Otit - qulağın iltihabıdır. Xarici, orta və daxili otit
ayırd edilir.
Xarici otit qulaq girəcəyinə kibrit
dənəsi və yaxud digər əşyalarla infeksiya törədicilərinin (ən çox stafillakokların)
yeridilməsi nəticəsində əmələ gəlir. Əsas etibarı ilə, şəkərli diabetdən, podaqradan,
hipovitaminozdan əziyyət çəkən şəxslərdə müşahidə edilir. Bu zaman qulaqda ağrılar
olur və bu ağrılar qulağa toxunduqda, qulaq seyvanını dartdıqda artır. Müalicə məqsədilə
xarici qulaq girəcəyinə 70%-li spirtdə isladılmış tənzif turunda, isti kompress
qoyulur, fizioterapiya (sollyuks, UYT-cərəyanı), vitaminlər təyin olunur. Bədən
hərarətinin yüksəldiyi və nəzərə çarpacaq iltihabın olması hallarında antibiotik
və sulfanilamid preparatları təyin edilir.
Xroniki irinli orta otitin ağırlaşması kimi təzahür edən diffuz
(yayılmış) xarici otit də ayırd edilir. Bu zaman xəstələr qulaqda qaşınmadan, ağrıdan
və xoşagəlməz qoxulu irinli ifrazatdan şikayət edirlər. Müalicəsi həkim-otolarinqoloq
(LOR) tərəfindən aparılır və xarici qulaq girəcəyini dezinfeksiyaedici məhlulla
(bor turşusunun 3%-li spirtli məhlulu, furasillin məhlulu 1:5000) yumaqdan və oksikort,
sintomitsin emulsiyası sürtməkdən ibarətdir.
Orta otitin kəskin, xroniki və adheziv (bitişmiş)
formaları ayırd edilir.
Kəskin orta otit burun və burun-udlağın selikli qişasının iltihabı zamanı
(məsələn, rinit) infeksiya törədicilərinin Yevstax borusu vasitəsilə orta qulağa
keçməsi nəticəsində inkişaf edir. Birinci stadiyada qulaqda kəskin ağrılar, bu ağrıların
başın müvafiq yarısına, dişlərə verməsi, yüksək hərarət (38o-39o),
eşitmə qabiliyyətinin nəzərə çarpacaq dərəcədə pozulması müşahidə olunur. İkinci
stadiyada təbil pərdəsinin deşilməsi nəticəsində irin gəlir, ağrı tədricən azalır,
xəstənin ümumi vəziyyəti yaxşılaşır, hərarət enir. Üçüncü stadiyada iltihabi prosesin
sönməsi, irin axmasının kəsilməsi, deşilmiş təbil pərdəsinin bitişməsi qeyd edilir.
İrinin axması kəsildikdən sonra xəstələrin yeganə şikayəti eşitmənin azalması olur.
Xroniki orta
otit
kataral və irinli ola bilər. Xroniki orta otitin kataral forması zamanı eşitmə qabiliyyətinin
azalması, qulağın dolu olması hissiyatı və qulaqdan seroz mayenin axması müşahidə
olunur. Müalicəsi müvafiq vasitələrlə qulaqdan mayenin sovrulub çıxarılmasından,
orta qulağa antibiotik məhlullarının, hidrokortizonun yeridilməsindən ibarətdir.
Xroniki irinli orta otit qulaqdan irin axması ilə (bu zaman
təbil pərdəsinin dəliyi uzun müddət qalır), eşitmənin azalması ilə xarakterizə olunur.
Bir çox hallarda xəstəlik kəskin irinli otitdən sonra inkişaf edir. Konservativ
(medikamentoz) müalicə yalnız irinin sərbəst ifrazı zamanı və dərman preparatlarının
təbil pərdəsinin dəliyindən orta qulağın selikli qişasına yeridilməsi mümkün olan
hallarda effektlidir. Dərman preparatlarını irini tam təmizlədikdən sonra yeritmək
lazımdır. Bunun üçün xarici qulaq girəcəyini pambıq dolanmış zondla tam quru olanadək
təmizləmək və yalnız sonra dezinfeksiyaedici vasitələri (bor turşusunun 70%-li spirt
məhlulu, habelə albusidin, furasillinin və yaxud salisil turşusunun spirt məhluluları)
damızdırmaq lazımdır. Digər hallarda cərrahi müdaxilənin müxtəlif metodlarından
istifadə olunur.
