Şəkərli diabet orqanizmdə insulin hormonunun çatışmazlığı
və yaxud aşağı bioloji aktivliyi ilə əlaqədar təzahür edən endokrin xəstəliyidir
və bütün növ maddələr mübadiləsi pozğunluğu, habelə iri və xırda qan damarlarının
zədələnməsi ilə xarakterizə olunur.
Şəkərli diabet qədim Yunan həkimlərinə də məlum idi. Onlar
bu xəstəliyi «diabetes» adlandırırdılar, bunun da hərfi tərcüməsi
«sifon» deməkdir. Xəstəliyin belə adlandırılması, çox güman ki, onun ən vacib simptomlarından
olan, tez-tez sidiyə getmə əlaməti ilə bağlıdır. XVII əsrdə tez-tez sidiyə getmə
ilə xarakterizə olunan digər xəstəliklərlə qarışıq salmamaq üçün, xəstəliyin adına
«mellitus» sözü də əlavə edildi - «diabetes mellitus». «Mellitus» latın dilində «bal» sözündən götürülmüş və diabetli xəstələrin sidiyində şəkərin
olması ilə izah olunur (qabaqlar, diaqnozu təsdiq etmək üçün, sidiyin dadına baxırdılar,
şirin deyil ki).
Şəkərli diabetin ən xarakterik simptomlarına, xüsusilə uşaqlarda,
hədsiz susuzluq, yanğı və bununla əlaqədar çox miqdarda maye qəbulu ilə müşayiət
olunan tez-tez sidiyə getmə, ağızda quruluq, tez yorulma, halsızlıq, qıcıqlanma,
ürəkbulanma, daim yemək arzusu (xüsusilə, şirniyyat şeyləri, konfet) aiddir. Bu
simptomlar qəfildən başlayır və həkim müayinəsindən keçmək üçün siqnaldır.
Şəkərli diabetin digər, böyüklərə xas olan simptomlarına –
dərinin, diş ətinin, habelə sidik ifrazat sisteminin infeksiyaları, görmə qabiliyyətinin
pozulması, aşağı ətraflarda və ya ayaq barmaqlarında ağrı və qıcolmalar, kəsik və
yaraların gec sağalması, süstlük və yuxululuq aiddir. Bu simptomların hər biri diabetin
olmasına işarə ola bilər və təxirə salınmadan həkim müayinəsi tələb edir.
Şəkərli diabet ən yayılmış endokrin patologiyasıdır: bir çox
dünya ölkələri əhalisinin 3%-i bu xəstəliyə düçar olmuşdur. O, əsas etibarı ilə,
orta və yetkin yaşlı adamlarda inkişaf edir. 25 yaşdan sonra qadınlar bu xəstəliyə
kişilərə nisbətən daha meyillidirlər. Hədsiz bədən çəkisinə malik adamlar arasında
diabet daha çox müşahidə olunur. Bədənin normal həddən hər 20% artıq çəkisi, şəkərli
diabetlə xəstələnmə riskini 2 dəfə artırır.
Şəkərli diabetin səbəbləri. Şəkərli diabetin əmələ
gəlmə səbəbləri, əksər hallarda, məlum deyil. Yalnız o məlumdur ki, xəstəlik, çox
vaxt bir neçə nəsildə aşkar olunur, lakin irsi olaraq ötürülmə modeli hələ axıradək
öyrənilməyib. Habelə diabetin, buna həssas adamlarda inkişafında virusların rolu
olduğu barədə bir çox faktlar aşkar edilmişdir.
Şəkərli diabetin inkişafında bir sıra xəstəliklərin, məsələn,
pankreatitin, yəni mədəaltı vəzinin iltihabının müəyyən rolu olduğu təsdiq edilmişdir.
İnsulin mədəaltı vəzinin Langerhans adacıqlarında hasil olur. Mədəaltı vəzinin xəstəliyi
zamanı və yaxud onun cərrahi yolla kəsilib atılması ilə əlaqədar şəkərli diabet
inkişaf edə bilər. Bundan başqa, virusların hasil etdiyi anticisimlər adacıqları
məhv edə bilər və bu da diabetə səbəb ola bilər.
Şəkərli diabetin tipləri. I tip (insulindən
asılı, yuvenil, ketoasidozlu diabetik komaya
meyilli) - mədəaltı vəzinin insulini hasil etmədiyi və yaxud kifayət qədər hasil
etmədiyi hallarda inkişaf edir və diabetin ən ağır, çətin tənzimlənən formasıdır.
