törədilir, yalnız HBsAg (hepatit B virusunun səthi antigeni) pozitiv olan insanlarda aşkarlanır. HBV və HDV birlikdə müşahidə olunarsa daha ağır klinika inkişaf edir.

Hepatit G - postransfuzion hepatitlərdəndir. Monoinfeksiya şəklində az rast gəlinir. HAV, HBV infeksiyaları ilə birgə aşkarlandıqda daha kəskin klinika müşahidə olunur.

Hepatit haqqında hər kəs bunları bilməlidir! 

1. Hepatit hansı orqanı zədələyir?

Cavab: Qaraciyər. “Hepatitis” sözü qaraciyərin iltihabı deməkdir. Qaraciyərin zədələnməsi onun funksiyasının pozulmasına gətirib çıxarır. Qaraciyər isə bir-çox vacib funksiyalar yerinə yetirir, məsələn qidaların həzmi, enerji depolanması, qanın toksinlərdən təmizlənməsi, öd sintezi və s. Hepatitlərin bəzi formaları yüngül keçsə də, bəzi formaları çox ciddi problemlərə səbəb ola bilir. Bunlara sirroz və qaraciyər xərçəngi aiddir.

2. Hepatit A, B və C-ni nə törədir?

Cavab: Viruslar. Qeyd olunan hepatitlərin hər biri müxtəlif viruslar tərəfindən törədilir. Ona görə də virus hepatitləri adlanır. Qaraciyərin piylənməsi, çoxlu dərman, alkoqol istifadəsi də hepatitə yol aça bilər.

3. Ən çox yayılmış hepatit hansıdır?

Cavab: Hepatit C. Hepatit C-yə yoluxma digər 2 növ hepatitin cəmindən çoxdur. Bütün dünyada 71 milyon insan xroniki Hepatit C-dən əziyyət çəkir. Hər il 400.000 insan Hepatit C və onunla bağlı ağırlaşmalardan tələf olur.

4. Özünü sağlam hiss etdikdə belə hepatitə görə yoxlanmaq lazımdır?

Cavab: Bəli! Bəzi insanlar uzun müddət hepatitə yoluxduqlarından xəbərsiz olurlar, çünki ciddi patologiya yaranana qədər hepatit heç bir əlamətlə özünü göstərmir.  İllik planlı müayinə zamanı xüsusən yoluxma yüksək olan zonalarda hepatit testləri yoxlanmalıdır.

5.Hansı hepatit öz-özünə sağalır?

Cavab: Hepatit A. Hepatit A-ya yoluxma zamanı bir neçə həftəyə pasient sağalır və qaraciyərin işi normallaşır. Hepatit B və C isə xroniki formaya keçməyə meyllidir. Bu o deməkdir ki, infeksiya illərlə orqanizmdə qalaraq qaraciyəri tədricən zədələdir.

6. Hansı hepatitə görə peyvənd vardır?

Cavab: Hepatit A və B-dən qorunmaq üçün peyvənd mövcuddur. CDC tərəfindən bütün yenidoğulmuş uşaqlara xəstəxananı tərk etməzdən öncə Hepatit  B peyvəndi vurulması tövsiyə edilir.

7. Hansı hepatit  daha çox cinsi əlaqə zamanı yoluxur?

Cavab: Hepatit B. Hepatit B bütün bədən mayelərində və qanda rast gəlinir, ona görə də asanlıqla cinsi əlaqə vasitəsilə yoluxur. Hepatit C əsasən qanla yoluxur. Nadir hallarda cinsi əlaqə ilə partnyora keçə bilər.




No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.