Adheziv (bitişmiş)
orta otit
orta qulağın keçirilmiş kəskin və yaxud xroniki irinli iltihabından sonra inkişaf
edir və təbil boşluğunda bitişmələrin əmələ gəlməsi ilə xarakterizə olunur. Çox
zaman onun inkişafına düzgün aparılmayan antibiotik müalicəsi gətirib çıxarır. Əsas
əlaməti - ağır eşitmədir. Bəzən qulaqlarda küy olur. Müalicəsi qulaqların üfürülməsindən,
pnevmo- və vibromassajdan, təbil boşluğuna proteolitik (zülalı əridən) fermentlərin
yeridilməsindən, qulaq nahiyəsinə diatermiyadan, palçıqla müalicədən və habelə
cərrahi müalicədən ibarətdir.
Daxili otit (labirintit)
- daxili qulağın iltihabıdır. İnfeksiya, orta otit, beyin qişalarının iltihabı
(meningit) zamanı və yaxud hematogen (qan vasitəsilə) yolla daxil olur. Bəzən travmatik
labirintit də ayırd edilir ki, bu da, çox vaxt kəllə əsasının sınığı zamanı əmələ
gəlir.
Daxili otitin əsas simptomları başgicəllənmə, ürəkbulanma,
qusma (başın vəziyyətinin dəyişdirildiyi vaxt), qulaqlarda küy, müvazinətin pozulması,
eşitmə qabiliyyətinin bu və ya digər dərəcədə azalmasıdır. Xarakterik nişanəsi spontan
nistaqmdır (gözün iradədən kənar təkanvari horizontal, vertikal və yaxud dairəvi
hərəkətləri). Müalicəsi bir qayda olaraq cərrahidir.
Xalq təbabəti eşitməni yaxşılaşdırmaq və qulaqlarda ağrını
götürmək üçün ən sadə vasitə kimi limonu gündəlik olaraq qabıqlı-qabıqlı yeməyi
məsləhət görür. İltihabi prosesin qarşısını almağa soğan şirəsi kömək edir. Bunun
üçün qulağa təzə hazırlanmış soğan şirəsində isladılmış pambıq tamponlar qoymaq
lazımdır.
Dəfnə yarpağının (lavrovıy list) həlimi də vəziyyəti yüngülləşdirir:
- emal qazana 1 stəkan su alaraq 5 dəfnə yarpağını qaynatmaq və qazanı odun üzərindən götürərək 2-3 saatlıq bürümək lazımdır. Xəstə qulağa 8-10 damcı isti halda damızdırmaq və 2-3 xörək qaşığı içmək lazımdır. Bu əməliyyatı 2-3 dəfə təkrar etmək məsləhətdir.
Polşa təbibləri orta otitlər zamanı lavanda gülünün həlimini
məsləhət görürlər. Bundan başqa mumiyenin spirtdə məhlulu da iltihab əleyhinə təsirə
malikdir. Bu zaman pambıq tamponu məhlulda islatmaq, yüngülcə sıxmaq və xəstə qulağa
qoymaq lazımdır.
«Qulaq çirki» - xarici qulaq dəhlizində yığılan normal sekretdir. O, qulağı nəmlikdən, həşəratlardan
və başqa yad cisimlərin qulağa düşməsindən qoruyur.
Əgər «çirk» həddən artıq yığılırsa, o qulaq dəhlizini tutur
və eşitməni ağırlaşdırır. Çirk qulaqda bərkimiş tıxaclar (probka) yaratdığına görə
qıcıqlanmaya və diskomforta səbəb olur. Bərkimiş «çirk» tıxacını çıxarmaq üçün həkim
köməyi lazım olur.
«Qulağa dirsəkdən nazik heç bir şey yeritmək olmaz». Amerika
həkimlərinin zarafatla dedikləri bu sözlər həqiqətə tam uyğundur. Tikiş iynələri,
saç şpilkaları, kibrit çöpləri, diş təmizləyən çöplər və s. sadəcə olaraq «çirki»
daha da dərinə itələyir və çox vaxt təbil pərdəsini zədələyə bilər.
Ev şəraitində «qulaq çirkini» təmizləmək üçün onu 1-2 damcı
zeytun yağı ilə və yaxud digər mineral yağlarla yumşaltmaq və duşdan və yaxud imalə
bankasından güclü su axını ilə (otaq temperaturunda) yumaq olar.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.