Bu tip şəkərli diabet bütün diabeti olan xəstələrin 10%-ni əhatə edir və, əsas etibarı
ilə, erkən yaşlardan 40 yaşadək adamlarda olur. Nadir hallarda daha yetkin yaşlarda
da müşahidə oluna bilər. Xəstəlik, adətən, qəfildən başlayır və sürətlə inkişaf
edir. Diabetin bu formasında, gündə bir dəfədən az olmayaraq, insulin inyeksiyası
tələb olunur.
II tip (insulindən asılı olmayan, ketoasidozlu diabetik komaya meyilli olmayan)
- insulinin hasilatının zəifləməsi və yaxud kifayət qədər olmaması, habelə qanda
qlükozanın metabolizminin (mənimsənilməsinin) pozulması nəticəsində əmələ gəlir.
Belə diabet yetkin yaşlı adamlarda müşahidə olunur, nisbətən yüngül gedişə malikdir
və tədricən inkişaf edir. Bütün diabet hallarının təqribən 85%-ini təşkil edir.
Əsasən 50 yaşdan yuxarı şəxslər (xüsusən qadınlar) xəstələnir. Bu tip şəkərli diabeti
olan xəstələrə hədsiz bədən çəkisi xasdır: belə xəstələrin 70%-indən çoxu piylənmədən
(bax: piylənmə) əziyyət çəkirlər.
Beləliklə,
diabetə irsi meyilliliyi olan şəxslər üçün II tip şəkərli diabetin əsas risk faktorları az hərəkətli həyat
tərzi və hədsiz bədən çəkisidir. İnsulindən
asılı olmayan (II tip) şəkərli diabet, əsasən, pəhriz vasitəsilə, bədən çəkisinin azaldılması
və fiziki məşqlərlə tənzimlənir. Bununla yanaşı, bəzi hallarda belə xəstələrin insulinin
və ya şəkər salıcı həb dərman preparatlarının tətbiqinə də ehtiyacı olur.
Şəkərli diabetin digər iki forması - bir qayda olaraq, cərrahi
müdaxilə, travma, ürək tutması, yanıq və s. nəticəsində əmələ gələn stress diabeti
və hamiləlik dövründə inkişaf edən gestasional (hamiləlik) diabet, - müvəqqəti
xarakter daşıyır. Hər bir hamilə qadında, hamiləliyin 24-28 həftəliyində, xüsusilə,
hədsiz bədən çəkisi və diabetə irsi meyilliliyin olduğu təqdirdə, qanda şəkərin
aşkar edilməsi üçün sınaq testi aparılması məqsədəuyğundur.
Ümumiyyətlə, şəkərli diabetin qabarıq təzahür dövrünə qədər
«qlükozaya
tolerantlığın pozulması» adlandırılan period ayırd edilir. Bu period
şəkərli diabetin heç bir klinik əlamətinin biruzə verməməsi və ac qarına qanda şəkərin
miqdarının norma çərçivəsində olması ilə xarakterizə olunur. Lakin qlükozaya tolerantlıq
sınağı (və ya qlükoza ilə yüklənmə sınağı) zamanı 1-2 saatdan sonra qanda şəkərin
konsentrasiyasının hədsiz (normaya nisbətən) artması müşahidə olunur.
Qlükoza ilə yüklənmə sınağı ac qarına aparılır. Sınaq
aparılan şəxsdən əvvəlcə şəkərə görə qan alınır, sonra içməyə 1 stəkan, içərisində
75 q şəkər həll edilmiş su verilir və 30 dəqiqə, 1 saat və 2 saat keçdikdən sonra
qanda şəkərin miqdarı təyin edilir. Qlükozaya tolerantlığın pozulması aşkar edilmiş
şəxslərin 9-10%-də gələcəkdə şəkərli diabetin inkişaf etdiyi təsdiq edilmişdir.
Normada ac qarına qlükozanın (şəkərin) qanda miqdarı
3,5-6,1 mmol/litr, və ya 65-110 mq% təşkil edir.
Şəkərli diabet diaqnozu ac qarına hiperqlikemiya (qanda şəkərin
miqdarının normadan artıq olması), qlyukozuriya (sidikdə şəkərin olması) və müvafiq
klinik əlamətlərin olduğu təqdirdə şübhə doğurmur. Lakin, praktikada, çox vaxt,
şəkərli diabet diaqnozunu təsdiq etmək üçün yuxarıda qeyd olunan qlükoza ilə yüklənmə
sınağını aparmaq lazım gəlir.
