QLAUKOMA


Qlaukoma - göz xəstəliyi olaraq, əsas əlaməti gözdaxili təzyiqin artmasıdır ki, bu da gözün funksiyasının nəzərə çarpacaq dərəcədə pozulmasına səbəb olur.

Xəstələr gözdə ağrılardan, görmə qabiliyyətinin aşağı düşməsindən əziyyət çəkirlər. Kəskinləşmə dövründə göz alması bərkiyir («daş kimi» olur), qızarır, göz bəbəyi genişlənir, görmə itiliyi kəskin surətdə azalır.

Qlaukomanın diaqnostikası və müalicəsi mütləq həkim-oftalmoloq (göz həkimi) tərəfindən aparılmalıdır.
Bununla belə, xalq təbabəti qlaukomalı xəstələrə qidalanma rejiminə böyük diqqət yetirmələrini məsləhət görür. Yemək gündə 4-5 dəfədən az olmayaraq, hər gün eyni vaxtlarda qəbul edilməlidir.
Xalq təbibləri bu xəstəlik zamanı polivitaminli bitkilər kompleksini təklif edirlər:
  • çaytikanı (oblepixa) meyvəsi, hər hansı formada;
  • itburnu meyvəsi (təzə və quru, toz halınadək üyüdülmüş) hər hansı formada. Çay: 1 xörək qaşığı quru xırdalanmış itburnu meyvəsi 2 stəkan qaynar suda 10 dəq. qaynadılır, 2-3 saat gözlədikdən sonra 1/4 - 1/2 stəkan gündə 3-4 dəfə qəbul edilir;
  • qarağat meyvəsi (təzə və quru), hər hansı formada. Bu bitkinin müalicəvi yarpaqlarından da istifadə etmək məqsədəuyğundur: 3-4 q quru yarpaq 1 stəkan qaynar suda 10 dəq. dəmlənir (buxarda), süzülür. Adi çay kimi gündə 2-3 dəfə içilir.
Novruzgülünün təzə otu salat, şorba, dovğa şəklində çox faydalıdır. Çiyələyin meyvəsi və yarpaqlarının 2 saat ərzində qaynar suda hazırlanmış dəmləməsi (1 xörək qaşığı gündə 3 dəfə) məsləhətdir.
Yaxşı olar ki, xörəklər bitki mənşəli yağda bişirilsin və mümkün qədər qızardılmış yeməklərdən imtina edilsin.
Kanada, İsrail, İtaliya təbibləri qlaukoma zamanı soğanın faydasını qeyd edirlər. Rus xalq təbibləri başınağacı (kalina), qaragilə, cır mərsin (qolubika), quşarmudu (ryabina), kahı qəbul etməyi məsləhət görürlər.





No comments:

Post a Comment

Şərhlərinizi bura yaza bilərsiniz.