Şəkərli diabetin müalicəsi insulin çatışmazlığı ilə əlaqədar
maddələr mübadiləsinin pozğunluqlarının və qan damarlarının zədələnməsinin qarşısının
alınmasına yönəldilir. Diabetin tipindən asılı olaraq (insulindən asılı I tip və ya insulindən asılı olmayan II tip), xəstələrə insulin inyeksiyaları və ya şəkər salıcı təsirə
malik dərman preparatları təyin edilir.
Şəkərli diabeti olan hər bir kəs mütəxəssis-həkim (dietoloq,
endokrinoloq) tərəfindən müəyyən edilmiş pəhriz gözləməlidir. İnsulindən asılı olmayan
(II tip) diabetli xəstələrin
təqribən 20%-ində pəhriz yeganə və kompensasiyanı (tarazlığı) əldə etmək üçün kifayət
qədər effektli müalicə metodudur. Belə xəstələrdə (xüsusilə də, piylənmə qeyd edilirsə)
müalicəvi pəhriz hədsiz bədən çəkisinin aradan qaldırılmasına yönəldilməlidir. Bədən
çəkisinin normayadək endirilməsi şəkər salıcı preparatlara tələbatı xeyli azaldır,
bəzən isə onlara heç ehtiyac da olmur.
Şəkərli diabeti olan xəstələrə kəsirli (az-az, hissə-hissə)
qidalanma rejimi (gündə 5-6 dəfə qida qəbulu) məsləhətdir. Şəkər (qənd) və digər
şirniyyat məmulatları, asan mənimsənilən karbohidratlarla zəngin meyvələr (üzüm,
xurma, əncir, qovun), ədviyyat qəti qadağandır. Rasiona daxil edilmiş şəkər əvəzedicilərinin
(sorbit, ksilit və s.) miqdarı sutkada 30 qramdan artıq olmamalıdır. Şəkərli diabetin
tipindən və xəstənin bədən çəkisindən asılı olaraq, çörəyin sutkalıq miqdarı
100-400 q, un məmulatlarının - 60-90 q olmalıdır. Kartofun miqdarı sutkada
200-300 q, heyvan mənşəli yağların (kərə yağı, salo) - 30-40 q təşkil etməlidir. Axırıncıları
bitki mənşəli yağlarla (xüsusən, zeytun yağı ilə) əvəz etmək məsləhətdir. Tərəvəzin
- ağ kələm, xiyar, kahı, pomidor, Yunan qabağı və s. qəbulu praktik olaraq məhdudlaşdırılmır.
Çuğundurun, yerkökünün, almanın və digər şirin olmayan meyvələrin sutkalıq miqdarı
300-400 q-dan artıq olmamalıdır. Gündəlik rasiona daxil edilən piysiz ətin, balığın
miqdarı 200 q, süd və süd məhsullarının - 500 q, kəsmiyin - 150 q, yumurtanın sayı
1-1,5-dən artıq olmamalıdır. Duzun miqdarı bir qədər məhdudlaşdırılmalıdır (gündə
6-10 q).
Şəkərli diabet zamanı komatoz hallar. Diabetik koma (koma yunanca dərin yuxu deməkdir, şüurun və ətraf mühit qıcıqlandırıcalırına
qarşı reaksiyanın itməsi, orqanizmin həyat üçün vacib funksiyalarının tənzimlənməsinin
pozulması ilə xarakterizə olunan mərkəzi sinir sisteminin patoloji halıdır), daha
dəqiq, ketoasidozlu
diabetik koma - insulinin kəskin çatışmazlığı və bununla əlaqədar qlükozanın
orqanizm tərəfindən mənimsənilməsinin pozulması nəticəsində inkişaf edir. Ketoasidozlu
diabetik koma yalnız I tip (insulindən asılı) şəkərli diabeti olan xəstələrdə müşahidə olunur. Bu zaman
şəkərin qanda miqdarı kəskin surətdə artır. Qabarıq qlükozuriya (sidikdə şəkər)
aşkar edilir. Çox miqdarda mayenin sidiklə ifraz olunması orqanizmin susuzlaşmasına
gətirib çıxarır; sidiklə orqanizmdən natrium, kalium, fosfor və digər mineral maddələrin
ionları xaric olur ki, bu da bütövlükdə elektrolit balansının və mineral mübadilənin
pozğunluqlarına səbəb olur. Turşu-qələvə müvazinəti turşu tərəfə meyl edir (asidoz).
Klinik olaraq xəstələrdə ümumi zəiflik, halsızlıq, iştahın
itməsi, güclü susuzluq, tez-tez sidiyə getmə (poliuriya), baş ağrıları, ürəkbulanma,
bəzən qusma müşahidə olunur. Əgər təcili olaraq tədbir görülməzsə, bu əlamətlər
getdikcə artır, xəstələrdə süstlük, ətrafdakılara laqeydsizlik qeyd edilir, nəfəs
verdikdə ağızdan aseton qoxusu gəlir, dəri və görünən selikli qişalar quru, dilin
üzəri bozumtul-ağ rəngli ərplə örtülmüş olur. Nəbz tezləşir, arterial təzyiq aşağı
düşməyə başlayır. Komanın artması nəticəsində şüur və hər hansı qıcığa qarşı reaksiya
tamamilə itir.
Hipoqlikemik koma (qanda şəkərin miqdarının
kəskin aşağı düşməsi) - ən çox qida rejiminin pozulması, artmış fiziki gərginlik
və insulinin ifrat dozasının yeridilməsi nəticəsində inkişaf edir. Hipoqlikemik
koma diabetin hər iki tipində (I və II tip) müşahidə oluna bilər.
Qlükozanın (şəkərin) qanda konsentrasiyasının kəskin surətdə
azalması klinik olaraq xəstələrdə güclü tərləmə, ətrafların əsməsi, aclıq hissi,
həyəcan, qıcıqlanma, qıcolma və bəzən şüurun itməsi ilə biruzə verir. Adətən, hipoqlikemik
koma şəkərin qanda miqdarının 2,2 mmol/litr (40 mq%) göstəricisindən aşağı enməsi zamanı
inkişaf edir (bax: cədvəl №2).
Ketoasidozlu
diabetik koma və hipoqlikemik komanın əsas diaqnostik əlamətləri
cədvəl №2
Diaqnostik
əlamətlər
|
Ketoasidozlu
diabetik koma
|
Hipoqlikemik
koma
|
Qanda şəkərin miqdarı
|
Kəskin artmış
|
2,2 mmol/litr (40 mq%) və
aşağı
|
Komatoz vəziyyətin inkişaf
xarakteri
|
Tədricən başlayır (bir
neçə saat və ya gün ərzində)
|
Qəfildən başlayır; bəzən
komaya qədər xəstələrdə zəiflik, aclıq hissi, ətrafların əsməsi və tərləmə ola
bilər
|
Dərinin vəziyyəti
|
Quru
|
Nəm
|
Göz almalarının tonusu
|
Zəifləmiş
|
Normada
|
Ağızdan aseton qoxusu
|
Güclü
|
Yoxdur
|
Tənəffüsün xarakteri
|
Tənəffüs səsli, aram, dərin,
titrədici (Kussmaul tənəffüsü)
|
Tənəffüsdə dəyişiklik yoxdur
|
Arterial təzyiq
|
Aşağı
|
Dəyişilməmiş və ya yüksək
|
Vətər refleksləri
|
Zəifləmiş
|
Normada
|
Sidikdə asetonun olması
|
Müəyyən olunur
|
Müəyyən olunmur
|
Qanda leykositlərin miqdarı
|
Artmış
|
Normada
|
Müalicənin effekti
|
Tədricən, orqanizmin susuzluğu,
hiperqlikemiya və ketoasidoz aradan qaldırıldıqca
|
Sürətli, damar daxilinə
qlükoza yeridilməklə və ya şirin şey qəbul etməklə
|
Şəkərli diabetin digər fəsadları. Diabetli xəstələr ürək qan-damar sistemi xəstəliklərinə daha meyilli olurlar.
Koronar (tac; ürəyi qidalandıran) damarların patologiyası diabetli xəstələrdə, digərlərinə
nisbətən 3 dəfə çox inkişaf edir. Eləcə də, bu xəstələr, xəstəlik 10 ildən artıq
davam edirsə, aşağı ətraf damarlarının ağır aterosklerozuna daha meyillidirlər.
Qan damarlarının zədələnməsi və infeksiyası nəticəsində ayaqlarda
qanqrena (toxumanın nekrozu, məhvi) inkişaf edə bilər.
Xırda suluqlar, kəsik və
əzilmələr kifayət qədər uzun müddət ərzində sağalır.
Diabet görmə qabiliyyətinin pozulmasına gətirib çıxara bilər.
Tor qişanın xırda kapilyarlarından qanaxma nəticəsində diabetik retinopatiya inkişaf edir ki, bu da görmə itiliyini xeyli azalda,
bəzən isə tam korluğa səbəb ola bilər. Bundan başqa, diabetli xəstələr digərlərinə
nisbətən qlaukomanın (bax: qlaukoma) və
kataraktanın (bax: katarakta) inkişafına
daha meyillidirlər. Əgər sizdə şəkərli diabet varsa, hətta görmə qabiliyyətiniz
pozulmadığı halda belə, ildə bir dəfədən az olmayaraq oftalmoloqun müayinəsindən
keçmək çox vacibdir.
Şəkərli diabetin ağır gedişi diabetik qlomerulosklerozun (böyrək yumaqcıqlarının və yumaqcıq kapilyarlarının
zədələnməsi) və bunun nəticəsində böyrək çatışmazlığının inkişafı ilə xarakterizə
olunur. Bu, sidik yollarında iltihabi proseslə müşayiət olunur. Əgər sizdə şəkərli
diabet varsa, mütləq sidiyin klinik analizlərini aparın. Sidikdə daimi olaraq proteinin
(zülalın) mövcudluğu, çox vaxt, diabetik nefropatiyanın (böyrək xəstəliyi) ilkin
stadiyasının əlamətidir, və bu, vaxtında müalicə edilməzsə, sürətlə inkişaf edərək,
böyrəkləri zədələyə bilər.
Artıq miqdarda qlükoza (şəkər) sinir hüceyrələrinə də təsir
göstərə bilər. Bu zaman diabetik neyropatiya
- dəridə keyləşmə, yanğı və «iynə batırılması» hissiyyatı (elə bil dəridə qarışqa
gəzir), qulaqlarda küy və vətər reflekslərinin zəifləməsi ilə xarakterizə olunan
sinir pozğunluğu, inkişaf edir.
Şəkərli diabeti olan kişilərdə, çox vaxt, potensiyanın, cinsi
qüvvənin zəifləməsi müşahidə olunur. Kişilərdə ereksiyanın çətinləşməsi diabetin
erkən əlamətlərindəndir.
Hamiləlik, şəkərli diabeti olan qadınları ciddi risklə üzləşdirir.
Bu zaman qadın orqanizmində baş verən hormonal dəyişikliklər və habelə ana bətnində
olan dölün tələbatı, qanda şəkərin miqdarını nəzərə çarpacaq dərəcədə artıra da,
azalda da bilər. Bununla yanaşı, hamiləlik vəziyyəti, gözlə və böyrəklərlə bağlı
problemləri xeyli ağırlaşdıra bilər. Şəkərli diabeti olan hamilə qadınlarda, digərlərindən
fərqli olaraq, dölyanı suyun miqdarının artmasına,
qan təzyiqinin yüksəlməsinə, uşaq salmaya böyük meyillilik aşkar edilmişdir.
Diabeti olan anaların doğduğu uşaqlar, əksərən, başqaları
ilə müqayisədə daha böyük, ağır çəkili olurlar. Uşaqlar müxtəlif anadangəlmə qüsurlarla
- aşağı ətrafların qüsuru, ürək fəaliyyətinin və sinir sisteminin pozğunluqları
ilə, «dovşan dodaq» və ya «qurd ağız» doğula bilərlər. Belə ağırlaşmaların qarşısını
almaq üçün ən yaxşı vasitə - hamiləliyin bütün dövrü ərzində həkim nəzarəti altında
olmaqdır. Birinci üç ay ərzində iki həftədə bir, ikinci və üçüncü üç aylıqda isə hər həftə və yaxud daha tez-tez tibbi müayinədən
keçmək vacibdir. Mütəmadi olaraq qanın şəkərə görə analizi aparılmalı, insulinin
dozası tənzimlənməli, qidalanma rejimi və ciddi pəhriz gözlənilməlidir.
İnsulin inyeksiyaları. İnsulin inyeksiyaları şəkərli diabeti
olan xəstələrin bu hormona olan tələbatını ödəyir və şəkərin və nişastanın mənimsənilməsinə
şərait yaradır. Bir sıra xəstələr gündə bir dəfə insulin yeritməklə kifayətlənirlər.
Çoxlarının isə, qanda şəkərin miqdarını tənzimləmək üçün, gündə 2-3 dəfə insulin
inyeksiyasına ehtiyacı olur. İnyeksiya üçün ən münasib yer qarın boşluğu divarıdır,
belə ki, bu nahiyə insulinin tez bir zamanda qana sovrulmasına şərait yaradır.
Budlar da, müstəqil surətdə özlərinə inyeksiya edənlər üçün, əlverişli yerdir. İnyeksiya
üçün münasib yer qolun yuxarı hissəsi və sağrı nahiyəsidir. Lakin axırıncı halda
kənar şəxsin köməyinə ehtiyac var. Hər dəfə inyeksiya yerlərini dəyişməyə çalışın.
Hər növbəti iynə yeri digərindən 3,5-4,0 sm aralı olmalıdır.
Xalq təbibləri şəkərli diabet zamanı maddələr mübadiləsini
normallaşdıran turş kələmin şirəsini, qoz yarpaqlarının və yaşıl qabığının həlimini
məsləhət görürlər.
Dovğaya qatılmış və ya salatın tərkibində qəbul edilən çöl
qatırquyruğu çiçəyinin dişicikləri faydalıdır:
- 2 stəkan dişicik xırda doğranır, üzərinə 50 q göy soğan, 20 q turşəng, 40-50 q zəncirotu yarpağı (acılığı aparmaq üçün əvvəlcə soyuq duzlu suda 30 dəqiqə saxlamaq lazımdır) qarışdırılır, duz vurulur, üzərinə bitki yağı və ya xama əlavə edilir.
Gicitkən də faydalıdır. Onun cavan yarpaqlarından dəmləmə
hazırlayırlar:
- 50 q gicitkən yarpağının üzərinə 0,5 litr qaynar su əlavə edərək 2 saat saxlayıb, süzmək lazımdır. Gündə 3 dəfə 1 çay qaşığı yeməkdən qabaq qəbul edilir.
Kökündə və kökümsovunda şəkər salıcı təsirə malik maddə (insulin)
olan andızın müalicəvi əhəmiyyəti var. Ondan çox qədim zamanlardan istifadə olunur.
Məsələn, məlumdur ki, şəkər xəstəliyindən əziyyət çəkən Rus Çarı Mixail Fyodoroviçi (Romanovlar sülaləsindən olan ilk Çar, 1596-1645) andızla müalicə edirdilər.
Son zamanlar, demək olar ki, nişastadan tam azad, tərkibində
çox az miqdarda qlükoza, saxaroza olan yerarmudu (topinambur) geniş tətbiq olunur.
Ondan müalicəvi təsirə malik salatlar, müxtəlif xörəklər (kartof kimi) hazırlanır.
May ayında yığılmış bitki toplusu çox faydalıdır:
- qızılağac yarpağı (0,5 stəkan), gicitkən çiçəyi (1 xörək qaşığı), sirkən yarpağı (2 xörək qaşığı) 1 stəkan suda qarışdırılır və 4-5 gün işıqlı yerdə saxlanır, 1 çimdik soda qatılır. Gündə 2 dəfə 1 çay qaşığı səhər yeməkdən 30 dəqiqə qabaq və axşam yatmazdan qabaq qəbul edilir.
Xalq təbiblərinin məsləhətləri:
- çəhrayı rodiola kökünün tinkturası (100 q - 1,0 litr arağa), 20 damcı gündə 3 dəfə yeməkdən qabaq;
- mayda, iyunda yığılmış qaragilə yarpağının dəmləməsi (100 q - 0,5 litr suya), 0,5 stəkan gündə 4-5 dəfə yeməkdən qabaq;
- təzə meşə çiyələyinin şirəsi, gündə 4-5 qaşıq;
- yulaf dənəciklərinin dəmləməsi (3 stəkan suya - 100 q dənəcik), 0,5 stəkan gündə 3-4 dəfə yeməkdən qabaq;
- dəfnə yarpağının dəmləməsi (10 ədəd yarpağın üzərinə 3 stəkan qaynar su əlavə edərək 2-3 saat saxlayırlar). 0,5 stəkan gündə 3 dəfə.
Gücləndirici, tonuslandırıcı təsirə malik dəmləmələr:
- jenşen kökü, levzey ekstraktı, 20-30 damcı gündə 3 dəfə yeməkdən qabaq;
- eleuterokokk ekstraktı, 2 ml gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə qabaq;
- qarağat, qaragilə, tut, qoz, albalı yarpağının həlimi (hərəsindən 50 q - 3 litr qaynar suya), 0,5 stəkan gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq 3 ay ərzində qəbul edilir.
No comments:
Post a Comment
Şərhlərinizi bura yaza bilərsiniz.